Separatizmin “dirildilməsi” - Avropada Rusiyanın seçki planına dəstək
Bizi izləyin

Nida Təhlil

Separatizmin “dirildilməsi” - Avropada Rusiyanın seçki planına dəstək

Separatizmin “dirildilməsi” - Avropada Rusiyanın seçki planına dəstək

Bu həftənin bazar günü – 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri geosiyasi rəqabətin mərkəzinə çevrilib. Xarici oyunçularla – Rusiya və Qərb, daxili oyunçuların – Paşinyan və revanşistlər, xüsusilə keçmiş prezident Robert Koçaryan və rusiyalı milyarder Samvel Karapetyanın timsalında, kəskin mübarizəsi müşahidə edilir. Hər iki cəbhənin seçki proqramı 44 günlük müharibədən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqda maraqlarını təmin etmək, güc balansında üstünlük əldə etməyə hesablanıb. Paşinyanın “real Ermənistan” tezisinə əsaslanan seçki kampaniyasında əsas istiqamət sülh, revanşistlərin isə müharibə və “Qarabağ separatizminin dirildilməsi”dir. Revanşistlərin anti-sülh proqramını dəstəkləyən Rusiyanın regionda artıq işə yaramayan rıçaqlarını yenidən bərpa etmək planları aydın görünür.

Bu siyasi mübarizə tənliyində əsas ziddiyyətli məqam isə Avropada erməni revanşistlərin anti-sülh proqramına verilən dəstəkdir. Ki, bu təkcə regiondakı sülh gündəliyini təhdid etmir, eyni zamanda, Avropa İttifaqının da bölgədəki maraqlarını sual altına salır.

Son iki ayda Avropada baş verənlər bu kontekstdə diqqət çəkir.

- Aprelin 16-da Niderland və Belçika parlamentlərində Azərbaycana qarşı qondara qətnamə irəli sürüldü. Sənədlərdə “ermənilərin Qarabağa beynəlxalq təhlükəsizlik zəmanəti altında qayıtması”, “Bakıda saxlanılan ermənilərin (müharibə cinayətləri sübuta yetirilmiş separatçılar-red) azad edilməsi” kimi məsələlər yer alırdı;
- Aprelin 24-də Avropa Parlamenti “Ermənistanın Demokratik Davamlılığına Dəstək” adlı qətnamə layihəsi qəbul etdi. Sənəddə Ermənistandakı seçkilərdə hakimiyyətə dəstək fəaliyyəti əks olunsa da, Azərbaycana qarşı da qondarma ittihamlar da yer alırdı: yenə “ermənilərin qayıdışı”, “Bakıda saxlanılan ermənilər” məsələsi ön plana çıxarılıb;
- Aprelin sonlarında Xankəndidən İrəvana qaçan separatçıların qalıqları İsveçrədə “xüsusi qonaq” kimi qəbul olundu: qondarma “spiker” Aşot Danielyanın rəhbərlik etdiyi qondarma “parlament nümayəndə heyəti” Berndə İsveçrə parlamentinin üzvləri ilə görüşüb;


Bu görüş İsveçrənin separatizmə dəstək layihəsinin məntiqi davamıdır. 2025-ci ildə İsveçrə parlamentariləri qondarma “sülh təşəbbüsü” ilə çıxış ediblər. Bu təşəbbüsdə Qarabağı könüllü tərk edən ermənilər “sürgün olunmuş” kimi göstərilir və təklif edilir ki, “ermənilərlə rəsmi Bakı arasında dialoq platforması” yaradılsın. İsveçrə parlamenti bu təşəbbüslə bağlı qətnamə qəbul edib. Ötən ilin may ayında təşəbbüsün reallaşdırılmasına dəstək məqsədilə 19 deputatdan ibarət partiyalararası komissiya fəaliyyətə başlayıb. Komissiyanın iki rəhbərindən biri İsveçrədəki erməni diasporunun əsas lobbiçisi Ştefan Müller-Altermattdır. Qarabağ məsələsi beynəlxalq müstəvidə praktiki və hüquqi baxımdan tamamilə bağlanmasına rəğmən, İsveçrə parlamentinin məsələni “açıq saxlamaq” cəhdləri separatizmə dəstəkdir. İsveçrəli parlamentarilər bu dəstəyi gizlətmirlər də. Bu ilin fevral ayında İsveçrə Milli Şurasının üzvləri Ştefan Müller-Altermatt və Erix Fontobel, həmçinin, “Beynəlxalq Xristian Həmrəyliyi” (CSI) hüquq müdafiə təşkilatının prezidenti Con Eybner İrəvana səfər edərək, qondarma “artsax nümayəndəliyində” görüş keçiriblər. Aşot Danielyanın və digər separatçıların aprelin sonunda Berndə qəbul edilməsi də bu prosesin tərkib hissəsidir.

İsveçrənin bu yanaşmasını Ermənistan qəbul etmir. 2022-ci ildə Qarabağı rəsmən Azərbaycanın tərkib hissəsi kimi tanıyan rəsmi İrəvan İsveçrə parlamentinin qondarma “sülh təşəbbüsü”nü bölgədəki real sülh gündəliyinə təhlükə hesab edir. Bununla bağlı Ermənistan hökuməti İsveçrə Xarici İşlər Nazirliyinə etiraz məktubu da ünvanlayıb. Buna baxmayaraq, İsveçrə parlamenti, o cümlədən, bir sıra Avropa ölkəsi və təsisatları separatizmə dəstək təşəbbüslərini davam etdirir. Bu, iki məlum səbəbdən qaynaqlanır.

Birincisi, xristian təəssübkeşliyidir: Avropada xristianlıq təəssübkeşliyini ambisiyalarının alətinə çevirmiş qüvvələr ermənilərə dəstəklə siyasi proqramlarını davam etdirirlər; bu amil Azərbaycana qarşı bütün iddiaların qondarma olduğunu bir daha ispat edir;

İkincisi, Avropa siyasi elitasında müəyyən siyasətçilərin-qrupların erməni diasporu/lobbisinin təsir dairəsində olmasıdır: Son iki ayda qəbul edilən qərarlar/qətnamələrin təşəbbüskarlarının, istər Niderland, istər Belçika, istər Avropa Parlamenti, istərsə İsveçrə parlamenti olsun, erməni lobbisinin üzvləri olduğu faktı da bunu sübut edir.

Avropada Cənubi Qafqazda anti-sülh proqramlarına xidmət edən hər iki qrup – xristian təəssübkeşliyindən çıxış edənlər və erməni lobbisinin gündəliyi Rusiyanın regional planları ilə eynilik təşkil edir. Bu eynilik təkcə maraqların uzlaşması yox, bir-biri ilə zəncirvari şəkildə bağlı olan proselərdir. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun erməni diasporu/lobbisinin anti-Azərbaycan və anti-sülh kampaniyaları haqqındakı etirafları da bunu təsdiq edir. Okampo açıq şəkildə bildirir ki, Azərbaycana qarşı qondarma “erməni məhbuslar” və “ermənilərin Qarabağa qayıdışı” kimi kampaniyaların davam etdirilməsi üçün Rusiyada olan erməni biznesmenlərdən pul alır.

Rusiya və Avropadakı qrupların koordinasiyalı şəkildə hərəkət etdiyini təsdiq edən amillərdən biri də İsveçrə parlamentində separatçıların “qəbul edildiyi” ərəfədə Yessentukidə “Biz və bizim dağlar” abidəsinin miniatür surətinin erməni kilsəsinin ərazisində ucaldılmasıdır.

Məntiq və məqsəd eynidir: münaqişənin bitdiyi reallığına şübhə yaratmaq, erməni separatizmini “diri saxlamaq” və bölgədəki siyasi balansa təsir etmək.

Bütün bu prosesin indi – Ermənistandakı seçkilər ərəfəsində baş verməsi isə Paşinyan hakimiyyətini devirməyə hesablanıb. Revanşistlərin hakimiyyətə qarşı seçki kampaniyası “ermənilərin Qarabağa qayıdışı”, “Bakıda saxlanılan ermənilər” kimi elementləri özündə birləşdirir. Ümumi tezis isə Azərbaycan-Ermənistan sülh gündəliyini yenidən nəzərdən keçirməkdir. Avropa və Rusiyada bu kampaniyanı gücləndirəcək təşəbbüslərin irəli sürülməsi də revanşistlərin seçki prosesində irəli çıxmasına xidmət edir. Belə təəssürat yaradılır ki, sanki “bütün dünya revanşistlərin tələb etdiy məsələləri müdafiə edir, Paşinyan isə Azərbaycanın gündəliyinə uyğun hərəkət edir”.

Seçki kampaniyasında Azərbaycan amili üzərində xüsusilə dayanmaları da eyni planın tərkib hissəsidir. Robert Koçaryan və Samvel Karapetyan çıxışlarında mütəmadi olaraq, Azərbaycanı “təhdid” olaraq təqdim edir, Paşinyan seçkidə qalib gələcəyi təqdirdə “Bakının bütün istəklərini” yerinə yetirəcəyi iddiasından çıxış edirlər. “Azərbaycan təhdidi” iddiası Avropada anti-sülh təşəbbüskarları tərəfindən də irəli sürülür. Halbuki, Azərbaycan Ermənistan üçün təhdid yox, bu ölkənin də gələcək mövcudluğuna şərait yaradan regional sülhün memarıdır. Paşinyan hakimiyyəti anlayır ki, “Qarabağ hərəkatı”nın davam etdirilməsi regional sülhə təhdiddir, sülh olmayacaqsa, Ermənistan dalan ölkə olaraq qalacaq və tədricən dövlət kimi mövcudluğu sual altına düşəcək. Məhz buna görə İrəvan Bakının regionda yeni reallığa əsaslanan sülh təşəbbüslərini qəbul etmək məcburiyyətində qaldı. Erməni revanşistlərin Azərbaycanı “təhdid” kimi təqdim etmələri isə ucuz seçki manipulysiyasından başqa bir şey deyil.

Ermənistan üçün real təhdid o zaman yarana bilər ki, revanşistlər seçkidə qalib gələcək və sülh gündəliyini yenidən nəzərdən keçirməyə cəhd edəcəklər. Koçaryan və Sarkisyan, eləcə də Karapetyan kimi revanşistlər hakimiyyətə gəlməsi və keçmiş təxribatlara yenidən əl atması Azərbaycanın sərt və adekvat addımı ilə qarşılacaq. Bəli, məhz bu zaman Ermənistan dövlətçiliyi üçün ciddi təhdid yarana bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm