• USD 1,7000 0,00% EUR 2,0088 +0,35%
    • GBP 2,2262 +0,10% RUB 0,0232 -0,43%

Əməkdar artist: "Oğlum şəhid atasını itirəndə qırxı çıxmamışdı..."

  • Magazin1
  • 15 İyul 2020 09:12
  • 1 340 Baxış
Əməkdar artist: "Oğlum şəhid atasını itirəndə qırxı çıxmamışdı..."

Əməkdar artist Gülüstan Əliyeva Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Gülüstan xanım, Ermənistan dövlət sərhədində Tovuz istiqamətində təxribat törədib, baş verən hadisələri izləyirsiniz?

- Təbii ki, bir vətəndaş kimi cəbhədə ermənilərin təxribatını həyəcan və narahatlıqla izləyirəm. Xalqımızla ağlayıb, xalqımızla gülürük. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində döyüşlər davam edir. Zamanla cəbhədə belə hadisələr baş verir, biz düşmənlə sərhəddə yaşayırıq. Vətənimizi, torpaqlarımızı qorumalıyıq.

Mən Azərbaycanda ilk şəhid verən insanlardanam. 1991-ci ildə həyat yoldaşımı, 1994-cü ildə isə qardaşım şəhid olub. Onlar vətənimiz, torpağımızı qorumaq və övladlarımızın xoş günü üçün vuruşub canlarından keçiblər.

- Təəssüf ki, Tovuz istiqamətində gedən toqquşmada 11 şəhid verdik...

- Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlik böyük zirvədir. Əlbəttə vətəni qorumaq hamımızın borcudur.
Vətən yolunda ölə bilməyi hamı bacarmır, ölənlər ən güclülərdir.

- Sizin də qeyd etdiyiniz kimi həyat yoldaşınız 1991-ci il Qarabağ müharibəsində şəhid olub. Sonra qardaşınızı itirmisiniz. Şəhid həyat yoldaşı olaraq şəhidlərimizin ailələlərinə nə demək istərdiniz?

- Şəhidlərimiz haqqında sosial şəbəkələrdə paylaşım olanda da fikrimi bildirirəm. Bu gün şəhidimizin yadigar qalan altı aylıq körpəsinin fotosunu gördüm. O da böyüyəcək, atası kimi qeyrətli övlad olacaq, mənim oğlum kimi...Oğlum Rüfət atasını itirəndə qırxı çıxmamışdı, atasını heç görmədi, onu tanıya bilmədi...(ağlayır).

Amma təbii ki, üzərində ömür boyu bu adın ağırlığı, şərəf və şöhrəti qalır. Həyat yoldaşımın ölümündən 30 il keçir. Hamı pis-yaxşı böyüyür. Mənim o zaman 23 yaşım var idi. Şəhidlərimizin gənc həyat yoldaşları da var.Onları keçməkeşli həyat gözləyir. Amma o vaxtdan fərqli olaraq indi güclü dövlətimiz var. Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva şəhid ailələrimizin yanındadırlar, dəstəkdirlər.

Nə qədər ki, torpaqlarımız işğal altındadır, Vətən uğrunda canından keçən oğullarımız olacaq. Prezidentimiz çalışır ki, münaqişə sülh yolu ilə həll edilsin. Amma müharibə olarsa, mən də müharibəyə getməyə hazıram.
Orada torpaqlarımız var.

- Şəhid xanımı və bacısı olaraq hansı çətinlikləri yaşamısınız?

- 1993-cü ildə bir övladımla məcburi köçkün kimi Cəbrayıldan Yevlaxa gəldim, oradan da Bakıya...Yavaş-yavaş Bakıda öz ixtisasım üzrə işləməyə başladım. Cəbhə bölgələrinə getdim, hərbi hissələri ağlaya-ağlaya gəzirdim. Bizim gəncliyimiz çox çətin dövrdən keçdi, onların hamısını gözümlə gördüm.

Bu gün şəhidlərimizin hamısını hörmətlə anıram. Amma bu gün daha ürəkli, qüvvətli və güclüyəm. Çünki dövlətimiz çox güclüdür, qüdrətlidir. Həyat yoldaşım sentyabrın 14-də sürücüsü ilə minaya düşdü, üç gün xəstəxanada qaldı və həyatını xilas etmək mümkün olmadı. Evli olduğumuz 317 gün müddətində həyat yoldaşımı çox görə bilmirdim, evə gəlib, tez işə gedirdi. Bir qadın, gənc qız kimi başsız, tək qaldım, sevdiyim insanı, ailə başçısını itirdim.

- Gülüstan xanım, biz həm də COVID-19 bəlası ilə üz-üzə qalmışıq. Eşitdiyimizə görə, bacınız koronavirusa yoluxub, səhhəti necədir? Siz də test etdirmisinizmi?

- Çox çətin dövrdən keçirik. Bacımın şükür səhhəti yaxşıdır və bir həftədən sonra xəstəxanadan çıxacaq. Bütün ailəmiz test edildik və nəticəsi neqativ çıxdı. Həkimlərimizə minnətdaram. Sənət dostum Nəzakət Teymurova da virusa yoluxub. Allahdan ona da şəfa diləyirəm.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR