Siyavuş Novruzov: “Yalan xəbər yayanlara qarşı cəza sərtləşdiriləcək”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Yalan xəbər yayanlara qarşı cəza sərtləşdiriləcək”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov Prezident İlham Əliyevin “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” imzaladığı sərəncamı təqdir edib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, bu sərəncam çox vacib və əhəmiyyətli sənəddir.

Onun sözlərinə görə, son vaxtlar cəmiyyətdə gedən müzakirələrin əksəriyyəti sözügedən sərəncamda qeyd olunur:

“Bu sərəncamda əks olunan əsas məsələlərdən biri də cəbhəyanı ərazilərdə yerli əhalidən ibarət patrul xidmətinin yaradılması ilə bağlıdır. Bu çox önəmli məsələdir. Bu, həm də Azərbaycanın düşmən tərəfindən hər hansı bir təxribat və diversiya cəhdlərinin qarşısının alınmasında yeni bir mərhələ hesab olunur. Yəni, cəbhəyanı ərazidə yaşayan əhali o zonanın mövcud şəraitini və relyefini kənar ərazilərdən gələn adamlardan daha yaxşı bilir. Ona görə də yerli əhali arasından patrul xidmətinə cəlb olunması düşmən cəhdlərinin qarşısının alınmasında mühüm rol oynayacaq.

Bu sərəncamda yer alan digər vacib məsələ isə cəbhəyanı ərazilərdə mövcud olan ictimai və dövlət əhəmiyyətli , xüsusilə də hərbi obyektlər barədə məlumatların düşməndən gizli saxlanılması və düşmənə ötürülməməsi ilə bağlıdır. Yəni, düşmən tərəfi bütün bu obyektlərin sıradan çıxarılması məqsədi güdərsə, o zaman onların qarşısını almaq üçün də bu sərəncamda müvafiq göstərişlər əksini tapır.

Bundan əlavə, sərəncamda KİV-lərin dövlətin kəşfiyyat, əks-kəşfiyyat, hərbi, döyüş və müdafiə məsələləri ilə bağlı xəbərlərin yayılması zamanı Müdafiə Nazirliyinin mətbuat xidməti ilə razılaşdırılma aparılması ilə bağlı da məsələ yer alır. Yəni, Azərbaycan ordusu və təmas xəttində baş verən vəziyyətlə bağlı erməni KİV-də yayılmış məlumatları vermək doğru deyil. Bütün bunlar isə çox vacib əhəmiyyət kəsb edir.

Sərəncamda yer alan digər məsələlər də cəmiyyət üçün aktualdır”

S.Novruzov deyib ki, sözügedən sərəncamdan irəli gələrək “Dövlət sirri haqqında” qanuna bir sıra əlavə və dəyişikliklər edilməsi gözlənilir:

“Milli Məclisin payız sessiyasında bu məsələyə baxılacaq və yalan informasiya yayanlara qarşı qanunda nəzərdə tutulan cəza sərtləşdiriləcək. Çünki cənab Prezidentin bu sərəncamla mövcud olan bəzi qanun boşluqlarının aradan qaldırılmasına hüquqi baza yaratdı. Ona görə də “Dövlət sirri haqqında” qanuna əlavə və dəyişikliklər olacaq. Cənab Prezidentin imzaladığı sözügedən sərəncamda yer alan məsələlər isə həmin qanunda yer alacaq”.

Xatırladaq ki, sentyabrın 24-də Prezident İlham Əliyev “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam ımzalayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm