Üzeyir Hacıbəyli: "Qoy Mustafa bəy..."- FOTOLAR
Bizi izləyin

Tarix

Üzeyir Hacıbəyli: "Qoy Mustafa bəy..."- FOTOLAR

Mustafa bəy Topçubaşov: "Bir zaman gələcək bir çox dərmanları musiqi ilə əvəz edib, insanları müalicə edəcəklər"

Publika.az xəbər verir ki, bu gün görkəmli cərrah, akademik, Sosialist Əməyi Qəhrəmanı Mustafa bəy Topçubaşovun doğum günüdür. Bunula bağlı akademikin qızının xatirələrini təqdim edirik.

Zemfira Topçubaşova atası Mustaqfa bəy Topçubaşov haqqında:

Atam akademik Mustafa bəy Topçubaşov irəvanlı idi. Özü danışardı ki, hələ XV-XVI əsrlərdə bizim nəslin nümayəndələrinin İrəvanda yaşadıqları barədə məlumatlar var, Topçubaşovlar sonralar müxtəlif şəhərlərə səpələniblər. Atam barəsində yazılan bir kitabda onun bağban olduğu qeyd edilib. Elə biz uşaqlar da Ağa bəy babamızı bağban bilirdik. Sovet rejiminin qadağaları bəzən hər kəsi öz adı, ünvanı ilə çağırmağa imkan vermirdi. O zaman da belə olmuşdu.

Əslində, babam İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. Elə atamın 1895-ci ilin 5 avqustunda dünyaya gəldiyi İrəvan yaxınlığındakı Göykümbət kəndi də Topçubaşovların ata-baba malikanəsi imiş. Babamgilin İrəvan şəhərində də mülkləri olub. Həmin mülkdə yaşayıblar.

Ata babam Ağa bəy olduqca sakit, təmkinli insan idi. Ondan fərqli olaraq, ata nənəm Fatma xanım hökmlü, sərt idi. Onların dörd oğlanları olub - Rza bəy, Mustafa bəy, Mehdi bəy və Məhəmməd bəy. Dördü də uşaqlıqdan bacarıqlı, oxumağa meyilli olub. Rza bəy hüquqşünas, Mehdi bəy iqtisadçı, Məhəmməd bəy energetik olub. Ailənin ikinci oğlu olan atam – Mustafa bəy də qardaşları kimi ilk təhsilini İrəvanda alıb. Tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub. 1904-cü ildə oranı başa vurub, gimnaziyaya daxil olub. 1914-cü ildə də gimnaziyanı bitirib. Rusiyada ali təhsil almaq istəyib. Valideynlərinin, xüsusilə anasının Mustafa bəyi dünyanın qarışıq vaxtında uzaq məmləkətə göndərməyə ürəyi gəlməyib. Onları çətinliklə razı salıb. Rusiyaya yollanıb. 1914-cü ildə Kiyev Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunub. O, çox gənc yaşından yaxşı həkim olmaq istəyib. Buna görə bəziləri kimi oxumağı ikinci plana keçirib, vaxtını əyləncələrə həsr etməyib. Ata-anasının onun yolunda əziyyət çəkmələrinə də qıymayıb. Onların göndərdikləri cib xərcliklərini tətillərdə evə gələndən geri qaytarıb. «Mən orada təkəm, aldığım təqaüdlə dolanaram» - deyib.

Onun tələbəliyi siyasi mübarizələrin kəskinləşdiyi illərə təsadüf edib. Atamgil üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. Rusiyanın başqa şəhərləri kimi Kiyevdə də qalmaq təhlükəli imiş. Atamla birlikdə oxumağa gedənlərin çoxu evlərinə dönüb. Bir neçə tələbə təhsilini davam etdirib. Onlardan biri də atam olub. Dəhşətli günlər bir-birini əvəz edib. Əməliyyatların birində silah anbarı partladılıb. Şəhəri yanğın bürüyüb. Siyasi mübarizələr unudulub. Hamının başı Kiyevi alovlardan xilas etməyə qarışıb. Elə ki yanğının qarşısı alınıb, yenə şəhər mübarizələr meydanına çevrilib. Hər tərəfdə üsyançılar dağıntılar törədib, çörək mağazalarını ələ keçiriblər. Bir parça qara çörək tapmaq müşkülə dönüb. Bir gün atam yolla gedirmiş. Klinikanın yaxınlığında birdən atəş səsi eşidilib. Güllə ondan irəlidə gedən professora dəyib. Atam düşünüb: «İndicə burada güllə yarasından can verən mən də ola bilərdim…». Bu cür çətinliklərə dözüb, səylə dövlət imtahanlara hazırlaşıb. Nə aclıq, nə ölüm qorxusu onu yolundan döndərə bilib. Dövlət imtahanlarını verib, diplom alıb. Amma çətini hələ bundan beləymiş. Vətənə geri dönmək üçün hərc-mərcliyin, qan-qadanın baş alıb getdiyi böyük məmləkətin neçə-neçə şəhərlərindən keçməli olub. Gah qatarla, gah gəmi ilə yol gəlib, Odessadan, Yaltadan, Novorossiyskdən, Mahaçqaladan keçib. Yollarda, şəhərlərdə səfalət, xəstəlik içərisində çırpınan, can verən insanları görüb. Özü də aclıq çəkib, iki dəfə həbs edilib. Sağ qalmaq üçün mücadilələr edib. O çətin günlərdə taleyi atama yar olub. O qədər zülmə-zillətə tab gətirə bilib. Axır ki, Vətəninə yetişib. Onu böyük həyəcanla gözləyən doğmaları ilə görüşüb. 1919-cu il imiş. Atam Bakıya gəlib. Burada da siyasi vəziyyət mürəkkəb imiş. Böyük ümidlə özünə iş axtarıb. Kiyev Universtetinin məzunu özünə iş axtara-axtara xeyli problemlə qarşılaşıb. 15-20 həkimin olduğu şəhərdə ona iş tapılmayıb. Ac, pulsuz qaldığı günlərdə keçmiş tələb yoldaşlarından birinə rast gəlib. Varlı bir adamın oğlu olan tanışı atasının mehmanxanasında ona yer verib.

Atamda ən çox xoşuma gələn cəhətlərdən biri də bu idi: o, heç vaxt iradəsini çətinliklərə təslim etməz, məqsədindən dönməzdi. O zaman da belə olub. Yeni açılmış Azərbaycan Dövlət Universitetində işləməyə gəlmiş professor Oşmanla görüşüb. Onun göndərişi ilə universitetin cərrahiyyə kafedrasında ordinator kimi işə qəbul edilib. Tezliklə universitetin tibb fakültəsinin klinikası açılıb. Klinikanın dördüncü mərtəbəsində yaşamaq üçün atama balaca otaq da verilib. Bir müddət sonra o, Respublika Səhiyyə Komissarlığı tərəfindən Naxçıvana ezam olunub. Bacarıqlı həkim kimi orada tez tanınıb.

Bir neçə ay sonra Naxçıvan Xalq Səhiyyə Komissarlığından aldığı tələbnamə ilə Bakıya dönüb. Atam ailəsini də bu şəhərə gətirib. Yas içindəymişlər. İtkiləri böyük imiş…

Atam həmişə deyirdi, ora bizim torpağımızdır, İrəvanda ermənilər bir zurnaçılar idi, bir də faytonçular. Ancaq erməni fitnəkarlığı onun ailəsini də doğma İrəvanda yaşamaqdan məhrum edib.

…Ermənilərin növbəti hücumu onların ailəsinə də müsibət gətirmişdi. Bir gün atını minib gedən Rza bəy geri qayıtmamışdı. Ermənilər onu tutublar, vəhşicəsinə qətlə yetiriblər, sonra atına bağlayıblar. Vəfalı atı birbaş evə gəlib. Bu mənzərəni görən nənəm böyük sarsınıtı keçirib… Əmimi dəfn ediblər. Əliqanlı ermənilər növbəti qurbanlar axtarırmışlar. Onda məcburiyyət qarşısında qalıb İrəvandan köçüblər. Atam onları Naxçıvana aparıb. Əmimin faciəsi hamısını için-için qovururmuş. Nənəmi isə sakitləşdirmək mümkün deyilmiş. Atam bacardığı qədər onlara dayaq olmaq istəyib. Bakıya dönəndə anasıgili özü ilə gətirib.

O zaman atam təzə ailə qurubmuş. Evləndiyi xanımla - Reyhan xanımla tanışlıqlarının səbəbkarı keçmiş tələbə yoldaşı Yusif bəy olub. Yusif bəy bir dəfə bibisigilə qonaq gedəndə onu da aparıb. Mustaya bəy orda gördüyü gözəllər gözəli Reyhan xanıma aşiq olub. Bir müddət sonra evləniblər. Universitetin klinikasındakı kiçik bir otaqda yaşayıblar.

Anam evliliklərinin ilk çağlarından əmin olub: Mustaya bəy üçün həkimlik sadəcə sənət deyil, insanların köməyinə çatmaq, onları sağlamlıqlarına qovuşdurmaq onun üçün səadətdir. Nəinki Bakıdan, başqa şəhərlərdən, rayonlardan da yanına xəstələr gəlirdi. Bir dəfə atam rayonların birindən qəbuluna xəstə qadından soruşub: «Haranız ağrıyır? Şikayətiniz nədəndir?». Xəstə həyəcanla cavab verib: «Sən ki Topçubaşovsan, hər şeyi özün bilirsən. Daha məndən niyə soruşursan?». Atam yenə həmin sualı verib. Qadın təkidlə deyib: «Sən Topçubaşovsan, hər şeyi özün bilirsən». Atama xəstələr çox inanırdılar. Həkim üçün bunun böyük əhəmiyyəti var. Xəstə əgər həkiminə inanmırsa, sağalacağına ümidi də az olur. Onda onu müalicə etmək də asan olmur.

Xəstələri müayinə və müalicə etməyə o, öz həkimlik peşəsinin yalnız bir hissəsi kimi baxırdı. Həm də əhali arasında səhiyyə ilə bağlı təbliğat işləri aparır, yığıncaqlarda, cərrahların simpoziumlarında, iclaslarda iştirak edirdi. Onun iş yaxtı səhər saat 7-də başlayırdı. Axşamlar isə evə saat 7-dən tez gəlmirdi. Gecələr də gah xəstəxanada növbələrdə olur, gah təcili cərrahiyyə əməliyyatlarına çağırılırdı.

İllər keçirdi. Artıq evdə onun yolunu yalnız həyat yoldaşı yox, həm də üç övladı gözləyirdi. Ailəmizin ilk İbrahim bəy ana babamızın adını daşıyırdı. Biz əkiz qızlar – mən Zemfira və bacım Elmira ondan üç yaş kiçik idik. Ağlımız kəsəndən evdə ab-havanı belə gördük. Atam bütün günü məşğul idi. Evə gəlib yemək yeyəndən sonra iş masasının arxasına keçirdi. Ya da təcili xəstələrə baxmağa çağırılırdı. Atamın işləri çox olduğundan tərbiyəmizlə, təhsilimizlə, əsasən, anamız məşğul olurdu. O bizi tez-tez muzeyə, teatra aparırdı. Anam özü də tanınmış rəssam, əməkdar incəsənət xadimi idi. Evimizdə xüsusi xidmətçilər, sürücülər qulluq göstərirdi. Atam evə gələndə birinci onların vəziyyəti ilə maraqlanırdı. Süfrə arxasına keçməmiş onların yemək yeyib-yemədiklərini xəbər alırdı.

Məişət söhbətləri, qayğıları onu düşündürməzdi. Anam süfrə arxasında həmişə gileylənirdi ki, sənin üçün bu qədər əziyyət çəkilir, bir dəfə də olsun, yeməyin yaxşı, ya pis olduğunu söyləmirsən, belə çıxır ki, sənin üçün çəkilən zəhməti qiymətləndirmirsən. Atam ona etiraz edirdi: «Mənə görə narahat olmayın. Sizə nə asandırsa, onu hazırlayın».

Anam onun barəsində qələmə aldığı «Xatirələr»ində yazırdı: «Mustafa bəy ilk baxışda çox dəqiq, səliqəli görünür. Amma mən onun vaxta qarşı qeyri-dəqiq olduğunu çox ürəkağrısı ilə qəbul edirəm». Atam dalğın görünür, sanki həmişə harasa tələsirdi. Fikri klinikada xəstələrinin yanında, ya da hansısa elmi məsələrlə məşğul olduğu vaxtlar yaddaşsız insan təsiri bağışlayırdı. Bəzən əlindəki açarı, yaxud gözündəki eynəyi axtarırdı. Ancaq peşəkar yaddaşı heç zaman onu çətin vəziyyətdə qoymurdu. Bəzən yaxın adamlarının adlarını belə unutduğu halda 15-20 il qabaq müalicə elədiyi xəstəni yaxşı xatırlayırdı. Qəlbi hamıya yetəcək qədər mərhəmətli idi. Çox böyük mədəniyyət sahibiydi. Hamı ilə eyni cür hörmətlə davranırdı. Hər kəsdən qabaq özünə qarşı tələbkar idi. Bu keyfiyyətləri ona hər yerdə – evdə, işdə, dostları arasında böyük nüfuz qazandırırdı. Dostları çox idi. Üzeyir Hacıbəyov, Bülbül, Müslüm Moqomayev, Süleyman Rüstəm, Səməd Vurğun atama böyük hörmət bəsləyirdilər. Dostları, qohumlarımız da bilirdilər ki, Mustafa bəy iş başındadırsa, yaxud, iş masasının arxasına keçibsə, heç nə onun fikrini yayındıra bilməz. Azdanışan idi. Telefonla çox danışmağı isə heç xoşlamazdı. Masasına toxunulanda, səliqəsi pozulanda, nəyi isə axtarıb tapmayanda səbirsiz olurdu. Əslində sakit təbiətli insan idi. Anam «Xatirələr»ində atamı belə xarakterizə edib: «O, qeyri-adi dərəcədə sadə, nöqsansız, qüsursuz, təmiz və düzgün, müqabilində qarşı tərəfdən də bunları tələb edən …bir şəxs idi».

Atam insanlarda pis cəhətlər görmürdü və bəlkə də görmək istəmirdi. Hər kəsə yaxşılıq etməkdən qeyri, əlindən heç nə gəlməyən bu insana nə qədər qəribə görünsə də, düşmən münasibəti bəsləyənlər, paxıllığını çəkənlər, gözdən salmaq, aradan götürmək istəyənlər olub. Elələrinin ucbatından başı bəlalar çəkib. Xüsusilə 1930-cu illərdə atamı da «KQB»nin həbsxanalarına, sürgünlərə sürükləmək istəyənlər tapılıb. Onu günahlandırmaq istəyənlər üçün səbəb tapmağa nə vardı? Elə Topçubaşov soyadı bunun üçün kifayət deyildi? Mən həmişə deyirəm, harada Topçubaşov soyadını daşıyan bir kəs varsa, deməli, bizim nəsildəndir. Fərqi yoxdur, bir-birimizlə şəxsi tanışlığımız var, yoxsa yox. Bu soyadı daşıyanların bir-birlərinə qohum olduqları Sovet hakimiyyəti illərində diqqətdən yayına bilməzdi. Buna görə Azərbaycan

Xalq Cümhuriyyəti Parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşova görə 1930-cu illərdə atam çox incidilib. Onu KQB-yə çağırıb soruşurmuşlar:

- Əlimərdan Topçubaşovla qohumsunuz?

- Yəqin ki qohumuq. Amma mən onu şəxsən tanımıram.

Atamı gedər-gəlməzə göndərmək istəyənlərin niyyətləri boşa çıxıb. Azərbaycanın ozamankı birinci katibi Mircəfər Bağırovun Mustafa bəy Topçubaşova bəslədiyi hörmət bədxahlarının arzularını gözlərində qoyub. Mustafa bəyi həbs etdirmək üçün onun hər sözündə, hər kəlməsində siyasi səhv axtaranların cavabını Mircəfər Bağırov verib: «Bizim bircə Topçubaşovumuz var. Onu rahat buraxın».

Atam repressiya illərinin bəlalarından sağ çıxdı. Amma bu misilsiz cərraha qarşı, təəssüflər olsun ki, sonralar da çox haqsızlıq edildi, incidildi. O isə nə bədxahlara boyun əydi, nə də fikrini onlarla məşğul etdi. Təbib Mustafa bəy Topçubaşovun yolunu gözləyən xəstələr, təbabət elminin onu çox maraqlandıran hələ açılmamış nə qədər sirləri var idi…

1941-ci ildə müharibə başlayanda atamın işi daha da artdı. Onu bəzən günlərlə görmür, harada olduğundan belə xəbər tuta bilmirdik. Atamın hələ mübaribədən əvvəl yaratdığı yeni növlü ağrıkəsici - efir-yağ qarışığı o dövrdə çox döyüşçünü ölümün pəncəsindən xilas etdi.

Hələ 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu açılandan ömrünün sonunadək atam orada çalışdı. 1945-ci ildə yaradılan Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 həqiqi üzvündən biri də oldu. 1951-ci ildə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti oldu. SSRİ Tibb Elmləri Akademiyasınnı akademiki, Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü, Azərbaycanın əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı oldu.

Azərbaycan Tibb Universitetinin fiziologiya kafedrasının professoru Qəhrəman Qəhrəmanov xatırlayır ki, 1977-ci ildə Beynəlxalq Nobel Mükafatları Komitəsindən Bakıya Mustafa Topçubaşovun və onun ünvanına məktub gəldi. Özləri və əsərləri barədə məlumat göndərmələri xahiş olunurdu. Komitədən ikinci məktub gələndən sonra «Bakinski raboçi» qəzetinin iki sayında Alfred Nobelin əleyhihə irihəcmli məqalə dərc edildi. Həmin il – 1978-ci ildə tibb və fiziologiya sahəsində nəzərdə tutulan mükafat heç kimə verilimədi. Beləcə, Azərbaycan alimlərinin timsalında bizə yetəcək dünyaşöhrətli Nobel mükafatının verilməsinin qarşısı alındı.

Atam yenə sınmadı. Onun güclü iradəsi, zəngin mənəvi aləmi var idi. O, deyirdi: «Təbabət və musiqi bir-biri ilə qırılmaz tellərlə bağlıdır və bir zaman gələcək bir çox dərmanları musiqi ilə əvəz edib, insanları müalicə edəcəklər».

Məclislərin birində bəstəkar Üzeyir Hacıbəyov deyib:

- Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından biri olardı.

Akademik Heydər Hüseynov ona etiraz edib:

- Təbabətin filosofu adı Mustafa bəyə daha çox yaraşır.

Üzeyir bəy cavab verib:

- Məncə, təkliflərimizi birləşdirsək, bizim doktorumuz narazı qalmaz. Qoy Mustafa bəy «təbabətin filosofu və bəstəkarı» olsun.

Valideynlərimizin, xüsusilə də atamın təbabətə və musiqiyə sevgisi, deyəsən, qeyri-ixtiyari biz övladlarının sənət seçiminə həlledici təsir göstərdi. Mən həkim, bacım musiqiçi oldu. Qardaşımız İbrahim bəy isə həm istedadlı həkim idi, həm də neçə-neçə unudulmaz mahnıların müəllifi oldu. İbrahim bəyin ömür payı az oldu. Qırx beş il yaşadı. O da insanları vaxtsız ayrılıqlardan, erkən ölümlərdən xilas etmək istəyirdi. Ancaq…

1969-cu ildə o, ürək xəstəliyindən vəfat etdi. Atam təkcə yeganə oğlunu yox, həm də tələbəsini, həmkarını itirdi. Şəkər xəstəliyindən əziyyət çəkən anamın vəziyyəti ağır idi. Ondan İbrahim bəyin dünyasını dəyişdiyini gizlətmək istədik. Ancaq həssas ana qəlbini aldatmaq olardı? İbrahim bəyin 7-sini verdik. Səhəri gün anam dünyadan köçdü. Həmişə düşünürəm, o, İbrahim bəysiz yaşaya bilməzdi.

Atama onlarsız çox ağır oldu. Düzdür, yenə içinə qapanar, dərdləri ilə beləcə baş-başa qalırdı. Nə etsək də, faydasız idi. Sanki o, həyatının hər anında yenə anamla, qardaşımla birlikdəydi. Bir də özünü sənəti ilə istəkli nəvələri ilə ovudurdu. Atam yenə anamın bir zamanlar tanıdığı, «Xatirələr»ində hər kəsə tanıtmaq istədiyi həmin Mustafa bəy idi: «…ətrafında hər zaman onlarca insan dolaşır, amma o, içinə qapanan biri kimi düşüncə və planlarını daim özündə saxlayar. Öyünülməyə nifrət edər. Vətənə və millətə sevgi və xidmət haqqında danışmaz, bununla birlikdə bütün həyatı sevgidən ibarətdir». Mustafa bəy həyatının son gününə – 1981-ci ilin 22 noyabrınadək də belə yaşadı...

Kəmalə Məmmədova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm