"XALQ DÜŞMƏNLƏRİ ŞAHBAZİ, ƏLİ NAZİM, ƏHMƏD CAVAD..." - MİRCƏFƏR BAĞIROVUN MƏRUZƏSİ
Bizi izləyin

Tarix

"XALQ DÜŞMƏNLƏRİ ŞAHBAZİ, ƏLİ NAZİM, ƏHMƏD CAVAD..." - MİRCƏFƏR BAĞIROVUN MƏRUZƏSİ

Hər şeydən əvvəl məktəblərimizin pedaqoqla təmin edilməsi işi yaxşı deyildir.

Partiya və hökumət kültür quruculuq məsələlərinə olduqca böyük fikir verirlər.

Bunu söyləmək kifayət edər ki, Azərbaycanda təkcə Xalq Maarif Komissarlığı xətti ilə xalq maarifinə buraxılan məsarif 1934-cü ildəki 89,4 milyon manatdan 1937-ci ildə 258,3 milyon manata çatmışdır.

Azərbaycan K (b) P-nın XII və XIII qurultayları arasındakı dövrdə Azərbaycanın kənd yerlərində 199 məktəb tikilmiş və işə salınmışdır, bundan 51 məktəb sərhəd rayonlarında tikilmişdir. İndi bizim 3.222 ibtidai, natamam orta və orta məktəbimiz vardır və bunlarda 545.753 şagird oxuyur ki, bunların 326.985-i azərbaycanlı, o cümlədən 124.276-sı azərbaycanlı qızdır.

Lakin xalq maarifi işində bizim bir çox nöqsan və qüsurlarımız olmuş və bu gün dəxi vardır ki, bunları aradan qaldırmaq işini təxirə salmaq olmaz.

Hər şeydən əvvəl məktəblərimizin pedaqoqla təmin edilməsi işi yaxşı deyildir. 3.222 məktəbdə 14.972 pedaqoq vardır. Bundan 1.463 nəfəri (10 faizi) ibtidai təhsilli, 10.283 nəfəri (68 faizi) orta təhsilli, 2.223 nəfəri (15 faiz) bitirilməmiş orta təhsillidir. Gördüyünüz kimi, bu rəqəmlər heç də parlaq rəqəmlər deyildir.

Bunlar göstərir ki, pedaqoq kadrları hazırlamaq, onların hazırlığını və ixtisasını artırmaq haqqında partiya və hökumətin dəfələrlə çıxardığı qərarları hər kəsdən əvvəl, bir neçə ildən bəri bu mühüm iş uçastokunu başlı-başına buraxan Xalq Maarif Komissarlığı və BXMŞ yerinə yetirməyirlər.

Pedaqoqlar sırasına təsadüfi adamların, bəzən düşmən və kontrrevolyusion elementlərin soxulduğu halları da az olmamışdır.

Faktlar göstərir ki, Axundov, Mustafa Quliyev, Cəbiyev, Pənah Qasımov bir sıra illər ərzində müəllimlər sırasını burjua millətçi elementlərlə zibilləmişlər və bunlar da gənclərimizi pozmağa çalışmışlar. Partiya və komsomol təşkilatlarımız bir sıra ali məktəb və texnikumlarda, xüsusən pedaqoji texnikumlarda düşmənin kontrrevolyusion pozucu işini görməmişlər.

Azərbaycan SSR Xalq Maarif Komissarlığı, BXMŞ və komsomol təşkilatlarımız pedaqoqlarımıza kültür-siyasi tərbiyə vermək, onların arasında trotskist və burjua millətçi elementlərini aşkara çıxarmaq və ifşa etmək, pedaqoqlar içərisində bolşevik sayıqlığını yüksəltmək, Lenin-Stalin partiyasına son dərəcə sadiq olan yüzlərcə yeni sovet pedaqoqları yetişdirmək məsələləri ilə yaxından məşğul olmalıdırlar.

Xalq Maarif Komissarlığı, BXMŞ və komsomol təşkilatımız azlıqda qalan millətlərin məktəblərinə, bu məktəblərdə dərs və tərbiyə işlərinə, bu məktəblərdə ana dilində dərsin əla keçməsini təmin etmək üçün pedaqoq hazırlamaq və yetişdirmək işinə xüsusi fikir verməlidirlər.

Ali məktəblərin işinə lazımınca fikir verilməməsi, bu məktəblərdə partiya və xüsusən komsomol təşkilatlarının zəif işləməsi, siyasi qayğısızlıq, xalq komissarlıqları tərəfindən rəhbərlik edilməməsi nəticəsində xalq düşmənləri - alçaq kontrrevolyusioner trotskistlər, müsavatçılar və daşnaqlar ali təhsil uçastokuna soxulub orada öz pozucu ziyançılıq işlərini davam etdirmişlər.

Bunu söyləmək kifayət edər ki, dövlət universitetinə müəyyən bir dövr kontrrevolyusioner Həsənbəyov başçılıq etmiş və universitetdə ziyançılıq işi görmüşdür. Bu xalq düşməni müxtəlif millətlərdən olan tələbələr arasına nifaq toxumu saçmaq məqsədi ilə Azərbaycan dilində dərs keçirilməsini provaqatorcasına qadağan etmişdir.

Bizdə savadsızlığı və azsavadlılığı aradan qaldırmaq işləri yaxşı deyildir. Yerlərdəki partiya və sovet təşkilatları bu mühüm işə lazımınca rəhbərlik və yardım etməyərək bunu açıqdan-açığa qiymətləndirməyirlər.

Hesabat dövründə ədəbiyyat, incəsənət, musiqi, arxitektura və sairə sahəsində biz şübhəsiz müvəffəqiyyətlər əldə etmişik.

Bu zamanda partiyanın rəhbərliyi ilə, Azərbaycanda vətəndaş müharibəsinin qəhrəmanlığını, sovet hakimiyyətini qurmaq uğrunda mübarizəni, sosializm quruluşunu, sənayeləşdirməni, kollektivləşməni və sairəni öz əsərlərində əks etdirən yeni gənc kadrlar yetişmişdir.

Yeni sovet operası olan "Koroğlu" əsərini vermiş Üzeyir Hacıbəyov, "Nərgiz" operasını yaratmış Maqomayev və başqa kompozitorlarımız xeyli artmışlar.

Son zamanda çox talantlı gənc sovet artistləri və artistkaları yetişdirmiş olan teatrlarımızın da müvəffəqiyyətləri vardır.

İşçi ailəsindən çıxmış gənc kommunist yazıçı İbrahimov Mirzə tərəfindən yazılan "Həyat" pyesi nəzəri cəlb edir və i.a.

Bu nailiyyətlərə baxmayaraq bu sahələrdə vəziyyəti yaxşı saymaq olmaz. Bunun əsas səbəbi odur ki, MQ və BQ-nin kültür - maarif işləri şöbələri, Xalq Maarif Komissarlığı, İncəsənət işləri idarəsi, Azərbaycan foto-kino idarəsi, Radio komitəsi, Yazıçılar İttifaqı, Arxitektorlar ittifaqı və başqaları olduqca pis işləmişdir.

Bir çox kültür müəssisələrində xalqın qəddar düşmənləri R.Axundov, Əli Kərimov, Triniç, Əli Nazim, Talıblı, Tağı Şahbazi, Dubinski və başqaları uzun zaman bildiklərini etmişlər.

Böyük Sovet İttifaqı qardaş xalqları ədəbiyyatı içərisində fəxri yer tuta bilmiş Azərbaycan ədəbiyyatı partiya və hökumətin müstəsna diqqəti sayəsində gündən-günə möhkəmlənir. Lakin bir sıra illər ərzində yazıçılar təşkilatı təsadüfi, bəzən isə yabançı, sınıfca düşmən elementlərlə zibillənmişdir.

Xalq düşmənləri Talıblı, Şahbazi, Əli Nazim, Əhməd Cavad və başqalarının uzun zaman cəza görmədən yazıçılar sırasında qala bilmələri faktdır.

Atamançı, qruppaçı Qarayev, Cəbiyev və başqalarının Musaxanlı, Hüseyn Cavid və başqaları kimi qəddar müsavatçıları öz himayələri altına aldıqları faktdır.

Trotskist - faşist Averbaxın və onun bandasının Bakını dəfələrlə öz kontrrevolyusion siyasətləri üçün seçdikləri faktdır.

Yazıçılar ittifaqının bu gün belə öz sıralarını Seyid Hüseyn, Salman Mümtaz, Yusif Vəzir, Sanılı, Hüseyn Cavid və başqaları kimi qəddar burjua millətçilərindən təmizləmədiyi faktdır.

Bu da bir faktdır ki, keçmişdə bütün bu düşmənləri Mustafa Quliyev, Cəbiyev, Qarayev və başqaları himayə və müdafiə edirdisə, bu gün bunları Ələkbərli, Şamilov, Əsəd Axundov və başqaları kimi çürük liberallar himayə və müdafiə edirlər.

Bunun nəticəsində təsadüfi deyildir ki, Azərbaycan K (b) R MQ-nin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Ələkbərli, Şamilov, Əsəd Axundov və Yazıçılar ittifaqında işləyən başqa partiya üzvləri Yazıçılar ittifaqında olan və davam edən şeylərdən özləri üçün lazımi nəticələr çıxarmayırlar, özləri üçün lazımi ibrət dərsi almayırlar.

Bu gün belə biz, Yazıçılar ittifaqında düşmənin tərəfindən qızışdırılan, həqiqətdə ədəbiyyat cəbhəsini pozmaq, bizə sadiq adamları etibardan salmaq, düşmənin işlərini ört-basdır etmək məqsədini daşıyan prinsipsiz, ideyasız qrup mübarizəsi görürük.

Kommunist yazıçılardan, birinci növbədə yazıçılar ittifaqının partiya qrupundan öz işlərini qəti surətdə yenidən qurmağı qəti tələb etmək lazımdır. MK Plenimunun qərarları və Stalin yoldaşın göstərişləri əsasında yazıçılar arasında həqiqi bolşevik tənqidini və özünütənqidi genişlətmək, yazıçı kütlələrinin siyasi tərbiyəsini və bolşevizmə yiyələnməsini mərkəzi vəzifə kimi qarşıya qoymaq lazımdır.

Yoldaşlar, bütün partiya, bütün məmləkət böyük Stalin Konstitusiyası əsasında sovet seçkilərinə hazırlaşır.

Bu hazırlıq, hər şeydən əvvəl partiya, sovet, həmkarlar, komsomol və başqa ictimai təşkilatlarımızın öz işlərini kökündən yenidən qurmaları deməkdir.

Partiya təşkilatlarımız məmləkətin siyasi həyatında əmələ gələn tarixi dönüşə bolşevikcəsinə başçılıq etmək və qarşıdakı seçkilərdə öz rəhbər rolunu təmin etmək üçün əldən gələni etməlidirlər.

Halbuki bir çox işçilərimiz yeni seçkilərə hazırlıq işinin bütün ciddiliyini, mürəkkəbliyini və siyasi məsuliyyətini hələ özləri üçün aydınlaşdırmamışlar və anlamamışlar. Nə Az MİK, nə Bakı Soveti, nə rayon sovetləri, nə də rayon icraiyyə komitələri seçkilərə hazırlanmaq işlərinə tam mənası ilə qoşulmuşlar.

Az MİK, Bakı Soveti, rayon sovetləri və rayon icraiyyə komitələrinin rəhbərləri buvaxtadək özləri üçün aydınlaşdırmamışlar və başa düşməmişlər ki, seçicilər yeni seçkilərə, hesabat - seçki yığıncaqlarına böyük tələblərlə gələcəklər, onlar sovet qanunlarının, hər pozulması faktı üçün, sovet vətəndaşlarının hüququna etina etməmək, onların hüququnu sığışdırmaq faktı üçün, məmləkətimizin əməkçilərinə vicdansız, bürokratcasına münasibət faktı üçün məsuliyyət tələb edəcəklər.

Ayrı-ayrı partiya və sovet işçilərimiz nə qədər ki, yatmışlar, düşmən yeni seçkilərə özü bildiyi kimi hazırlaşır. Hazırda dini qalqılardan istifadə etmək, kontrrevolyusioner, trotskist və müsavatçı banditlərin sovet hakimiyyətinə qarşı mübarizə formalarından biridir.

Partiya təşkilatları dinə qarşı geniş propaqanda aparmalı, kütlələr içərisində gündəlik tərbiyə işi görməli, Mübariz Allahsızlar İttifaqını və onun yerlərdəki şöbələrini möhkəmlətməlidirlər.

Partiya təşkilatlarımız ölkənin müdafiəsi məsələlərinə xüsusi fikir verməlidirlər. Faşist ölkələrinin vətənimizə qarşı quduz templə müharibə hazırlaması bizdən tələb edir ki, müdafiə məsələləri partiya, sovet, təsərrüfat, həmkarlar, komsomol və başqa ictimai təşkilatların işində mərkəz yeri tutsun.

Səslər: Doğrudur.

Bağırov: Məmləkətimizin müdafiəsi məsələlərində Azərbaycanın, sərhəd respublikası olmaq etibarı ilə xüsusi əhəmiyyəti vardır. Halbuki bir çox partiya, sovet və təsərrüfat təşkilatlarımız məmləkətin müdafiəsi məsələlərini cinayətkarcasına unudurlar və etinasız buraxırlar.

Partiya təşkilatları Osoaviaxim, "Hilal Əhmər" təşkilatlarını və başqa təşkilatları daha da möhkəmlətmək, hərbi biliyi geniş yaymaq, istehsalatdan ayrılmadan pilotlar, paraşütçülər, HKHM nişançıları, Voroşilov atıcıları, Voroşilov atlıları və sairə hazırlamaq sahəsində lazımi tədbirlər görməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm