Rəsulzadənin ifşa olmuş dəhşətli sirri: GİZLİNLƏR RESPUBLİKASI
Bizi izləyin

Tarix

Rəsulzadənin ifşa olmuş dəhşətli sirri: GİZLİNLƏR RESPUBLİKASI

Biri var tarix, biri də var keçmiş... Tarix bizə danışılanlardır, keçmiş isə olanlar... Ya siyasət, ya rəyasət, ya da cəhalət səbəbindən insanlar tarixə inanır.

Və tarix yeganə elmdir ki, onun rəsmi forması var. Rəsmi tarix keçmişdən çox fərqlənir. Gizlinlər Respublikası isə tarixdən yox, keçmişdən bəhs edir.

Onda rəsmi tarixin donuqluğu yoxdur, keçmişin hərəkəti var. Onda həqiqət yoxdur, həqiqətlər var. Onda idillik yoxdur, gerçək var. Onda səhvsiz insan yoxdur, qanlı-canlı insan var. Və Gizlinlər Respublikasında heç kim ideallaşdırılmır və heç kim itirilmir...

23 aylıq Cümhuriyyətimiz, bizi biz edən respublikamız haqda Gizlinlər Cümhuriyyətisilsiləsi qaranlıqlara tuşlanan fənər olacaq.

Silsilənin 4 iyunda başlamasının rəmzi mənası var. 4 iyun 1918-ci ildə Osmanlı ilə Cümhuriyyət arasında Batum sazişi imzalanıb. Keçmiş keçmir... Tarix təkrar olunur...

Doqquza on beş dəqiqə qalıb.

Parlamentin iclası başlayır.

Yüz qırx beş iclasın yüz qırx beşincisidir.

Yəni, son iclas...

src="/storage/files/upload/ad317fcb6a97f1e3bad50f04b20a60e8beca157c.jpg" style="width: 370px; height: 312.033px;" class="fr-fic fr-dib">

İlk sözü Rəsulzadə alır:

“Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin”.

Stenoqramda sonrakı sətir belədir: “Şəfi bəy Rüstəmbəyov - “Azərbaycan” qəzetinin redaktoru ağlayır”.

Nə bir çıxış, nə bir təklif…

Eləcə göz yaşları…

Ancaq Şəfi bəyin mühacirət taleyi heç də ağlamalı olmadı.

1934-cü ildə Müsavat partiyasından xaric edilən Şəfi bəyin qərarında eynilə belə yazılmışdı:

Firqə lideri möhtərəm Rəsulzadə Məmməd Əmin bəyəfəndi haqqında bolşevik casuslarına və milli mücadilə düşmənlərinə məxsus tərzdə alçaq ittiham və böhtanlarla dolu sayğısız yazısı ilə, düşmənin qazancı üçün çalışdığını, pis niyyətli bir şəxs olduğuna artıq şək-şübhə qalmadığını nəzərə alaraq…”

Ancaq mövzumuz Şəfi bəy deyil, onun da içərisində olduğu bir skandaldır.

Türk polisi 1929-cu ilin iyun günlərində azərbaycanlı mühacirlərin mətbu orqanı “Odlu yurdu”nun redaksiyasında axtarış apardı və mühüm bir sənədi ələ keçirdi.

Rəsulzadə həmin sənədin (“milli evrak” - vərəq sözündəndir, rəsmi sənədləri və yazılı kağızları ifadə edir) ələ keçməsini təşkilata qarşı sui-qəsd hesab edirdi. “Şəfibəyçilik nədir?” adlı əsərin V fəsli “milli evrak” mövzusuna həsr edilmişdi.

Və ortaya iki sual çıxır:

“Milli evrak”da hansı məxfi məlumatlar vardı?

Milli evrak necə ələ keçirilmişdi?

AXC parlamentinin üzvü, mühacir Məmməd Sadıq Axundzadənin yazdığına görə plan belə qurulmuşdu: “Redaksiyada axtarış aparılacaq, bundan sonra isə Şəfi bəy idarə heyəti daxilində bu hadisədən dolayı gurultu qoparacaq və Əmin bəyə hökumətin etimad etmədiyi əsas gətirilərək, ona etimadsızlıq göstəriləcək və rəhbərlikdən kənarlaşdırılacaq... Bəlkə də bu iş onun ölkədən sürgün edilməsilə nəticələnəcək”.

Bir sözlə, sənədin ələ keçirilməsi Məmməd Əmin Rəsulzadəni oyundan çıxarmaq üçün bəhanə rolunu oynayacaqdı...

Məmməd Əmin Türkiyədən iki il sonra sürgün edildi.

Ancaq bunun səbəbi “milli evrak” yox, SSRİ ilə Türkiyə arasında 1925-ci ildə qəbul edilmiş müttəfiqlik sazişinin uzaldılması barədə protokol oldu.

Protokolun gizli maddələrindən biri Türkiyə hökuməti qarşısında mühacirlərin hər cür anti-sovet təbliğatının dayandırılması barədə götürdüyü öhdəlik idi.

Məmməd Əminin Polşa ilə anti-sovet əlaqələri də Türkiyə rəsmilərini narahat edirdi.

O, Türkiyəyə bir də 16 il sonra, 1947-ci ildə qayıda bildi...

Bu, başqa söhbətin mövzusudur...

Qayıdaq birinci suala: “Milli evrak”da hansı məxfi məlumatlar vardı?

Məmməd Əmin məsələdən 5 il sonra belə hadisənin təfərrüatları barədə məlumat vermir, eləcə onu “milli evrak” adlandırır. Yuxarıda adını çəkdiyimiz Məmməd Sadıq Axundzadə çap edilmiş məqaləsində sənədin ələ keçməsinin hər bir azərbaycanlı üçün utanc olduğunu qeyd edir və təfərrüatlara varmadan yazır:

“Ortada istiqlal davası tarixinin toplanmış sənəd və kağızları vardı. Təqribən beş ay əvvəl bu məxfi milli sənədlərin ələ keçməsi xəbərini aldıq”.

O, nə böyük tarixi sənəddir ki, ələ keçməsi bu qədər böyük mübahisə doğurur? Buna görə niyə hər bir azərbaycanlı utanc duymalıdır?

Mühacirlərin nəşrlərini bolşeviklər də diqqətlə izləyir, bir çox məqalələrə cavablar da yazdırıb mətbuatda çap etdirirdilər.

Buna görə Məmməd Sadiqin hər şeyi açıqlığı ilə yazmadığını başa düşmək olar.

Bir məqamı da qeyd etmək gərəkdir ki, Məmməd Sadiq milli evrakın ələ keçirilməsində günahlandırıldığı üçün bu məqaləni yazmış və günahkarın Şəfi bəy olduğunu sübuta yetirmişdi. Ancaq Məmməd Əmin uzun müddət buna inanmırdı.

Bu da onun etirafı:

“Etiraf edirəm ki, uzun bir zaman ərzində Şəfi bəyi qəti şəkildə ittiham etməkdə tərəddüd göstərməyimin səbəbi bu məntiq mülahizəsi olub”. Bəs Şəfi bəyin etirafı nə idi? “təşkilat və səxsiyyətlərini hökumətin qarşısında ləkəli edəcək heç bir sənəd (milli evrak - Q.T.) olmadığını bildiyim üçün belə bir təşəbbüsdə bulunmağım yalnız hökumətin nəzərində özümü gözdən salmaqdan başqa bir şeyə yaramayacağını hər kəsdən yaxşı bilənlərdənəm”.

1930-a qədər Türkiyə hökumətinin mühacirlərə münasibəti yaxşı idi. Onların fəaliyyətinə imkan yaradır, mətbu nəşrlərini maliyyələşdirirdi.

SSRİ ilə zəruri yaxınlaşmadan sonra Türkiyə hökuməti mühacirlərə münasibətini dəyişdi.

Mühacirləri heç bir halda Türkiyə hökuməti qarşısında “ləkəli” edəcək bir şey yox idi.

Bəs bu məxfi sənədi müttəfiqləri ruslara verərdisə, onda necə?

Şəfi bəy riyakarlıqla özünü təmizə çıxartmağa can atır, ancaq bu cür sadə bir məqamı “unudur”.

Şəfi bəylə birgə hərəkət edən Cümhuriyyətin xüsusi xidmət orqanının rəhbəri, Nağı bəy Şeyxzamanlı yazırdı: “Şəfi bəyi xain göstərmək üçün onu “mili evrakın” ələ keçməsinin səbəbkarı olmaqda ittiham edirsiniz. Əmin bəyəfəndi evrak düşmən əlinə keçməmiş, etibarlı bir yerdə qiymətli sənəd olaraq mühafizə edilir...”

Redaksiyada axtarış aparıb, məxfi sənədi tapan İstanbul polisinin Birinci şöbəsi (Siyasi şöbə) qiymətli sənədlər saxlancı, ya da əlyazmalar muzeyi deyildi.

Sənədin orda saxlandığını Nağı bəy haradan bilir?

Və niyə bu məxfi sənəd sahiblərinə geri qaytarılmır?

Şübhəli məqamlar yetərincədir...

Hər halda üç arxiv sənədinin itməsi bu qədər böyük rezonans doğura bilməzdi.

Əslində, dövrün ictimai-siyasi şəraitini yuxarıda qeyd edilən faktlarla birgə nəzərdən keçirdikdə “milli evrak”ın məzmunu da aşkarlanır.

Həmin illərdə Azərbaycanda Sovet hakimiyyəti hələ də güclü dayaqlara malik deyildi.

Mərkəzi hakimiyyət hələ tam formalaşmamış, Stalin hələ Stalin olmamışdı.

İqtisadiyyat sahəsində buraxılan ardıcıl səhvlər xalq arasında narazılığı gücləndirmişdi.

Hakimiyyətə qarşı çıxışlar səngimədən davam edirdi, partiya vəziyyətə tam nəzarət etmək imkanlarından məhrum idi.

Müsavat partiyası da Azərbaycan daxilində güclü ideoloji iş aparır, Sovetlər daxilindəki narazı qrupları təşkilatlandırır, ideoloji materiallar çap etdirərək yayırdı.

Partiyanın Bakıda gizli mətbəələri belə vardı.

Nərimanovun müəmmalı ölümündən sonra Azərbaycan kommunistləri ümumilikdə sosial dayaqdan, ictimai nüfuzdan məhrum idi.

Bu da Müsavatpartiyasının qeyri-leqal fəaliyyəti üçün münbit şərait yaradırdı.

Qeyd edilən ictimai-siyasi şərtlərin üzərinə XV qurultayda qəbul edilən kollektivləşdirmə planı da əlavə edilsə, Azərbaycanın hər an partlamağa hazır olan bir barıt çəlləyi olduğunu təsəvvür etmək çətin deyil.

Belə bir vəziyyətdə mühacirətdə sərbəst yaşayan müsavatçıları qorxudan nə ola bilərdi?

Əlbəttə ki, Azərbaycan SSR daxilindəki şəbəkələrinin ifşa edilməsi...

Çox güman ki, redaksiyada axtarış zamanı ələ keçən “milli evrak”da Azərbaycanda gizli şəraitdə fəaliyyət göstərən üzvlərinin siyahısı vardı.

Həmin siyahının Sovet rəhbərliyinin əlinə keçməsi müsavatçıların ölüm fərmanı olacaqdı. Bu haqda yazan müəlliflərin təfərrüata varmamasını, “milli evrak”ın nə olduğu barədə heç nə deməməsini də məz bu konspirasiya ilə izah etmək gərəkdir.

Məhz buna görə də Məmməd Əmin “milli evrak”ın ələ keçirilməsini sui-qəsd, Məmməd bəy isə “utanc” adlandırırdı.

Əlbəttə ki, bütün bunlar mülahizələrdir...

Və bir sual da açıq qalır...

Həmin siyahını Türk polisi Sovet hakimiyyətinə ötürmüşdümü?

Buna cavab vermək çətindir.

Nağı bəy Şeyxzamanlı da bu variantı inkar edir.

Məmməd Əmin qeyd etdiyimiz kimi, “milli evrak” məsələsinə beş il sonra “Şəfibəyçilik” yazısında toxunur.

Bu siyahı düşmən əlinə keçsəydi, heç şübhəsiz ki, dəhşətli repressiyalar qaçılmaz olacaqdı.

Ancaq biz 1929-cu ildə başlanmış repressiya dalğası barədə danışa bilmərik.

Rəsulzadə də heç bir repressiyadan bəhs etmir.

Demək, Azərbaycanda qalan müsavatçıları Türk polisi xilas edib...

Bəs Sovet polisi kim idi?

Başqa sözlə desək, bu siyahı əsasında müsavatçıları kim güllələyəcəkdi?

Əlbəttə ki, Bağırov yoldaşın şəxsən Stalinə təqdim etdiyi Lavrenti Pavloviç Beriya...

Xalq Daxili İşlər Komissarı...

Bəs Beriya yoldaşı Stalinin ölümündən sonra hansı ittihamla gedər-gəlməzə yola saldılar?

Müsavat partiyası ilə əlaqələrinə görə...

Doğrudan da Beriya Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanlarında çalışmışdı...

Müsavatçılar xilas oldu, Beriya isə güllələndi...

Şair demiş, dünya belə dünyadı...

“Milli evrak”ın gizlini də budu...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm