Azərbaycanı “cəhənnəmə” çevirmək istəyənlərin yeni lideri – TƏHLİL
Bizi izləyin

Nida.az

Azərbaycanı “cəhənnəmə” çevirmək istəyənlərin yeni lideri – TƏHLİL

Amerika İraqı işğal edərkən gətirdiyi qanla birgə indiyə qədər davam edən siyasi islamı da miras qoydu. Səddamı asdılar və dünənə qədər xütbələr verən dindarlar tribunadan siyasi mesajlar səsləndirməyə başladı. Nəticə: İraq hələ də məzhəb qarşıdurması yaşayır.

Radikal dindarların siyasət meydanına atılaraq yaratdıqları Taliban Əfqanıstanı orta əsrlərə apardı. Bu gün Yəməndə husilərin dini kəsim olaraq siyasiləşməsindən doğan təzahürlər – vətəndaş müharibəsi davam edir. Vaxtilə Mərkəzi Asiyada Tacikistan radikal ekstremistlərin siyasi ehtiraslarının əvəzini taciklərin bir-birinə silah çəkməsi ilə ödədi.
Suriya "müharibə muzeyində" ən qiymətli eksponat halına gəlib. Və artıq bəllidir ki, bütün bunların kökündə siyasiləşən, daha aydın desək, silahlanan radikal dindarların dövriyyəyə salınması dayanır.

İraq təcrübəsi Amerikaya Şərq ekspedisiyasında yaxşı nümunə oldu: "parçala və hökm et" prinsipi moderləşdirilərək, məhz bu coğrafiya üçün "dindarları siyasiləşdir (silahlandır) və hökm et" formasına salındı. Təcrübə göstərdi ki, dinin siyasiləşməsindən sonra müsəlman coğrafiyasını parçalamağa ehtiyac yoxdur, onlar bunu sizin əvəzinizdə özləri edəcəklər.

Və burada diqqət çəkən kiçik bir detal var. Bütün bu coğrafiyada əlinə silah alan radikal dindarların siyasi leksikonu belə başlayırdı:

"O kəslər ki, bizimlə deyil, onlar cəhənnəm odunda yanacaqlar".

Bu gün həmin ifadələrin sahibləri və bu ifadəni onların leksikonuna əxz edənlər müsəlman coğrafiyasını cəhənnəmə çeviriblər.

Və eyni ifadələri Bakının küçələrində eşidəndə ilk ağıla gələn sual bu oldu: "Onlar kimdir?".

Onlar: 2003-cü ildə bu ölkəni xaosa sürükləmək istədilər; 2005-ci ildə narıncı geyinmiş və həmin günlərdə İraqda müsəlmanları bombalayan təyyarələri ora göndərən Corc Buşun posterini başlarının üzərinə qaldırmışdılar; özlərini demokrat liberallar elan etdilər, amma xalqın dəstəyini ala bilməyəndən sonra taktika dəyişdirdilər; ultra-liberalizmi, seksual inqilabı və qərbçi düşüncəni milli və dövlətçiliyin üzərinə qaldıranlar dərhal dini kəsimə yan alaraq, sosial şəbəkələr üzərindən "xütbələr" yaymağa, Azərbaycan dindarlarının əksəriyyətinin həssas nöqtəsi olan Həzrət Əlinin, imam Hüseynin şəninə təriflər yağdırmağa başladılar; "ərəb baharı"nda ərəbləşmək sindorumuna yoluxdular; "facebook inqilabı"na cəhd etdilər; ən nəhayət tribunaya dırmaşaraq, İraqda, Əfqanıstanda, Suriyada və yaxın Şərqin bir sıra ölkələrində siyasiləşmiş dini kəsiminin leksikonuna üz tutdular.

Onlar bizi cəhənnəm odu ilə hədələyirlər.

"Mitinqə dəstək verməyənlər cəhənnəmdə cavab verəcəklər".

Əli Kərimlinin müavini Nurəddin Məmmədli 11 sentyabr mitinqində Azərbaycan xalqını cəhənnəmlə hədələdi. Müsəlman Şərqinin qana boyanmış xəritəsində bu kəlmələr tanış deyilmi?!

Nə baş verir?

11 sentyabr mitinqində AXCP-nin liderliyi altında "Məhsul" stadionuna toplaşan Milli Şura siyasi təşkilat olduğunu elan etməsinə baxmayaraq, bütün formatı dini çağırışlar üzərində qurdu. AXCP sədri Əli Kərimlinin müavini Nurəddin Məmmədli etiraz etməyənlərin "cəhənnəm odunda" yanacaqlarını elan etdi. Mövsüm Səmədov və Tale Bağırzadəyə "azadlıq" tələb olundu. 6 gün sonra – 17 sentyabrda eyni şüarlar yenə eyni məkanda dalğalanırdı. Bu dəfə "Allahu Əkbər" nidaları altında.

Hər iki mitinqin niyə keçirildiyi, hansı dairələrin bununla nəyi hədəflədiyi artıq bəllidir. Lakin məhz din üzərindən oynanılan bu oyunlar "nə baş verir?" sualını aktuallaşdırır. AXCP sədri Əli Kərimli özünü liberal hesab edir, Avropa demokratiyasına yaxınlığını daha aydın göstərmək üçün qapılarını hətta anarxistlərə belə daim açıq saxlayır. Və qəfil U dönüşü edərək, dini kəsimə, xüsusilə radikallara üz tutur.

11 sentyabr mitinqindən sonra sosial şəbəkədə etiraz edən dindarların təbirincə desək, "Əli Kərimlini məscidə gedəndə görən olmayıb". Bəs Amerika səfirliyindən əl çəkməyən bu şəxsin dindarları "müdafiə etməsi"nin arxasında hansı hədəflər durur?

Hədəf 1: 2005-ci ildə narıncılığın işə yaramadığını görən AXCP Azərbaycanda populyarlaşan sosial şəbəkələrdə dindarlara yönəlik kampaniyalar başlatdı. Cəbhəçilər "facebook"da Əhli-
Beyti tərənnüm edən fikirlər paylaşır, dini kəsimə "bacı və qardaşlarımız" deyə müraciət edirdilər. (Bu işi ən çox hazırda xaricdə olan, həmin dövrdə AXCP-nin ictimaiyyətlə əlaqələr işini həyata keçirən Natiq Ədilov aparırdı). Qərbpərəst liberalların xaricdə daha demokrat və beynəlmiləl görünmək üçün Azərbaycanın çadralı xanımına yuxarıdan aşağı baxan üzvləri, daxildə "din qardaşlarına" xitab edirdi. Məqsəd dini kəsimin dəstəyini qazanmaq idi.

Çünki: xüsusilə 2005-ci ildən sonra radikal müxalifət kəsimində sosial baza uçuruma yuvarlandı; rayon təşkilatlarının əksəriyyəti buraxıldı; xalq arasında ciddi nüfuz itkisi ilə üzləşdilər.
Beləliklə; bu boşluğun yerini yalnız dini ibadət üçün icmalaşan kəsim doldura bilərdi; Bu, həm də ölkədə dini kəsimin siyasiləşməsinə aparan yol və bunda marağı olan qüvvələrin əlinə oynamaq idi.

Birinci hədəfə çatmaq üçün iki həmlə

1. 2013-cü il prezident seçkiləri öncəsi yaranan Milli Şura dini kəsimi öz qanadı altına keçirmək məqsədilə Azərbaycan İslam Partiyasına (AİP) yaxınlaşmağa başladı. Şura həbsdə olan partiya sədri Mövsüm Səmədovun müdafiəsinə strat verdi. Lakin iqtidarın manevrləri AİP-in Milli Şuranın kölgəsi altına keçməsinin qarşısını aldı. Partiya iqtidar partiyası ilə olmasa da, Milli Şura ilə deyil, Ədalət Partiyası ilə ittifaqa getdi. Cəhdləri boşa çıxmış Milli Şura AİP-ə qarşı hücuma başladı, partiyanın bəzi üzvlərini öz tərəfinə çəkərək, parçalamaq gedişi etdi.

Üç il öncə bu cəhdlər baş tutmasa da, Müsavatı qovaraq, Milli Şuranı ovcunun içinə alan AXCP dini kəsimin dəstəyini almaq manevrini rəfə qaldırmadı.

O zaman radikallığı ilə orta əsrlərin Həsən Sabbahını xatırladan Taleh Bağırzadə hələ siyasi üfüqdə görünmürdü.

2. 2015-ci ilin noyabr ayında Nardaranda Taleh Bağırzadənin rəhbərliyi altındakı silahlı qrupun hüquq-mühafizə orqanları ilə qarşıdurmasının yaşandığı hadisə baş verdi. İki polis əməkdaşı şəhid oldu, silahlı qrupun 5 üzvü öldü. Nardaran dini spesifikası ilə hələ SSRİ dövründən fərqlənirdi. Lakin maraqlı detal Taleh Bağırovun bu qəsəbənin sakini olmamasına baxmayaraq, orada təşkilatlana bilməsi idi. Nardaranda barrikadalar quruldu, dövlətə qarşı hücum başlandı. Lakin dövlət təhlükəsizliyinə ciddi təhlükənin qarşısı alındı və bu qəsəbənin "dini anklava" çevrilməsinə imkan verilmədi.

Və ən maraqlı detallardan biri o idi ki, ölkənin siyasi kəsimlərinin əksəriyyəti bu məsələdə dövlətin yanında dayandı. Çünki məsələ dövlətə silah çəkilməsində idi. Təkcə AXCP bu məsələdən iqtidara qarşı kampaniyaya başlamaq üçün istifadə etdi. Sosial şəbəkələrdə cəbhəçilər dövlətə güllə atanların zərərsizləşdirilməsini "demokratiyanın boğulması" kimi qələmə verməyə başladılar. Bu, onların klassik üslubu, yəni hər hadisədən iqtidara qarşı anti-təbliğat olaraq istifadə etməyi kimi başa düşülə bilərdi. Lakin 11-17 sentyabr mitinqləri AXCP-nin dini kəsimin dəstəyini əldə etmək planını hələ o vaxt rəfdən endirdiyini deməyə əsas verir.

Hədəf 2: "Kim gəlirsə gəlsin, təki bu iqtidar getsin" sözləri Milli Şuranın 2013-cü il 24 avqust tarixli iclasında Əli Kərimlinin müavinlərindən biri tərəfindən səslənib. (Həmin iclasda Cəmil Həsənli Milli Şuranın prezidentliyə vahid namizəd seçilmişdi). Nəzərlərdən qaçan, çoxlarının xəbərdar olmadığı bu detal AXCP-nin hakimiyyət ehtirasına nələrin qurban verə biləcəyinin sərhədlərini aydın göstərir. Bunun fonunda Nardaran hadisələrinin səbəbkarı, "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırzadəyə dəstək verməsinin səbəbi də aydınlaşır. İslam Partiyası və onun sədri Mövsüm Səmədovla müqayisədə daha radikal olan Sabbahın davamçısı Əli Kərimlinin hakimiyyət pillələrində sürətlə addımlamasına imkan verə bilərdi.

Çünki: radikallar bu dəfə daha mütəşəkkil qruplaşmışdı; 2013-cü ildə İslam Partiyası nümunəsinin əksinə, onlarla siyasi danışıqlar apararaq, daha konstruktiv mövqeyə gətirmək çətin olacaqdı; "Müsəlman Birliyi Hərəkatı" hakimiyyətə qarşı siyasətlə deyil, silahla çıxırdı; və onların əllərində siyasi proqramlar, yaxud bəyanatlar yox, məhz silah var idi.

Radikallar Taleh Bağırzadənin rəhbərliyi altında dövlətə qarşı silahlı üsyana başlayır, ölkə qarışır, vətəndaş müharibəsi başlanır və fürsətdən istifadə edən Əli Kərimli hakimiyyətə əl qoyur.

Sonuncu hədəf bu idi.

Və bu hədəfə doğru "siyasətin janqlyoru" hələ də addım-addım irəliləməkdədir: Sentyabrın 11 və 17 təqvim günündə baş verənlər buna şübhə yeri qoymur.

- Mitinqlərə toplaşanların 50 faizindən çoxu dindarlar idi. Bunu anlamaq üçün çəkilən fotolara baxmaq və sadəcə, "Biz Hüseynçilərik" (Nardaran hadisələrinin şüarları) tipli şüarları oxumaq, qaldırılan posterlərdə Corc Buşun əvəzinə Taleh Bağırzadənin və Mövsüm Səmədovun boylanmasına, iştirakçıların daha çox hicablı və saqqalı olmasına diqqət etmək kifayətdir.

- Həbsdə olan Taleh Bağırzadənin dövlətə itaətsizliyə dəvət edən müraciəti və "Allahu Əkbər" nidalarının səslənməsi.

Planda yerdəyişmə: Əli Kərimlinin mitinqdə Taleh Bağırzadəni müdafiə etməsinin görünən tərəfi radikal dini kəsimin dəstəyini qazanmaq və daha çox adam toplamaq idi. Görünməyən tərəfdə məqsəd radikalların lideri Taleh Bağırzadəni əvəz etməkdir.

Çünki "Radikallar Taleh Bağırzadənin rəhbərliyi altında dövlətə qarşı silahlı üsyan başlayır, ölkə qarışır, vətəndaş müharibəsi başlanır və fürsətdən istifadə edən Əli Kərimli hakimiyyətə əl qoyur" planı Taleh Bağırzadənin və tərəfdarlarının həbsi ilə təxirə salındı. Planın yenidən işə düşməsinin yeganə yolu radikal dini kəsimin dəstəyini əldə etmək üçün Bağırzadənin haqlarını ucadan qışqırmaq və bu qışqırığa səs verənlərin liderinə çevrilməkdir.

Lakin o da unudulmamalıdır ki, Əli Kərimli bu planda tək deyil.

***

"Köhnə Qitə"nin üfünət verən bataqlıqlarından boylanan, hətta okeanın o tayına qədər uzanan dairələr Azərbaycan insanını seçdiyi iqtidara qarşı qaldırmaq və rəsmi Bakını öz istəklərinə tabe etdirmək üçün illər ərzində çox əmək sərf edib:

Siyasi hakimiyyətin zəif olduğu 2003-cü illərdə Bakı küçələrində hər tin başı görünən "rəngli inqilab" ustaları; 2005-ci ildə Şərqi Avropada yaşananlardan doğan "narıncılar hərəkatı"; 2010-cu ildə müxalifətin "ərəbləşməsi"; 2012-ci ildə "facebook inqilabı" planı və bütün bunların fonunda müxalifətə xərclənən milyonlarla "Corc Vaşinqton"lar; Azərbaycana qarşı siyasi və iqtisadi sanksiya təhdidləri; təzyiq vasitəsinə çevrilən "reytinq hesabatları"; ən nəhayət, Dağlıq Qarabağ münaqişəsi üzərindən edilən şantajlar.

Bütün bu planlar pozulur və siyasi oyunların ifşası Azərbaycan insanının iqtidar ətrafında daha sıx birləşməsinə səbəb olur. Bu, həm də oyun quranların Azərbaycanda hakimliyi ələ alaraq, bütün Cənubi Qafqazı zəbt etmək, Rusiyaya qarşı hücumda onu cənub sərhədlərində zəiflətmək, Türkiyənin Avrasiyaya çıxışını bağlamaq və hər istədiklərini edən müti ölkə halına salmaq, həmçinin Ankara və Bakının bölgədə yeni siyasi güc yaratmasının qarşısını almaq geostrategiyasının pozulması deməkdir. Bəli, Azərbaycanın müstəqil siyasəti bu coğrafiyada açar rolu oynayır.

Və bu açarı ələ keçirmək istəyən Qərbdəki "dünyaya ağalıq" etmək iddiasında olanlar Azərbaycanı məhz radikal dindarların siyasiləşməsi (silahlanması) ilə zəiflətmək planını işə salır. Çünki indiyə qədər istifadə olunan bütün vasitəçilər özünü doğrultmamışdı.

a) Siyasətin radikal qanadı ilə dini kəsimin radikal qanadı Əli Kərimlinin rəhbərliyi altında toplanır.
b) İkinci Nardaran hadisəsi törədilir, bu dəfə daha mütəşəkkil şəkildə.
c) Silahlar dövlətə çevrilir və ölkədə vətəndaş müharibəsi başlanır. İraqda, Əfqanıstanda, Suriyada etdikləri, Türkiyədə etmək istədikləri kimi. Azərbaycanı "demokratiya metodları" ilə xaosa sürükləyə bilməyənlər bunu vətəndaş qarşıdurması ilə etməyə cəhd edir.

Azərbaycan insanı buna imkan verəcəkmi? Təcrübə bu sualın cavabının "Yox" olduğunu göstərir və ümumiyyətlə bu sualı gündəmdən çıxarır. 11-17 sentyabr mitinqlərində xalq bunu bir daha sübut etdi. Hesab etmək olar ki, mitinqlərin iflası planların da iflası idi. Lakin oyun quranların təhlükəli planlarını rəfə qaldırmadıqlarını gözardı etmək olmaz, xüsusilə hakimiyyət ehtirası üçün istənilən oyuna getməyə hazır olan Əli Kərimli kimi siyasətçinin olduğu ölkədə.

Əks təqdirdə, cəhənnəm təhdidlərini Bakı küçələrində tez-tez eşidəcəyik.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm