Bütün sovet liderləri ilə işləmiş həmyerlimiz – Bakının neft yataqlarını niyə yandırmışdı? - - FOTOLAR
Bizi izləyin

Tarix

Bütün sovet liderləri ilə işləmiş həmyerlimiz – Bakının neft yataqlarını niyə yandırmışdı? - - FOTOLAR

Artıq mövcud olmayan bir dövlətin - SSRİ-nin uzun müddət idarəçilərindən olmuş həmyerlimiz Nikolay Baybakovu indiki gənclik tarix kitablarından tanıyır. Kasıb dəmirçi ailəsindən çıxmış Baybakovun uğurlu və çətin həyat yolu onun karyera pillələrində nə zəhmətlə qalxdığını və necə duruş gətirdiyini göstərir. 1932-ci ildə əmək fəaliyyətinə neft mühəndisi olaraq başlayan Baybakov 1985-ci ildə SSRİ-nin Nazirlər Kabinetinin Dövlət Planlaşdırma Komitəsinin sədri olaraq karyerasını bitirib. O, bu dövr ərzində badalaq vuran, işinə əngəl olan, hətta canına qəsd etmək istəyən çoxları ilə üz-üzə gəlib. Stalin güllələnmə hədə-qorxusu altında Krasnodar neft yataqlarının məhv edilməsini ona tapşırıb, Xruşşov isə onları bərpa etməklə bağlı təhdid edib. Yaponiyada Kuril adalarının bu ölkəyə birləşdirilməsi tərəfdarı olan terrorçu onu samuray qılıncı ilə yaralayıb, amma Baybakov bu dəfə də “kəfəni yırtıb”.

Baybakov hələ sağlığında adı əbədiləşdirilən nadir şəxsiyyətlərdən olub. 2001-ci ildə ona “Əsrin əfsanəsi” adı verilib. Volqa çayında onun adına gəmi üzür. Neftçıxarmada isə “Baybakov” üsulu tətbiq olunur.

Nikolay Baybakov 1911-ci ildə Bakının Sabunçu qəsəbəsində, dəmirçi ailəsində doğulub. Ailənin 12 uşağından 7-si çətin şəraitdə sağ qala bilib. Bakıda Neft Sənayesi İnstitutunu bitirən Nikolay artıq 1937-ci ildə “Leninneft” trestini idarə edirdi. Lakin həmin illərin qan-qadası səbəbindən müvəqqəti olaraq doğma şəhəri tərk edir. Günahsız insanların bir-bir güllələndiyini görən Nikolay vəziyyətdən çıxış yolu kimi Uzaq Şərqə hərbi xidmətə yollanır. Xidmətdən sonra “ikinci Bakı”ya (Ural və Volqa arasındakı neftçıxarma rayonu) rəhbər təyin edilir. Hələ 29 yaşındaykən Yanacaq Sənayesi Xalq Komissarlığının müavini vəzifəsini tutur.

Neft sənayesində indiyədək tətbiq olunan “Baybakov üsulu” (sementin yüksək təzyiqlə quyuya sıxılması ilə neftin sudan ayrılması üsulu) qərbdə mənimsənilsə də, əslində onu bir mühəndis kimi dünyaya tanıdıb. Vaxtilə bu üsul patentləşdirilmədiyi üçün ABŞ onu “Skott üsulu” adı ilə dünyaya təqdim edir.

Neft sənayesinin müharibə illərində Baybakovsuz mümkün olmayacağını Stalin kimi bir nəhəng anlayırdı. Baybakov xatirələrində Stalinlə ilk görüşünü belə yada salırdı:

“1942-ci ildə Stalin məni yanına çağırıb dedi ki, Hitler Qafqaz nefti olmasa, müharibəni uduza biləcəyini bildirib. Ona görə də mənə Krasnodardan Bakıya qədər neft sənayesinə nəzarət eləməyi tapşıraraq “başınla cavabdehsən” hədəsi ilə sözünü vurğuladı. Mən onun nə demək istədiyini anladım – söhbət neft yataqlarını məhv etməkdən gedirdi. Üstündən də əlavə elədi: “Əgər almanlara bir ton belə neft nəsib olsa, güllələnəcəksən. Amma onu da bil ki, sən neft yataqlarını məhv eləsən və almanlar da gəlməsə, biz neftsiz qalsaq, yenə də güllələnəcəksən”.

Belə bir çətin şəraitdə, çıxılmaz vəziyyətdə qalan Baybakov bütün məsuliyyəti üzərinə götürərək NKVD mütəxəssisləri ilə neft quyularını yandırtmışdı. Almanlar əraziyə girsələr də neft quyularını bərpa edə bilməmişdilər. Bu hadisədən sonra həmin il aprelin 1-də Hitler heyət iclasında demişdi: “Əgər mən Qafqaz neftini əldə edə bilməyəcəmsə, onda bu müharibəni bitirməliyəm”.

Məsələ burasında idi ki, Nasist Almaniyasının yanacaq ehtiyatı qurtarırdı və yanacaqsız da müharibəni davam etdirmək mümkün deyildi. Bu hadisədən sonra 1944-cü ildə Nikolay Baybakov Neft Sənayesi Xalq Komissarlığının rəhbəri təyin edilir.

Baybakov yaşadığı uzun ömür ərzində Sovet İttifaqının Lenindın başqa bütün rəhbərləri ilə çalışıb. Stalindən sonra hakimiyyətə gələn Xruşşov onu vaxtilə məhv etdiyi neft quyularını yenidən bərpa etməyə göndərir. Amma Xruşşovun zəif idarəçiliyi Baybakovun işinə maneə yaradır. Hər dəfə yeni idarəçilik sistemi yaratmaqla rəhbərlərlə yanaşı, mütəxəssislərdən ibarət heyət də dəyişir, beləliklə işin ləngiməsinə səbəb olurdu. Yalnız Xruşşovun hakimiyyətdən gedişi ilə işlər öz axarına düşür. Yeni rəhbərlik – iqtidasi məsələlərə nəzarət edən SSRİ Nazirlər Kabinetinin sədri Kosigin anlayırdı ki, ölkə - ekperimental laboratoriya deyil, onu çox dəqiqlik və ehtiyatla idarə etməlisən.

Yeri gəlmişkən, Nikolay Baybakov nəinki SSRİ rəhbərlərini, hətta müstəqil Rusiya rəhbərlərini də görüb, birgə işləməsə də, onun məsləhətlərindən yeni rəhbərlər də yararlanıblar. Baybakova 2001-ci ildə “Əsrin əfsanəsi” adı Vladimir Putinin əmri ilə verilib. Bu böyük şəxsiyyət 2008-ci ildə 97 yaşındaykən Moskvada dünyasını dəyişib.

Baybakov 200-dən artıq elmi məqalənin, eləcə də bir neçə memuarın müəllifidir (“Qırx il hakimiyyətdə”, “Stalindən Yeltsinə qədər”, “Mənim vətənim Azərbaycandır”). Bakıda onun adını 67 saylı orta məktəb daşıyır.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm