Qriqorçuk: “Sən möhtəşəmsən, Roma! Səninlə fəxr edirəm”
Bizi izləyin

Müsahibə

Qriqorçuk: “Sən möhtəşəmsən, Roma! Səninlə fəxr edirəm”

Ölkəmizdə çalışmış əcnəbi mütəxəssislər sırasında ən böyük uğura Roman Qriqorçuk imza atıb. İstənilən komandanın uğuru heç də Azərbaycan çempionatındakı nəticələrlə ölçülə bilməz. Uğur yalnız qitəmiqyaslı yarışlarda üzə çıxır. Məsələn, Kaxaber Tsxadadze “İnter”ə ölkə arenasında xeyli medallar qazandırıb. Bəs avrokuboklarda? Qriqorçuk Avropa Liqasının qrup mərhələsinə Azərbaycan klubu ilə adlayan ilk əcnəbi kimi tariximizə düşüb.

Premyer Liqanın 6-cı turu çərçivəsində Bakıda “Rəvan” üzərində 3:0 hesablı qələbədən sonra 50 yaşlı mütəxəssisə yaxınlaşaraq, “xanımınızla birgə müsahibə götürmək istəyərdim”, dedim. Qriqorçuk imtina etmədi, sadəcə, sıx qrafiklə oynadıqlarını bildirərək, “boş vaxt tapan kimi edərik”, dedi.

Qəbələyə səfər zamanı “İnter”lə matçdan sonra keçirdiyi mətbuat konfransı başa çatan kimi, Roman İosifoviçi (R.Q.) dəhlizdə “yaxalayaraq”, “necə düşünürsünüz, verdiyiniz sözün üstündə durmaq zamanı yetişməyib” sualını verərək, vədini xatırlatdım. Nəzərə alsaq ki, xanımı – Alina da yanında idi, bundan gözəl fürsət ola bilməzdi. 50 yaşlı mütəxəssis müsbət cavab verdikdən sonra həyat yoldaşını da məsələdən agah etdi. Müsahibə zamanı daha çox Alina Qriqorçuka (A.Q.) müraciət etməyimizin səbəbi də təcrübəli mütəxəssisi fərqli prizmadan tanımaq və tanıtmaq idi.

- Roman Qriqorçuk oyun zamanı sərt, aqressivdir. Jurnalistlərlə danışarkən fərqli, müxtəlif cür olur. Bəs, evdə necədir? Ümidvaram ki, tək bu suala cavabda yox, ümumiyyətlə, müsahibə zamanı səmimi olacaqsınız...

- Əlbəttə! Biz səmimi insanlarıq. Bütün sualları da olduğu kimi cavablandıracam. Roman İosifoviç evdə sakitdir, ailəcanlı, bizi sevən bir atadır. Başqa sözlə, gördüyünüzün tam əksidir.

- Neçə ildi evlisiniz?

- 30.

- Gəlin müqayisə edək: Roman Qriqorçuk 30 il öncə və Roman Qriqorçuk bu gün. Çoxmu dəyişib?

- Daha ciddi olub. Bu da təbiidir. Yaşa dolduqca insan ciddiləşir. Qəlbi isə dəyişməyib. Əvvəlki kimidir. Daxildə biz hamımız uşaq olaraq qalırıq. Deməzdim ki, çox dəyişib.

- Sizə evlənməyi necə təklif etdi?

- Açığı, heç xatırlamıram da.

- Nə olar ki, gəlin Roman İosifoviçdən soruşaq.

- R.Q. (Gülərək) Lap yaxşı yadındadı. Özü demək istəmir.

- A.Q. Xatırlamıram, inanın ki, xatırlamıram.

- R.Q. Açığı, mən də dəqiqliyi ilə xatırlaya bilmirəm. Bir o yadımda qalıb ki, bir-birimizin gözünün içinə baxdıq, vəssalam.

- Bəs necə tanış oldunuz?

- R.Q. Tanışlığımız təsadüf üstündə alınıb. Payız fəsli olsa da, əla isti yay havası var idi. Küçədə gördüm və bəyəndim. Heç bir kəs vasitəçilik etmədi.

- (Üzümü yenidən Alina Qriqorçuka tuturam) Roman İosifoviçlə tanışlığınızadək taleyə inanırdınız?

- Bilirsiz, tanışlığımız o qədər təsadüf alındı ki... İki bir-birini tanımayan insan küçəylə gedir və tanış olmağa qərar verirlər. Bundan sonra taleyə inanmağa başladım. Çünki daim səfərlərdə olan birisinin təsadüfən həmin gündə, həmin dəqiqədə həmin yerdə olması – bu, taledir, qismətdir. Bundan sonra necə inanmayasan?

- Futbolçularda belə bir xüsusiyyət var: oyundan sonra bəziləri super-iştaha gəlir, digərləri isə yemək tərəfə baxmaq belə istəmir. Roman İosifoviç necədir?

- Qalib gələndə müsbət, məğlub olduqda mənfi enerji toplanır. İstənilən halda emosiyalar aşıb-daşır. Buna görə də heç vaxt oyundan dərhal sonra yemək söhbəti olmur. Ola bilər çay içək, yaxud mən 1 qədəh qırmızı şərab içəm. Yeməyə oyundan xeyli sonra başlayırıq.

- Əvvəldən futbol fanatı idiniz?

- İdmanı, o cümlədən futbolu həmişə sevmişəm. Amma desəm ki, bu idman növünün xəstəsi idim, yalan olar. Romanla tanış olduqdan sonra isə futbola bağlılığım artdı.

- Bəs “Qəbələ”yə keçid barədə qərar necə verildi? “Ailə komandiri” tək verdi bu qərarı, yoxsa sizinlə məsləhətləşdi?

- Roma qərarı verdi və sonra mənə bildirdi. Əlbəttə, buna hazır deyildim. Ancaq ailəmiz daim bunu gözləyir və həmişə onun yanında oluruq.

- Azərbaycan qonaqpərvər ölkədir. Amma razılaşın ki, Roman İosifoviçin çantası həmişə belindədir. Qəbələdə sizə çətin deyil?

- Yox-yox, bura superdir! Qəbələdə bizi hər şey qane edir. Elə uşağın da çox xoşuna gəlir. Düz qeyd etdiniz: Roma daim səfərlərdədir. Ancaq buna baxmayaraq, birlikdə keçirdiyimiz vaxt da az olmur. Elə komanda üzvlərinin ailələri də yanlarındadır. Gələn futbolçuların da, yerlilərin də xanımları burdadır. Mütəmadi ünsiyyətdə oluruq, dostluq edirik, mehribançılıq hökm sürür.

- Xəbəriniz var ki, Azərbaycanda baş məşqçinin xanımı olaraq, bu qədər oyuna gələn yeganə insansınız? Bu azmış kimi, üstəlik, mətbuat konfranslarında da həyat yoldaşınızı tək buraxmırsınız. Bu, nədir - mənəvi dəstək, yoxsa kiminsə Roman İosifoviçin xətrinə dəyməsinin qarşısını almaq istəyirsiniz?

- (Xeyli gülür) Bu, Romaya qarşı olan böyük məhəbbətimdən irəli gəlir. Ondan daim narahatam. Latviyada işlədiyi dönəmdə nəinki ev, hətta səfər qarşılaşmalarına da onunla birlikdə yollanırdım. Futbol – ailəmiz üçün müqəddəsdir və ən vacib işdir. Məğlub olmuşuqsa, bu, ailəvi dilxorçuluqdur. Qalib gəlmişiksə, ailəmizdə əsl bayram əhval-ruhiyyəsi hökm sürür.

- Artıq xeyli müddətdir Azərbaycandasınız. Roman İosifoviçin rəhbərliyi altında “Qəbələ”nin oyunları arasında ən unudulmaz qarşılaşma kimi hansını qeyd edərdiniz?

- Rəqiblərin adları yadımda qalmır. Ancaq deyərəm, yəqin biləcəksiniz, hansı oyundan danışıram. Qəbələdə avrokubok qarşılaşması idi. Komandamız qol vurmalı idi ki, mərhələni keçək. Dəqiqələr ötürdü, ancaq qol gəlmirdi. Dəli kimi eyvanda irəli-geri gedirdim. Səbuhi də (S.Səfiyarlı – komandanın meneceri – müəll.) mənim kimi. Ancaq son dəqiqədə 2 qol vurduq. Bax, həmin oyunu unuda bilmərəm.

- R.Q. Tiflis “Dinamo”suna qarşı cavab oyununu nəzərdə tutur.

- Mətbuat konfranslarında iştirak edirsiniz. Heç olub ki, həyat yoldaşınıza verilən hansısa sualdan sonra hiddətlənib, həmin jurnalistə hücum çəkmək istəmisiniz?

- (Xeyli güldükdən sonra) Vurmaq yox, amma qahmar çıxmaq istəmişəm. Elə Qəbələyə yenicə gəldikdə də bir sıra azarkeşlərin etirazı zamanı bunu etmək istəmişəm. Ancaq bilirəm ki, olmaz və təbii ki, emosiyalarımı cilovlamışam. Ədalətsizlik olanda, bunu görəndə dözmək çətindir.

- Məğlubiyyət futbolun tərkib hissəsidir. “Qəbələ” uduzandan sonra Roman İosifoviçi sakitləşdirmək üçün hansı məlhəmə əl atırsınız?

- Məlhəm deyəndə ki... Oyunu müzakirə edirik, istifadə olunmayan epizodları xatırlayırıq. Biz uzun illərdir birlikdəyik və bilirəm ki, futbolda uğur bir göz qırpımında gələ bilməz. Bu gün məğlub ola bilərsən, ancaq bundan dərs çıxarırsan və həmin yenilgi can atdığın uğur yolunda sənə yardımçı olur. Götürək bugünkü heç-heçəni. Burdan bir ibrət götürürsən. Nəyə layiqsənsə, mütləq alacaqsan!

- Ötən il “Qəbələ”yə yenicə təyin olunandan sonra komanda uğursuzluqlara düçar olurdu. Azərbaycan mətbuatında Roman Qriqorçuk kəskin tənqid olunurdu. Həmin vaxt “hər şey cəhənnəm olsun, gəl, qayıdaq vətənə” fikri ağlınızdan keçmirdi?

- Yox, heç vaxt belə fikri yaxına belə buraxmamışam! Romanı məndən yaxşı tanıyan yoxdur. O, futbola canını verir. Səhər saat 5-ə qədər işləyir. Bütün düşüncələri futbolla bağlıdır. O, təmiz, kişi kimi işləyir! Heç vaxt nə deməmişəm, nə də ağlımdan keçirməmişəm ki, bu işi atıb, gedək. Tənqid tək Azərbaycanda deyil, dünyanın istənilən nöqtəsində var. Sadəcə, müxtəlif ölkələrdə fərqli tənqidlər səslənir. Bunu da anlayışla qarşılamaq lazımdır. Bir çox insanlar ilk baxışdan futbolu dərk edirlər, amma dərinliyə gedəndə, fərqli mənzərə müşahidə oluna bilər. Onları başa salmaq lazımdır. Divanda oturub daha yaxşı oynamaqdan, rəhbərlik etməkdən danışmağa nə var ki!?

- R.Q. İcazə versəniz, mən də əlavə edərdim. Düşünməyin ki, yalnız Azərbaycanda tənqid olunmuşam. Ukraynada da tənqid etməyi sevirlər. Əlbəttə, bəzən bütün mümkün həddi aşırlar. Bundan danışmıram. Tənqid, bəzən tənqiddən bir addım da artığı olar. Ancaq elə jurnalistlər var idi ki, hər addımda tənqid etməyə meylli idilər. Onlar arasında indi elələri var ki, bu gün kifayət qədər yaxşı münasibətlərimiz formalaşıb.

- Az öncə Alina xanımdan ən unudulmaz oyun haqda soruşdum. Bəs Roman Qriqorçuk üçün ən yaddaqalan oyun hansıdır?

- Yunanıstanda “Panatinaikos”la pley-off mərhələsinin son qarşılaşması.

- Həmin görüşdə xanımınız yox idi. Matç başa çatdıqdan sonra telefon əlaqəsi qurduzmu?

- Əlbəttə! Final fiti səsləndi, futbolçularla qol-boyun olduq və artıq bilirdim ki, paltardəyişmə otağında ilk edəcəyim şey, Alinaya zəng etmək olacaq.

- Alina xanıma ilk dediyiniz söz və onun cavabı necə oldu?

- (Otaqda təqribən 2 dəqiqəlik sükut yaranır. Hər ikisinin gözü yaşla dolur) Dedim ki, biz bunu etdik! Biz bunu bacardıq! Səsindən hiss etdim ki, sevinc göz yaşları axıdır.

- A.Q. Göz yaşlarımı gizlədə bilmədim. Sadəcə, “Allaha şükür! Allaha şükür! Siz möhtəşəmsiniz! Sən möhtəşəmsən, Roma! Səninlə fəxr edirəm”, cavabını verdim. Bu hissləri, sözlə ifadə etmək çətindir. Çünki Romanın hansı əziyyət hesabına bu səddi aşdığını bilirdim. Onun gecəsi-gündüzü yox idi və zəhmətinin bəhrəsini Yunanıstanda gördü və bu sevinci mənimlə bölüşdü.

- Heç özünüz bu nağıla inanırdınız? Söhbət Bakıdakı 0:0-dan sonrakı vəziyyətdən gedir. Axı “Panatinaikos” aşkar favorit idi...

- R.Q. Bunu gözəl başa düşürdüm. Qalib gələcəyimizə inanırdım. İndi soyuq başla rahat-rahat həmin oyundan danışa bilirəm. Həmin günlərdə isə bunu bacarıb-bacarmayacağımız barədə düşünmürdüm. Sadəcə, inanırdım. Bilirsiz, heç kimin xətrinə dəymək niyyətim yoxdur. Kiminsə daha güclü, kiminsə daha zəif olduğunu iddia etmirəm. Amma “Panatinaikos”u keçmək gücündə olduğumuza inanırdım. Amma onu deyim ki, indiyədək qarşılaşdığımız rəqiblər arasında “Borussiya” müqayisəolunmazdır. Bu, başqa aləmdir. Hətta deyərdim ki, hazırki durumuna görə Dortmund təmsilçisi dünyanın ən yaxşı 10 klubundan biridir.

- Bir halda ki, “Borussiya” mövzusuna toxundunuz, gəlin bu məsələyə də aydınlıq gətirək. Bakıdakı görüşün əvvəlində üç 100 faizli qol imkanı yaxaladınız. Bəs nə baş verdi? Niyə qol, qollar vurulmadı? Yetirmələriniz inanmadımı ki, qola bu qədər yaxındılar?

- Həqiqətən yaxın idik. Demirəm qələbəyə yaxın idik. Çünki Dortmund təmsilçisinə qalib gəlmək çox müşkül məsələdir. Ancaq həmin vaxt kəsiyində 1 və ya 2 qol vursaydıq, nələrsə ola bilərdi. Özü də “Borussiya” üçün bu, psixoloji baxımdan da təsirsiz ötüşə bilməzdi. Niyə belə olur? Bu cür hallar tez-tez baş verir. Eşitdiyiniz bir bəlli məsəli təkrar edim: “Bəxt güclüləri sevir”. Möcüzələr olur, amma çox nadir hallarda. Biz “Borussiya” ilə fərqli səviyyələrdə komandalarıq. Sadəcə, maraqlı olardı ki, 1-2 qol vursaydıq, bu, necə davam edəcəkdi. Ancaq buna böyük əhəmiyyət vermək lazım deyil. Çünki əksər hallarda necə olmalıdırsa, elə də olur.

- Alina xanım, Roman İosifoviçdən təklif gəlir: “Axşam ev şəraitində şam edək, restorana gedək və ya dəniz kənarında gəzintiyə çıxaq”. Nəyə üstünlük verərdiniz?

- Dəniz kənarında gəzinti, ardınca isə restoranda şam yeməyi.

- R.Q. Sonra da evdə təzədən daha bir şam yeməyi.

- Ukrayna mətbəxindən hansı yeməkləri hazırlamağa üstünlük verirsiniz?

- Derunı, pilmen, borş, qolubtsı hazırlamağı sevirəm.

- Azərbaycan mətbəxindən hansı yeməkləri sevirsiniz?

- Türkmənistanda doğulmuşam və bu üzdən də şərq mətbəxini çox sevirəm. Lülə kababı çox sevirəm, bir də basdırmanı. Tez-tez sifariş verirəm.

- Azərbaycanca danışmağı öyrənməmisiniz?

- Bir xeyli söz öyrənmişik. Deməzdim ki, tam başa düşürəm.

Övladları Tamerlan müdaxilə edərək: “Azərbaycan dilində altmışa qədər saymağı bacarıram”.

- Hər halda, Roman İosifoviçə ünvanlanan suallardan bəzilərinin məğzini başa düşürsünüz. Növbəti mövsümü də Azərbaycanda keçirmək istəyərdinizmi?

- Birmənalı şəkildə, istəyərdim! Belə bir deyim var: “Yaxşıdan yaxşısını axtarmazlar”. Burda bizi hər şey qane edir. Əlbəttə, istəyirəm ki, komandadakı işlər ancaq müsbətə döğru davam etsin və biz də burdakı həyatımızı davam etdirək.

- Azərbaycan xalqı nə qədər emosional olsa da, tribunalarda bunu görmürük. Məsələn, Kipr, Yunanıstan, Serbiya və digər ölkələrin fanatları olduqca çılğın şəkildə komandalarını dəstəklədikləri halda, ölkəmizdə bunu müşahidə etmirik. Kənardan bu, necə görünür? Necə düşünürsünüz, bu, nə ilə əlaqədardır?

- Düşünürəm ki, onların zəngin futbol ənənələri var və azarkeşləri də fanatlıq mədəniyyətini daha yaxşı qavrayıb. Böyük futbol klubları azarkeşlərlə işləyir. Bu, onilliklərlə gələn təcrübədir. Azərbaycan isə indi-indi irəliyə addımlamağa başlayır. Əminəm ki, Azərbaycan futbolu inkişaf etdikcə, azarkeşləriniz də bununla ayaqlaşacaq. Məsələn, “Bakcell Arena”dakı azarkeşlik olduqca xoşuma gəlir. Fanatlar oyunçulara əla dəstək verir.

- Sonuncu sualı hər ikinizə ünvanlayıram. Təsəvvür edirsiniz, “Qəbələ”ni Avropa Liqasının qrupuna daşıdıqdan sonra Roman Qriqorçuk Azərbaycanda necə sevilir?

- A.Q. Açığı, tam dərk etmirəm. Bəli, bir sıra tanışlarımız bizə bildirirlər ki, Roman İosifoviç Azərbaycanda sevilir. Bakıda da artıq tanımağa başlayırlar. Ancaq Ukrayna və ya Latviyadakı məhəbbətə hələ çox var. Məsələn, Ukraynada istənilən futbolçunu azarkeşlər tanıyır. Burda isə formasız olsa və küçədə kimsə görsə, futbolçunu tanımayacaq. Bu da zamanla düzələn məsələlərdir.

- R.Q. Bu barədə düşünmürəm. Bakı böyük şəhərdir. Ancaq indi-indi təəccüblənməyə başlayıram. Çünki paytaxtda insanlar tanımağa başlayır, yaxınlaşırlar, ünsiyyət qurmağa çalışırlar. Bunu Odessada daim hiss edirdiksə, indi Bakıda da insanlar tanımağa başlayır. Küçədə də, restoranda da, istənilən başqa yerdə də. (futbolinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm