Ekspert: “Tibbi sığorta haqqı 200-250 manatdan aşağı olmamalıdır” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Ekspert: “Tibbi sığorta haqqı 200-250 manatdan aşağı olmamalıdır” - MÜSAHİBƏ

Sığorta-maliyyə sektoru bütün dünyada xidmət sektorunun əsas elementi hesab edilir. Azərbaycanda isə sığorta bazarı potensialının cəmi 10%-i həcmindədir. Baxmayaraq ki, cari ilin əvvəlindən sektor 8 faiz artıb, bu rəqəmlər sığorta kimi vacib sektorun qonşu dövlətlərlə müqayisədə geridə qaldığını göstərir. Bəs səbəb nədir?

Publika.az mövzu ətrafında sığorta mütəxəssisi, ekspert Xəyal Məmmədxanlı ilə müsahibəsini təqdim edir.

“Bank sektorunda böhran davam edəcək...”

- Xəyal bəy, çox müzakirə edilən sahələrdən biri də sığortadır. Bu sektor həm var, həm də yoxdur. Niyə illərdir sığorta ayrıca sektor kimi tam inkişaf edə bilməyib?

- Sığorta sektoru 2006-cı ildən 2012-ci ilə qədər bank və maliyyə sektorundan asılı olub. Düzdür, son dövrlər icbari sığorta ilə bağlı qəbul edilən qərarların hesabına bazar bir qədər dirçələ bilib. Amma ümumilikdə bazarın banklardan asılılığı hələ də bitməyib. Bu, mənfi tendensiyadır. Belə ki, 2009-cu ildə bank sektorunda böhran yaşanan zaman sığorta sektorunun banklardan asılı saxlanmasının nələrə gətirib çıxardığını gördük. Cari ildə isə avtomobil kreditləşməsinin dayanması kasko sığortalarının həcmini azaltdı. Banklardan asılı olan sığorta şirkətlərinin bir çoxu böhranla üzləşdilər. Xalq arasında belə bir misal var ki, bütün yumurtaları bir zənbildə saxlamaq olmaz. Risklər diversifikasiya edilməlidir. Elə etmək lazımdır ki, bir biznesdən, müştəridən və ya sığorta növündən asılı qalmayasan. Amma bir məqamı qeyd edim ki, bazarda ciddi şəkildə sağlamlaşma gedib. Əvvəllər şirkətlərin əksəriyyətinin ödəmə qabiliyyətliliyi, likvidlikləri şübhə altında idi. Bu gün artıq Maliyyə Nazirliyinin qoyduğu tələblər çərçivəsində şirkətlər kifayət qədər möhkəmləniblər həm maliyyə, həm də kadr potensialı baxımından.

- Belə təsəvvür var ki, Azərbaycanda sığorta ancaq avtomobilləri sığortalamaq üçündür...

- Avtomobil sığortası Azərbaycanda zərərli sığorta növlərindən biridir. Sığorta şirkətləri avtomobil sığortasını, demək olar ki, zərərlə edirlər. 2014-cü ilin statistikasına əsasən, sığorta şirkətləri yığdıqları avtomobil sığortası haqlarının 60 faizindən çoxunu ödəniş şəklində geri qaytarıblar. Bunun üzərinə işlərin aparılması xərclərini, agent komissiyalarını gəldikdə şirkətlər demək olar ki, başa-baş işləyiblər.

- Dediyiniz rəqəmlər həqiqətdirsə, niyə vətəndaşlar daim sığorta şirkətlərindən şikayət edirlər?

- Dəqiq ödəniş rəqəmləri var. Yığılan sığorta haqlarının təxminən yarısı ödənilib. Belə problemlərin yaranmasının əsas səbəbi odur ki, vətəndaşlar zamanında maarifləndirilmirlər. Belə ki, onlara öz hüquqları və vəzifələri barədə məlumat verilmir, sığorta şərtləri düzgün izah edilmir. Bir çox hallarda süründürülürlər. Bütün bunlar da haqlı narazılıqlara gətirib çıxarır. Adi misal gətirim: sığorta hadisəsi baş verib və vətəndaşa 1000 manat ziyan dəyib. Müəyyən olunur ki, sığorta müqaviləsi bağlanan zaman 500 manat franşiza - azadolma müəyyən edilib.

Vətəndaş da müqaviləni imzalayan zaman bunu oxumadığından, sığorta şirkəti dəyən zərərdən franşizanı çıxıb 500 manat ödəyəndə narazılıq yaranır. Digər tərəfdən, sığorta müqaviləsində açıq-aşkar qeyd edilir ki, avtomobil sərxoş, eləcə də etibarnamə olmadan idarə edildiyi zaman sığorta hadisəsi baş verərsə, ödəniş aparılmır. Lakin bir çox hallarda bu şərtlərə əməl etməyən sürücülər sığorta şirkətlərindən narazıçılıq edirlər.

- Sizcə, vəziyyət nə qədər belə davam edəcək?

- Önümüzdəki daha 1-2 il müddətində bank sektorunda böhran davam edəcək. Avtomobil kreditləşməsinin çiçəklənən dövrü arxada qaldı. Bundan sonra banklar, eləcə də sığorta şirkətləri risklərini ciddi şəkildə hesablamalıdırlar. Baxmayaraq ki, hal-hazırda sığorta şirkətləri hansı yolla olursa olsun, vəsait cəlb etməyə səy göstərirlər, amma çalışmaq lazımdır ki, sığorta haqları riskin dərəcəsinə adekvat olsun. Yəni sığorta xatirinə müəyyən riski sığortalamaqdansa, yaxşı portfellərə girmək, riskləri düzgün hesablamaq lazımdır. Bir misal çəkim, 2009-cu ildə böhran zamanı bazarda elə şirkətlər var idi ki, avtomobil kreditlərini 5 il müddətinə cəmi 5 faizlə sığortalamışdılar. Halbuki 5 faiz dünya ölkələrində avtomobilin birillik sığorta faizidir. Bunun da nəticəsində nə baş verdi? 2009-cu ildə birdən-birə kreditləşmə dayandırıldı, pulun ardı kəsildi, ancaq müqavilələr beşillik bağlandığından, ödənişlər davam etdi. Bu da ciddi sıxıntılara səbəb oldu. Hazırda vəziyyət fərqli deyil. Şirkətlər riskli işlərin arxasınca qaçırlar.

”... Hər kəs o bazara qaçdı”

- Ölkədə elə sığorta şirkətləri varmı ki, onlar müstəqil fəaliyyət göstərirlər? Hər hansı bankın, holdinqin tərkibində deyillər?

- Bu gün tamamilə bazar prinsipi ilə işləyən şirkətlər də var. Əslində, baş verənlər də göstərir ki, ən düzgün seçim onlarındır. Məsələ yalnız banklar deyil. 1996-cı ildə sığorta bazarında yaranan şirkətlərin əksəriyyəti böyük neft şirkətlərindən sifariş almaq üçün yaranmışdı. Çünki o sahədə böyük pullar var idi. Həmin neft şirkətləri nə etdilər? İldə bir dəfə işlədikləri sığorta şirkətlərini dəyişdirməyə başladılar. Nəticədə bir portfeldən asılı olan sığorta şirkətləri ciddi çətinliklə üzləşdilər. Ona görə bazarda sığortanın bütün növləri üzrə işləyən, ən əsası da kütlə ilə işləyən şirkətlər olmalıdır. Həmin şirkətlərin bu böhrandan daha az zərərlə çıxması gözlənilir. Yəni, biri var 100 min müştəriniz var, onun 20 min nəfərini itirəsiniz. Bu elə də ciddi təsir etməyəcək işinizə. Biri də var ,10 böyük şirkətlə işləyirsiniz onun üçünü itirəsiniz. Bu, portfelinizin böyük hissəsinin itməsi deməkdir.

- Bəs əhalinin sığortaya niyə marağı yoxdur?

- Sığorta şirkətləri göstərdikləri xidmətləri insanlara düzgün çatdıra bilmirlər. Halbuki statistika tam əksini deyir. Statistikaya əsasən, 2014-cü ildə sığorta şirkətləri tərəfindən yarım milyard manata yaxın sığorta haqqı toplanıb. Bunun da 50 faizi ödəniş kimi insanlara ödənib. Söhbət təxminən 250 milyon manatdan gedir. Belə halda insanlar hələ də düşünürlərsə ki, sığorta şirkətləri hadisə baş verdiyi zaman ödəniş etmirlər. Deməli, burada təbliğat xətası var. Ya da elə əziyyətlə, süründürməçiliklə ödəniş aparırlar ki, insanlar qohumlarına, tanışlarına həmin sığorta şirkətini məsləhət görmürlər. Bu, çox ciddi marketinq və PR səhvidir. Sadəcə, bütün biznes sektorunda yalnış yanaşma var. Böhran başlayan kimi ilk olaraq marketinq, PR xərclərini ixtisar edirlər. Əslində, tam əksi olmalıdır.

İkincisi, maarifləndirmə problemi mövcuddur, xüsusilə bölgələrdə. Məsələn, Azərbaycanda istənilən fermer, kənd təsərrüfatı məhsullarının istehsalçısı təsərrüfatının sığortalanmasında maraqlıdır. Amma təəssüf olsun ki, bu istiqamətdə iş aparan yoxdur.

- Belə çıxır, sığorta şirkətləri asan qazanca daha çox maraqlıdırlar?

- Bəli. İcbari sığorta haqqında qərar qəbul edildi, hər kəs o bazara qaçdı. Bazarı elə bərbad vəziyyətə saldılar ki, bu gün həmin bazarı tənzimləməkdə Maliyyə Nazirliyinin də çətinlikləri yaranır. Yəni, ümumilikdə icbari sığortanın qəbulu bazarda stabilliyi qoruyub saxlasa da, icbari sığorta lisenziyası olmayan, banklardan asılı şirkətlərdə vəziyyət kirtikdir.

- 4 icbari sığorta növünün hər biri işləkdirmi?

- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexanizmi yaxşı işləyir. Dörd icbari sığorta növündən ancaq bu sığorta növü işləkdir. Onun da özünün ciddi problemləri var. Bu sığorta növünü, sözün əsl mənasında, bazara çeviriblər. Ona görə də artıq, işlərin aparılması xərclərinə müəyyən limitlər qoyulub. Bunlara baxmayaraq, hələ də müştəri uğrunda haqsız mübarizə gedir.

- Sizcə, insanlar niyə əmlaklarını sığortalamırlar? Söhbət daşınmaz əmlakdan gedir.

- Daşınmaz əmlakın icbari sığortası ”İcbari sığortalar haqqında” Qanunda birbaşa öz əksini tapıb. Bu yöndə sığorta haqları da yüksək deyil. Ərazilər üzrə 50-40-30 manat müəyyən edilib. Sığorta növünün işləməməsinin səbəbi nəzarət mexanizminin olmamasıdır. İşlə məşğul ola biləcək yeganə orqan Mənzil İstismar Sahələri idi. Onlar da ləğv edildilər. Əslində, belə bir təklifim var ki, bu səlahiyyət bələdiyyələrə verilsin. Elə ən gözəl variantlardan biri odur. Onsuz da bələdiyyələr funksiyasız quruma çevriliblər. Bu işi onlara tapşırmaqla fəaliyyətlərini artırmaq olar.

- Hər il növbəti il üçün icbari tibbi sığortanın tətbiqinə başlanılacağı deyilir. Necə hesab edirsiniz, əhali icbari tibbi sığortanın nə olduğunu, nəhayət, görəcəkmi?

- İcbari tibbi sığorta ilə bağlı qanun 1999-cu ildə qəbul edilib. 2007-ci ildə qanuna son əlavə və düzəlişlər edildi. Mən sistemin vətəndaşları qane edəcək səviyyədə aparılacağına inanmıram. Çünki sığorta haqqı ilə bağlı səslənən rəqəmlər tibbi sığortanın kampaniya xarakterli olacağına dair şübhə yaradır. Statistika göstərir ki, 10-15 manatla tibbi xidmət almaq qeyri-mümkündür. Adambaşına 10-20 manat sığortahaqqı ödəniləcəyi deyilir. Elz həkimin bir konsultasiyasının qiyməti 30 manat təşkil edir. Dəfələrlə demişəm ki, adambaşına sığortahaqqı 200-250 manatdan aşağı olmamalıdır. Bu da ciddi rəqəmdir. Əhalinin sayına vurduqda 2 milyard manatdan çox vəsait edir.

- Azərbaycanda icbari tibbi sığorta tətbiq edilməsə də, könüllü tibbi sığota illərdir tətbiq edilir. Amma bu sahədə də rəqəmlər böyük deyil...

- 20 ildir, könüllü tibbi sığorta aparılır. Şəxsi hesablamalarıma görə, 2014-cü ildə ortalama 350 min nəfər bu sığorta növündən istifadə edib. Doqquz milyon sakini olan ölkə üçün aşağı rəqəmdir.

”Vəziyyət kritikləşən kimi ilk cəhd qiymətləri qaldırmaq olur...”

- Bir az da banklardan danışaq. Banklar risklərini sığortalamaq məqsədilə kredit verən zaman həyat sığortası tələb edirlər. Bankların vətəndaşları buna məcbur etmək hüququ varmı?

- Qanuna görə, bu, məcburi deyil. Banklar risklərini özləri hesablamalıdırlar. Təminat yollarını özləri seçməlidirlər. Sığorta bank kreditlərinin təminat yollarından biridir. Doğrusu, yeni bir icbari qanunun qəbul edilməsinin əleyhinəyəm. Avropanın əksər ölkələrində bir qanun icbari şəkildə qəbul edilib, amma daha sonra insanlar onun əhəmiyyətini anlayanda, özləri ona könüllü maraq göstəriblər. Vətəndaş dərk etməlidir ki, sabah başına bir iş gəldikdə, kiməsə kredit borcu miras qoymasın.

- Banklar belə riskləri qabaqlayan vasitələrin əvəzinə kredit faizlərini aşağı sala bilməzlərmi?

- Bu gün Azərbaycanda bir şirkət biznesindən 50 faiz qazanc əldə etməlidir ki, bunun 39 faizini banka borc kimi ödəsin, yerdə qalan 10 faizlə digər xərclərini həll etsin. Bizdə çox pis praktika var. Bir sahədə vəziyyət kritikləşən kimi ilk cəhd qiymətləri qaldırmaq olur. Banklar müştərilərini, əmanət qoyuluşunu itirdikləri dövrdə tələblərini yumşaltmaq əvəzinə, daha da sərtləşdirirlər. Bu da böhranı dərinləşdirir.

- Faizlərin yüksək olmasının əsas səbəblərindən biri kimi sığortalanan əmanətlər üzrə faizləri göstərirlər. Bu faizləri xaricdəki kimi, sıfırlamaq olmazmı?

- Ən ciddi məsələlərdən biri əmanətlərin sığortalanmasıdır. Bu sıraya kredit öhdəliklərinin sığortalanmasını da əlavə etmək olar. Bir az əvvəl buna toxunduq. İnsanlar sığorta yolu ilə borc öhdəliklərini neytrallaşdıra bilərlər. Azərbaycanda yeni perspektivli sığorta növləri var. Sadəcə, şirkətlər kasko, icbari sığortaların, bankların arxasınca qaçmaqla məşğul olduqlarından, onlar kənarda qalıblar...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm