“Vətəni satanların mətbuat azadlığından danışmağa haqları yoxdur“
Bizi izləyin

Müsahibə

“Vətəni satanların mətbuat azadlığından danışmağa haqları yoxdur“

Azərbaycan mətbuatında öz imzasını qoymuş jurnalistlərdən və qəzet baş redaktorlarından biri olan Vüqar Rəhimzadə 45 yaşını qeyd edir.

QISA BİOQRAFİYASI

Vüqar Gəncəli oğlu Rəhimzadə 1967-ci il may ayının 24-də Culfa rayonunun Saltaq kəndində anadan olub. 1984-cü ildə Saltaq kənd orta məktəbini bitirib. Hələ orta məktəbdə oxuduğu dövrdə "Azərbaycan gəncləri", "Sovet kəndi", "Azərbaycan pioneri", "Şərq qapısı", "Zəfər" və s. qəzetlərdə yazıları dərc olunub.

Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olub. Həmin ildən əmək fəaliyyətinə başlayıb. "Azərneftkimyazavodtəmir" trestinin 1 nömrəli Təmir Tikinti İdarəsındə əvvəlcə yardımçı fəhlə, sonra quraşdırıcı çilingər vəzifəsində çalışıb.

1985-87-ci illərdə İrkutsk vilayətinin Zima şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra respublikada nəşr olunan bir sıra qəzetlərlə müntəzəm əməkdaşlıq edib.

1989-cu ilin oktyabr ayından trestin çoxtirajlı "Böyük kimya uğrunda" qəzetinin muxbiri, 1990-cı ilin iyulunda isə redaktoru vəzifəsinə təyin olunub.

1991-ci ildən "İki sahil" qəzetində əvvəlcə məsul katib, sonra redaktor kimi fəaliyyətini davam etdirib.

1992-ci ildə Dövlət Neft Akademiyasını, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1991-ci ildən Respublika Jurnalistlər Birliyinin üzvüdur.

1994-cü ildə mətbuatda səmərəli fəaliyyətinə görə "Kamil sənətkar" diplomuna layiq görülüb. "Qızıl qələm" mükafatı laureatıdır.

2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılması ilə bağlı təşkilat komitəsinin üzvü, Azərbaycan Jurnalistlərinin 1-ci və sonrakı qurultaylarında MŞ İdarə heyətinin üzvü seçilib.

Eyni zamanda 1997-2000-ci illər ərzində "Azərneftyağ" İstehsalat Birliyində Baş direktorun sosial məsələlər üzrə müavini işləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Məşhur "91"lərdən biri, 1992-ci il noyabrın 21-dən YAP Siyasi Şurasının üzvüdür.

2000-ci ilin noyabr ayında keçirilən II çağırış Milli Məclisə seçkilərdə 5 saylı Culfa-Ordubad seçki dairəsindən Milli Məclisin deputatı seçilib.

Azərbaycan Prezidentinin sərəncamı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına üzv təyin olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 may 2009-cu il tarixli sərəncamı ilə Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondu müşahidə şurasının üzvü təyin olunub və şuranın ilk iclasında müşahidə şurası sədrinin müavini seçilib.

Ailəlidir, 3 oğlu var.

- Vüqar müəllim, baş redaktor kimi Azərbaycan mətbuatının indiki vəziyyəti sizi qane edirmi? Hansı problemlər var, hansı müsbət dəyişikliklər müşahidə edirsiniz?

- Bu gün ölkəmizdə həyatın bütün sahələri kimi, milli mətbuatımız da özünün sürətli inkişaf dövrünü yaşayır. Sözsüz ki, müstəqil Azərbaycan mətbuatının hazırkı səviyyəyə çatmasında ötən illərdə əldə olunan uğurları xüsusi vurğulamaq lazımdır.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra "İki sahil" qəzeti də daxil olmaqla bir sıra mətbu orqanlar fəaliyyətə başladı. Çox çətin günlər yaşayırdıq. Senzura, mediaya, jurnalistlərə qarşı təzyiqlər, təhdidlər və s. O vaxtkı hakimiyyətin biz jurnalistlərə qarşı münasibətini yalnız belə xarakterizə etmək olardı.

Təbii ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, mətbuatımızın da inkişaf dövrü başladı. İlk olaraq bu istiqamətdə qanunvericilik bazası yaradıldı. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında vətəndaşların söz, mətbuat və digər hüquq və azadlıqları təsbit olundu.

1998-ci ilin avqust ayında senzuranın, 2000-ci ildə mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, kütləvi informasiya vasitələrinin təsis edilməsi ilə bağlı qaydaların sadələşdirilməsi və s. bu istiqamətdə atılan addımlar müstəqil mətbuatın inkişafı üçün böyük zəmin yaratdı.

"Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbulu, həmçinin digər fərman və sərəncamların imzalanması ümummilli lider Heydər Əliyevin digər sahələr kimi mətbuata olan xüsusi diqqətinin bariz nümunəsi idi. Növbəti illərdə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının bir müddət dondurulması və sonradan dövlət tərəfindən ödənilməsi məsələsi də öz həllini tapdı. Bir sözlə, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə mətbuatın inkişafı, tərəqqisi, bu sahədə problemlərin həlli üçün böyük işlər görüldü.

2003-cü ildən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirir. Ölkə başçısı 2005-2008-ci illərdə KİV ilə bağlı bir sıra sərəncamlar imzaladı. 2005-ci ildə Milli Mətbuatın yaranmasının 130 illiyi münasibətilə ölkənin aparıcı media orqanlarına birdəfəlik yardımların edilməsi, aparıcı media nümayəndələrini ölkənin ali mükafatları ilə təltif etməsi, "Əməkdar jurnalist" adının bərpa olunması dövlət başçısının bu sahəyə göstərdiyi diqqətdən nümunələrdir.

Aparıcı gündəlik qəzetlərə birdəfəlik maliyyə yardımı davamlı xarakter alıb. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" sərəncamı, həmçinin "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının" təsdiq edilməsi deyilənlərin bariz nümunəsidir.

Mən hesab edirəm ki, bu fondun yaradılması Azərbaycan mətbuat tarixində çox mühüm bir hadisə idi. Sənədə uyğun olaraq ölkə başçısının 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. 22 may 2009-cu il tarixli sərəncama əsasən isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri və icraçı direktoru təyin edildi. Qeyd edək ki, Fondun yaradılmasının əsas məqsədi müstəqil medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərmək idi.

Sözsüz ki, Prezidentimizin biz jurnalistlərə diqqət və qayğısı bununla yekunlaşmadı. Dövlət başçısının sərəncamı ilə milli mətbuatın 135 illik yubileyi yüksək səviyyədə qeyd edildi. Ölkə Prezidentinin "Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında", "Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında", həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə bir qrup jurnalistin fəxri adlarla təltif olunması haqqında sərəncamlarını da bu diqqət və qayğının əsas tərkib hissələri kimi qiymətləndirmək lazımdır.

Ən əsası dünya təcrübəsində təkrarı olmayan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binalarının tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mühüm hadisə oldu və jurnalistlər tərəfindən böyük sevinclə qarşılandı.

Son statistik rəqəmlərə əsasən, hazırda ölkəmizdə 4700-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Bu gün həm yazılı, həm də elektron media sürətli inkişaf dövrünü yaşayır. Bunlar hamısı yaradılmış münbit şəraitin və dövlətin bu sahəyə olan xüsusi diqqət və qayğısının nümunəsidir.

Bütün bunları nəzərə alaraq, bəli, tam əminliklə deyə bilərəm ki, Azərbaycan mətbuatının indiki vəziyyəti məni qane edir. Düzdür, problemlər var. Bu problemlərin əsasını isə yaradılan münbit şəraitdən sui-istifadə halları təşkil edir. Təəssüf ki, bu gün jurnalistikada qeyri-peşəkar, qərəzli, hətta anti-Azərbaycan mövqeli insanlar, erməni və ermənipərəst xarici qüvvələrin əlində alətə çevrilənlər də mövcuddur. Bu da bir çox məqamlarda bu sahədəki mövcud qanunvericiliyin tələblərinin tez-tez pozulması ilə nəticələnir, ölkə mətbuatının imicinə zərbə vurur. Hesab edirəm ki, ölkə mediası belə ünsürlərdən təmizlənməlidir.

- Dövlət tərəfindən mətbuata yardımların edilməsi, qrantların ayrılması bəzi dairələrdə birmənalı qarşılanmır. KİVDF-nin və Mətbuat Şurasının rəhbərliyində təmsil olunan şəxs kimi bu haqda fikirləriniz maraqlı olardı...

- Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müaviniyəm. Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" layihəsinin hazırlanmasında yaxından iştirak etmişəm. Sənəd dəfələrlə Şuranın iclaslarında müzakirəyə çıxarılıb, onunla bağlı ətraflı diskussiyalar aparılıb.

Müəyyən məsələlərin razılaşdırılmasında məhz ictimai dəyərləndirmələr əsas götürülüb. Ümumən müzakirələrimiz hər kəs üçün açıq olub. Mətbuat Şurası çoxsaylı toplantılar təşkil edib. Məqsəd mətbuatımızın inkişafına kömək göstərmək variantlarının axtarılıb tapılması olub. Sonda ortaq mövqelər üzərində dayanmışıq.

Hesab edirəm ki, bu gün konsepsiyada əksini tapanlar, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti ilə KİV-lərin dövlət yardımlarından bəhrələnmələri onları təsir altına almır. Əksinə, iş intensivliyini artırır. Bu gün ayrı-ayrı layihələrin maliyyələşdirilməsində media orqanlarına fərq qoyulmur.

Digər tərəfdən, mətbuata dövlət dəstəyi dünyanın əksər qabaqcıl ölkələrinin keçdikləri yoldur. İndinin özündə də Avropanın bir sıra nəşrləri mövcudluqlarına görə həmin amilə borcludurlar. Yenə də deyirəm, qəzet, jurnal- bunlar informasiya mənbəyi olmaqla yanaşı, milli-mənəvi dəyərlərin daşıyıcısıdırlar. Onların bu və ya digər şəkildə ayaqda olmaları cəmiyyətin gələcəyi baxımından önəmlidir. Qərbdə məsələyə belə yanaşırlar. Biz də dünya media məkanına inteqrasiya etməli, eyni zamanda ənənələrə sadiqliyimizi də qorumalıyıq. Bir də əsas olan nəticədir. Nəticə isə var: Azərbaycan mediası inkişaf yolundadır.

Hesab edirəm ki, dövlətimiz tərəfindən mətbuata yardımların edilməsi, qrantların ayrılması olduqca müsbət haldır. Bu gün Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biri söz, fikir və mətbuat azadlığının daha da inkişaf etdirilməsidir. Bunun üçün də belə siyasətin həyata keçirilməsi zəruridir, əhəmiyyətlidir. Mətbu orqanların da vəzifəsi ilk növbədə cəmiyyəti doğru, düzgün informasiya ilə təmin etmək, ictimai fikrə ən əsas təsir qüvvəsi kimi dövlətimizin milli maraqlarını qorumaqdır. Düşünürəm ki, birinci sualınızda bu istiqamətdə görülən işlərlə bağlı geniş məlumat verdim. Bir daha təkrar etmək istəmirəm. Ancaq qeyd etməliyəm ki, buna hər hansı başqa bir don geyindirmək yersizdir.

Çox güman ki, qeyd etdiyiniz dairələr xaricdən, əsasən də anti-Azərbaycan qüvvələrdən bəhrələnənlər, onların tapşırıqlarını yerinə yetirənlərdir. Bu yolla Vətəni, milli maraqları satanların isə bu cür məsələlərdən danışmağa haqları yoxdur.

-Reketçiliklə və ya dilənçiliklə məşğul olan qəzetlərə, jurnalistlərə qarşı mübarizə tədbirləri gözlənilən effekti vermir. Onlarla belə qəzet, yüzlərlə jurnalist olduğu halda adları qara siyasıhıya salınanlar və cəzalandırılanlar azdır...

- Mən belə düşünmürəm. Deməzdim ki, mübarizəmizdə effektsizlik var. Ümumən ötən illərlə müqayisədə nəzərəçarpacaq irəliləyişlərə imza atmışıq. Bildiyiniz kimi, 2008-ci ildə-jurnalistlərin sonuncu qurultayında Mətbuat Şurasının tərkibində "Reket jurnalistika"ya qarşı mübarizə komissiyası yaradıldı. Komissiyanın rəhbəri olaraq düşünürəm ki, ötən müddətdə bir çox işlər görülüb, mətbuatımızın bu cür ünsürlərdən təmizlənməsi istiqamətində uğurlu tədbirlər həyata keçirilib.

Komissiyanın mütəmadi olaraq keçirilən iclaslarında daxil olan şikayətlər obyektiv şəkildə araşdırılır, lazım olan qərarlar qəbul olunur, reket sayılan qəzetlərin adları "qara siyahı"ya salınır və bütün ictimaiyyətə təqdim edilir. Hesab edirəm ki, bu ən təsirli vasitədir. Biz ötən müddətdə bu cür insanların, mətbu nəşrlərin ictimai qınağa çəkilməsinin reketçilik hallarının azalmasına öz müsbət təsirini göstərdiyini müşahidə etmişik. Bu işdə bütün ictimaiyyət fəal olmalıdır.

Hazırda "reket jurnalistika"ya qarşı mütəşəkkil mübarizə Mətbuat Şurası müstəvisində aparılır. Çoxları elə təsəvvür edir ki, bu, təkcə Şuranın işidir. Əslində bu məsuliyyəti hamımız paylaşmalıyıq. Çünki sözügedən mənfi meyil özünə hörmət edən həqiqi jurnalistlərin hər birinin nüfuzunu daim təhdid altında saxlayır.

Digər tərəfdən, Mətbuat Şurası ictimai təşkilatdır. Fəaliyyətini quruma ünvanlanan şikayətlər üzərində qurur. Bəli, məlumdur ki, "reket nəşr"lərin sayı "qara siyahı"da yer alanlardan dəfələrlə çoxdur. Amma biz yalnız Şuraya onlarla əlaqədar müraciətlərin ünvanlandığı hallarda fəaliyyətə keçə bilirik. İctimai qınaq tədbiri kimi "reket nəşr" elan etdiyimiz KİV-lərin "qara siyahı"sını hazırlayırıq. Nəzərə alın ki, siyahı mütəmadi olaraq yenilənir və ictimaiyyətə açıqlanır. Bu sənəd cəmiyyətin həqiqi jurnalist adına ləkə gətirənləri daha yaxından tanımaları üçündür.

Təəssüflə qeyd etmək lazımdır ki, bu gün hələ də cəmiyyətin müxtəlif təbəqələrinə şər, böhtan atan, reketçiliklə məşğul olan jurnalistlər, qəzetlər var. Onlar öz şəxsi maraqlarını, ambisiyalarını hər şeydən üstün tutaraq ayrı-ayrı şəxsləri, dövlət qurumlarını şantaj etməklə məşğuldurlar. Mətbuat Şurası isə hər zaman belələrinə qarşı mübarizə aparıb və aparmaqda davam edəcək. Zənnimcə cəmiyyətimiz daha da inkişaf etdikcə bu cür çürüklər öz-özünə təmizlənəcək.

-Son vaxtlar qəzetlərdə və TV-lərdə dilimizdə əcnəbi sözlərdən istifadə halları xeyli artıb. Xüsusilə, sözlərimiz türk dilinin İstanbul şivəsinə aid sözlərlə əvəzlənir. Bunun qarşısını almaq üçün nə təklif edərdiniz?

-Çox düzgün qeyd edirsiniz. Bu gün kütləvi informasiya vasitələrində belə hallara tez-tez rast gəlmək mümkündür. Hətta mən deyərdim ki, bəzi radio və televiziya efirlərində nəinki İstanbul şivəsi, rus, ingilis və s. sözlər də işlədilir. Təbii ki, Azərbaycan dilinin daha da zənginləşməsində əsas faktorlardan biri kimi çıxış edən kütləvi informasiya vasitələrinin bu cür nöqsanlara yol verməsi qəbuledilməzdir.

Mətbuat Şurası mətbuatın dili məsələsinə həmişə böyük önəm verib. Qurumun xüsusi dil komissiyası da fəaliyyət göstərir. Komissiya daimi olaraq mediamızda mövcud istiqamətdə nəzərə çarpan tendensiyaları yaxından izləyir.

Bundan başqa Şuranın KİV-in dili ilə bağlı layihələri də olur. Ötən il qurum Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə kifayət qədər əhatəli layihə reallaşdırdı. Həmin layihə çərçivəsində mətbuatımızın dili ilə bağlı bir neçə tematik tədbir, həmçinin ümumrespublika konfransı keçirildi. Mövcud sahədə aparılan monitorinqin nəticələri açıqlandı.

Ayrı-ayrı KİV-lərdəki dil xətaları ilə bağlı onlara bildirişlər ünvanlandı. Eləcə də layihə üzrə bilavasitə fəaliyyət göstərən ekspertlərin rəyləri açıqlandı. Həmin sənədlər mətbuatda dərc olundu. Jurnalistlər öz səhvlərini daha yaxından, əyani misallarla görmək imkanı əldə etdilər.

Mətbuat Şurası bu kimi tədbirləri əvvəlki illərdə də reallaşdırıb. Zənnimcə, bunlar kifayət qədər faydalı olub. Təbii ki, bu sahədə də ictimai qınağın artırılmasına ehtiyac var.

Dilimizin zaman-zaman daha da zənginləşməsi istiqamətində dövlət rəhbərliyi tərəfindən mühüm işlər görülüb, fərman və sərəncamlar imzalanıb. Konstitusiyamızın 21-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Bununla yanaşı, ulu öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman, "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncam, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" sərəncam və 2003-cü ildə qüvvəyə minən "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanunlar bu sahədə qanunvericilik bazasının yaradılması istiqamətində atılan uğurlu addımlardır.

Bu gün dövlət başçısı İlham Əliyev də öz siyasətində dilimizin zənginləşməsinə xüsusi önəm verir. Prezidentimizin 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərman xüsusi əhəmiyyət kəsb edir.

Bu cür nöqsanların baş verməməsi üçün ilk növbədə jurnalistlərin peşəkarlığını artırmaq lazımdır. Digər tərəfdən aidiyyəti orqanlar belə halları aşkar etdikdə dərhal reaksiya verməli və qanunvericilik çərçivəsində tədbirlər görməlidirlər. Dilimiz o qədər zəngindir ki, fikirlərimizi ifadə etmək üçün əcnəbi sözlərə ehtiyac qalmır. Hər halda jurnalistlərin bunu bilməsi və bu normalara riayət etməsi olduqca vacibdir.

- Avroviziya mahnı müsabiqəsinin Azərbaycan üçün əhəmiyyətini, müxalifətin bu müsabiqə zamanı siyasi aksiyalara cəhdlərini necə dəyərləndirirsiniz?

-Mən Azərbaycan vətəndaşı olaraq Avroviziya kimi nüfuzlu beynəlxalq mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsindən çox böyük qürur hissi duyuram. Hesab edirəm ki, ürəyində Vətən sevgisi olan hər bir azərbaycanlı da bu hissi yaşayır.

Əlbəttə, Avroviziya beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Ötən il sayca 56-cı dəfə keçirilən bu beynəlxalq yarışmaya tarixində 4-cü dəfə qatılan və iştirakçı ölkələrin verdiyi xallar nəticəsində qalib adını qazanan Azərbaycanın bu il Avroviziya ev sahibliyi etməsi böyük uğurdur.

Tarixə nəzər yetirsək görərik ki, on illər ərzində müsabiqədə iştirak edən ölkələr hələ də qalib adını qazana bilməyiblər. Ancaq Azərbaycan bu yarışmada iştirak etdiyi 4-cü ildə öz qüdrətini göstərdi və ən yaxşı olduğunu sübut etdi. Təbii ki, bu, Azərbaycan dövlətinin, mədəniyyətinin, musiqisinin uğurudur. Heç şübhəsiz ki, Azərbaycan müsabiqəni yüksək səviyyədə təşkil etməklə Avropa ailəsinin yaxın üzvü olduğunu bir daha nümayiş etdirməkdədir.

Bu gün həyata keçirilən tədbirlər, eləcə də "Avroviziya-2012"-nin indiyədək müsabiqə tarixində görünməmiş əsrarəngizliklə təşkili göstərdi ki, nüfuzlu müsabiqəyə hazırlıq ən ideal səviyyədə gedib.

Müsabiqə keçirildiyi müddətdə dağıdıcı müxalifətin siyasi aksiyalar təşkil etmək cəhdlərini isə antiazərbaycançılıq aksiyası, ermənilərin və ermənipərəst dairələrin dəyirmanına su tökmək kimi dəyərləndirirəm. Bunun başqa adı ola bilməz. Hər zaman dövlətə, xalqa, milli maraqlara müxalif olan bu dağıdıcılar yenə də öz ampulalarındadırlar.

Xarici Azərbaycana düşmən dairələrdən alınan qrantları "əritmək" məqsədilə keçirilməyə cəhd edilən bu aksiyalar mənasız və əbəsdir. İnsanlar "Avroviziya-2012"-ni bayram edən zaman, dağıdıcı müxalifətin aksiya keçirmək cəhdləri, onların xalqımıza, dövlətimizə ən azı bədnam qonşularımız qədər düşmən olduğunu nümayiş etdirir.

Ancaq bu dağıdıcılar keçirməyə cəhd göstərdikləri aksiyalarla heç nə əldə edə bilməyiblər və bilməyəcəklər də. Bu beş-üç nəfər gec-tez erməni və ermənipərəst qüvvələrin əlində alət olduqlarını anlayacaqlar. Azərbaycan demokratik dövlətdir.

Ölkəmiz həyata keçirdiyi islahatlarla bir daha Avropa dəyərlərinə sadiqliyini, insan hüquq və azadlıqlarına önəm verdiyini sübut edir. Təsadüfi deyil ki, "Avroviziya-2012" beynəlxalq mahnı müsabiqəsinin keçirildiyi ərəfədə Azərbaycana bir çox ölkələrdən jurnalistlər dəvət olunub.

Hazırda onlar Azərbaycandadırlar və ölkəmizin inkişafını, tərəqqisini öz gözləri ilə görür, müşahidə edirlər. Düşünürəm ki, xarici jurnalistlər müsabiqə başa çatdıqdan sonra zəngin təəssüratlarla öz vətənlərinə qayıdacaqlar və Azərbaycanın hüquqi, dünyəvi, demokratik və günü-gündən qüdrətlənən bir ölkə olduğunu öz ölkələrində diqqətə çatdıracaqlar.

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm