Magistral yolu su basdı: yolda nəqliyyatın hərəkəti tam bərpa edildi - FOTO/VİDEO - YENİLƏNDİ
Bizi izləyin

Nəqliyyat

Magistral yolu su basdı: yolda nəqliyyatın hərəkəti tam bərpa edildi - FOTO/VİDEO - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomagistral yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.

Bu barədə Publika.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədir.

Ümumilikdə FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika, 21 motopompa və 116 nəfərdən ibarət şəxsi heyəti suçəkmə və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işlərinə cəlb olunub.

xxx

12:21

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə, o cümlədən Bakı-Qazax avtomagistralında baş vermiş subasma halının qarşısının alınması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən Publika.az-a bildirilib ki, hazırda nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.

Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.

xxx

10:28

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Publika.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir:

"Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur".

xxx

09:53

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

Qeyd edək ki, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün tədbirlər görülür. “Azərsu” ASC-dən bildirilib ki, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür.

xxx

09:13

Kür-Bakı magistral su kəmərində qəza baş verib, nəticədə Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Bu barədə Publika.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

“Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür”, - deyə “Azərsu” ASC-dən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm