Avropa Birliyinin tövsiyələri və iki mövqe
Bizi izləyin

Nida.az

Avropa Birliyinin tövsiyələri və iki mövqe

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia təmsil etdiyi qurumun Azərbaycandakı QHT-lərə aid qanunvericiliyi təkmilləşdirməklə bağlı tövsiyələri olduğunu xatırladıb.

Bəyanatı Publika.Az-a şərh edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev söyləyib ki, bir sıra tövsiyələri müzakirə etmək və müəyyən addımlar atmaq olar: “Tövsiyələrdən əvvəl də QHT-lərə Dövlət Dəstəyi Şurası bir neçə təşəbbüslə çıxış etmişdi. Onlardan biri QHT-lərin qeydiyyatının sadələşdirilməsi və qeydiyyatın təkcə Bakıda yox, bölgələrdə də aparılması ilə bağlıdır.

Amma elə tövsiyələr var ki, onların dəqiqləşdirilməsinə ehtiyac var. Məsələn, Avropa Birliyinin bir tövsiyəsində qeyd olunur ki, fond təsisçisi bir neçə nəfər ola bilər. Azərbaycan qanunvericiliyində isə bir nəfər nəzərdə tutulub. Daha bir tövsiyə fondun yaradılması üçün tələb olunan nizamnamə kapitalının məbləği barədədir.

Məsələn, Azərbaycanda hər hansı fondun yaradılması üçün 10 min manat nizamnamə kapitalı tələb olunur. Bunu Azərbaycana irad tutmaq istəyirlər, bu vəsaitin çox olduğunu deyirlər. Halbuki Avropa ölkələrində bu məbləğ 100 min avroya qədər yüksələ bilir.

Misallardan da görünür ki, tövsiyələrə münasibətim birmənalı deyil. Bir çox əsaslandırılmamış məlumatlar, eyni zamanda müzakirə olunacaq məsələlər var”.

İctimai Təşəbbüslər Mərkəzinin təsisçilərindən biri Qubad İbadoğlu deyib ki, Roland Kobianın mövqeyi ilə razıdır. Mərkəzin QHT qanunvericiliyi ilə bağlı təkliflərin olduğunu deyən Qubad İbadoğlu hesab edir ki, birinci növbədə QHT-lərin qeydiyyatı bir pəncərə sistemi ilə aparılmalıdır.

İctimai Təşəbbüslər Mərkəzinin ikinci təklifinə görə, fondlar və QHT-lər üçün olan baryerlər aradan qaldırılmalıdır: “Fondun yaradılması üçün nizamnamə kapitalının 10 min manat olması nəzərdə tutulub. Düşünürük ki, bu, çoxdur.

Daha bir təklifimiz qrantların qeydiyyatı ilə bağlıdır. Hesab edirik ki, bu bir qədər sadə olmalıdır. Digər təklifimiz maliyyə hesabatlarının elektron qaydada verilməsi ilə bağlıdır.

QHT ünvanını dəyişirsə mütləq Ədliyyə nazirliyinə məlumat verməlidir. Bu baxımdan həm də elektron dövlət reyestrinin yaradılamsı təklifi ilə çıxış edirik.

Daha bir problem QHT ittifaqlarının yaradılması məsələsidir. Bizdə ümumiyyətlə koalisiyalar, alyanslar qeydə alınmır. Düşünürük ki, bu da qanunvericilikdə nəzərdə tutulmalıdır”.

Qubad İbadoğlu bildirib ki, bütün bu məsələlərin hakimiyyətlə müzakirəsini, dövlət qurumları ilə dialoqun aparılmasını istəyirlər.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm