“Güclü diaspor” mifi dağılır: Fransa Ermənistanın üzərindən xətt çəkir?
Bizi izləyin

Nida.az

“Güclü diaspor” mifi dağılır: Fransa Ermənistanın üzərindən xətt çəkir?

“Güclü ordu” mifindən sonra bu dəfə ermənilərin dünyada yaratdıqları “güclü diaspor” mifi dağılmağa başlayıb. Fransada “seçki şou”sundan sonra “ayın görünməyən tərəfi gün üzünə çıxmaqdadır. Ermənilərin seçkilərdə dəstəklədiyi namizədlər də məğlubiyyətə uğradılar. Üstəlik, namizədlər ermənilərlə bağlı vədlərinə də artıq soyuq yanaşırlar.

Ekspertlər düşünür ki, qondarma erməni soyqırımı öncəsi ermənilər o qədər pessimizmə qatılıblar ki, hətta qondarma “anım günü” belə “təmtəraqlı” keçirilməyəcək.

Doğrudanmı ermənilərin “güclü diaspor” mifi sabun köpüyü imiş? Yoxsa Fransa artıq özünə “bacı” bildiyi Ermənistanın üzərindən xətt çəkir?

Publika.az-ın budəfəki “Cümə söhbəti”ndə Milli Məclisin deputatı Rasim Musabəyovla bu mövzuda söhbətləşdik.

Müsahibəni təqdim edirik:

- Rasim müəllim, doğrudanmı “güclü erməni diasporu” anlayışı mif idi?

- Fransadakı erməni diasporunun sayı çoxdur. İmkanları da genişdir. Sadəcə olaraq Fransada erməni məsələsi hazırda gündəlikdə yoxdur. Ona görə də nə uğrunda və nəyə görə mübarizə aparsınlar?! Kim boynuna götürə bilər ki, biz hakimiyyətə gəlsək, ermənilərə görə Türkiyənin, Azərbaycanın üzərinə yeriyəcəyik?! Anlayırlar ki, bu, qeyri-mümkündür. Ona görə də demək olar ki, Fransada prezidentliyə namizədlər arasında gedən siyasi debatlarda erməni məsələsinə ümumiyyətlə toxunulmurdu.

- Sizcə, ermənilərin dəstəklədiyi prezidentliyə namizədlər niyə uduzdular?

- Erməni diasporu ideoloji məsələlərə görə bu və ya başqa bir namizədə dəstək verirdi. “Sarı jiletlilər” arasında kifayət qədər ermənilər, solçular var idi. Nəzərə alaq ki, “Daşnaksütyun” başda olmaqla ənənəvi erməni partiyaları solçu siyasi təşkilatlardır. Onlar da bu seçkilərdə seçim edərək sol baxışlı namizədə dəstək verirdilər. Sağgörüşlülər sağlara səs verirdilər. Bəziləri milliyyətçi baxışlarına görə Marin Le Peni dəstəklədi. Bir daha təkrar edirəm, ortalıqda erməni gündəliyi yoxdur.

- Ekspertlər bildirirlər ki, Makron seçicilərin daxili sosial problemlərdən narahatlığını və erməni lobbisinin zəif nəticələrini nəzərə alaraq əvvəlki kimi erməni məsələsinə böyük diqqət ayıra bilməyəcək. Siz bu haqda nə düşünürsünüz?

- Baxın, Emmanuel Makronla Le Penin seçkiqabağı ən vacib debatları keçirilib. Hətta ən axırıncı debatlarda belə “erməni” sözü dilə gətirilmədi. Sanki Makron da ermənilərə əlindən gələni edirdi. Le Pen də ermənilər üçün yaxasını cırmağa hazır idi. Ancaq ortalıqda hansısa bir iş görmək üçün gündəlik yoxdur. Ona görə də bu məsələnin üstündən sükutla keçildi. Düşünürəm ki, bundan sonra da belə olacaq. Ona görə ki, bu vaxta qədər Fransada ermənilər üçün nə mümkündürsə, ediblər. Ermənilərin iddialarını təmin etmək qeyri-mümkündür.

- Burada Azərbaycanın beynəlxalq nüfuzu da önəm daşıyırmı?

- Bəli. Ələlxüsus, burada Azərbaycanın əhəmiyyəti xüsusi önəm daşıyır. Söhbət Azərbaycanın həm geosiyasi, həm iqtisadi, həm də Avropanın energetika sahəsində əhəmiyyətindən gedir. Nəzərə alaq ki, indi Rusiyadan keçən yollar bağlanıb. Nəqliyyat baxımından da Azərbaycanın önəmi artıb. Yəni həm Mərkəzi Asiyaya çıxış, həm də Çinə quru yolla çıxmaq üçün də Azərbaycanın əhəmiyyəti artıb. Azərbaycanın inşa etdiyi böyük layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəməri Qazaxıstan və Türkmənistan neftinin Avropa bazarlarına çıxışını təmin etmək gücündədir. Rusiya öz ərazisindən Qərbə gedən bütün boru xətlərini bağlayıb. Qaz baxımından da eyni durumdur. Avropa Birliyi Rusiya qazından da imtina edir. Onlar əlavə mənbələrə ehtiyac duyurlar. Xəzərdən əlavə mənbələri nəzərdən keçirirlər. Azərbaycanla yanaşı, söhbət həm də Türkmənistan qazından gedir. Bizim belə imkanlarımız var. Azərbaycan TANAP xəttini inşa etmişdi. İndi nəzərdə tutulur ki, həmin xətlə İraq qazı da gedə bilər. İsrail qazının da həmin xətt vasitəsi ilə Qərb bazarlarına daşınması mümkündür. Bütün bunlar Azərbaycanın əhəmiyyətini daha da artırır. Ona görə ki, TANAP layihəsinin 60 faizlik vəsaitini Azərbaycan ödəyib. Bu, Azərbaycanın idarə etdiyi bir layihədir. Belə olan halda Qərbdən Azərbaycana müraciət də, diqqət də artır. Beləliklə, erməni gündəliyi yaddan çıxır və kənarda qalır.

- Ermənilərin “soyqırımı” mifindən yeri gəldi-gəlmədi istifadə, manipulyasiya etməsi artıq çoxlarını bezdirib. Uzun illər əsas diqqət ABŞ prezidentinin “soyqırımı” sözünü işlədib-işlətməyəcəyinə yönəlirdi. Ötən il Bayden böyük haqsızlıq edərək bu sözü işlətdi. Ermənistan bundan nə qazandı?

- Ukraynada olan hadisələr, Yaxın Şərqdə baş verən olaylar Türkiyənin əhəmiyyətini artırmaqdadır. Bu gün Avropada da anlayırlar ki, Türkiyə olmadan bölgədə təhlükəsizliyi təmin etmək mümkün deyil. Bütün bunların hamısı Türkiyənin həm iqtisadi, həm də elmi yüksəlişindən xəbər verir. Türkiyənin müstəqil siyasət aparması Fransanı, eləcə də hamını məcbur edir ki, cılız erməni maraqlarına görə gedib bu boyda qüdrətli dövlətlə münasibətləri korlamasınlar. Bu, onlara sərfəli deyil. Eyni zamanda bütün bunlar erməni məsələsini gündəlikdən çıxarmağa və tamamilə kənarda saxlamağa sövq edir. Ermənilər zarıyırdılar ki, qondarma soyqırımı tanısınlar. Tanıdılar, nə olsun?! Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, İtaliya tanıyıb. Sonra nə olacaq?! Heç nə baş verməyəcək. Bunu Qərbdə də yaxşı anlayırlar. Elə buna görə də ermənilərlə bağlı bütün məsələlərə diqqət sönür. Bir erməni tədqiqatçı demişdi ki, əvvəllər erməni şüuru qondarma soyqırımı və Qarabağ məsələsi ilə dolu idi, indi onlar daha çox Kim Kardaşyanın geyiminə, “fiqurasına”, özünü reklam etməsinə diqqət yetirirlər. Həmin tədqiqatçı prosesi “Kardaşyanizasiya” adlandırır. Olsun, düşünürəm ki, bununla bu məsələyə nöqtə qoymaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm