Kennedinin qətli üzrə sənədlər məxfilikdən çıxarıldı - Yadplanetlilər və SSRİ-yə QAÇIŞ
Bizi izləyin

Tarix

Kennedinin qətli üzrə sənədlər məxfilikdən çıxarıldı - Yadplanetlilər və SSRİ-yə QAÇIŞ

ABŞ-ın Milli Arxivi sabiq prezident Con Kennedinin 1963-cü il noyabrın 22-də qətlinə aid olan daha 676 məxfiləşdirilmiş sənəd dərc edib.

Publika.az xəbər verir ki, bu haqda idarənin saytında yerləşdirilən xəbərdə deyilir.

Bu, artıq 2017-ci ildə mövzu ilə bağlı dərc edilmiş materialların üçüncü hissəsidir. Ümumilikdə, təxminən 7 min sənəd elan edilib.

Məxfiləşdirilmiş sənədlərin dərci haqqında sərəncamı ABŞ prezidenti Donald Tramp verib. O bildirib ki, bəzi materiallar məxfi şəkildə qalacaq. Dövlət başçısının sözlərinə görə, Kennedinin qətli ilə bağlı bütün arxivin dərci ölkənin milli təhlükəsizliyini təhlükə altına qoya bilər.

Sənədlərin tərkibi

Sənədlərin birinə görə, ABŞ-ın 35-ci prezidentinin qatili Li Harvi Osvald Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli olmayıb. Sənəddə MKİ-nin 1975-ci il tarixli memorandumunda Osvaldın idarə ilə əlaqəsinin olmasına dair şayiələr "tamamilə əsassız" adlandırılıb.

Osvaldın həmçinin ABŞ-ın başqa xüsusi xidmət orqanları ilə bağlı olmadığı bildirilir. Habelə daha əvvəl deyilirdi ki, Osvald guya törədilmiş cinayətdən dərhal sonra Sovet İttifaqına köçmək haqqında düşünürdü. Daha əvvəl dərc edilmiş sənəddə həmçinin deyilirdi ki, o, qətldən iki ay əvvəl Mexikoda SSRİ səfirliyində Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı ilə ünsiyyət saxlayırdı. Bu iki hadisənin bir-biri ilə bağlı olduğuna dair fərziyələr isə mətndə yoxdur.

ABŞ prezidentinə sui-qəsdlə bağlı daha bir maraqlı fakt sənədlərin iyul seriyasında dərc edilib. Bildirilirdi ki, qətldən təxminən 25 dəqiqə əvvəl Britaniyanın “Cambridge News” qəzetinə naməlum zəng daxil olub və ABŞ-dan “böyük xəbərlər” gələcəyini bildirib.

Kennedinin qətli və versiyalar

ABŞ-ın 35-ci prezidentinin qətli 22 noyabr 1963-cü il yerli vaxtla 12:30-da Dallasda olub. Kennedi bu zaman birinci xanımla birlikdə “Limuzin”də idi. Qatil prezidenti atəşlə boynundan yaralayıb. O, xəstəxanada ölüb.

Osvalda qətllə bağlı ittihamlar həmin gecə təqdim edilib. O, iki gün sonra sui-qəsd nəticəsində ölüb. Prezidentin qətlindən tezliklə sonra Osvaldın özü sui-qəsdin qurbanı oldu. Osvald polis məntəqəsindən həbsxanaya aparılarkən yerli gecə klubunun sahibi Cek Rubi kütlənin arasından çıxaraq, onu güllələmişdi. Milyonlarla amerikalı Osvaldın öldürülməsini birbaşa translyasiyada gördü.

Ötən illər ərzində Dallas faciəsinin ən müxtəlif versiyaları, o cümlədən bu cinayətdə “Moskvanın əli” olduğu barədə versiya irəli sürüldü. Bunun təsdiqi üçün belə bir fakt gətirilmişdi - Osvald 32 ay Sovet İttifaqında yaşayıb. Lakin sonralar qətlin səbəbləri çox diqqətlə və dərindən araşdırıldıqda paradoksal bir fikir ağla gəldi: Kennedinin öldürülməsi çoxlarına sərfəli idi.

Bəzilərinin fikrincə, ABŞ-ın xəzinə biletlərinin buraxılmasına başlamaqla Con Kennedi Federal Ehtiyat Fondunun “mənafeyinə toxunmuşdu”. Gözəgörünməz hökmdarların əlində alətə çevrilən bu fond təkcə ölkədə deyil, dünyada da maliyyə vəziyyətini ancaq onların nəzarətində olan banknotlar buraxılması ilə idarə etməyə imkan verirdi. Bu versiyanın xeyrinə olaraq belə bir dəlil irəli sürülür: Kennedinin ölümündən sonra vitse-prezident Lindon Conson ictimaiyyətdən xəbərsiz, Federal Ehtiyat Fondunun banknotlarına yenidən qayıdıb. SSRİ-in rəhbərliyi də hesab edirdi ki, qətllə vitse-prezident Lindon Consonun (20 yanvar 1961- 22 noyabr 1963) əlaqəsi ola bilərdi.

Başqalarının fikrincə, Kennedini mütəşəkkil cinayətkarlığa müharibə elan etdiyinə görə aradan götürdülər.

Üçüncülər qəti əmindirlər ki, Kennedi Vyetnamla bağlı problemlərin zor gücünə həllinin fəal əleyhdarı idi. Təsadüfi deyil ki, qətldən üç gün sonra Lindon Conson ABŞ qoşunlarının Vyetnamdan çıxarılması haqqında Kennedinin direktivini ləğv etdi, 1964-cü ildə prezident olduqda isə orada Amerika hərbi qüvvələrinin sayını xeyli artırdı.

Başqaları isə hesab edirlər ki, Kennedini hər şeyə qadir Mərkəzi Kəşfiyyat İdarəsini zəiflətmək cəhdlərinə görə qətlə yetirdilər. O, MKİ-ni “darmadağın etməklə” hədələyirdi. Prezident təkcə hədələrlə kifayətlənməmiş, MKİ-nin direktoru Allen Dallesi də, onun ən yaxın adamlarını də vəzifələrindən kənarlaşdırmışdı.

İlk baxışdan fantastik görünən daha bir versiya mövcuddur. Onun müəllifi - xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Milton Kuper qətlin sadalanmış səbəblərinin mümkünlüyünü inkar etməsə də, bu qənaətdədir ki, ən başlıca səbəb belədir: Kennedi ABŞ-ın hakim elitasının yadplanetlilərlə əlaqəyə girdiyini öyrənmişdi və bu faktı açıqlamaq niyyətində idi.

Faciənin “alternativ” versiyalarına görə, prezidentə iki və ya daha çox adam atəş açıb. Snayperin inanılmaz bacarığı da şübhə doğururdu. Odur ki, sual doğurdu: o, prezidentin maşın karvanı hərəkətdə olduğu halda dalbadal iki dəqiq atəş açmaq üçün tüfəngi yenidən doldurmağa necə macal tapmışdı? Müstəqil ekspertlərin topladıqları məlumatlar göstərir ki, Uorren komissiyasının rəyində deyildiyi kimi, cəmi üç yox, altı güllə atılıb. Özü də bir yerdən deyil, müxtəlif nöqtələrdən atəş açılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm