• USD 1,7000 0,00% EUR 1,9967 -0,29%
    • GBP 2,2236 -1,47% RUB 0,0256 0,00%

Erməni təxribatının pərdəarxası: iflasa uğrayan hədəflər - TƏHLİL

  • Nida.az
  • 4 Aprel 2016 17:41
  • 2 305 Baxış
Erməni təxribatının pərdəarxası: iflasa uğrayan hədəflər - TƏHLİL

“Düşmən yerinə oturduldu”. Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi kimi, Azərbaycan mövqerlərinə təxribatçı hücum edən erməni hərbi birləşmələri layiqli cavabını aldı, düşmən yerində oturuldu. Hazırda cəbhədə yeni döyüşlərin getdiyi haqda məlumatlar var və Azərbaycan Ordusu düşmənə layiqli cavabı verir.


Əslində Ermənistanın təxribatçı mövqeyi təəccübləndirci deyil. İndiyə qədər münaqişənin həlli ilə bağlı yaranmış situasiyaların hər birində düşmən tərəfi cəbhədə təxribata əl ataraq, danışıqlar prosesini pozmağa cəhd edib.


- 1998-ci ildə Ermənistanın keçmiş prezidenti Levon-Ter Petrosyan Azərbaycanın işğal olunmuş ərazilərini mərhələli şəkildə qaytarmaq planı ilə razılaşdı. Lakin bu razılıq onun hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi. 1999-cu ildə isə Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində irəliləyişə nail olunduğu bir vaxtda Ermənistan parlamenti gülləbaran edildi.

Bu, düşmən ölkənin kriminal rejim tərəfindən idarə olunduğunun sübutudur. Lakin bu kriminal rejim təkcə öz ölkəsi daxilində deyil, beynəlxalq birliyin münaqişənin həlli ilə bağlı addımlarını da baltalamaqla məşğuldur.

- 2014-cü ildə Parisdə Fransa prezidenti Ollandın iştirak ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə münaqişənin həllinə ümidlər yarandı. Lakin Serj Sarkisyan İrəvana qayıdan kimi Azərbaycanın işğal olunmuş ərazilərində 40 minlik ordu ilə hərbi təlimlərə başladı. Rəsmi Bakı əvvəlcə təmkinliyini qorusa da, Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanını pozmasına sərt cavab verdi. Azərbaycan Ordusu düşmən helikopterlərindən birini məhv etdi. Beləliklə, dirçələn danışıqlar prosesi yenidən dalan dirəndi.

Və aprelin 2-də Ermənistanın cəbhədə təxribata əl atmasının arxasında da məhz münaqişənin həlli ilə bağlı yaranmış yeni situasiyanı pozmaq məqsədi dayanır.

Burada iki məqama diqqət yetirmək lazımdır.


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış yeni situasiya.


a) Ermənistanın cəbhədəki təxribatına Prezident İlham Əliyevin ABŞ səfəri kontekstində baxmaq olar. Azərbaycan lideri Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizlik Samitində iştirak üçün okeanın o tayında səfərdə idi. Kifayət qədər isti qarşılanmadan sonra Dövlət katibi Con Kerri ilə görüş keçirildi. Ermənistan prezidenti Serj Sarkisyan da eyni sammitdə iştirak etsə də, C. Kerri İlham Əliyevi tək qəbul etmişdi. Və ilk dəfə idi ki, ABŞ-ın baş diplomatı Dağlıq Qarabağ münaqişəsi haqda tərəflərindən yalnız birinin – Azərbaycanın iştirakı ilə danışırdı. O, münaqişənin tezliklə həll olunmasının vacibliyini vurğuladı. Ardınca Birləşmiş Ştatlar açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.

Azərbaycan lideri səfər çərçivəsində vitse-prezidenti Con Bayden, həmçinin, Barak Obama ilə görüşdü. Eyni münasibət, Sarkisyan üçün göstərilmirdi. Bu, Azərbaycan və onun liderinin şəxsi nüfuzundan irəli gəlməklə yanaşı, həm də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın iştirakı olmadan yeni prosesin başlaması demək idi.

Belə ki, hazırki qlobal siyasi situasiya, Cənubi Qafqazda ABŞ-Rusiya maraqları və tərəflərin regiona dair planları tətbiq etmək istiqamətindəki addımlar okeanın o tayında Qarabağla bağlı yeni nələrinsə olduğu ehtimalını gücləndirir. Belə görünür ki, Birləşmiş Ştatlar regionda güc balansını xeyrinə dəyişmək istiqamətində işə başlayıb və bunun üçün bölgənin əsas söz sahibi Azərbaycanın dəstəyini almaq istəyir. Vaşinqton anlayır ki, rəsmi Bakı üçün ölkənin ərazi bütövlüyünün bərpasından önəmli məsələ yoxdur və onun dəstəyini yalnız bu məsələyə dəstək verməklə qazanmaq olar.


Hesab etmək olar ki, bunu anlayan Amerika Prezident İlham Əliyevin səfəri zamanı Qarabağ münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə nəticələnən yeni planı müzakirə edib.
Ermənistan bu planla bağlı ya erməni lobbisinin vasitəsilə məlumat əldə edib, ya da Sarkisyansız aparılan Qarabağ müzakirəsi İrəvana hər şeyi aydın edib. Və düşmən tərəfi cəbhədə təxribata əl ataraq Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı yaranmış yeni situasiyanı pozmağa cəhd etdi.

b) Ermənipərəst konqresmenlərin hazırladığı Roys-Engel ideyasının qəbul edilməməsi də Vaşinqtonda Ermənistanın arzulamadığı Qarabağ danışıqlarının aparıldığına dair ehtimalı gücləndirir.

Prezident İlham Əliyevin martın 30-da Bakı vaxtı ilə 22:00-da Con Kerri ilə nəzərdə tutulan görüşündən saatlar öncə bir qrup konqresmen Ed Roys və Bred Şermanın (hər iki şəxs erməni lobbisinin fəal üzvüdür və Konqresə təqdim olunan qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsinin müəllifləri olublar – red.) rəhbərliyi ilə Barak Obamaya müraciət etdi. Müraciətdə deyilirdi: “Biz Ermənistanın və DQR-in (Qarabağda yaradılan qondarma rejim nəzərdə tutulur – red.) dünya sülhünə dəstəyini salamlayırıq və ümid edirik ki, Azərbaycan öz etirazlarını təkrar gözdən keçirəcək. Sizi nüvə təhlükəsizlik sammiti çərçivəsində Qarabağ münaqişəsi üzrə administrasiyanız tərəfindən bəyənilən Roys-Engel ideyasını münaqişə tərəfləri ilə müzakirə etməyə çağırırıq”. Müraciətdə Obamadan Roys-Engel ideyasının qəbulu üçün Azərbaycan Prezidentinə təzyiq etməsi belə xahiş olunurdu.

Roys-Engel təklifi: qoşunların təmas xəttində snayperlər geri çəkilir, təmas xətti boyunca hücumların mənbəyini müəyyənləşdirmək üçün müasir atəş lokatorları və səs avadanlıqları yerləşdirilir, atəşkəs rejiminin pozulması ilə bağlı nəzarəti yaxşılaşdırmaq üçün təmas xəttinə ATƏT-in əlavə müşahidəçiləri cəlb edilir.


Bu, faktiki olaraq Ermənistana Azərbaycan torpaqlarında işğal siyasətini davam etdirməyə geniş şərait yaradır və münaqişəni beynəlxalq ictimaiyyətin diqqətindən kənarda saxlayır.


İrəvan erməni lobbisinin dəstəyi ilə buna nail olacağına inanırdı. Düşmən ölkənin hesablamalarına görə, Obama konqresmenlərin çağırışını dinləyərək, Azərbaycan Prezidentindən Roys-Engel təklifini qəbul etməsini istəyəcəkdi. Təbii ki, rəsmi Bakı bunu qəbul etməyəcəkdi. Lakin Ermənistan düşünürdü ki, Azərbaycan bu təklifi qəbul etməyəcəyi təqdirdə Birləşmiş Ştatlarla münasibətləri pozulacaq, beləliklə Vaşinqton Qarabağ məsələsində İrəvana dəstək bəyanatları səsləndirəcəkdi.


Lakin Azərbaycan liderinin apardığı danışıqlar nəticəsində nəinki Roys-Engel təklifi gündəmə gətirildi, ümumiyyətlə Ermənistanın mövqeyinə dair bir cümlə belə səsləndirilmədi. Əskinə, ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsinin bünövrəsi quruldu və Vaşinqton Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatı verdi. Bu, dolayısı ilə Ermənistanın işğalçı dövlət kimi qəbul edilməsi deməkdir. Çox güman ki, bütün bunlar Prezident İlham Əliyevin Vaşinqtonda Qarabağla bağlı nail olduğu yeni proseslərin tərkib hissəsidir. Ermənistanın cəbhə xəttində təxribata əl atmasının arxasındakı səbəblər sırasında bunlar açıq şəkildə görünür.


c) İndiki məqamda Rusiyanın da Qarabağ münaqişəsinin həllində maraqlı olduğu görünür. Çünki Rusiya Suriya və Ukraynada münaqişəyə cəlb olunub. Belə bir məqamda Moskva sərhədləri yaxınlığında yeni bir münaqişə ocağını özü üçün ciddi təhlükə mənbəyi hesab edir.
Hətta Rusiyanın münaqişənin həlli ilə bağlı konkret planının olduğu haqda informasiyalar da var idi.

“Rusiyanın münaqişənin həlli ilə bağlı planı var. Plandakı variantlardan biri belədir ki, ermənilər işğal etdikləri Dağlıq Qarabağ ətrafındakı ərazilərin çox hissəsini Azərbaycana qaytarır, lakin Laçın dəhlizi saxlanılır”, - deyə Rusiya KİV-i həmin vaxt yazırdı.


Məlumatlara görə, 2016-cı il martın 10-da Moskvaya dəvət olunan Serj Sarkisyana münaqişənin həllinin zəruriliyi birmənalı şəkildə çatdırılıb. Gözləntilərə görə, Sergey Lavrovun aprelin 7-də Bakıya planlaşdırlan səfərində də münaqişənin həlli ilə bağlı müzakirələrin aparılacaq.

d) Minsk qrupunun digər həmsədr ölkəsi olan Fransanın prezidenti Fransual Olland aprelin 2-də yaydığı bəyanatda 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib. Bu, Fransanın da açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir.

Bununla yanaşı, ATƏT Minsk qrupunun həmsədrləri də münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Həmsədrlərin ən yüksək səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildirməsi də işğalçı Ermənistana sərf etməyən situasiyanın yarandığını sübut edir.

Təxribatın məqsədi


Belə bir situasiyada Ermənistanın Azərbaycan mövqelərinə təxribatçı hücumlarının arxasında məhz bu səbəb dayanır. Düşmənin təxribatçı hücumları iki hədəfə yönəlib.

1. Dağlıq Qarabağla bağlı yaranmış yeni situasiyanı pozmaq və beynəlxalq ictimaiyyətə heç nəyi qəbul etmədiyi mesajını vermək.

2. Azərbaycanı hücum edən tərəf kimi göstərmək. Çünki düşmən ölkə adətən təxtribatçı fəaliyyətlə atəşkəsi pozur, Azərbaycanı hücuma təhrik etməyə cəhdlər edir. Azərbaycan Ordusunun haqlı cavabı nəticəsində düşmən tərəfi böyük itki verir. Belə görünür ki, İrəvana bu lazımdır. Çünki onlar sadə erməninin həyatı ilə oynayaraq, Azərbaycanı dünyada hücum edən tərəf kimi göstərməyə cəhd edirlər. Budəfəki təxribatın məqsədi də budur.

***

Ermənistanın daxili siyasi və ictimai vəziyyəti

Sarkisyan rejimin cəbhədə əl atdığı təxribatlar həm də Ermənistanın daxili vəziyyətinə hesablanıb. Belə görünür ki, İrəvan rejimi Qarabağda gərginliyi artırmaqla həm danışıqları dalana salmaq, həm də öz ictimaiyyətinin fikrini yayındırmaq məqsədi güdüb. Xüsusilə Ermənistandakı əhalinin sosial partlayış həddinə çatması fonunda bu gediş hakimiyyətə sərf edir.

Digər tərəfdən, Serj Sarkisyan öz hakimiyyətinin müddətini uzatmaq üçün Ermənistanda parlament respublikası idarəçilik sisteminə keçmək istəyir. Lakin ictimai əhval-ruhiyyə buna imkan vermir. Belə bir vaxtda cəbhədə gərginliyi artıraraq, “xarici düşmən” obrazının qızışdırılması həm ictimaiyyətin onun ətrafında birləşməsinə, həm də keçmiş prezidentlər – Levon-Ter Petrosyan və Robert Koçaryanın ona dəstək verməsinə səbəb ola bilər.

***

Lakin bu planları quran Ermənistanın kriminal rejimi Azərbaycan Ordusunun cavabının səviyyəsini hesablaya bilməyib. Hazırda düşmən ölkənin təşviş içində olduğu, əhalinin İrəvana qaçdığı haqda xəbərlər yayılır. Serj Sarkisyanın “güzəştə hazırıq” açıqlaması da Ermənistandakı vəziyyəti aydın şəkildə göstərir.

Halbuki, Azərbaycan tərəfi aprelin 3-də beynəlxalq ictimaiyyətin çağırışlarını nəzərə alaraq atəşkəsi birtərəfli qaydada elan etmişdi. Lakin Ermənistan tərəfi yenidən təxribata əl atdı. Nəticə isə özləri üçün ağır oldu.
düşmən ölkə üçün indi bircə yol qalıb: işğal etdiyi ərazilərdən çıxmaq.

Ali Baş Komandan İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında Ermənistana çıxış yolunu göstərdi: “Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>