Şou nümayəndələrinin etdiyi yardımları sosial şəbəkədə yayması... - Hacı Şahin AÇIQLADI
Bizi izləyin

İnanc

Şou nümayəndələrinin etdiyi yardımları sosial şəbəkədə yayması... - Hacı Şahin AÇIQLADI

Xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən evdən çıxa bilməyən ahıl insanlara, işsiz, aztəminatlı ailələrə məşhur müğənni, aktrisa və idmançıların yardım etməsi cəmiyyətdə bəzi qrup tərəfindən birmənalı qarşılanmır. Şou nümayəndələrinin etdiyi yardımları lentə alıb sosial şəbəkələrdə yayımlaması müsbət qəbul edilmir.

Publika.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin bu gün sosial hesabında canlı yayım açaraq bu mövzuya toxunub. Cümə xütbəsini feysbuk üzərindən edən ilahiyyatçı məsələnin dini tərəflərini izah edib, eyni zamanda sosial medianın əhəmiyyətindən danışıb. O hesab edir ki, internet fəzasını təhdiddən çox fürsət kimi dəyərləndirməliyik:

“Adətən sosial şəbəkələrin mənfi təsirlərindən gileylənirik ki, lazımsız məsələlər təbliğ olunur, insanların mənəviyyatına, əxlaqına zərbə vurulur və s. Əgər kimsə bu yolla insanları azdırırsa, biz də hidayət etməyə çağırmalıyıq. Bu gün verilən sədəqənin və xeyriyyə aksiyalarının aşkar, yaxud gizlin edilməli olduğu mövzusu cəmiyyətdə çox müzakirə edilir. Quranda buyrulub ki, insanları dilinizlə deyil, əməllərinizlə haqqa dəvət edin. Sosial şəbəkələr də istisna deyil, onlar əməli çatdırmaq üçün bir fürsətə çevrilib. Son günlərdə koronavirus infeksiyasının yayılması ilə bağlı ağır durumda olan insanlara edilən təmənnasız yardımlar sosial şəbəkələrdə işıqlandırıldı və necə gözəl səhnələr yarandı. Bu səhnələri seyr edəndə insanda şövq və həyəcan yaranır.

Çox sual verilir ki, yaxşı işi gizlində, yoxsa aşkarda etmək lazımdır. Bəzən işin gizlin görünməsi faydalıdırsa, müəyyən zamanlarda aşkar halda edilməsi məqsədəuyğundur. Hesab edirəm ki, bu gün görülən xeyirxahlıq işıqlandırılmalıdır. Əməlin özü təbliğ olunsun ki, insanlar həvəslənsin, əmələ rəğbətlənsin. Bu mənada müsabiqə mühiti yaranmalıdır. Quranın dəvətinə əsasən insan xeyir işdə bir-biri ilə yarışmalıdır. İndiyə qədər dünya var-dövlət, avtomobilin modeli, mənzillərin böyük və kiçikliyi ilə yarışıb, uşaqlar oyuncaqları ilə bir-birindən üstün görünməyə çalışıb. Hazırda belə bir mühit yaranıb ki, insanlar xeyir işdə bir-biri ilə yarışır. Əgər insan ehtiyacı olan birinə yardım edirsə, təqdirəlayiq iş görür. Amma əməl təbliğ olunmalıdır. Bəzən elə şəkildə xeyirxahlıq təbliğ olunur ki, iş görən əməlini kölgədə qoyur, özünü reklam edir. İş insanın kölgəsində qalmamalıdır. Yardımlaşmanı fərqli şəkillərdə görürük. Onu da unutmamalıyıq ki, bunu Allah sorğulayacaq, bu, bizim işimiz deyil.

Görülən yaxşlıqlar bu dünyada işıqlandırılan zaman belə bəlli olur ki, kimin niyyəti daha xalisdir, kimin yox. İki nəfər eyni işi görür və onu paylaşır. Görürsən ki, birinin mənzərəsi çox gözəl, ruhani və təsirlidir, digəri isə o qədər də təsirli deyil. Artıq bu əməlin saflığını görüntülərdən belə müəyyən etmək mümkün olur, sanki hər hansı kadr insanla danışır. Bu yardımın nə qədər xalis niyyətlə edildiyini artıq əməl özü nümayiş etdirir. Ona baxanda halında bir dəyişiklik yaranır. Bu, işi görənlərin xalis niyyətinin nəticəsidir. Belə məqamda görürsən ki, insan işə diqqət çəkir, iş görənə yox. İş görən şəxs gördüyü işin kölgəsində qalır.

Bəzi insanlar da ola bilər ki, işi bəhanə edib özlərini gündəmə gətirir. Bu halda edilən yaxşılıqlar aşkar şəkildə edilməli və niyyət də əmələ sirayət edir. Sosial şəbəkələrdə də işıqlandırılanda gözəl mühit formalaşır. Şəhidlik arzusunda olan insanlar üçün bu arzunu gerçəkləşdirmək imkanı yaranıb, çünki xeyirxahlıqla şəhidliyin təməlində fədakarlıq dayanır. Bu gün xalqına təmənnasız xidmət edən insanlar şəhidlik məntiqi ilə hərəkət edirlər. Hər ikisinin qaynağı eşq və məhəbbətdir. Digər insanları o qədər sevir ki, əlindən gələn yardımı edir, qapısını döyüb dərdinə şərik olur. Bu sevgi səbəbindən özünü vətən uğrunda fəda etməyə hazır olur. Fədakarlığın müxtəlif növləri var. Odur ki, quranda canınız və malınızla cihad edin buyrulur. Bu fədakarlıq və yaxşılıq dəyərləndirilsə və ya dəyərləndirilməsə də, insanın sevdiyi xalqa, mənsub olduğu millətə fədakarcasına xidmət göstərməsi Allahın insana göndərdiyi ən böyük nemətlərdən biridir”.

Din xadimi hesab edir ki, bu baxımdan Azərbaycan xalqı çox gözəl nümunələr ortaya qoyub:

“Həqiqətən biz nə qədər dəyərli və yüksək mənəvi dəyərlərə sahib olan xalq olduğumuzu ortaya qoya bildik. Biz bu zamanın sınağından bu anlamda üzüağ çıxa bildik. Çox ölkələrdə insanlar özünə qapanıb. Hətta hansısa mənfəət üçün bir-birinin mənafeyini də tapdalayır. Amma ölkəmizdə bunun əksini gördük. Qısa müddətdə cəmiyyət toparlandı və səfərbər oldu. Bu da bizim əsrlərlə yaşatdığımız dəyərlərin təzahürü idi. Bu, bizim haqqa, Allaha, mənəviyyata, dinə və əhli-beytə bağlılığımızın göstəricisi idi. Bu onu göstərdi ki, Azərbaycan xalqı öz dəyərlərini itirməyib və istənilən vəziyyətdə o dəyərləri nümayiş etdirməyi bacarır. Bütün bu dəyərləri nümayiş etdirmək üçün virtual məkan ən münasib fürsətdir. Odur ki, xüsusilə bu günlərdə bu fürsətdən yararlanmaq lazımdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm