Tarix
Azərbaycana taun yaymaq istəyən həkim və Qarabağda qəbirləri eşən kəşfiyyatçılar
80 il əvvəl sovet bioloqu Leva Zilber ölümcül virus
aşkarlayaraq, onun qarşısını aldı. SSRİ-ni böyük bəladan qurtarmış
məşhur bioloq sonradan həbs edildi. Onun həbs olunmasına səbəb Bakı
idi, daha doğrusu, bioloqu Bakını taun bəlasına yoluxdurmaqda
ittiham edərək barmaqlıqlar arxasına atmışdılar.
Publika.az Bakını tauna yoluxdurmaqda ittiham edilən
bioloq Lev Zilber haqda tarixi faktları təqdim edir.
Məxfi məktub və Uzaq Şərq ekspedisiyası
Hər şey 1937-ci ilin mayında başlandı. SSRİ-nin Uzaq Şərq
qoşunlarının komandanı marşal Blyuxer müdafiə komissarı Voroşılova
şifrələnmiş məktub göndərdi.
“Naməlum xəstəliyə görə əsgərlər və zabitlər arasında yüksək ölüm
halları müşahidə olunur”, - məktubda deyilirdi.
SSRİ Xalq Səhiyyə Komissarlığı Blyuxerə 10 professor göndərməyə
qərar verdi. Onların başında Zilber gedəcəkdi. Lakin Zilber şərt
qoydu ki, “ya ekspedisiyanı şəxsən özüm təşkil edirəm, bütün
məsuliyyəti üzərimə götürürəm, ya da getmirəm”. Əvvəlcə onu rədd
etdilər. Lakin uzaq Şərq SSRİ üçün vacib idi. Bölgədəki meşə,
filiz, qızıl yataqları istismar edilirdi. Kreml isə Yaponiya
təcavüzündən ehtiyat edərək, orada böyük qoşun saxlayırdı.
Əsgərləri qorumaq vacib idi. Buna görə də Voroşılovun sərəncamı ilə
Zilberə bütün səlahiyyət verildi. Zilber ekspedisiyaya köhnə və
yanlış elmi fikirləri qəbul etməyən gənc mütəxəssisləri topladı.
Əslində, o, düzgün addım atmışdı.
1935-ci ildə Uzaq Şərqdəki həkimlər sirli xəstəliyi “zəhərli” qrip
olaraq təqdim edirdilər və qeyd edirdilər ki, buna səbəb yapon
ağcaqanadıdır. Əgər Moskvada oturub bu iddia üzərində baş sındırmaq
lazım olardısa, o zaman minlərlə insan ölə bilərdi. Zilber hərəkətə
keçdi. 1937-ci ilin 5 may tarixində SSRİ Xalq Səhiyyə
Komissarlığının ona bütün səlahiyyətlər verən və lazımı orqanların
köməyini təmin edən 1-17 nömrəli mandatını aldı. Artıq iki həftə
sonra Zilber öz komandası ilə Uzaq Şərqdə tədqiqatlara
başlamışdı.
Sirli xəstəlik
Zilber ilk növbədə meşə sənayesi müəssisəsinin xəstəxanasında son
üç ildə qeydə alınmış xəstəliklərin tarixlərini öyrəndi. Məlum oldu
ki, sirli xəstəlik insanlara əsasən yayda yox, yazda yoluxur.
Halbuki, yapon ağcaqanadları yayda bölgəyə gəlirlər. Bununla
yanaşı, əsasən tayqa meşələrində işləyənlər xəstələnirdi və onların
əksəriyyəti bir-biri ilə təmasda olmurdu. Bu, “zəhərli qrip”in
hava-damcı yolu ilə keçməsi nəzəriyyəsini təkzib edirdi.
Bioloq xəstəxanada ilk xəstələnən qurbanla görüşdü. Xəstə evdar
qadın idi və son iki il ərzində doğma tayqa meşəsini tərk
etməmişdi. Başqa insanlarla ünsiyyət saxlamırdı və onun yaşadığı
ərazidə heç vaxt ağcaqanad olmurdu. Zilber hiss edir ki, virusun
izinə düşüb. Evdar qadın xatırlayır ki, o, xəstələnməmişdən iki
həftə əvvəl tayqada keçənilki sidr fındıqlarını toplayırmış, evə
qayıdanda isə bədəninə batmış gənələri görüb. Və bununla Zilber
virusun mənbəyini tapır: bu gənələr idi.
O, dərhal hərəkətə keçir və iyunun 10-da yerli səhiyyə orqanlarının
iclasında xəstəliyə qarşı profilaktik tədbirləri tamamilə
dəyişdirməyin lazım olduğunu elan edir. Beləliklə, dünya səhiyyə
tarixində naməlum virus tez bir zamanda aşkar edildi. Və bunu
“Sovet tibbinin qələbəsi” elan etdilər. Zilberə Stalin mükafatı
verdilər.
1937-ci ildə isə professoru və onun iki əməkdaşını DTK
agentləri həbs etdi. Səbəb nə idi?
.... Uzaq Şərq ekspedisiyasını uğurla başa vuran Zilberi bir gün
Azərbaycanın Xalq Səhiyyə Komissarlığı təcili çağırır. Artıq gecə
saat 04:00-da professor lazımı avadanlıq və əməkdaşları ilə
birlikdə qatarla Qarabağa yola düşmüşdü. Məqsəd taunun qarşısını
almaq idi. Daxili İşlər Xalq Komissarlığının Qarabağdakı yerli
nümayəndələri bildirirdilər ki, xarici ölkənin bölgəyə atılmış
diversantları-kəşfiyyatçıları qəbirləri açır, cəsədlərin ürəyini,
qaraciyərini kəsərək, infeksiyanı yayırlar. Lakin Zilber bu
versiyanı cəfəngiyyat adlandırdı.
“Bir neçə gün ərzində laboratoriyada taun virusunu hazırlamaq və
minlərlə insanı öldürmək olar. Nə üçün diversantlar cəsədlərin
orqanlarını kəsirlər? Axı onların özü də buna yoluxa bilərlər”, -
deyə o bildirir.
Başı kəsilmiş, ürəyi çıxarılmış cəsədlər
Zilberi qəbiristanlığa aparırlar. Çünki İslam dini qəbirləri
açmağın əleyhinə idi. Buna görə də işi gecəyarısı gizli həyata
keçirirlər. Zilber məşəllərin işığında 10-a qədər təzə qəbiri açır.
Alim dəhşətə gəlmişdi. Həqiqətən də bir neçə cəsədin başı yox idi,
bəzilərinin dalağı, qaraciyəri, yaxud ürəyi çıxarılmışdı.
Zilber ümumi karantin elan edir, lakin o, diversant xəbərinə
inanmır. Köhnə tibb jurnallarından tapır ki, bölgədə vaxtilə taun
olub və indi həmin xəstəlik yenidən oyanıb.
Bəs başları, orqanları kəsilmiş cəsədlər nə
idi?
Bir az rus dilində danışmağı bacaran yerli müəllim Zilberə sirri
açır. Bildirir ki, yerli əhali arasında qəribə bir mövhumat var:
“Əgər ailədə bir nəfər ölürsə, onun canlı olması inancı var. Əgər
ölü qəbirdə canlıdırsa, deməli digər doğmaları da “aparmağa
gələcək”. Ölünün canlı olub-olmadığını bilmək üçün qəribə üsuldan
istifadə olunur. Atı qəbirin üstünə aparır və ona yulaf verirlər.
Əgər at qəbirin üstündə yulafı yeməsə, deməli həmin ölü canlıdır və
qəbiri qazıb, həmin ölünün başını kəsmək, yaxud ürəyini və digər
orqanlarını çıxarmaq lazımdır. Çıxarılan orqanlar qohumlara
verilir, beləliklə də, onlar ölümdən xilas olunurlar”.
Məhz bu sirdən sonra Zilber müəyyən edir ki, vaxtilə bölgədə olmuş
infeksiya bu yolla yayılır. O, infeksiyanın yayılmasının qarşısını
almağı bacarır. Bakıda onu qalib kimi qarşılayırlar və Qırmızı Əmək
Bayrağı ordeni ilə təltif edirlər.
Azərbaycanda taun yaymaq ittihamı
Lakin tezliklə Zilber həbs olunur. Onu Dağlıq Qarabağda taunun
yayılmasında və Bakını “qara ölüm”ə yoluxdurmaq cəhdində ittiham
edirlər. Bütün SSRİ-ni bəladan qurtaran insan qəfil “xalq düşməni”
elan edilir. Zilber 4 ay zindanlarda qalır, lakin bütün ittihamları
rədd edir. Bir il yarımdan sonra kiçik qardaşı, yazıçı Venyamin
Zilberin (təxəllüsü: Kaverin) köməyi ilə həbsdən xilas olur.
Qardaşı yazırdı ki, Zilberi SSRİ Mikrobiologiya İnstitutunun
müdirinin “danosu” əsasında tutmuşdular. Müdir Zilberə ya paxıllıq
edirdi, ya da onu Uzaq Şərq ekspedisiyasına götürmədiyi üçün qisas
alırdı.
Yuxarıların göstərişi ilə Zilberi məhkəməsiz azad etdilər, bütün
hüquqları bərpa olundu. O, Mərkəzi Epidemiologiya İnstitutunda və
SSRİ Xalq Səhiyyə Komissarlığında virusologiya bölməsinə rəhbərlik
etdi, gənələr haqda monoqrafiyasını tamamladı. Alimin həbsxanada
böyrəkləri sıradan çıxmışdı, həmçinin, onun qabırğalarının çoxu
sınıq idi. Lakin bunu bilənlərə belə deyirdi: “Mənim qabırğalarım
uşaqlıqdan əyri bitib”.
Həyat Zilberin üzünə gülmədi. 1940-cı ildə onu yenidən həbs
etdilər. Bu dəfə o dövr üçün dəhşətli hesab olunan ittihamlarla:
əksinqilabi təbliğat, vətənə xəyanət, casusluq, həmçinin, xalq
düşməni Rıkovla əlaqə.
4 il ərzində Zilber dustaq həyatı yaşadı. Yalnız 1944-cü ildə azad
olundu. Buna səbəb isə kəşf etdiyi dərmanların həmin il minlərlə
sovet əsgərini xilas etməsi idi. Stalin onu mükafatlandırdı və
alimi təcili azad etdilər.
Asif
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
Rəsmi xronika12:38Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?
















.jpg)




















