Ən geniş yayılmış 8 konspiroloji nəzəriyyə - Folqadan olan papaq nəyə qadirdir?
Bizi izləyin

Mistika

Ən geniş yayılmış 8 konspiroloji nəzəriyyə - Folqadan olan papaq nəyə qadirdir?

Konspiroloji nəzəriyyələr - müəyyən həyati hadisələrin və ya vəziyyətlərin nüfuzlu şəxslərin yaxud qrupların gizli və çox vaxt bədniyyətli sövdələşmələrinin nəticəsi olduğuna dair inanclardır. Adətən belə nəzəriyyələr inandırıcı sübutlardan məhrum olur, rəsmi izahatları rədd edir, məxfiliyi və aldatmanı ön plana çıxarır, həmçinin mühüm həqiqətlərin qəsdən dünya ictimaiyyətindən gizlədilməsi ideyasına əsaslanır.

Yer müstəvidir, göy isə fırlanır

Publika.az xəbər verir ki, ən geniş yayılmış və qəribə konspiroloji nəzəriyyələrdən biri planetimizin əslində müstəvi olması barədə olan nəzəriyyədir. Əsas arqument budur ki, qədim mədəniyyətlər haqlı idi: Yer tamamilə hərəkətsiz, dairəvi bir diskdir, göy üzü isə onun üzərində fırlanır. "Focus"un məlumatına görə, bu nəzəriyyənin tərəfdarları Yerin kürə şəklində olması ideyasının dünyanı idarə edən gizli təşkilat tərəfindən minilliklər boyu yayılan bədniyyətli yalandan başqa bir şey olmadığını iddia edirlər. Alimlər isə bildirirlər ki, "müstəvi Yer" versiyasını təkzib etmək təəccüblü dərəcədə asandır; belə ki, yunan filosofu Eratosfen bunu hələ eramızdan əvvəl 240-cı ildə sübut etmişdi.

İnsanlar heç vaxt Ayda olmayıblar

Onilliklər boyu konspiroloqlar NASA-nı ciddi inamsızlığa və lağlağıya məruz qoyublar. Kosmik agentlik tez-tez iqlim dəyişikliyi məlumatlarını saxtalaşdırmaqda, "Apollon 13" fəlakətini uydurmaqda, Mars aparatlarını gizlətməkdə və s. ittiham olunur. Məsələn, bu nəzəriyyənin tərəfdarları əmindirlər ki, insanlar əslində heç vaxt Ayda olmayıblar. Bu nəzəriyyənin əsas arqumentlərindən biri Ay görüntülərində ulduzların olmaması, həmçinin kölgələrin, fonun və hətta izlərin gözlənildiyi kimi görünməməsidir. Digər bir arqument isə atmosferi olmayan Ayda Amerika bayrağının "dalğalanması" və kosmonavtların Yerin Van Allen radiasiya qurşaqlarından keçərkən radiasiyadan ölməli olduqları ideyasıdır.

Alimlərin fikrincə, Aya enişin olmadığına dair bütün bu saxta "sübutları" asanlıqla təkzib etmək olar. Məsələn, ulduzların görünməməsi fotoların parlaq günəş işığı altında çəkilməsi və qısa ekspozisiya müddəti ilə bağlıdır. Amerika bayrağı yalnız kosmonavt onu tərpədərkən "dalğalanır", Van Allen qurşaqları isə qısa müddətli keçid zamanı kosmonavtlar üçün təhlükə yaratmır.

Yadplanetliləri bizdən gizlədirlər

Müasir elm planetimizin kainatda həyatın yarandığı yeganə yer ola bilməyəcəyinə kifayət qədər əmindir. Kainat o qədər sonsuz, ulduz və planetlərlə zəngin və o qədər qədimdir ki, həyat, hətta zəkalı sivilizasiyalar çox güman ki, haradasa mövcuddur. Bununla belə, hazırda Yerdən kənarda həyatın mövcudluğuna dair inandırıcı sübutlar yoxdur. Bu, dünya hökumətlərinin yadplanetli varlıqlar haqqında bilikləri sadəcə gizlətməsi və onlarla hər hansı təması ört-basdır etməsi barədə yeni bir konspiroloji nəzəriyyənin yaranmasına səbəb olub. Lakin tədqiqatçılara görə, bu mövzu ilə bağlı bütün iddialar yoxlanıla bilən deyil və birmənalı xarakter daşımır.

Marsdakı "sima"

1976-cı ilin iyulunda NASA-nın "Viking 1" orbital aparatı Marsın səthində insan simasına bənzəyən bir görüntü çəkdi. Şəklin sonrakı təhlili göstərdi ki, Marsdakı "sima" əslində müəyyən baxış bucaqları və işıqlanma nəticəsində yaranan işıq oyunundan başqa bir şey deyil.

NASA "itmiş gün"ü aşkar edib

1960-cı illərdə evangelistlər arasında "itmiş gün" haqqında əfsanə yayıldı. Mühəndis Harold Hill iddia edirdi ki, NASA-da işləyərkən kosmik zondların trayektoriyalarını hesablayarkən çatışmayan bir zaman kəsiyi aşkar olunub. O, bu kəşfin Müqəddəs Kitabdakı hekayənin doğruluğunu - yəni Allahın Yeşua (Yuşə) və amoritlərin döyüşü zamanı Günəşi dayandırdığını sübut etdiyini iddia edirdi. Tədqiqatçıların fikrincə, bu nəzəriyyəni də təkzib etmək olduqca asandır. Fakt budur ki, Hill əslində heç vaxt NASA-da işləməyib və bu nəzəriyyəni təsdiqləyən heç bir sənəd yoxdur. Buna baxmayaraq, hələ də bir çoxlarına elə gəlir ki, NASA itmiş günü aşkar edib, lakin həqiqəti bəşəriyyətdən gizlədir.

Gizli təşkilatlar dünya hökmranlığına can atırlar

Çox geniş yayılmış konspiroloji nəzəriyyələr dünya hökmranlığına, eləcə də insani, elmi və maliyyə resursları üzərində tam nəzarətə can atan gizli təşkilatların mövcudluğunu ehtimal edir. Belə gizli təşkilatlara illüminatlar, masonlar və yəhudi-masonlar, "Dəyirmi masa" cəmiyyəti, "Yadplanetli hökumət" və s. daxil edilir.

COVID-19 pandemiyası və çipləmə

Hələ 11 mart 2020-ci il tarixində koronavirus pandemiyasının rəsmi elan olunmasından əvvəl, internetdə COVID-19 pandemiyası haqqında konspiroloji nəzəriyyələr, habelə xəstəliyin mənşəyi, miqyası, qarşısının alınması, müalicəsi, peyvəndlənmə və digər aspektləri barədə dezinformasiyalar yayılmağa başladı. Vəziyyət o dərəcədə nəzarətdən çıxmışdı ki, Ümumdünya Səhiyyə Təşkilatı konspiroloji nəzəriyyələri qlobal sağlamlıq üçün təhlükə yaradan "infodemiya" elan etməli oldu.

5G qüllələrinin təsiri

5G texnologiyasının yanlış anlaşılması onun insan sağlamlığına mənfi təsir göstərdiyini iddia edən müxtəlif nəzəriyyələrin yaranmasına səbəb oldu. Məsələn, 2020-ci ildə az tanınan həkim Kris van Kerkhoven iddia edirdi ki, yeni 5G mobil şəbəkəsi sağlamlıq üçün təhlükəlidir. Bundan əlavə, o, yoluxma hallarının ən çox cəmləşdiyi Çinin Uhan şəhərində 2019-cu ildə 5G qüllələrinin quraşdırılmasına istinad edərək, koronavirus pandemiyasının əslində 5G ilə əlaqəli ola biləcəyini iddia etmişdi. Digər konspiroloji nəzəriyyələr kimi, bu iddia da heç bir elmi təsdiqini tapmayıb.

Folqadan olan papaq xilas edirmi?

Konspiroloqlar ehtimal edirlər ki, alüminium folqadan papaq qoymaq beyni və şüuru zərərli şüalanmadan qoruya bilər. Lakin Massaçusets Texnologiya İnstitutunun aspirantları tərəfindən aparılan araşdırma müəyyən edib ki, folqa papaq tezliyindən asılı olaraq şüalanmanı həm zəiflədə, həm də gücləndirə bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm