Nida.az
Ukrayna-Rusiya savaşından Qarabağa: separatçıların başı əziləcəkmi?
Ukrayna cəbhəsində vəziyyət yenidən qarışıb. Dünən və bu gün təmas xəttində atəşkəs pozulub. Ukrayna Rusiyanı, Rusiya da qarşı tərəfi Dombas və Luqansk istiqamətində ağır artilleriyadan atılan mərmilərlə atəşkəsi pozmaqda suçlayır. İndi hər kəsi bir sual düşündürür: müharibə başlayacaqmı?
Bu arada Donetsk və Luqanskdakı separatçılarla yanaşı, Qarabağdakı erməni kökənli terrorçu-separatçı dəstələr də aktivləşib. Onlar humanitar yüklərin önünü kəsərək Kəlbəcərə getməsinin qarşısını alıblar. Hətta ərazidəki rusiyalı sülhməramlılar da separatçıların əlində aciz qalıb. Bəs rəsmi Bakı bu təxribatlara qarşı hansı addımlar atacaq?
Suallarımızı politoloq İlqar Vəlizadəyə ünvanladıq.
Politoloq Publika.az-a açıqlamasında söylədi ki, Ukrayna cəbhəsində vəziyyət həddindən artıq kritikdir. Bakı isə Qarabağdakı erməni təxribatlarını birdəfəlik həll etmək üçün “ilanın başını əzməli”dir.
- İlqar müəllim, Ukrayna Rusiyanı, Rusiya da qarşı tərəfi Dombas və Luqansk istiqamətində ağır artilleriyadan atılan mərmilərlə atəşkəsi pozmaqda suçlayır. Sizcə, müharibənin başlama ehtimalı nə qədərdir?
- Bilirsiniz, indi hazırda Ukrayna cəbhəsində vəziyyət o qədər gərgin, o qədər mürəkkəbdir ki, hər bir əlavə gərginlik müharibənin başlanmasının əlaməti kimi qələmə verilə bilər. Gərginlik artan yerdə şiddətli atışmalar da olur. Bu, təbiidir. Bəlkə də baş verən atışmalarla tərəflər bir-birlərinin hazırlıqlarını, imkanlarını yoxlayırlar. Bunu da istisna etmək olmaz. İndidən bununla bağlı ciddi proqnozlar vermək çətindir. Ona görə ki, hazırkı gərginlik şəraitində bütün ssenarilər mümkündür. Məhz bugünkü və dünənki gərginliklərin Rusiya və Ukrayna arasında müharibəyə gətirib çıxaracağını söyləmək müşkül məsələdir.
- İddialara görə, Rusiyanın fikri heç də Kiyevi tutmaq deyil. Ruslar lokal döyüşlər apararaq Mariopolu tutmaqla Krımla Luqansk və Donetski quru zolaqla birləşdirmək istəyirlər. Siz necə düşünürsünüz?
- Mən buna inanmıram. Ona görə ki, bu, artıq Ukrayna və Rusiya arasında müharibənin başlanması deməkdir. Tərəflərdən birinin digərinin ərazilərinə doğru irəliləməsi birbaşa müharibənin başlanması anlamına gəlir. Əgər bu ssenari reallaşsa, Ukraynanın sakit oturacağını düşünmək olmaz. Əlbəttə, ərazi bütövlüyünün pozulması bundan sonra da baş verərsə, artıq Ukrayna müqavimət göstərəcək. Bu da elə müharibə deməkdir.
- Bəs Dombasla Luqanskın tanınması ilə bağlı Rusiya Dövlət Dumasının qərarı sizcə, ratifikasiya olunacaqmı?
- Mən bu sənədin ratifikasiyasına da inanmıram. Bu sənəd Duma tərəfindən qərar kimi qəbul olunub. Amma inanmıram ki, ratifikasiya olunsun. Baxın, Fransa parlamenti də Qarabağdakı qondarma separatçı qurumu “tanıyıb”. Amma Fransa hökuməti bununla bağlı hər hansı bir qərar çıxarmayıb. Yəqin ki, Dumanın bu addımı da Kremlin Kiyevə növbəti siyasi pressinqidir. Rusiya tərəfindən Ukraynaya qarşı bundan artıq adımların atılacağına inanmıram. Yeri gəlmişkən, bunu da deməliyik ki, Rusiya Dövlət Dumasının bu addımını Qərbdə hər kəs pisləyir. Amma Fransanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı addımını isə heç kəs pisləmir. Bunun adı ikili standartlardır və ikitirəlikdir. Hər hansı bir ölkə digər dövlətə qarşı bu cür addım ata bilməz. Rusiyaya qarşı etiraz edirlərsə, Fransaya da etiraz etməlidirlər. Amma biz bunu görmürük. Təəssüflər olsun ki, müasir siyasət belədir. Bu o deməkdir ki, həm də hər şey ola bilər. Yəni, bütün ssenarilər qütblər, tərəflərin özləri tərəfindən məqbul görünür.
- Söhbət Qarabağdan düşmüşkən, ermənilər həm sərhədin Tovuz-Qazax, həm də Kəlbəcər istiqamətində təxribatlara əl atdılar. Atəşkəsi pozdular, humanitar yük maşınlarının keçidinə izn vermədilər. Bunlar nədən xəbər verir?
- İki gün bundan əvvəl bizim Baş Prokurorluğumuz belə bir bəyanatla çıxış etdi ki, yaxın müddətdə Qarabağdakı separatçıların “lideri” Araik Arutyunyan məsuliyyətə cəlb olunmalıdır. Nə qədər ki, Araik Arutyunyan, Vitali Balasanyan və digər quldurlar mövcuddurlarsa, eyni zamanda, qərar vermək imkanlarına malikdirlərsə, deməli, bu insidentlər baş verəcək. Yalnız, bu insanların zərərsizləşdirilməsi və ya məsuliyyətə cəlb olunması, eləcə də digər ciddi tərdbirlərin görülməsi nəticəsində xoşagəlməz, yolverilməz addımlara son qoyulacaq. Hərmin təxribatların kökü birdəfəlik kəsiləcək.
- Bakı bunun qarşılığında Laçın dəhlizini bağlaya və ya başqa sərt addımlar ata bilərmi?
- Yenə deyirəm ki, Azərbaycanın atacağı sərt addımalrın başında həmin təxribatlara rəvac verən radikal separatçı siyasi qrupların başçılarının aradan götürülməsidir. Başqa heç bir yolla bunun qarşısını almaq mümkün olmayacaq. Anti-terror əməliyyatları keçirmək lazımdır ki, hələ də Xankəndidə və digər yerlərdəki terrorçular oradan yığışdırılsın. Təəssüflər olsun ki, yarımçıq addımlarla biz heç nəyə nail ola bilməyəcəyik. Təcrübə də, hadisələrin gedişi də bunu göstərir. Yəni əks halda ermənilərin təxribatlarının qarşısını almaq çətin olacaq.
- Rusiyalı sülhməramlılar da Kəlbəcərdən humanitar yük maşınlarının keçirilməsinə nail ola bilməmişdi. Ermənilərə təsir göstərməkdə aciz qalmışdı. Bəs bu rusiyalı sülhməramlıların nüfuzunu aşağı salmırmı?
- Əlbəttə, bu birmənalı olaraq belədir. Çünki bizim razılığımızla Rusiyanın sülhməramlıları həmin ərazidə müvəqqəti yerləşdiriliblər və burada fəaliyyət göstərirlər. Onların hər cür səlahiyyətləri var. Deməli, bu təxribatyönümlü hərəkətlər və onun nəticələri, sülhməramlıların “aciz” davranışı göstərir ki, sülhməramlılar kifayət qədər səlahiyyətlərə malik deyillər. Onların səlahiyyətlərini isə Xankəndidəki qondarma qurumun nümayəndələri məhdudlaşdırır. Başqa cür baş verən hadisələrə don geyindirmək, onu izah etmək çətindir. Bütün bunlar ondan xəbər verir ki, Rusiya sülhməramlıları bu qondarma “hökumətin” oyuncağına çevrilirlər. Təssüf ki, bunun başqa adı yoxdur.
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ