Nəqliyyat
Köhnə avtomobillər niyə bahalaşır?
İstismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalına qadağaya bazarın reaksiyası sürətli oldu. 20 faizə qədər qiyməti artan avtomobillər var. Bu qərarın avtomobil parkının yenilənməsi üçün təsirinin isə zamanla olacağı bildirilir.
Aprelin sonlarından istismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı qadağan edilib. Bu qərarın verilməsinin səbəbləri sırasında bir neçə məqam qeyd edilmişdi. Ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq, yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkının yenilənməsi, köhnə avtomobillərdən havaya atılan zərərli maddələrin miqdarının azaldılması ilə ekoloji vəziyyətin yaxşılaşdırılması və s. Bu qadağa tətbiq ediləndə onun Azərbaycanın avtomobil bazarına, qiymətlərə təsiri də proqnozlaşdırılırdı. Qərarın tətbiqindən təxminən beş ay zaman keçib. Proqnozlar özünü nə dərəcədə doğruldur? İlkin təsirlər nələrdən ibarətdir?
“Proqnozumuz özünü doğrultmadı”
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər deyir ki, bu qadağaya avtomobil bazarı sürətli reaksiya verdi: “Qərarın tətbiqindən sonra avtomobil bazarında və insanlar arasında bir ajiotaj yarandı. Təxminən 3 faiz civarında qiymət artımı proqnozlaşdırırdıq. Proqnozumuz özünü doğrultmadı. Bahalaşma təxminən 5 faiz civarında oldu. Yay mövsümünün başlamasına baxmayaq, avtomobil bazarında iyun ayında may ayına nisbətən daha çox aktivlik müşahidə edildi”.
Qərarın qarşıdakı dövrdə bazara təsirlərinə gəlincə, E.Cəfər bildirdi ki, iyul ayında ölkəyə gətirilən yeni avtomobillərin qiymətində 3-5 faiz bahalaşma olub: “Bu, Azərbaycanın avtomobil bazarına bağlı məsələ deyil. Dünyanın aparıcı avtomobil istehsalçıları özləri də may ayında anons vermişdilər ki, yay mövsümünün ikinci yarısından yeni avtomobillərin qiyməti 3-5 faiz civarında yüksələcək. Köhnə avtomobillərin qiyməti hazırda stabildir”.
Yeni avtomobillərin qiyməti dəyişməyib
Usta Dəniz Ağabəyli deyir ki, istehsal tarixi 2014-cü ilə qədər olan avtomobillərin qiymətində 20 faizə qədər artım var: “Köhnə avtomobillər artıq Azərbaycana daxil olmayacağına görə, ölkədə həmin avtomobillərə müəyyən tələb yaranıb. Bu da qiymətlərə öz təsirini göstərib, həmin avtomobillərin qiymətində artım qeydə alınıb. Avtomobillərə görə, artım faizi dəyişir. Məsələn, 40 min manatlıq avtomobilin qiyməti 3-5 min manat artıb. 15-20 min manata ala biləcəyimiz avtomobil üçün indi 1,5-2 min manat daha artıq vəsait ödəməliyik. Qiyməti 20 faizə qədər artan avtomobillər də var. 2014-cü ildən sonra olan avtomobillərin qiymətində dəyişiklik yoxdur”.
D.Ağabəyli bildirdi ki, qarşıdakı dövrdə köhnə avtomobillərin qiymətində xüsusi dəyişiklik gözlənilmir: “Baş verən dəyişikliyə bazarın reaksiyasının olacağı gözlənilirdi, o da müşahidə edildi. Qiymət artımı davamlı gedə bilməz. Bundan sonrakı dövr üçün hər hansı qiymət artımı proqnozlaşdırmırıq. Bir müddət bu templə gedəcək. Ümumilikdə də avtomobil bazarında aktivlik zəifdir”.
Köhnə avtomobillərə pul verməyin nə dərəcədə uyğun olub-olmadığına gəlincə, D.Ağabəyli bildirdi ki, insanlara “köhnə avtomobil almayın” demək olmaz: “Bu, seçim məsələsidir. “Mersedes-Benz” “E” klass avtomobilləri 6-7 il əvvəl 12-15 min manata Azərbaycana gətirmişik. 6-7 il sürməyimizə baxmayaraq, həmin avtomobilin qiyməti 20 min manatdır. İtirdiyimiz bir şey yoxdur. Ancaq istənilən halda yeni, avro standartlara cavab verən avtomobilləri, elektromobilləri məsləhət görürük. Həm ekologiyanın təmizliyi üçün yaxşıdır, həm də dünyadakı yeniliklərlə ayaqlaşmalıyıq”.
“3-5 aya bu təsiri hiss edə bilmərik”
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, istismar müddəti 10 ildən çox olan avtomobillərin idxalının qadağan edilməsi ölkənin avtomobil parkının yenilənməsi üçün atılmalı olan addımlardan biri idi: “Avtomobil parkının yenilənməsinə çox ciddi ehtiyac var. Bu, həm yol hərəkəti təhlükəsizliyi, həm insanların sağlamlığı, həm də ətraf mühitin qorunması baxımından önəmlidir. Azərbaycanda avtomobil parkının yenilənməsi üçün atılacaq bir çox addım var idi. Onlardan biri də köhnə avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət tətbiq etmək idi. Düzdür, avtomobil parkının yenilənməsi üçün atılacaq daha vacib addımlar da var, amma birinci bununla başlandı. Ola bilər ki, həm də son vaxtlar şəhərdəki tıxacların daha da artmasının qarşısını almaq məqsədli idi. Çünki son vaxtlar avtomobilləşmə sürətlə gedir və ölkəyə gətirilən avtomobillərin sayı sürətlə artır”.
E.Muradlının sözlərinə görə, bu addımın Azərbaycanın avtomobil parkının yenilənməsinə təsiri zamanla olacaq: “3-5 aya bu təsiri ciddi şəkildə hiss edə bilmərik. Prosesin özü-özünü tənzimləməsi üçün illər lazım olacaq. Çünki ölkədə ili köhnə avtomobil çoxdur və ənənəvi avtomobillərə marağı olanlar yenə də onları alıb istifadə edəcəklər. On illər lazım olacaq ki, o maşınlar tədricən sıradan çıxsın. Bu kimi qərarlar qısa müddətdə nəticə əldə etməyə fokuslanmır. Bazara təsiri qısa müddətdə ola bilər, ancaq digər istiqamətlərdə təsiri zamanla hiss olunacaq”. ("Kaspi" qəzeti)
-
Sosial15:28
Prezident ipoteka ilə bağlı fərman imzaladı: Nə gözlənilir?
-
Region14:56
Türkiyədə “3+3” platforması: İran Əraqçinin gələcəyini təsdiqlədi
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!