XX əsrin ən qəddar diktatorluğunun banisi - “Zombilərin hökmdarı”nın DƏHŞƏTLİ ƏMƏLLƏRİ
Bizi izləyin

Tarix

XX əsrin ən qəddar diktatorluğunun banisi - “Zombilərin hökmdarı”nın DƏHŞƏTLİ ƏMƏLLƏRİ

XX əsrin ən qəddar diktatorluğunun banisi - “Zombilərin hökmdarı”nın DƏHŞƏTLİ ƏMƏLLƏRİ

1957-ci ildə Qərb yarımkürəsinin ən amansız və ekssentrik diktatorlarından biri kimi tanınan doktor Fransua Düvalye Haitinin prezidenti seçildi və ömrünün sonuna qədər – 26 il bu postda qalmağa davam etdi. Vudu ruhlarına sitayiş edən Düvalye ölkə siyasətini mövhumata əsaslanaraq qururdu. Keçmiş səhiyyə naziri kimi bir ölkənin həyatını cəhənnəmə çevirdi.

Publika.az XX əsrin ən qəddar diktatorluğunu quran, “zombilərin hökmdarı” ləqəbi ilə tanınan Fransua Düvalye haqda tarix oxucularını məlumatlandırır.

Hakimiyyətə gəlməzdən əvvəl ziyalılar zümrəsinin nümayəndəsi olan Düvalye böyük hörmət sahibi olub. ABŞ-da tibbi təhsili aldıqdan sonra uzun illər ixsisası üzrə çalışmaqla, tropik xəstəliklərlə mübarizə aparıb, pasiyentləri onu hörmət əlaməti olaraq Papa Dok adlandırırdı. 40-cı illərin sonlarında isə Düvalye respublikanın İctimai səhiyyə və əmək nazirliyinə başçılıq etdi.

Haiti üçün 1957-ci ilin seçkiləri uzun illərin intizarı idi. Ada sakinləri, nəhayət, hakimiyyətə yalnız şəxsi zənginləşməsinin düşkünü olmayan bir hökmdarın gələcəyinə ümid edirdi. Ziyalı Fransua Düvalye də mükəmməl hökmdar obrazına tamamilə uyğun görünürdü...

Zombi ordusu

Haitililərin ürəyinə aparan yol din oldu. Düvalye Haitinin ənənəvi dini inancı olaraq Vudu dinini elan etdi. Vaxtilə fransız müstəmləkəçilərinin Afrikadan gətirdiyi qul mühitində yaranmış Vudu dini özündə xristyanlıqla bütpərəstlik elementlərini birləşdirir. Adada geniş təbliğata başlayan Düvalye hətta geyim tərzini belə vudu mistikasına uyğunlaşdırdı. O, sözügedən bu cərəyanın ən nüfuzlu və təhlükəli ruhlarından biri olan, dünyadan köçənləri ölülər səltənətinə yola salan, bəzilərini isə nə ölü, nə də diri olan bədbəxt zombilərə çevirmək hüququnun sahibi olan Baron Subbota kimi qara frak geyinir, şlyapa və eynək taxırdı, pərəstiş etdiyi obraza sadiq qalmağa çalışaraq, yüksək pıçıltı ilə danışırdı.

Sən demə, Düvalyenin qaniçən diktatora çevrilməsi əsassız deyilmiş. Belə ki, 1958-ci ildə hərbi çevrilişlə üzləşən həkim möhkəm qorxaraq, qaçmağa hazırlaşırmış. Sözügedən çevrilişin təşkilatçıları zabitlər qrupu idi və diktatorun orduya olan ümidləri puça çıxdı. Bir il sonra Düvalye Vudu kultu ilə birbaşa bağlı olan yeni struktur yaratdı.

Milli təhlükəsizliyin Könüllü milisinin əməkdaşları daha çox tonton-makutlar kimi tanınırdı. Bu ad onlara uşaqları tutub torbalara yığan, sonra da qızardıb yeyən Vudu ruhlarının şərəfinə verilmişdi. Tonton-makut dəstələri Düvalye rejiminin parlaq simvoluna çevrildi. Bu dəstələri təşkil edənlər prezidentə xidmət üçün işə cəlb olunan, istənilən mühakimədən azad olunaraq, arzuolunmaz hər kəsə divan tutmaq hüququna malik olan kəslər idi.

Gördükləri işin müqabilində heç bir maaş almayan tonton-makutlar leqal soyğunçuluqla dolanırdı. Artıq bunu edə bilməyənlərə isə prezidentin düşmənlərindən istənilən kəsin təsərrüfatına, evinə sahib olmağa icazə verilmişdi, bunun üçün də əvvəlki sahibi ya qovmalı, ya da öldürməli idilər.

Düvalyenin diktator hakimiyyəti dövründə cəza tədbirlərinə məruz qalanların sayı 30-60 min arası kimi hesablanır.

İyirmi iki

Papa Dok özünü kommunizmin düşməni elan etdi və ömrü boyu ABŞ-ın nüfuz dairəsinə uyğun davrandı. Tonton-makut dəstələri kommunizmə cüzi də olsa rəğbət bəsləyən hər kəsi qətlə yetirirdi. Bu siyasətinə görə amerikalılar Düvalyenin təkcə insan hüquqlarını pozduğuna deyil, hətta xristyan dininin əsaslarını təhrif etməsinə belə göz yumurdu. Diktator yerli katolik kilsəsinə hakimiyyəti ələ alaraq, ibadətdə dəyişikliklər etdi və nəticədə “Atamız” duası Rəbbə deyil, şəxsən Düvalyeyə müraciətlə oxunurdu.

Düvalyenin xurafatları ölkədaxili siyasətə də təsirsiz ötüşmürdü. Məsələn, o, prezident seçildiyi 22 tarixini özünün uğurlu rəqəmi hesab edirdi. Gələcəkdə idarəçiliyi dövründə digər əlamətdar hadisələrin də bu və ya digər ayın 22-nə düşməsinə çalışırdı.

1961-ci ilin 22 aprel tarixində bülletenlərdə “Prezidentimiz Düvalyedir” haşiyəsi ilə daha 6 illiyinə prezident seçildi. 1964-cü ildə isə uğurlu 22 rəqəmini işə salaraq, 22 iyun tarixində özünü ömürlük prezident elan etdi. Ondan sonra Düvalye dünyadan köçənə qədər adada prezident seçkiləri keçirilmədi.

Bizdən sonra istər dünya dağılsın...

Haiti rəhbərinin vəhşiliyi ilə qeyri-adi davranışı insanların şəxsi problemlərini zorakılıq yolu ilə həll etməsi ilə nəticələndi. Onun dinlə çıxardığı hoqqalar Haitini öz şəxsi mülkiyyəti zənn edərək, adanı sözün əsl mənasında hərraca qoymasına gətirib çıxardı. Məsələn, o, dəmir yolunun sökülərək, metal qırıntıları qismində xarici alıcılara satılması, yaxud da xəstəxanalarda xəstələr üçün toplanan donor qanının bütövlüklə xaricə satılması kimi dəlisov əmrlər verməyə meyilli idi.

1971-ci ildə diktator öldükdən sonra hakimiyyətə oğlu Jan-Klod (Bebi Dok) gəldi, lakin 1986-cı ildə Haitidə üsyan qalxdı və Jan Klod dilənçi kökünə düşmüş ölkəni tərk etdi. O zamandan bəri Haiti daimi siyasi böhran vəziyyətində qalmaqdadır. Talan olunmuş dövlət bu gün Qərb yarımkürəsinin ən yoxsul ölkəsi sayılır.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm