Ekspert: Bankların sayı 35-ə düşəcək - EKSKLÜZİV
Bizi izləyin

Müsahibə

Ekspert: Bankların sayı 35-ə düşəcək - EKSKLÜZİV

Mərkəzi Bankın İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalın adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib.

Bununla da bağlanan bankların sayı yeddiyə çatıb. Belə ki, ilin əvvəlindən “Bank of Azerbaijan”, “Gəncəbank”, “Yunayted Kredit Bank”, “NBC bank”, “Qafqaz İnkişaf Bankı”, “Atrabank” kimi bankların lisenziyaları ləğv edilib. Səbəb də standartdır - məcmu kapitalın, kapitalın adekvatlığı üzrə tələblərə cavab verməmələri, prudensial qaydaları pozmaları, kreditorlar qarşısında öhdəlikləri yerinə yetirə bilməmələri. Ən pisi də odur ki, bankların bağlanması prosesinin davamlı olacağı istisna edilmir. Çünki paralel olaraq nisbətən iri banklarda da mühüm hadisələr baş verir. Bəzilərində isə növbədənkənar yığıncaqlar keçirilir və rəhbərlikdə dəyişikliklər edilir. Prosesin hara qədər davam edəcəyi hər kəsdə maraq doğurur.

Publika.az-ın bu yöndə suallarını iqtisadçı-ekspert Samir Əliyev cavablandırıb.

- Samir bəy, Azərbaycanda 45 bankın çox olduğu, hətta nisbətən iri bankların belə kapitallaşma səviyyəsinin aşağı olduğu kimi amillər həmişə vurğulanıb. Bu fikirlər illərlə vurğulansa da, vəziyyət əvvəlki qaydada qalırdı. Hazırda isə Mərkəzi Bank bir-birinin ardınca bankları bağlayır.

- Bankların bağlanmasını məcburiyyət qarşısında atılan addım kimi dəyərləndirsək, daha düzgün olar. Son bir aya qədər ölkədə 43 bank fəaliyyət göstərirdi. Biz dəfələrlə bildirmişdik ki, bankların sayının iki dəfə azaldılmasına ehtiyac var. Sektorun gücləndirilməsi baxımından sayın azaldılması vacib idi. Söhbət konsolidasiyadan gedir. Düzdür, Mərkəzi Bank bu istiqamətdə müəyyən addımlar atırdı, ancaq bəhrəsini vermirdi. Bankların birləşməsi haqqında təkliflər oldu, amma birləşmə olmadı. Mərkəzi Bank 2012-ci ildə məcmu kapitalı 50 milyon manatadək artırdı, buna əməl etməyən banklar oldu. Və təəssüf ki, həmin banklarla bağlı heç bir tədbir görülmədi. Bir sözlə, bankların birləşməsi istiqamətində indiyə qədər görülən bütün tədbirlər, hətta inzibati metodlar səmərəsiz oldu.

- Belə çıxır ki, bankları neftin qiyməti vurdu?

- Neftin qiymətinin azalması ölkə iqtisadiyyatında bir sıra çətinliklərə səbəb oldu. İki devalvasiya bankları nokaut vəziyyətinə saldı. Hansı ki, ekspertlər birinci devalvasiyanın banklara zərbə vurduğunu, ikinci devalvasiyanın isə banklar üçün öldürücü zərbə ola biləcəyini vurğulayırdılar. Biz ikinci devalvasiyanın fəsadlarını görürük. Artıq xeyli bank bağlanıb. Bağlanan bankların birləşəcəyinə dair söz-söhbətlər yayılıb. Söhbət “NBS Bank” və “Qafqaz İnkişaf Bankı”ndan gedir. Ola bilsin ki, həmin banklar başqa banklarla birləşdirilsin. Bağlanması nəzərdə tutulan banklar var. Onlarla bağlı bu günlərdə qərar veriləcəyi istisna deyil. Həmin banklar birləşdirilə də bilərlər.

- Daha neçə bank bağlana bilər?

- Birləşdirmə alınmasa, daha 3-4 bank bağlanacaq. Həmin banklar heç də kiçik banklar deyil, bağlanan banklardan da güclü banklardır.

- Sizcə, bu çıxış yoludur?

- Bankların bağlanması uğurlu addım deyil. Amma yenə deyirəm, məcburiyyət qarşısında qalınaraq atılan addımdır.

- Samir bəy, son iki həftə ərzində bağlanan bankların sayı yeddiyə çatıb. Hər gün bir bankın lisenziyası ləğv edilir. 5-6 ildə atılmayan addımlar qısa zamanda reallaşdırılır. Nəyə tələsilir?

- Əvvəla, bankların vəziyyəti ağırdır. Bir neçə bankı çıxmaq şərti ilə əksər banklar, konkretləşdirsək, bankların 60 faizi Mərkəzi Bankın qoyduğu normativləri pozub. Mərkəzi Bank qanunvericiliyi əsas gətirərək həmin 60-70 faizi rahatlıqla bağlaya bilər. İkinci məsələ “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qəbuluna qədər prosesi bitirməkdir. Belə ki, qanunun qüvvəyə minməsi banklardakı bütün əmanətlərin qorunacağı deməkdir. Bu da Əmanətlərin Sığortalanması Fondu üçün problem yarada bilər. Mərkəzi Bank qanunun qəbuluna qədər prosesi sürətləndirir. Bu, bağlanmaq ərəfəsində olan banklar üçün son həftədir. Həftə ərzində bankların bağlanması davam edəcək. Qanun qəbul edildikdən sonra artıq proses istiqamətini dəyişəcək, konsolidasiya istiqamətində yön alacaq. Hər bir halda sektorda qalacaq bankların sayının 30-35 arasında dəyişəcəyi gözlənilir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm