Yaxın Şərq
Ərdoğanın Fransa şərhi dünya mətbuatında səs-küy yaratdı
Şiddətli qarşıdurmaların baş verdiyi Fransada etirazlar 7-ci gündür ki, davam edir.
Publika.az xəbər verir ki, dünən axşam Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən Türkiyə prezidenti Ərdoğanın Fransa ilə bağlı şərhi dünya mətbuatında geniş əks-səda doğurub. Beynəlxalq agentliklər prezident Ərdoğanın istifadə etdiyi “institusional irqçilik” ifadəsini önə çıxarıblar və bu ifadə ətrafında geniş müzakirələr aparılıb.

"Bu, ağdərili üstünlüyünə əsaslanan müstəmləkəçi, təkəbbürlü, qeyri-insani zehniyyətin hələ də mövcud olduğuna işarədir. Xüsusilə müstəmləkəçilik keçmişi ilə tanınan ölkələrdə mədəni irqçilik institutsional irqçiliyə çevrilib. Fransada başlayan hadisələrin kökündə bu zehniyyətin inşa etdiyi sosial memarlıq dayanır. Gettolarda yaşamağa məhkum edilən mühacirlərin çoxu müsəlmanlardır. Təəssüf ki, zorakılıq zorakılığı doğurdu və bugünkü hadisələrə təkan verdi", - deyə Türkiyə Prezidenti çıxışında bildirib.

Talanlarla bağlı danışan prezident Ərdoğan, "Təbii ki, biz ictimai əmlakın dağıdılmasını, küçələrin yandırılmasını, mağazaların talan edilməsini bəyənmirik. Küçə etirazları haqq tələb etmək üçün qanuni bir üsul ola bilməz. Lakin aydındır ki, hakimiyyət də bu sosial partlayışdan ibrət götürməlidir. Ölkəmizdə də analoji hallar yaşanarkən bizə demokratiya dərsi verənlərin bu gün dərin bir sükut içində olması da əlamətdardır”,- deyə qeyd edib.

"Xarici İşlər Nazirliyimiz ora gedəcək. Orada yaşayan vətəndaşlarımıza da lazımi xəbərdarlıqlar etdik. Ümid edirik ki, narahat olduğumuz son hadisələr ən qısa zamanda bitəcək. Hadisələrin müsəlmanlara və mühacirlərə qarşı yeni bir təzyiq dalğasına səbəb olacağından narahatıq. Türklər İslam düşmənçiliyinin ən böyük bədəlini ödəyənlərdəndir",- o sözlərinə davam edib.
Prezident Ərdoğanın Fransa açıqlamaları dünya mətbuatında geniş yer alıb. "Əl Cəzirə" Ərdoğanın Fransadakı iğtişaşlar haqqında danışdığını qeyd edərək, “institusional irqçilik” ifadəsini önə çıxarıb.

Prezident Ərdoğanın “institusional irqçilik” sözünü önə çıxaran qəzetlər arasında “Əl Ərəbiyyə” də yer alıb. Məqalədə Fransanın müstəmləkə keçmişindən bəhs edilir.

AFP də 'institusional irqçiliyin' tərifindən bəhs edən qəzetlər arasındadır. Ərdoğanın baş verənləri müstəmləkəçiliklə əlaqələndirdiyi də xüsusilə xatırladılıb.

ABŞ-ın "Barron's" qəzeti də prezident Ərdoğanın sözlərinə yer verib. AFP-yə əsaslanan xəbərdə Ərdoğanın islamofob düşüncəni də sərt şəkildə tənqid etdiyi qeyd olunub.

Yunanıstanın “Kathimerini” qəzeti də prezident Ərdoğanın “irqçilik” və “müstəmləkəçilik” sözlərinə diqqət çəkib. Eyni zamanda xəbərdə Ərdoğanın Fransanı müstəmləkəçi keçmişində ittiham etdiyi də qeyd olunub.

Xatırladaq ki, Fransa polisi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürmüşdü. Naelin ölümünə sərt reaksiya verən əhali ilə ölkə polisi arasında toqquşmalar yaşandı və hələ də davam etməkdədir. Gənci qətlə yetirən polis məmuru həbs edilib. Bundan əlavə, Paris, Marsel və Lion kimi bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı qarət və talanlar baş verib. Bu səbəbdən 10 şəhərdə komendant saatı elan edilib.

Fransa İş Adamları və Sənayeçilər Assosiasiyasının (MEDEF) prezidenti Ceffri Ru de Beze etirazların 1 milyard avrodan çox ziyana səbəb olduğunu bildirib. De Beze 200 mağazanın tamamilə talan edildiyini, 300 bank dilerinin məhv edildiyini, tütün satan 250 mağazanın nümayişlərdən təsirləndiyini qeyd edib.

Nəzrin
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama







































