Müsahibə
Gerçəkləşən xəyal: mən evimə gedəcəm, amma o meşədə... - Xocalı sakininin ARZUSU
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunub. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Bu soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilib. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. O, amansız gecənin şahidlərindən olan Əbülfət Kərimov yaşadıqlarını heç vaxt unutmayacağını deyir.
Xocalı faciəsi zamanı əsir düşmüş Əbülfət Kərimovun Publika.az-a müsahibəsini təqdim edirik:
- Əbülfət bəy, 3 rəngli bayrağımızı Xocalıda görəndə hansı hissləri keçirdiniz?
- Xocalıda Azərbaycan bayrağını dalğalanan görəndə içimdə titrəmə oldu. İlk xəbəri eşidəndə çox qəribə hisslər keçirdim. Sevincimin həddi-hüdudu yox idi. Dilimdən şükürlər olsun sözü düşmürdü. Allaha çox şükür ki, bu günü gözümlə görüb, qulağımla eşitdim. Xocalımıza Azərbaycan əsgərinin ayağı dəyir, bayrağımız dalğalanır. Bayrağımızı Xocalıda dalğalanan görəndə elə bildim dünya mənimdi.
- Bəs, bu xəbəri ilk haradan eşitdiniz?
- Xəbəri ilk televizorda eşitdim. Ailəlikcə bütün günü televizorun qarşısında idik. İllər sonra Xocalını bu qədər yaxından gördüm. Allahın köməyliyi ilə özüm də gedərəm. Tezliklə evimizə getmək istəyirəm. Görək, dövlətimiz necə məsləhət bilsə, bizi nə vaxt köçürsə, biz də ona uyğun hərəkət edəcəyik. (bir müddət susur)
Sözlərin boğazında düyünləndiyi, sevincin kədərə qarışdığı hisslər Əbülfət bəyin səsinin titrəməsindən hiss olunurdu.
- Əbülfət bəy, çox ağrılı-acılı günlər yaşamısınız. O günləri necə xatırlayırsınız?
- Atam ikinci dünya müharibəsinin iştirakçısı olub, ayağını itirmişdi. Lakin canı sağ idi. Xocalı soyqırımında atam itkin düşdü. Hələ də xəbər yoxdur. Xocalı elə mühitdə idi ki, hər bir cəhətdən əlverişli yerdə idi. Çünki aeroport, dəmir yolu, avtomobil yolu Xocalıdan keçirdi. Xocalı nəlbəkinin düz ortası idi. Qıraqları dik, ortası dayaz. Ətrafımızda olan bütün kəndlərdə isə ermənilər yaşayırdı. Elə bir yerdə idik ki, nəinki Azərbaycanla, heç qonşu kəndlərlə də əlaqəmiz yox idi. Noyabrda axırıncı təyyarə vurulandan sonra yerdən-göydən ümidimiz təmiz kəsildi. Ümidimiz yalnız Allaha idi. Camaat çox pis halda yaşayırdı. Hərbi təyyarələr bizə çörək gətirirdi.
- Və o gecə yetişdi...
- Camaatla üz tutduq Kətik meşəsinə. Hava elə soyuq idi ki... Amma camaatla uyğunlaşa bilmirdim. Çünki, atamın ayaqları yox idi, biz geridə qalırdıq. Gecə saat 4-ə işləmiş Qarqar çayını keçmək lazım idi ki, dağa çıxa bilək. Atamla gəldik çayın qırağına ki, yavaş-yavaş çayı keçək. Artıq çayı yarılamışdıq. Çayın bir hissəsinə qədər daşlar var idi. Ayaq qoyub keçirdik. Artıq sahilə 1 metr qalmış daş yox idi, sudan keçmək lazım idi. Məcbur olub şalvarımı çırmaladım, ayaqqabılarımı əlimə götürüb, atamı qucağıma aldım, sonra isə çaya girdim. Buz kimi su adamın ayağını kəsirdi. Atam bir az canlı adam idi. Qucağımda olanda ayağım boşluğa düşdü. İkimiz də çayın içinə yıxıldıq. Ayaqqabı əlimdən çıxıb getdi. İkimiz də suyun içində idik. Hava dəhşət soyuq idi, ayaqyalın 30-40 dəqiqə ayaqqabı axtardım.Yavaş-yavaş yuxarı qalxırdıq. Bir addım atıb arxaya dönüb baxanda görürdüm ki, ayağımın ləpiri qarla dolub. Bir an içimdən dedim ki, nə olardı ki, bu qarın yerinə göydən daş-qaya yağardı. Onsuz üzü yuxarı ölümə gedirik. Camaat ya donub qalırdı, ya da ayaqları tutulurdu. Çox əziyyət çəkirdilər. Çətinliklə da olsa yuxarı qalxdıq. Beş gün o meşədə qaldım. Təsəvvür edin ki, meşədəki kolların sayını saymaq olardı, amma donmuş insanların sayını saymaq mümkün deyildi. Hansı ağacın dibinə baxırdınsa, donan uşağın, qadının, yaşlının üstünə palto atılmışdı. Yumru təpə kimi nə isə görünürdü, bilmirdim ki daşdır, ya qardır? Ayağımı üstünə qoyurdum ki, keçim, ayağım dərəyə düşürdü. Sən demə insan imiş. Nə qədər donan insan var idi. Ac-susuz qalıb qar yeyən kim, uzanıb gedə bilməyən kim. Doyunca atamın üzünə baxa bilmədim. Çox ağlayırdı. Həmişə o üzü yadıma düşür...
Xocalıda bayrağımızı görəndə əsirliyim, gəncliyim, atam, meşə də baş verənlər hamısı gözümün qabağından gəlib keçdi. Bu gün mən evimə gedəcəm, amma o meşədə əziyyət çəkən, donan, ölən insanlar gedə bilməyəcək. O hadisəyə qədər məhəlləyə çıxanda sağım-solum qonum-qonşu idi. İndi isə çoxu həyatda yoxdur.
Xocalı əsiri bu gün olan sevincindən danışsa da qəlbində olan yaralar heç susmurdu.
- Necə oldu ki, əsir düşdünüz?
- Səhər saat 8-9 olardı. Meşəylə bir yol tapıb başladım getməyə. O yolu necə gəldim bir Allah bilir. Çox yuxulu və yorğun idim. Ağaclar çəpər-çəpər idi. Beləcə meşədə xeyli yol getdim. Bir də gördüm ki, uzaqda bir kənd görünür. Elə sevindim ki, Ağdamın hansısa kəndi olduğunu düşündüm. Kəndə yaxınlaşırdım. Bir də gördüm ki, kolun dibindən hərbi formada saqqalsız biri çıxdı. Salamlaşdıq. Soruşdu ki, hara belə? Sevindim, elə qəşəng danışırdı ki, dedim azərbaycanlıdır. Bununla bir-iki addım atdıq. Elə demək istəyirdim ki, arxada ocaq var yanında sağlam insanlar var qayıdıb, onları götürək. Gördüm ki, o biri kolun dibindən saqqalı, avtomatlı biri çıxdı.
Başa düşdüm ki, mühasirədəyəm. Susdum. Birinci çıxan heç nə etmədi. Amma ikinci çıxan saqqalı qarnıma 5-6 təpik vurdu. Neçə gündür qar yeyirəm. Bu da qarnıma vurdu. Əlimlə qarnımı tutanda avtomatla boynumdan vurdu. Sürüyə-sürüyə məni apardılar. Məni ermənilərin yaşadığı Dəhraz kəndinə gətirdilər. Kənd başdan-başa fermalarla əhatələnmişdi. Əvvəlcə bütün sənədlərimi aldılar. Sonra qapını açıb məni fermanın içinə itələdilər. Orada təxminən 150-dən çox adam var idi. Aralarında qadın, uşaq, kişi və yaşlılar da var idi. İnsan bu günləri unutmur, unuda bilmir.
- Xocalı faciəsi sizin düşüncələrinizə, həyatınıza necə təsir etdi?
- Xocalı faciəsi yaddan çıxan hadisə deyil. Atam üçün darıxıram. Evdə uşaqlar “Google map” vasitəsi ilə mənə oradakı evimizi göstərdilər. Nə yurd qalıb, nə də yuva. Evimizdə yaşayış olmadığı üçün, əvvəlkindən əsər-əlamət qalmayıb. O vaxt həyətimizdə talvar var idi. Xəritədə gördüm ki, bütün üzümlərimiz quruyub, evimiz dağılıb. Qonşu evlərdə yaşayış olub deyə oralar bir az səliqəlidir. Amma bizim ev yox. Evi görəndə atamın o evdə çəkdiyi əziyyətlər yadıma düşdü. Amma indi atamın nə ölüsü var, nə də dirisi. Üstündən neçə il keçib, bilmirəm, tapılacaq, ya yox. (?) Ümidim var ki, tapılacaq. (!) Ən azından ağlamağa yerimiz olar. Ümumiyyətlə, Kətik meşəsində ağacdan çox insan var idi. Onların yarısı hələ də o meşədə qalıblar. Bəlkə də çoxunu qurd-quş yeyib. Meşənin çox dərinliklərinə getmişdik. Gərək ora qarış-qarış axtarılsın. Hər tərəf insan idi. Onların sümükləri elə bizim kəndin meşəsindən çıxacaq. Şükürlər olsun ki, torpağımız bizdədir. O meşədə qalan insanların sümükləri də tapılacaq, biz də öz evimizə gedəcəyik.
Aysel Şahmar
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanıb.
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO