Ermənistanda məhv edilən Azərbaycan abidələri - Məxfi çəkilişdən NADİR KADRLAR
Bizi izləyin

Nida.az

Ermənistanda məhv edilən Azərbaycan abidələri - Məxfi çəkilişdən NADİR KADRLAR

Bir əsrdən artıq müddətdir ki, Ermənistan Azərbaycana qarşı təkcə işğal və soyqırımı aktlarına əl atmayıb, eyni zamanda, maddi-mədəni irsimiz də sözün gerçək mənasında vandalizmə məruz qalıb. İşğal altındakı torpaqların azad edilməsi bu vandallığı əyani şəkildə görmək imkanı da yaratdı və məsələ təkcə tarixi, mədəni, dini abidələrin məhv edilməsi ilə yekunlaşmır, bütöv şəhərlər, qəsəbələr və digər yaşayış məntəqələri yer üzündən silinib. Azad edilmiş ərazilərdə bu dəhşətli mənzərə ilə üzləşdik. Lakin maddi-mədəni irsimizə qarşı erməni vandalizmi təkcə işğal etdikləri torpaqlarda yox, Azərbaycanın tarixi torpaqlarında yaradılan Ermənistanda da aparılıb.

Ermənistan Azərbaycanın maddi-mədəni irsinə qarşı uzun illərdir aparılan vandalizm siyasətini bütün vasitələrlə gizlətməyə çalışır. Qarabağın işğaldan azad edilməsi bu vandalizmi çılpaqlığı ilə ortaya qoydu. Ermənistan ərazisində vandalizmə məruz qalan maddi-mədəni irsimizin son vəziyyətini isə “caliber” saytının hazırladığı reportajda əyani şəkildə görmək mümkündür.

Saytın əməkdaşı Rusiyadan qayıdan şəxs kimi Ermənistana səfər etməyə nail olub və Azərbaycana məxsus maddi-mədəni irsin məhv edildiyini, erməniləşdirildiyini, həmçinin, tarixinin dəyişdirildiyini faktlaşdırıb. Və bu faktlar Ermənistanın maddi-mədəni irsimizə qarşı vandalizmin törədilmədiyi, yaxud mənimsənilmədiyi iddialarını alt-üst edir.

İrəvanda “farslaşdırılan” Göy məscidə baş çəkən jurnalist azərbaycanlılara məxsus hər şeyin məhv edildiyinə əyani şəkildə şahidlik edir. “Farslaşdırılan” Göy məscid yeganə “sağ qalan” dini abidədir, halbuki, ötən əsrin əvvəllərində İrəvan quberniyasında 310 məscid qeydiyyatda olub. Hazırda Göy məsciddən başqa heç biri qalmayıb, yeganə saxlanılan məscid isə İran tərəfindən “bərpa edilərək”, “fars” məscidi olaraq təqdim olunur. Tanış mənzərədir. Şuşa işğal altında olarkən İran Gövhərağa məscidini də “bərpa etmiş” və “fars abidəsi” kimi sırımışdı, işğala son qoyulduqdan sonra bu saxtakarlıq əyani şəkildə ortaya çıxdı və dövlət tərəfindən aradan qaldırdı. Bir əsr öncə ermənilərə “paytaxt” olaraq, “bağışlanan” İrəvanda isə saxtakarlıq hələ də saxlanılmaqdadır. Və bir gün tarixi torpaqlara qayıdaraq, Göy məsciddə də tarixin saxtalaşdırılması halına son qoya biləcəyimiz mümkündür, Şuşada olduğu kimi...

Hələki Ermənistana səyahət etməyə nail olan jurnalistin gözü ilə Azərbaycan mədəniyyəti və tarixinin saxtalaşdırıldığının, məhv edildiyinin əyani şahidi oluruq.

Jurnalist yazır: “Ermənilərin Kond adlandırdıqları məşhur Təpəbaşı məhəlləsinə yollanıram. Bura isə bir vaxtlar, erməni vandalizmindən əvvəlki zamanda Təpəbaşı məscidinin yerləşdiyi yerdir. Hazırda bura bərbad vəziyyətdə, yoxsul erməni ailəsi tərəfindən mənzil kimi istifadə olunur. Bəzi məlumatlara görə, bu məscidi İrəvan şəhər hökumətinin üzvü, xan nəslinin nümayəndəsi İrəvan xanı Abbasqulu xan tikdirib. Onun evi də bu məhəllədə yerləşirdi. Ermənilər Abbasqulu xanın xaraba vəziyyətdə olan evini bu günə kimi “Xan evi” adlandırırlar. Məscidin həyətində və onun ətrafında ermənilər gecəqondular salıblar. Erməni vandalizminin daha bir sübutu XVII-XVIII əsrlərdə tikilmiş və İrəvanın eyniadlı məhəlləsində yerləşən “Dəmirbulaq Məscidi”nin dağıdılmasıdır. 1988-ci ildə məscid yandırılıb, 1990-cı ildə isə yerlə yeksan edilib. Bu gün bizim çəkdiyimiz kadrlardan da göründüyü kimi, burada “Rossiya” ticarət mərkəzi yerləşir”.

Pir-Hüseyn tərəfindən İrəvandan bir qədər aralıda, Cəfərabad kəndində tikdirilən “Əmir Səəd məqbərəsi” də eyni taleyi yaşayır.

“Ancaq 15-ci əsrin tarixi abidəsi qismən qorunub saxlanılmasında erməni “alicənablığının” rasional izahı var. Məsələ burasındadır ki, Ermənistanın rəsmi dairələri bu orta əsr məqbərəsini “Türkmən mavzoleyi” adlandırırlar. Eyni şəkildə İrəvandakı “Göy məscidi” də təmir-bərpa işlərindən sonra “farslarınkı” adlandırırlar. Azərbaycanlılar isə burada guya heç vaxt yaşamayıblar... Abidənin yanında quraşdırılmış lövhədə türbənin Qaraqoyunlu dövlətinə aid olması barədə məlumat verilir. Eyni zamanda, əsas stenddə türbənin türkmənlərin tarixi irsi olduğunu göstərir. Bununla da abidənin Azərbaycana məxsusluğu inkar edilir ki, bu da açıq-aşkar saxtakarlıqdır. Çünki türk (türkmən) Qaraqoyunlu tayfaları müasir azərbaycanlıların əcdadlarından biri olub, Qaraqoyunlu dövlətinin tarixi isə Azərbaycan dövlətçilik tarixinin tərkib hissəsidir. İrəvan qalasında, Sərdar (Xan) sarayının yaxınlığında yerləşən “Abbas-Mirzə” və “Şah Abbas” kimi də tanınan “Sərdar məscidi”nin taleyi bundan az kədərli deyil. Mənbələrdə müxtəlif adların çəkilməsinə baxmayaraq, söhbət XVI əsrə aid eyni memarlıq abidəsindən - “Sərdar məscidi”ndən gedir” - reportajdan məlum olur.

Və reportaj boyu, eləcə də çəkilən kadrlar Ermənistanda Azərbaycan maddi-mədəni irsinin üzləşdiyi vandalizmi daha canlı formada görmək mümkündür: ərazisi zibillik kimi istifadə edilən məscidlər, dağıdılan və təhqir olunan qəbiristanlıqlar, kilsəyə çevriləb İslam abidələri, erməniləşdirilən maddi-mədəni irs nümunələri və s.

Bu kadrlar, eləcə də faktlar işğal dövründə bölgəyə faktaraşdırıcı missiya göndərməkdən boyun qaçıran, işğala son qoyulduqdan sonra isə belə bir missiyanı təşkil etmək üçün dəridən-qabıqdan çıxan UNESCO üçün də əyani material hesab edilə bilər.

Necə deyərlər, “Hamı cənab fakt qarşısında şlyapasını çıxarır”. Beynəlxalq ictimaiyyət də bunu etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm