Azərbaycanlı cazmen və canlı mənzərələrimiz Kolmardadır
Bizi izləyin

Mədəniyyət

Azərbaycanlı cazmen və canlı mənzərələrimiz Kolmardadır

Azərbaycanın aparıcı caz ifaçılarından biri olan Emil Əfrasiyab sentyabrın 7-də 20-ci dəfə keçirilən nüfuzlu Kolmar Caz Festivalının (“Festival de Jazz de Colmar”) açılışını edib.

Publika.az xəbər verir ki, onun festivalda iştirakı “Azərbaycan obyektivdə” adlanan və Azərbaycanın 30 başgicəlləndirici görüntüsündən ibarət olan sərgi ilə tamamlanırdı. Bütün dünyadan olan həm həvəskar, həm də peşəkar fotoqraflar bu şəkilləri Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən keçirilmiş müsabiqə üçün çəkib. Həmin fotoşəkillər hazırda “Pôle Média Edmond Gerrer” mərkəzində sərgilənir. Bu mərkəz hər həftə 700 qonaq qəbul edir.

Tədbirlər Avropa Azərbaycan Cəmiyyətinin Fransa Nünayəndəliyi tərəfindən Kolmar şəhərinin meriyası ilə əməkdaşlıq şəraitində təşkil edilib və Azərbaycanın qədim şəhəri olan Şəki ilə Elzas regionunun üçüncü ən böyük şəhəri olan tarixi Kolmar arasında may ayında dostluq və əməkdaşlıq sazişinin imzalanmasından sonra keçirilib.

Caz festivalının açılışında çıxış edən Kolmar şəhərinin meri Gilbert Meyer Şəkiyə səfər edən nümayəndə heyətinə rəhbərlik etdiyini xatırladıb: “Bu, xüsusi bir axşamdır. Ona görə ki, bu konsert bizə Azərbaycanın Şəki şəhəri ilə imzaladığımız dostluq və əməkdaşlıq sazişini xatırladır. Biz Azərbaycanın görkəmli pianoçularından biri olan Emil Əfrasiyabı salamlayırıq. O, caz musiqisini muğam elementləri ilə birləşdirir. Muğam isə UNESCO tərəfindən Misir ehramları qədər tanınır. Azərbaycan və Fransa böyük dostlardır, baxmayaraq ki, fərqli mədəniyyətlərə malikdirlər. Şəki isə Qafqazın incisidir.

Kolmar və Şəki hərəsi öz ölkəsində eyni əhəmiyyətə malik şəhərlərdir. Bu saziş Fransa ilə Azərbaycan arasındakı münasibətlərin gücləndirilməsində mühüm rol oynayır. Bu axşam burada Azərbaycan hökumətini Azərbaycanın Fransadakı səfirliyinin I katibi Ayaz Qocayev təmsil edir”.

Tamaşaçılar arasında həmçinin Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Emin Eyyubov da vardı.

TEAS-ın Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin sərginin açılışında çıxış edərək bunları deyib: “Azərbaycan Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının üzvüdür və Avropa ölkələrinin anlayışını xüsusilə mədəni mübadilə vasitəsilə qurmağı qarşısına məqsəd qoyub. Kolmar şəhərində 2012-ci ildə “Azərbaycan günləri”nin keçirilməsi bu mübadilələrin dinamikliyini artıraraq dostluq və əməkdaşlıq sazişinin imzalanması ilə öz kulminasiya nöqtəsinə çatdı. TEAS-ın buaxşamkı caz konsertinin, fotoşəkil sərgisinin və Şəki və Kolmar şəhərlərində kitab mübadiləsinin təşkilində Kolmar şəhər meriyası ilə əməkdaşlıq şəhərlər arasındakı isti münasibətlərin göstəricisidir”.

Emil “Salle de Spectacles Europe” mərkəzində 300 entuziast caz həvəskarı ilə tam dolu zalda çıxış edib. Bundan əlavə, konsert yerli televiziya kanalı olan TV7 Kolmar kanalında canlı yayımlanıb.

Emil Əfrasiyab son iki il ərzində ABŞ-da Berkli Musiqi Kollecində təhsil alıb və orada üç fransalı musiqiçi ilə əməkdaşlıq etməyə başlayıb. Hazırda onlar birlikdə kvartet təşkil edirlər - Rafael Pannier (zərb alətləri), Antuan Katz (bass gitara) və Aleksandr Madelin (tenor saksafon).

Emil özünün yazdığı “İki dünya” əsərini ifa edib. Bu əsərdə o, Şərq və Qərb idiomaları, ritmləri və ölçüləri arasında əlaqəni nümayiş etdirmək istəyib.

Emil klassik romantizmlə dolu rapsodiyalı solo formasında giriş edəndən sonra tempi artırıb. Onun musiqisində muğamda olan Şərq harmoniyası və mikrotonları vardı. Rafael Pannierin zərb alətlərində propulsiv-poliritmik ifası musiqini müşayiət edir və onun Emillə intuitiv musiqi dialoqu konsert zamanı aydın hiss olunurdu. İmprovizələrdə hətta Baxın əsərlərinə, xüsusilə də onun “Air on the G String” əsərinə də qısa istinadlar vardı.

Cazla muğamın sintezini yaradan Vaqif Mustafazadənin “Mart” əsərinin Emilin öz üslubundakı ifasına Aleksandr Madelinin tenor saksafonda ifası da daxil idi. Bu ifa Emilin impressionist girişi ilə başlayıb. Bundan sonra Koltreynin şagirdi olan Aleksandr əsas mövzunun dekonstruksiyasından əvvəl onun açıqlamasını verib. Daha sonra Emil və Rafael birgə ifaya başlayıb və improvizələr ediblər. Lazım gələndə Rafael çubuqları atıb əlləri ilə ifa edib. Emilin daha da mürəkkəb improvizəsi temp səngiməzdən əvvəl Rafaeli öz bacarığını daha məharətlə nümayiş etdirməyə vadar edib.

Spontan alqışlardan sonra Emil və Aleksandr yenidən əsas mövzuya qayıdıblar. Sonra isə Emil bu parçanı Sergey Raxmaninovun əsəri ilə romantik tərzdə bitirib. Auditoriya bir anlığa sükuta dalıb, sonra öz təşəkkürünü alqışlarla bildirib.

Ayaqüstə alqışlardan sonra izləyicilər üçün Azərbaycanın ənənəvi rəqsi olan “Şalaxo” musiqisinin əsas mövzusunda bir sıra həyəcanlandıran variasiyalara 6/8 ritmdə yazılmış ehtiraslı və çevik giriş səslənib. Burada Aleksandrın saksafonu ənənəvi balabanın rolunu öz üzərinə götürmüşdü.

Bu konsert Emilin kvartetinin Avropa Azərbaycan Cəmiyyəti tərəfindən maliyyələşən Fransada üç mərhələli festival turunun sonuncusu idi. Bu tur may ayında Reymsdə keçirilən ilk Sunnyside festivalında etdiyi ifa ilə başlamışdı. 400-ə yaxın pərəstişkar onun Parisdə keçirilən “Jazz à Saint-Germain-des-Prés” festivalındakı konsertində iştirak etmişdi.

Emil həmçinin klassik repertuarda ifa etməkdə də davam edir. O, Parisdəki məşhur “Théâtre des Champs-Élysées” teatrında iki konsert verəcək. Bəstəkar Pyer Tilloy tərəfindən təşkil edilmiş "İpək və Od" Festivalının (Silk and Fire Festival) bir hissəsi olaraq sentyabrın 13-də o, caz və muğamın sintezini ilk dəfə yaradan Vaqif Mustafazadənin “Piano üçün konsert” (“Piano Concerto”) əsərini “l’Orchestre Lamoureux” orkestrinin müşayiəti ilə öz üslubunda ifa edəcək. Daha sonra 2016-cı ilin fevralında Şopenin “Piano üçün konsert”ini (“Piano Concerto”) səsləndirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm