Biz onlara şans veririk - Politoloq
Bizi izləyin

Nida.az

Biz onlara şans veririk - Politoloq

“Brüssel görüşü olduqca vacibdir və heç də təsadüfi deyil ki, aprelin 5-i və 6-sı tarixlərində İrəvanda Ermənistan müxalifəti tərəfindən mitinqlər təşkil ediləcək. Eyni zamanda biz Qarabağın dağlıq hissəsində artıq əli silahlıların video vasitəsilə Qarabağ ermənilərini həmin mitinqlərə getməyə səslədiklərini də görmüş olduq. Brüssel görüşü ərəfəsində erməni tərəfinin atəşkəsi pozması və həmçinin Azərbaycan torpaqları olan Qarabağın dağlıq hissəsinin müxtəlif istiqamətlərində Ermənistandan gələn silahlı erməni terrorçularının çoxaldığının şahidi oluruq. Bütün bunlar deməyə əsas verir ki, Brüsseldə uğurlu görüşün olması bəzi geosiyasi dairələri və təbii ki, dövlətləri narahat edir və onların Ukraynadakı hadisələr fonunda status-kvonun dəyişməsində maraqlı olmadıqları görünür”.

Bunu Publika.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Ekspertin sözlərinə görə, bəzi dövlətlərin siyasi və hərbi rəhbərləri arasında baxış bucağında fərqlilikləri açıq-aşkar şəkildə hiss etməkdəyik: “Düşünürəm ki, generallar digər coğrafiyalardakı məğlubiyyətlərini Cənubi Qafqazda kompensasiya etmək haqqında da düşünürlər. Aprelin 6-da Ermənistan rəhbərliyinin çıxışları ikibaşlı və qeyri-sistemli xarakter daşıyırdı. Belə ki, Nikol Paşinyanın son çıxışları heç də sülhün möhkəmləndirilməsinə istiqamətlənməyib. Əksinə, səsləndirdiyi fikirlər əvvəlki sözlərini təkzib edən müxtəlif geosiyasi dairələrin və daxildəki müəyyən auditoriyanın maraqlarına cavab verən çıxışlar kimi yadda qalıb. Brüssel görüşünə gəldikdə isə xatırlatmaq yerinə düşər ki, artıq bir aydan çoxdur Azərbaycan tərəfi Ermənistana 5 tələb göndərib və İrəvan dediyinə görə bu tələblərə cavab verib. Real olaraq artıq bu 5 mövzu əsasında işlərə start vermək olar. Həmin mövzular siyasi mahiyyət daşıdığından bu, daha çox Rusiya, Ermənistan və Azərbaycan arasında mövzu predmeti olacaq. Eyni zamanda müxtəlif humanitar məsələlər, delimitasiya-demarkasiyanın tezləşdirilməsivə digər məsələlər müzakirə mövzusu ola bilər. Bu görüş Azərbaycanla Ermənistan liderləri arasında Avropa İttifaqının iştirakı və təşkilatçılığı ilə üçüncü görüş olacaq. Bundan əvvəl bir görüş real, digəri onlayn formatda keçirilib. Onlayn formatda keçirilən görüşdə həm də Avropa İttifaqı Ermənistanda və eyni zamanda torpaqlarımızda kütləvi məzarlıqların aşkarlanması ilə məşğul olmalı idilər. Lakin bununla bağlı nəticə hələ də əldə edilməyib. Eyni zamanda bir çox məqamlarla bağlı da suallar var ki, aprelin 6-da keçiriləcək görüşdə Nikol Paşinyan bu suallara cavab verməli və cavablarında səmimi olmalıdır. Çünki biz bilirik ki, Paşinyan müxtəlif auditoriyalarda fərqli çıxışlar etməyi sevir. Ələlxüsus da öz xəyalında müxtəlif geosiyasi vektorlar arasında manevr edir, lakin bu, çox ciddi siyasi tendensiyalara gətirib çıxara bilər”.

Z.Məmmədov vurğulayıb ki, əgər bu il ərzində Azərbaycanla Ermənistan arasında müəyyən məsələlərlə bağlı razılaşdırılmış mövzular reallaşmasa, biz lokal hərbi əməliyyatlar ehtimalının güclənəcəyinə şahidlik edə bilərik: “Ona görə yaxşı olardı ki, ermənilər ağıllarını başlarına yığsınlar, kimlərəsə güvənməsinlər. Əslində, Azərbaycan sərhədlərinin Ermənistan tərəfindən sual altına alınmasında da problem yoxdur. Bu, bəlkə də Azərbaycana sərf edəcək və biz gələcəkdə Ermənistan əraziləri ilə bağlı məsələni gündəmdə saxlayacağıq. Bu gün Nikol Paşinyanın atdığı addımlar birmənalı şəkildə Ermənistan dövlətçiliyinə zərbədir. Onun atdığı addımlardan da gələcəkdə Azərbaycan bəhrələnə bilər. Lakin Bakı sülhsevər olduğundan biz onlara sülh sazişinin imzalanması üçün şans veririk. Nəticə etibarilə bütün bunlar baş verərsə, region sülh mühitinə çevrilə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm