Sərdar Cəlaloğlu: “Onlar Azərbaycanın məhv olmasına da razıdırlar...” – ÜZ-ÜZƏ
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlu: “Onlar Azərbaycanın məhv olmasına da razıdırlar...” – ÜZ-ÜZƏ

O, müxalifət cəbhəsində təmsil olunur, lakin bir çox hallarda onu hədəf seçənlərdən böyük əksəriyyəti də elə müxalifətçilərdir. Bəzən onu iqtidara işləməkdə, bəzən müxalifəti parçalamaqda, bəzən də qeyri-real fikirlər səsləndirməkdə ittiham edirlər. O isə belə düşünmür, doğru bildiyindən geri çəkilənə bənzəmir və nə qədər acı olsa da, həqiqəti deməkdə israr edir. Bizimlə söhbətində də elmdən tutmuş, siyasətə qədər bir çox məqamlara toxundu. Publika.az-ın "Üz-üzə" layihəsinin növbəti qonağı daim qalmaqallı fikirləri ilə seçilən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur.

(Əvvəli burada)


- Sərdar bəy, həm elm, həm siyasətlə məşğul olursunuz, həm də nəvələrinizlə vaxtınızı keçirirsiniz. Bu qədər işə necə vaxt çatdırırsınız?


- Bilirsiniz, Ayzek Əzimov adlı Nobel mükafatçısı olan alim vardı. Bu adam biokimya sahəsində Nobel mükafatı alıb. Onun fantastik janrda yazdığı 100-ə yaxın romanı var. Ayzek Əzimovun uşaqlarından soruşanda ki, daha çox atanızı, yoxsa ananızı istəyirsiniz, uşaqları cavab vermişdilər ki, atamızı çox istəyirik. Çünki o, anamızdan bizə daha çox vaxt ayırır. Dünyanın ən böyük alimlərindən biri olan, Nobel mükafatı alan və 100-ə yaxın fantastik roman yazan bu adamın o qədər vaxtı olub ki, uşaqlarına kifayət qədər zaman ayırıb. Hesab edirəm ki, bu sadəcə olaraq fəaliyyətin məhsuldarlığı ilə bağlıdır. Misal üçün, ola bilər ki, siz yarım saat oturub bir cümlə də yaza bilməyəsiniz. Yaxud da yarım saata dünyanın taleyini həll edə bilən əsər ortaya qoya bilərsiniz. Nobel mükafatı laureatı olan Vilhelm Rentgen 12 səhifəlik dəftər həcmində bir əsər yazıb. O, həmin əsərində Rentgen şüalarının 27 xarakterini verib və bu əsərə görə ona Nobel mükafatı verilib. Üstündən 100 ildən çox vaxt keçməsinə baxmayaraq, indiyədək hələ də dünya alimləri Rentgen şüaları ilə bağlı yeni bir söz deyə bilməyib. Halbuki, Rentgen 12 səhifəlik bir əsəri çox qısa vaxtda yazıb. Ancaq elə adamlar da var ki, bütün ömrünü nəyisə kəşf etməyə həsr etsə də, ömrü boyu ona nail ola bilməyib. Yəni, bütün bunlar fəaliyyətin məhsuldarlığı ilə bağlıdır.

Özümlə bağlı deyim ki, mən bir saata çox mükəmməl məqalə yaza bilərəm. Hətta o məqaləni yazandan sonra çox alim deyəcək ki, bu adam filan faktları nə vaxt və haradan oxudu ki, bu tezliklə məqalə hazırladı və sairə. Burada əsas odur ki, mən sürətli düşünə, yaza bilirəm. Sürət hər şeyi həll edir, həm qələbəni, həm də vaxtın bölünməsini. Əgər bir adamın yüz il ömrü olarsa, ancaq sürəti aşağı olarsa, o adam bir gün yaşamış kimidir. Amma bir gün ömrü olan adam onu sürətli yaşayarsa, bu, 100 ilə bərabər kimidir. Bir çox xalqların inkişafının əsas səbəbi də sürətlə bağlıdır. Diqqət edin, ibtidai icma və feodalizm quruluşları kapitalizmdən qat-qat çox illər davam etsə də, nailiyyətlərin əksəriyyəti kapitalizmdə əldə olunub.


- Azərbaycanda nə üçün elm kifayət qədər inkişaf etməyib?


- Çünki Azərbaycan xalqında çox güclü elmi avtoritarizm mövcuddur. Yadınıza gəlirsə, bir müddət öncə Səməd Vurğun haqqında bir fikir söylədim, hamı mənim üzərimə düşdü. Bu xalqda avtoritar təfəkkür mövcuddur - nə olursa olsun, Səməd Vurğun haqqında mənfi fikir söyləmək olmaz. Hətta o vaxt mənə cavab yazmışdılar ki, sən kimsən Albert Eynşteyn və ya Darvin haqqında fikir söyləyirsən. Guya ki, Darvin Allahdır, onun haqqında söz demək olmaz. Darvin də bizi kimi adam olub. Freyd deyir ki, əgər fəlsəfə ruhun nə olduğunu bizə desəydi, mən başqa nəzəriyyə yaradardım. İndi mən ona ruhu təqdim edən zaman, bəlkə də, Freyd öz düşüncəsindən imtina edəcək. Eyni ilə də Darvin barəsində bunu söyləmək olar. Axı Darvin kimdir? Niyə mən onu tənqid edə bilmərəm? Bizim xalqımızda kompleks mövcuddur. Tarixən ruslar bizi o qədər əzib ki, sanki bizdə Azərbaycan xalqından qabaqcıl şəxslər çıxa bilməz kimi kompleks yaranıb. Gərək ilk növbədə başqa xalqlar nə isə desin, sonra biz bu barədə danışaq.


- Belə çıxır ki, məsələ Sərdar Cəlaloğlunun nə deməsindən yox, ümumi problemdən qaynaqlanır?


- Sərdar Cəlaloğlu çıxıb deyəndə ki, ay camaat, Aristoteldə də yanlışlar var, deyirlər ki, bu nə boş-boş danışır. Bu qeyri-ciddi adamdır və s. Çünki daxili avtoritarizm imkan vermir ki, düşünsünlər. Həqiqətin meyarı şübhə etməkdir. Qurani-Kərimdən başqa hər bir məsələyə şübhə ilə yanaşmalısan. Bəs Qurana niyə şübhə ilə yanaşmırsan? Çünki Quranın bütün ayələri "Şübhəsiz və ya həqiqətən bu belədir" kimi başlayır. Ancaq heç bir elm bu cür yazılmayıb. O zaman mən niyə Darvinə, Eynşteynə şübhə etməyim? Onlar da mənim kimi adam olub. Bəlkə də, Azərbaycanda elmin dünya səviyyəsinə çıxmamasının əsas səbəbi alimlərimizdə mövcud olan çox güclü elmi avtoritarizmlə bağlıdır. Yəni, hər hansı ziyalı ondan əvvəl deyilmiş fikirlə bağlı danışmağa çəkinir. Alimlərimiz mənəvi cəhətdən belə düşünürlər ki, biz Platon, Darvin, Lomonosov, Eynşteyn haqqında hər hansı fikir bildirə bilmərik. Ancaq məndə belə bir kompleks yoxdur. Bütün bunları da vaxtilə rus edib. Rus deyib ki, rusdan böyük şair, xalq olmaz, rusdan əxlaqlısı yoxdur və sairə. Bütün bunlar insanlarda ruh düşkünlüyü yaradıb. Lakin bəzən azərbaycanlılar xaricə çıxan kimi elmi avtoritarizm kompleksi aradan qalxır və normal düşünə bilir.


- Siyasi partiyalarla əməkdaşlıq necədir?


- Məmməd Əmin Rəsulzadənin məşhur bir sözü var. O deyirdi ki, həmrəylik o yerdə ola bilər ki, bu həmrəyliyə daxil olacaq qüvvələr eyni təhlükəyə məruz qalsın. İndi Azərbaycanda mövcud olan siyasi partiyaların müxtəlif problemləri var. Həmin partiyalar hökumətlə müxtəlif məsafələrdə olduğu üçün, onların hamısının bir araya gəlməsi mümkün deyil. Ancaq eyni təhlükələrə məruz qalan siyasi qüvvələrin həmrəyliyi mümkündür. Biz də bu istiqamətdə səy göstəririk. Əslində, bu gün artıq müxalifətin həmrəyliyindən deyil, iqtidar-müxalifətin həmrəyliyindən söhbət getməlidir. Bilirsiniz ki, indi iqtisadi böhran var, çətinlik yaşanır. Eyni böhranı Azərbaycan kimi başqa ölkələr də yaşadı. Təbii ki, yaşanan iqtisadi böhran siyasi islahatlar tələb edir. Burada eyib məsələ yoxdur. Hesab edirəm ki, bunu biz də edə bilərik.
İndi bəzi hökumət üzvləri məsuliyyəti öz üzərilərindən atmağa çalışırlar. Kimlərsə böhranla bağlı bütün məsuliyyəti Prezidentin üzərinə yıxmağa çalışır. Bəzi deputatlar bəyan edirlər ki, böhranı yalnız Prezident həll etməlidir, ancaq o həll edə bilər. Bu Prezidenti müdafiə etmək deyil, əksinə, bütün məsuliyyəti onunu üzərinə yıxmaq deməkdir. Prezident bütün hər şeyi təkbaşına etməlidir? Bəs Azərbaycan hökumətinin üzvləri nədən ötrüdür? Niyə böhrandan çıxış yolunda ancaq Prezident işləməli və məsuliyyət daşımalıdır? Biz deyirik ki, bu, düzgün yol deyil.

Fikrimcə, koalision hökumət yaradılmalıdır. Koalision hökumətin tərkibində isə mütləq müxalifət partiyaları da təmsil olunmalıdır. İndiki şərtlər daxilində hakimiyyət koalision olmalıdır.


- Düşünürsünüz ki, müxalifət hər şeyi yoluna qoya bilər?


- Azərbaycanda mövcud olan bəzi siyasi partiyalar öz səlahiyyətlərinə uyğun fəaliyyət göstərməyib. İndi də bəziləri onlardan səlahiyyətlərinə aid olmayan vəzifələr tələb edir. Məsələn, Azərbaycanda güclü həmkarlar təşkilatları olmadığı üçün işsizlik və iqtisadi çətinliklə bağlı tələbləri siyasi partiyalar edirlər.
Digər tərəfdən isə mən etiraf edirəm ki, indi Azərbaycanda elə radikal müxalifət qüvvələri var ki, onlar ölkənin məhv edilməsinin tərəfdarıdırlar. Bəzi müxalifət qüvvələri var ki, onlar bu iqtidarla koalisiyaya belə getməz. Onlar Azərbaycanda çaxnaşma olmasını, qan düşməsini istəyirlər. Çünki onlar bu iqtidardan intiqam almaq siyasəti yürüdürlər. Ancaq şəxsən mən tamamilə bütün bunlara qarşıyam. Radikal müxalifətin istədiyi bu yol Azərbaycan xalqı üçün çox təhlükəlidir. Ancaq təklif edirəm ki, koalision hökumət yaradılsın.


- Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bəzi məmurları sərt tənqid edib. Siz də o fikirlə razısınızmı ki, bəzi məmurların özbaşınalığı cəzasızlıq mühiti ilə deyil, bir çox hallarda onların şəxsi xarakterindən irəli gəlir?


- Yüksək vəzifələr tutan əksər insanlar özündən aşağını görməməzliyə tutulur. Fikir verin, bir il öncəyədək Eldar Mahmudovun adını kimsə çəkə bilirdimi? Ancaq indi Eldar Mahmudovun düşdüyü vəziyyətə baxın. İndiyədək Azərbaycanda nə qədər məmur var idi ki, insanları qeyri-qanuni olaraq həbs edirdi. Sonra onların özləri həbsxanaya getdilər. Keçmiş səhiyyə naziri Əli İnsanov var idi. O nazir olan vaxt ANS TV-nin jurnalistinə açıq şəkildə "rədd ol" deyirdi. Sonra özü necə oldu? Həbsxanaya getdi. Baş prokuror Əli Ömərov var idi... Onun sonrası necə oldu? Həbsxana həyatı sürdü. Bəzilərinin vəzifədə olarkən xarakteri belədir. Bunu müxalifət-iqtidarla qarışdırmaq doğru deyil. Əlbəttə ki, hakimiyyət insanı arxayınlaşdırır. Vəzifənin pozucu təsirləri var. Peyğəmbərimizin gözəl sözü var. Deyir ki, qulaqlarınızı haqqınızda deyilən sözlərə öyrədin.


- Son dövrlər Azərbaycanın xarici siyasət kursuna dəyişiklik edilməsi haqda fikirlər var. Siz necə düşünürsünüz?


- Əgər biz Qərblə düzgün əməkdaşlıq etsək, o zaman Qərb bizim yanımızda olacaq, ABŞ Azərbaycanı müdafiə edəcək. O zaman Azərbaycan xalqının da müqavimət gücü indikindən qat-qat çox olacaq. Bu zaman Ermənistana qarşı daha açıq müharibə aparmaq imkanlarımız yaranacaq. Bizim ən böyük problemimiz də xalqımızın mənəvi inkişafının olmaması ilə bağlıdır. Bizim vətəndaşlar zəifdir. Əgər sən bir uşağı evdə döyə-döyə böyütsən və sonra küçəyə çıxanda digər uşaqlarla qorxmadan dalaşa bilər? Əlbəttə ki, yox. Xalq da belədir. Qərbdə nizam-intizamı elə yaradırlar ki, hətta qanunu pozanın özü belə qorxmur. Qorxaq adam sonradan rüşvətxor, satqın və korrupsioner şəxsə çevrilir. Bu gün tez-tez belə fikirlər səsləndirilir ki, Azərbaycan bölgədə Rusiya amilini nəzərə almalıdır. Mən demirəm ki, biz Rusiyanı nəzərə almayaq. Ancaq Rusiyanı nəzərə almaq da o demək deyil ki, onun hər dediyi ilə oturub-durmaq lazımdır. Əksinə, Rusiyanın Azərbaycana dost olmadığını nəzərə almaq lazımdır. Rusiya ilə hər zaman məsafə saxlanılmalıdır, Rusiyaya yaxınlaşmaq olmaz.


Vasif Həsənli
Asif Nərimanlı


Fotolar: Rəşad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm