Dünya casus tarixinin striptiz ustası — Mata Hari - (FOTOLAR)
Bizi izləyin

Tarix

Dünya casus tarixinin striptiz ustası — Mata Hari - (FOTOLAR)

Casusluq fəaliyyəti bütün dövrlərdə təhlükəli və riskli iş sayılıb. Rəqib dövlətdə həbs edilən casuslar həmişə qəddarlıqla qətlə yetirilib. Dünya tarixində belə misallar minlərlədir.

Casusluq fəaliyyəti bütün dövrlərdə təhlükəli və riskli iş sayılıb. Rəqib dövlətdə həbs edilən casuslar həmişə qəddarlıqla qətlə yetirilib. Dünya tarixində belə misallar minlərlədir. Amma məşhurların adını isə barmaqla saymaq olar. Kimlər üçün bu adlar qəhrəmanlıq təcəssümüdür, kimlər üçünsə də sadəcə düşməndir.

Kəşfiyyat fəaliyyəti ilə müxtəlif adamlar məşğul ola bilər. Bu sıraya aristokratlar, iş adamları, zabitlər, tacirlər, incəsənət xadimləri də daxil edilə bilər. Məsələn, Kim Filbi, Rixard Zorge, Janna Lyaburb, Çzyan Tsinin adını çəkmək olar.

Bu gün Ölkə.Az oxucularına dünya casusluq tarixində iz qoymuş avropalı rəqqasə Mata Haridən bəhs edəcəyik.

Mata Hari əslində ləqəbdir. Birinci Dünya Müharibəsi illərində Fransa dövləti tərəfindən alman kəşfiyyat orqanlarına işlədiyi üçün casusluqda ittiham edilərək qətlə yetirilib. Əvvəlcə rəqqasənin həyatından başlayaq.

Mata Hari kimdir?

Onun əsl adı Marqareta Gertruda Zelledir. 1876-cı il avqust ayının 7-i Hollandiyanın Leuvardene şəhərində anadan olub. Ailənin yeganə qız övladıdır. Onun atası imkanlı şəxs idi və ticarətçi idi. Marqareta 13 yaşına qədər varlılar üçün nəzərdə tutulmuş məktəbdə təhsil alıb. 1889-cu ildə atasının biznesi çökdü və müflis oldu. 13 yaşlı qız xaç atasının yanına, Snek şəhərinə köçdü. Burada o, Leydene şəhər məktəbinə işə düzəldi. Bir müddət sonra Marqareta Haaqya, əmisinin yanına göndərildi.

Ailə həyatı

Artıq onun ailə qurmaq yaşı çatmışdı. Marqareta adi adamla yox, sayılıb-seçilən şəxsə ərə getmək istəyirdi. Tezliklə o, 38 yaşlı kapitan Rudolfla tanış oldu. 1895-ci ildə cütlük ailə həyatı qurdu. Kapitan Yavada hərbi xidmətdə olduğu üçün gənc ailə İndoneziyaya köçdü. Burada onların iki övladı oldu. Amma ailənin oğlu 2 yaşına çatanda vəfat etdi.

Marqaretin ailə həyatı yaxşı alınmadı. O, İndoneziyada rəqslə məşğul olmağa başladı. Tezliklə özünə Mata Hari adını götürdü. Yerlilərin dilində bu günəş mənasına gəlirdi.

1903-cü ildə ailə Hollandiyaya qayıtdı və cütlük boşanmaq qərarına gəldi. Qız atası ilə qaldı və Marqareta heç bir vəsaiti olmadan tək yaşamağa başladı. Mata rəqs edərək dolanmaq qərarına gəldi. Amma 30 yaşlı bir qadının uğur əldə edəcəyi müşkül məsələ idi. Bu səbəbdən Mata Avropada hələ də bilinməyən bir üslubdan istifadə etməyə başladı.

Rəqqasə Mata

Parisə gələn Marqareta yerli publikanı malay ekzotikası ilə fəth etmək qərarına gəldi. 1905-ci ildə Mata ilk rəqsini nümayiş etdirdi. Rəqs zamanı o, yavaş-yavaş soyunurdu. Bu isə striptiz rəqsi idi. Məhz onun rəqsləri müasir striptizin prototipi rolunu oynayır. Bu rəqs onu Parisin məşhur rəqqasəsinə çevirdi.

Növbəti illərdə Mata digər Avropa dövlətlərinə də uğurlu səfərlər etdi. Bu illər ərzində mətbuat orqanları rəqqasənin Almaniya və Fransa kimi dövlətlərin hərbi-siyasi elitası ilə görüşdüyünü, məşuqəsi olduğunu yazırdı.

Kifayət qədər pulu olan rəqqasə qumara qurşandığı üçün müntəzəm olaraq borc alırdı. Onun fotoları poçt açıqcalarının, siqaret qutularının, Holland peçenye qutularının üstünü bəzəyirdi.

1906-cı ildə Matanın atası tam müflis oldu və "Mənim qızımın həyatı və onun keçmiş ərinə etirazlarım" adlı kitab yazdı. Bu kitab müəllifinə gəlir qazandırmaqla yanaşı, Matanı Avropada daha da məşhurlaşdırdı.

Bir müddət sonra Parisdə rəqs etmək Matanı qane etmirdi və o, klassik Avropa səhnəsinə can atmağa başladı. Rejissorlar isə onunla işləməkdən imtina edirdilər. Parisdə bu dövrdə rəqqasəni istedadsız olmaqda ittiham edirdilər.

Birinci Dünya Müharibəsi

Mata birinci dünya müharibəsi başlayanda Berlində idi. Burada o, növbəti sevgilisi Alfred Kipertanın qonağı idi. Hollandiya vətəndaşı olduğu üçün ölkədən çıxa bilmədi və Almaniyada qalmalı oldu. Almaniyada Mata bir neçə dəfə həbs təhlükəsi ilə üzləşdi. Alman polisi onun Rusiya imperiyasına işlədiyindən şübhələnirdi.

Nəhayət, Mata Hollandiyaya getdi və oradan da Parisə qayıtdı. Burada o, keçmiş sevgilisi, fransız bankirin hədiyyə etdiyi evdə yaşamağa başladı.

Qumar faciəsi və casusluq

Yuxarıda da qeyd etmişdim ki, rəqqasə Mata Hari qumar oyunlarına böyük həvəs göstərirdi. O, daim borclu idi. Bir gün çox imkanlı olan Mata səhəri gün dilənçi vəziyətinə düşürdü. Naməlum bir qüvvə bu dövrdə ona kömək etməyə başladı. Bu qüvvə alman kəşfiyyatı idi.
Bir versiyaya görə isə Mata 1903-cü ildə İndoneziyadan qayıtdıqdan sonra alman kəşfiyyatına işləməyə başlayıb. Rəqqasə kəşfiyyatçı Valter Nikolayın diqqətini cəlb etmişdi.

Gənc qadın artıq casus idi. Şəbəkə rəqqasə üçün şərait yaratmışdı və qısa zamanda o, məşhur rəqqasəyə çevrildi. Matanın yatağından hərbi və siyasi xadimlər keçməyə başladı. Onların yataqda danışdıqları əslində əla kəşfiyyat materialı idi. Mata bu məlumatları Valterə ötürürdü.

Marqareta müntəzəm olaraq vətəni Hollandiyaya səfər edirdi. Hərbi əməliyyatlar səbəbindən onun yolu İspaniya və Böyük Britaniyadan keçirdi. Məhz ingilis kəşfiyyatçıları rəqqasənin Madriddə yerləşən alman kəşfiyyat orqanı ilə əlaqəsi olduğunu üzə çıxardı. İngilislər bu xəbəri fransız kəşfiyyatına ötürdülər.

İkili oyun və acı aqibət

Şübhəli şəxs gizli surətdə izlənməyə başlandı. Amma Mata izləndiyini anladı. Rəqqasə casusluqda ittiham ediləcəyini başa düşürdü. Bu səbəbdən Fransa kəşfiyyatının mayoru Lad ilə görüşdü. Mata ondan izlənməsinin izahını tələb etdi. Mayor təbii ki, hərşeyi inkar etdi. Bu zaman Mata alman hərbi elitası ilə ciddi münasibətləri olduğunu bildirərək Fransaya casusluq xidməti təklif etdi. Rəqqasə xidmət qarşılığında iri məbləğdə pul tələb etdi.

Beləcə, 1916-cı ildən Marqareta Gertruda Zelle ikiqat agentə çevrildi. Ona İspaniyaya getmək və kəşfiyyat fəaliyyəti ilə məşğul olmaq tapşırıldı. Tezliklə fransızlar Madriddəki alman rezidensiyasından şifrəli teleqram ələ keçirdilər. Teleqramı göndərən Mata Hari fransızlara işlədiyi barədə alman komandanlığına məlumat ötürmüşdü.

Rəqqasə Parisə çağırıldı və həbs edildi. Bu hadisə 1917-ci il 13 fevral tarixində baş verib. Fransa əks-kəşfiyyatı Marqaretin casus fəaliyyətinin istintaqı ilə məşğul olmağa başladı. Bir neçə ay içində məlum oldu ki, fransız diviziyalarının məhv edilməsində onun müstəsna rolu olub. 1917-ci il 24 iyul tarixində hərbi məhkəmə işə baxdı. Mata Hari bütün maddələr üzrə günahkar bilindi və hakim ölüm hökmünü oxudu.

1917-ci ilin 15 oktyabr tarixində hökm icra edildi. Paris yaxınlığında yerləşən Vensenn qəsəbəsində dünyanın ilk striptiz rəqqasəsi güllələndi. Mata gözlərinin bağlanmasından imtina etdi. Zabitin əmri ilə 12 əsgərin tüfəngindən eyni anda güllə açıldı. Güllələrdən 11-i onun bədəninə dəymişdi. Əsgərlərdən ən gənci özünü itirərək atəş açmamışdı.

Atəş əmrindən sonra hadisə yerində olan əks-kəşfiyyat xidmətinin əməkdaşı cəsədə yaxınlaşdı və rəqqasənin hələ də nəfəs aldığını gördü. Belindən silahını çəkən zabit Matanın başına bir güllə çaxdı.

Hadisə şahidlərinin xatirələrinə görə, Mata sütuna bağlanmaqdan imtina edib və qətldən öncə "Mən hazıram cənablar!" deyib.

Digər bir məlumata görə, Matanın son cümləsi bu olub: "Mən fahişəyəm, amma satqın deyiləm!".

Digər versiyalar

Mata Harinin casusluq fəaliyyəti barədə tarixçilərin fikri müxtəlifdir. Bəzi versiyaya əsasən, Mata Hari aktiv casusluq fəaliyyəti ilə məşğul olub. Rəqqasə Almaniyanın rəqib dövlətlərinin ali siyasi və hərbi dairələrinə nüfuz edərək qiymətli materiallar əldə edib.

Başqa bir versiyaya əsasən isə, Mata Hari sadəcə casus olduğu obrazını yaratmışdı. Bu isə ona işləməyə və yaxşı pul qazanmağa, vərdiş etdiyi həyat tərzini sürməyə kömək edirdi.

İstifadə edilən ədəbiyyat:
Vaaqenaar C. "Mata Hari"
V.Kryukov "Hərbi ədəbiyyat"
M.İ.Umnov "Ümumdünya casusluq tarixi"
Leyla Vertenbeyker "Mata Harinin həyatı və ölümü"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm