Xocalının keçmiş başçısı: “Minsk qrupunu İrəvan qrupu adlandırmaq lazımdır”
Bizi izləyin

Nida.az

Xocalının keçmiş başçısı: “Minsk qrupunu İrəvan qrupu adlandırmaq lazımdır”

“İşğal olunmamışdan öncəyə qədər Xocalı dörd ay erməni mühasirəsində qalıb. Rusiyanın 366-cı motoatıcı hərbi alayının köməyi olmasaydı, Xocalıda soyqırımlar törədilməzdi”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində Xocalı soyqırımının baş verməsi və Azərbaycan torpaqlarının işğal edilməsinin bir çox səbəbləri olub. E.Məmmədov deyib ki, əsas səbəblərdən biri də həmin dövrdə də beynəlxalq təşkilatların və böyük güc dövlətlərinin bu məsələyə biganəliyi idi: “Həmin beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlarla yanaşması Ermənistanın ərazilərimizi işğal etməsində rol oynayıb. Bu işğala 80-100 illik uzun bir yol var idi. Ermənilər də o dövrdə yaranmış vəziyyətdən və Mixail Qorbaçovun siyasi mövqeyindən çox məharətlə istifadə etdi”.

Xocalının sabiq icra başçısı qeyd edib ki, ermənilərin düşmən əməlini həyata keçirə bilməsinin bir səbəbi isə o dövrdə Azərbaycanda mövcud olan hakimiyyət boşluğu, ölkə rəhbərliyinin zəifliyi və səriştəsizliyi olub: “Ancaq əsas amil xarici qüvvələr, ermənilər və onlar havadarları olub. Xocalı son 4 ayı tam mühasirə vəziyyətində qalmışdı. Təbii ki, bu vəziyyətdən təkcə o dövrdə olan Azərbaycan rəhbərliyi deyil, eyni zamanda dünya birliyinin də məlumatı var idi. Onlar Xocalıda ağır fəlakətlərin baş verəcəyini bildirdilər. Ancaq onlar Azərbaycana kömək etmək əvəzinə, işğalçı Ermənistana kömək edirdilər, onlara hərbi və maliyyə yardımları verirdilər. Nəticədə də Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən soyqırım törədildi. Təbii ki, Ermənistan silahlı qüvvələrinin yanında erməni terror təşkilatlarının muzdlu dəstələri və Rusiyaya məxsus 366-cı motoatıcı alay var idi. Bunların hamısının qarşısında da Xocalı sakinləri təkbaşına tab gətirə bilməzdi. Ona görə də ermənilər Xocalı soyqırımını törətdilər və 1000-ə qədər insanımız şəhid oldu. Şəhid olan insanlar hərbçi deyildilər, onlar silahsız dinc insanlar, qocalar, körpələr idilər”.

E.Məmmədov deyib ki, fevralın 26-da Xocalı soyqırımının törədilməsinin 23-cü ili tamam olacaq: “Bu illər ərzində beynəlxalq təşkilatlar Xocalı soyqırımını törədən canilərə qarşı biganə yanaşıblar, hətta bu soyqırım törədiləndən bir neçə ay sonra özünü demokratiyanın beşiyi adlandıran ABŞ işğalçı Ermənistana qarşı deyil, Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq edib. Soyqırımı törədən tərəfə isə maliyyə yardımı ilə dəstək oldu”.

E.Məmmədov onu da vurğulayıb ki, indiyədək soyqırım törətmiş işğalçı Ermənistana qarşı adi bir cəza və ya sanksiya tətbiq olunmayıb: “Ermənilərə xəbərdarlıq edən, söz deyən yoxdur. Əksinə, ATƏT-in Minsk qrupu 20 ildən çoxdur ki, fəaliyyət göstərir və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik mandatı verilib. Ancaq indiyədək heç bir irəliləyiş əldə olunmayıb. Mən hələ 15 il öncə ATƏT-in Minsk qrupunun adını beynəlxalq turizm şirkəti qoymuşam. Əslində, həmsədrlərin adını ATƏT-in İrəvan qrupu adlandırmaq lazımdır. Çünki Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanması və həll olunmaması, Ermənistanın açıq şəkildə müdafiə olunması ATƏT-in Minsk qrupunun ermənipərəst mövqeyinin nəticəsidir. ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ermənipərəst dövlət bizə hansı ədaləti vəd edə bilərlər. Onlar ötən illər ərzində ancaq bir söz deyirlər ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Bu isə o deməkdir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağda qondarma erməni dövlətinin yaşamasına və güclənməsinə xidmət edirlər.

Ukrayna məsələsinə baxsaq görərik ki, həmin beynəlxalq təşkilatlar necə narahatdırlar. İndi bütün dünyanın diqqəti Rusiyaya qarşı sanksiyaların tətbiqinə yönəlib. Görün nə qədər böyük dövlətlər Ukraynaya görə əl-ayağa düşüb canfəşanlıq göstərirlər. Avropa Birliyi, ATƏT və BMT mütəmadi olaraq görüşlər keçirir, Rusiyaya sanksiyalar tətbiq edilir. Axı biz də həmin ATƏT-in, Avropa Şurasının, BMT-nin üzvü olan dövlətik. Biz də insanıq, bizim də hüquqlarımız var, bizim də taleyimizlə oynamaq olmaz. Nəyə görə Azərbaycana bu qədər biganəlik və laqeydlik var? Bütün bunlar Ermənistanı ruhlandırır və beləliklə, işğalçı ölkə öz çirkin missiyasını davam etdirir, doğru yola gəlmək istəmir. Müharibə bizim ərazimizdə gedir, işğal olunan ərazilər də Azərbaycana məxsusdur, bir milyona yaxın qaçqın bizim əhalimizdir. Ancaq tənqid və qınaq hədəfində Azərbaycan olur. Silah və maliyyə yardımları isə işğalçı Ermənistana edilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm