Mədəniyyət
Azərbaycanlı aktyor: “Homoseksuallar mənə yatmaq təklif edirdi”
Publika.az-ın “Odaçılar” layihəsinin ikinci qonağı “Oda” Teatrının aktyoru və fotoqrafı Nihad Qulamzadədir. Müsahibəni təqdim edirik:
“Oda”nın ən gənc aktyoru sizsiz, nədənsə ən çətin
rolları sizə verirlər - məsələn “Bəyaz Şedevr”də Eldar rolu. Bu
yaşda teatra ilk addımlarınızı atmaq, hamının diqqətini çəkmək
çətin olmadı ki?
Teatra həmişə marağım olub. Uşaq vaxtı məktəbdən bizi tamaşalara
aparırdılar. Tamaşa zamanı aktyorlar uşaqlarla ünsiyyət qururdu.
Gözləyirdim ki, mənə də nə isə desinlər. Dedikləri zaman yerə-göyə
sığmırdım. İndi isə özüm tamaşaçı qarşısına çıxıram, uşaqlarla
ünsiyyət qururam və onların necə sevindiklərini bilirəm. Artıq iki
ildir ki, teatrdayam. Mənim üçün bu yaşdan başlamaq çox yaxşıdır.
Sevinirəm ki, ətrafımdakı insanların əksəriyyəti yaradıcı
insanlardır və hər zaman onlardan nə isə öyrənirəm. Ən çətin
rollara gəldikdə isə, mənim üçün indiki dövrdə bütün rollar
çətindir.
Teatra necə gəldiz? Bu sahədə sizə kimlər dəstək
oldu?
12 yaşımda məktəblərarası keçirilən “Şən və hazırcavablar klubu”nun
üzvü idim. Kiçik səhnəciklər hazırlayırdıq və ayda bir dəfə
“Aktyorlar evi”ndə çıxış edirdik. Bir dəfə bu yarışmanın qalibi
olmuşduq. Elə o vaxtdan teatrla məşğul olmaq istədim - daha ciddi
teatrla. 2013-cü ildə məni yeni fəaliyyətə başlayan teatr qrupuna
dəvət etdilər. Burada teatrla bağlı müxtəlif şeylər öyrənirdik.
Sonra Oda Teatrı yarandı və beləcə teatr həyatım başladı. Bu sahədə
İlqar Cahangir, İmam Həsənov, Elmin Bədəlov, Niyaz İlyasoğlu və
Könül Şahbazova mənə dəstək olublar. Ən azından bir şey öyrədiblər.
Hələ də bu insanlardan teatrla bağlı nələrsə öyrənməkdəyəm.
Teatrdan da əlavə mənə ümumi fəaliyyətimdə ən çox dəstək olan
insanlar Elmin Bədəlov və İmam Həsənovdur. İmam bəzən məni “iqnor”
etsə də Elmin hər zaman mənə dəstək olmağa çalışır. Mən hal-hazırda
teatr sahəsində nə isə edirəmsə, bu insanların sayəsindədir.
“Səncə, döyəcəklər?”də homoseksual rolunu oynadız. Bizim
cəmiyyət elə düşünür ki, teatrda, kinoda oynadığı rolu həyatda da
oynayır. Sizə rol veriləndən bu düşüncəni nəzərə
alırsız?
İlk dəfə “Səncə, döyəcəklər?”i oynayanda çox həyacanlı idim.
İnsanların reaksiyası mənə maraqlı idi. Təbii, əksəriyyət
tərəfindən normal qarşılandı. Əslində burada anormal bir şey də
yoxdur. Sadəcə cəmiyyətimizin vəziyyətini nəzərə alsaq, hansısa bir
aktyorun səhnədə gey olması onlara qəribə gələ bilər, hətta qəbul
etməzlər. Bir dəfə sonda tamaşaçılarla söhbət edərkən zarafata
salıb dedim ki, “mən gey deyiləm ha” (Gülür). Bütün zal gülməyə
başladı. Bu da onu göstərir ki, tamaşaçıların çoxu mənim gey
olduğumu düşünüb. Həmin dövrlərdə mərhum dostum İsa Şahmarlını
tanımışdım. İsa teatra gəlib-gedirdi. Könüllü olaraq kömək də
edirdi bizə. Tamaşalardan sonra digər dostlarımızla bərabər kafeyə
gedirdik. O vaxtlar elə bilirdilər ki, mən İsa ilə sevgiliyəm. Bəzi
qızlar məni dostluqdan silirdi. Bir neçə dəfə olub ki, məndən
ciddi-ciddi soruşublar ki, sən homoseksualsan? Gəl, indi onları
başa sal ki, mən homoseksual deyiləm. (Gülür) Hətta homoseksuallar
mənə yatmaq da təklif edirdi. Mənə mesajlar yazırdılar, sevgili
olmaq istəyənlər də var idi. Amma sonradan homoseksual olmadığımı
qəbul elədilər. Son zamanlar belə hallar baş vermir. Yəqin ki,
artıq əvvəlki kimi oynaya bilmirəm rolumu. (Gülür)
Bəs qızlarla aranız necədir? Sevgiliniz var?
Belə baxanda çox yaxşıdır. Amma deyirlər ki, çox kobudluq edirəm
qızlara qarşı. Ona görə arada problem yaşayıram. Kobudluq elədiyim
qızlardan üzr istəyirəm. Vallah bilərəkdən olmur. Çoxlu qız
dostlarım var, amma sevgilim yoxdur. Sevgili olmaq üçün fransız qız
axtarıram. Direktorumuzun fransız sevgilisi olur, məndə niyə
olmasın? İtalyan da olar əslində (Gülür).
“Bəyaz Şedevr”də hamı tamaşanın sonuna qədər Eldarla
maraqlanır, onu gözləyirlər. Sonda sən 5-6 dəqiqəlik narkoman
obrazını canlandırırsız. Bu qısa müddətdə insanlar sizdən çox şey
gözləyir. İçinizdə bu situasiyaya hazır idinizmi, yoxsa tərəddüd
edirdiz?
Eldar obrazını canlandırmaq çətindir. Mənim üçün ən çətini də elə
dediyiniz kimi hər kəsin Eldarı gözləməsidir. Sonda Eldar elə
gəlməlidir ki, tamaşaçasının təsəvvür etdiyi Eldardan da təsirli
olsun. Elə tamaşa olur ki, tərəddüd edirəm, amma elə də olur ki,
hər şey normal keçir. Deyirlər, “Bəyaz Şedevr”də yaxşı oynayıram.
Amma bilirəm ki, əslində bundan da güclü oynamaq olar və
oynamalıyam. Təbii ki, yenə də təcrübə öz sözünü deyir.
Axır vaxtlar tamaşalarda görsənmirsiz...
İki ildir teatrla məşğulam. Üç tamaşada oynamışam. Normaldı məncə.
Nəzərə alsaq ki, teatrın 10-dan çox tamaşası var. Bundan əlavə
rejissorlar tamaşalara uyğun aktyor seçir. Düşünürəm ki,
oynamadığım tamaşalarda uyğun hesab etmirlər məni.
Bildiyimə görə fotoqrafiya ilə də məşğulsuz. Bu sənətə
həvəsiniz necə yaranıb? Yəqin ki, foto çəkmək rola girməkdən daha
asan olar.
Artıq üç ildən çoxdur ki, fotoqrafiya ilə məşğulam. Bir neçə
fotomüsabiqələrin qalibi olmuşam. Əsasən sənədli janrda çəkirəm.
Daxilimdə həmişə foto çəkmək istəyi olub. Foto çəkməklə mənəvi qida
alıram. Sağ olsun, fotoqraf Əhməd Muxtar bu sənətdə inkişaf
etməyimdə çox köməklik edib. İstər maddi, istər mənəvi. Bəlkədə
onun dəstəyi olmasaydı bu sənətdən küsərdim. Nə yaxşı ki, onun
tələbəsiyəm. Bilirsiniz, hər ikisi də çətindir. Mənə görə, hansının
daha çətin olduğunu demək mümkün deyil. Rola girmək üçün dəfələrlə
məşq edirsiz, amma foto çəkəndə bu imkan olmur. Sadəcə bir anı
çəkirsən və bunun üçün sənin çox zamanın olmur.
İrandan çəkdiyiniz fotolara baxdıq. İran haqda
təəssüratlarınız necədir? Bizim cəmiyyətlə fərqi nədir? İran
teatrlarıyla maraqlandınızmı?
İran həmişə mənə maraqlı olub. İstirahət üçün getmişdik. Düşünürdüm
İran və insanları çox qapalıdır. Amma bunun əksi ilə qarşılaşdım.
İnsanlar çox mehriban və rahat idilər. Təsəvvür edirsiniz, kişi və
ya qadın - kimə müraciət edirdimsə, “can” deyə cavab verirdilər.
İnsanların əksəriyyətinin simasında aqressiya, nifrət yox idi. Ola
bilər bu “aysberq”in görünən tərəfidir. Amma İran təəssüratlarım
çox xoş oldu. Gəzməli, görməli yerləri də çoxdur. O ki, qaldı
fotolara, fotoları çəkəndə çox həyacanlanırdım. Açığı qorxurdum.
Çünki İrandan foto çəkmək çətin məsələdir. Nədənsə, bəxtim gətirdi,
fotolarla bərabər Azərbaycana sağ-salamat qayıtdım. Amma onu deyim
ki, insanları çəkəndə etiraz etmirdilər. Qadınları çəkəndə
gülümsəyirdilər. Biri də demirdi ki, “a bala niyə çəkirsən?”,
“hansı kanaldı bu?”. Hətta iranlı xanımlarla xatirə fotosu da
çəkdirdim.
Ailəniz sizin bu işlərinizə dəstək olurmu? Fikirlərinzlə
razılaşırlar?
Elə də böyük problemimiz olmur. Dəstəkləyirlər məni. Daha çox bacım
dəstəkləyir. Ən azından etiraz etmir. Qardaşım əvvəl çox etiraz
edirdi. Mənasız işlə məşğul olduğumu düşünürdü. Amma bir dəfə
“Bəyaz Şedevr”ə baxdı və bir an içində düşüncəsini dəyişdi. Ondan
sonra tez-tez gəlir teatra. Qohumlar içində isə dəstəkləyən demək
olar ki, yoxdur. Düşünürlər ki, daha ciddi bir işlə məşğul
olmalıyam. Sadəcə, bir əmim dəstək olur mənə. Bilirsiniz, yaxın
biri gördüyünüz işə dəstək olanda insan çox xoşbəxt olur. Amma mən
heç kimi qınamıram və heç kimdən incimirəm.
Uşaqlığınızdan danışarsız..
Biraz uzun danışacağam.. Uşaqlığım daha çox böyük qardaşımla keçib.
Pulumuz olmayanda mis və ya şüşə butulkalar yığıb satırdıq. Pivə
butulkaları tapanda sevinirdik. Çünki bu butulkalar daha baha idi.
Köhnə pulla 250 manat. 4-5 yaşımda həmişə səbrsizliklə bacımın
məktəbdən qayıtmasını gözləyirdim. Çünki, hər gün büfetdən aldığı
bulkalardan mənə saxlayırdı və mən o bulkaları çox sevirdim. Uşaq
vaxtı çox nadinc olmuşam, bir neçə dəfə təhlükəli anlar yaşamışam.
Məsələn, bir dəfə başıma qutu keçirtmişdim. Qardaşım da əlinə bıçaq
götürüb qutuya soxurdu. Qardaşıma deyirdim ki, eləmə, bıçaq dəyəcək
mənə. Amma o yenə də bıçağı vururdu. Təbii ki, onun üçün bu oyun
idi. Son dəfə vuranda bıçaq gözümdən biraz yuxarıya girdi.
Qışqırırdım ki, bıçaq gözümə girdi, qan gəlir, amma qardaşım
inanmırdı. Sonra qanı görəndə inandı. Bir az aşağıdan vursaydı siz
bir gözü kor olan aktyordan müsahibə alacaqdız (Gülür). İmam
(teatrın rejissoru-red.) isə deyir ki, gözün kor olsaydı aktyor ola
bilməyəcəkdin (Gülür).
Uşaqlaqlıq illərim pis xatirələrlə də yadda qalıb. 6 yaşım
olanda ailəmdə ciddi bir problem baş verdi. Həmin problemdən sonra
dostlarımla görüşə bilmirdim. Bir dəfə yaxın dostumun evinə getdim
qapını döyüb onu çağırdım. Dedi, gözlə gəlirəm və içəri girdi.
Evdən səslər gəlirdi. Eynən belə söhbət gedirdi: “Nihadla oynama,
tərbiyəssiz uşaqdı o. Bir də səni çağırsa, getmə onunla oyanamağa”
Bu hallar çox təkrarlanırdı və bütün dostlarımla belə olurdu.
Təsəvvür edirsiniz, bu 6-7 yaşlı bir uşağa necə təsir edər? O
günlərdə özümə uşaqcasına söz verdim ki, tərbiyəssiz olmayacam və
gələcəkdə ən tərbiyəli işlə məşğul olacağam. Məktəbdə də belə
olurdu, yaxın sinif yoldaşlarımın valideynləri uşaqlarının mənlə
dostluq etmələrindən narazı idilər. Bu hadisələr mənə çox təsir
edirdi. İndidə yadıma düşəndə pis oluram. Amma sevinirəm ki,
onların mənim haqqımda düşüncələri yanlış çıxdı.
Gələcək planlarınız haqda düşünürsüz?
Qarışıq planlarım var. Onlarla sizi bezdirməsəm yaxşıdır.
Söhbətləşdi: Oğuz Ayvaz
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi