Nida Təhlil
ABŞ-ın Türkiyə üçün qurduğu məhkəmə və Zərrab işinin hədəfləri - TƏHLİL
Asif Nərimanlı
“Böyük liderimiz” deyə İranın ali dini lideri (əslində bu
ölkənin dərin dövləti hesab olunan sistemin başı) Ayətullah
Xameneiyə xitab edən Rza Zərrab bu gün Amerikada bağlı olduğu
dövləti, həm də Türkiyəni satır.
Qlobal siyasi intriqalar fonunda bəlkə də “əsrin məhkəməsi” hesab
olunacaq bu işdə hədəf məlumdur: Türkiyə, daha doğrusu, hazırda
ABŞ-ın istəyinin əleyhinə olaraq, müstəqil siyasət aparan və bu
siyasətin nəticəsi olaraq, Yaxın Şərqdə maraqlarının uzlaşdığı
İranla eyni səfdə dayanan Türkiyə. Buna paralel olaraq, Zərrab işi
həm də Amerika-İngiltərə qarşıdurması kimi də dəyərləndirilə bilər.
Mənzərə kifayət qədər qarışıq və mürəkkəb görünür.
Rza Zərrab İrana qarşı Amerika embarqosunu yarmaqda ittiham
olunduğu halda, U dönüşü baş verdi və İranın Azərbaycan əsilli iş
adamı müttəhim kürsüsündən şahid kürsüsünə daşındı. Onun əleyhinə
ifadə verdiyi isə “Halkbank”ın baş direktorunun müavini Hakan
Atilla, dolayısı ilə Türkiyə hökumətidir. Burada ana sual
belədir:
Zərrab müttəhim kürsüsündən şahid kürsüsünə necə
keçdi?:
İranın məşhur valyuta taciri olan Zərrab nəslinin nümayəndəsi dini
liderə yazırdı ki, “Böyük liderimiz Ayətullah
Xameneinin və Mərkəzi Bankın hörmətli rəhbərlərinin sanksiyalar
qarşısında oynadığı rol, sanksiyaları təsirsiz hala gətirib, hətta
onları özəl metodların istifadə edilməsi sayəsində əlverişli
fürsətə çevirib. Əsas fəaliyyətin sanksiyaların artırılmasına və
sərtləşdirilməsinə yönəldiyi sirr deyil və İran İslam İnqilabının
müdrik liderinin bu il İqtisadi Cihad ili olacağını elan etməsindən
bəri, valyuta məsələsində yarım əsrlik təcrübəyə malik Zərrab
ailəsi maliyyə və valyuta sanksiyalarına qarşı siyasətin həyata
keçirilməsi üçün hər cür əməkdaşlığa hazır olduğumuzu milli və
əxlaqi vəzifəmiz olaraq bildiririk...”
Bu məktubu ABŞ kəşfiyyatı Zərrabın elektron poçtundan tapmışdı və
məktubdan da göründüyü kimi, o, nə qədər varlı olsa da, birbaşa öz
cibinə işləyən iş adamı yox, İran “dərin dövləti”nə bağlı olan,
həmçinin, Türkiyə dövlətinin İran siyasətinin iqtisadi tərəfində
yer alan şəxsdir. Onun həbs edilməsi “qara qutu”nun ələ keçirilməsi
deməkdir.
Beynəlxalq media korporasiyalarının bütün təbliğat maşınına rəğmən,
vaxtilə ABŞ sanksiyaları qarşısında İranın duruş gətirmək üçün
gizli şəbəkələrdən istifadə etməsi normal olduğu qədər də ədalətli
hesab oluna bilər. Türkiyənin bu prosesdə yer alması da bu dövlətin
öz mənafeyindən çıxış etmək istəyindən irəli gəlir. Türkiyə
embarqonu dələrək, İranla gizli iqtisadi əlaqələr qurmaqla iki
hədəfə çatdı:
1. Bu prosesdən gəlir əldə etdi. Hansı ki, bunu
Türkiyə etməsəydi, başqa ölkə edəcəkdi. Misal üçün, İranın sanksiya
dövründə Ermənistan üzərindən də xarici ticarət apardığı
məlumdur;
2. Türkiyə regional maraqlarının toqquşmasına
baxmayaraq, İrana dəstək verməklə bölgədə gələcək siyasi tarazlığı
öz xeyrinə çevirdi. Bu gün Suriyada Əsəd rejimini dəstəkləyən
İranın PYD-yə qarşı Türkiyə ilə birgə hərəkət etməsi, həmçinin,
PKK-nın əsas qərargahı olan Qəndilə birgə əməliyyatın keçiriləcəyi
üzrə gözləntilər də hazırki beynəlxalq situasiyada bu iki dövlətin
maraqlarının uzlaşması ilə yanaşı, həm də Ankaranın çətin günlərdə
Tehrana dəstəyinin bəhrəsi hesab oluna bilər.
Və “embarqonun dəlinməsi” prosesində əsas aparıcılar Rza Zərrabla
Babək Zəncani idi. Zəncani işi İranda, Zərrab isə Türkiyədə
aparırdı. 2007-ci ildən Zərrabı izləyən Amerika bu gizli sistemdən
xəbəri var idi və 2013-cü ildə Türkiyədə FETÖ-çülərin əli ilə
həyata keçirdiyi “17-25 dekabr” əməliyyatı ilə bu sistemi
çökdürməyə, həmçinin, Zərrabı həbs edərək, onun ifadəsi əsasında
həmin vaxt baş nazir olan Ərdoğanı məhkəmə qarşısına çıxarmağa,
yəni Vaşinqtonun hər istədiyini etməyən AKP iqtidarını tamamilə
devirməyə cəhd etdi. Lakin nəticə etibarilə buna nail ola bilmədi
və Ərdoğan əməliyyatdan güclənmiş şəkildə çıxaraq, FETÖ-ya qarşı
hücuma keçdi. Zərrab da məhz Ərdoğanın təlimatı ilə həbsdən azad
edildi. Lakin bu əməliyyatdan bir neçə gün sonra – 2014-cü ilin 5
yanvar tarixində Zərrabın əsas ortağı olan Babək Zəncani İranda
həbs olundu. Bu o dövr idi ki, İranda islahatçı qanadın namizədi
Həsən Ruhani prezident seçilmişdi, lakin parlamentdə
mühafizəkarların (Zərrab-Zəncani cütlüyü məhz mühafizəkar qanada
bağlı idi) çoxluğuna görə əsas söz sahibi deyildi. Buna baxmayaraq,
Ruhani mühafizəkarların istəyi ilə embarqo dövründə İran neftini
xaricə çıxaran Zəncanini həbs etdirməyə nail olmuşdu.
Əslində Zərrab işində ilk ip ucu məhz İranda islahatçıların
hakimiyyətə gəlişindədir: İslahatçılar 1979-cu il İran
İslam İnqilabını həyata keçirən və bütün qapıları Qərbin üzünə
bağlayan mühafizəkarlardan fərqli olaraq Amerika və ingilislərlə
əməkdaşlığa həmişə açıq olub. Ruhaninin hakimiyyətə gəlişi ilə
ABŞ-İngiltərə ikiliyi İranda ilk uğura imza atdı. Ardınca
islahatçılar mühafizəkarların bütün etirazlarına qarşı çıxaraq,
nüvə proqramı üzrə saziş imzaladılar. Bu, İranda 1979-cu ildən
sonra böyük inqilab hesab oluna bilərdi. Zəncaninin həbsi də onu
aldadanları cəzlandırmaq istəyən ABŞ-ın islahatçılardan ilk
tələbinin yerinə yetirilməsi idi. 2016-cı ilin 26 fevral tarixində
İranda keçirilən parlament seçkilərində islahatçılar ilk dəfə
olaraq qələbə çaldı. Bu, artıq İranda ikinci inqilab idi, lakin bu
dəfə ABŞ-ın xeyrinə...
Burada diqqətdən qaçmayan detal Zərrabın İranda parlament
seçkilərində islahatçıların qalib gəlməsindən təxminən bir ay sonra
– 2016-cı ilin martında ABŞ-a getməsi və orada həbs olunmasıdır.
Göründüyü kimi, ABŞ İranda ona qarşı olan mühafizəkarların
məğlubiyyətindən sonra Xameneini lider hesab edən Zərrabı həbs
etdi. Bu, ABŞ-la İranda islahatçı hakimiyyətin razılaşması idi.
Amerika Zəncanidən sonra Zərrabı da həbs edərək, onun əleyhinə
olanları cəzalandırır; İranda islahatçı hakimiyyət isə
mühafizəkarların adamlarını qurban verməklə həm ölkə daxilində öz
əlini gücləndirir, həm də bir növ nüvə razılaşmasının qeyri-rəsmi
müddəalarını yerinə yetirirdi; Bu, “inqilabın öz balalarını
yeməsinə” bənzəyirdi: (Oxu: Zərrabın həbsi... Yaxud İran öz övladlarını niyə
“yeyir”?).
Zərrabın qaçışı: iş adamının razılaşma ilə ABŞ-a
getdiyi şübhəsizdir. Sonradan ortaya çıxan faktlar da bunu
təsdiqlədi. “17-25 dekabr” əməliyyatından sonra Zərrabın Türkiyədə
çıxışına qadağa qoyulmuşdu, lakin bu qadağa cəmi 47 gün çəkdi.
Məlumatlar var ki, Zərrab ABŞ-a getməmişdən öncə Türkiyənin baş
naziri olan Əhməd Davudoğlu hökumətindən həyatı üçün zəmanət istəsə
də, bu təmin olunmayıb. Belə demək mümkünsə, Zərrab dilemma
qarşısında qaldığı üçün Amerika ilə razılaşıb: xidmət etdiyi İran
dövləti islahatçıların ABŞ-la razılaşmasından sonra onun arxasından
çəkildi; İrana bel bağlamaq ortağı Zəncaninin taleyini yaşamaq
demək idi; Türkiyə ona zəmanət vermədiyi üçün yeganə çıxış yolu
Amerika ilə razılaşmaq idi.
Zərrabla ABŞ kəşfiyyatı arasında təmas quran şəxsin – Metin Topuzun
casusluğa görə Türkiyə dövləti tərəfindən həbs edilməsi də göstərir
ki, Vaşinqton Rzanın düşdüyü vəziyyətdən istifadə edərək, onunla
razılaşıb. Güman ki, Zərrab hər şeyi etiraf edərək, kəsiləcək
cəzaya boyun əymək, beləliklə həyatını və var-dövlətini xilas etmək
istəyirmiş. Və çox güman ki, ABŞ-la razılaşmada hər şeyi etiraf
edəcəyi təqdirdə ona simvolik cəzanın kəsiləcəyi vədi verildiyi
üçün buna razılaşıb. Beləliklə, Zərrab turist kimi getdiyi
Amerikada həbs olundu və müttəhim olaraq məhkəmə qarşısına
çıxarıldı.
Və həbs olunması gözlənildiyi halda şahidə çevrildi. Sual
yaranır: bu gün Zərrabın Türkiyə hökuməti əleyhinə verdiyi ifadələr
mövcud siyasi situasiyada İranın da əleyhinə olduğu halda Tehran
“öz övladını” niyə amerikalılara satdı? Əslində prosesin
ən incə detalı da budur və cavablar daşların yerinə oturmasına
kömək edir.
CAVAB: Hər şeydən öncə bir detalı ayırd etməliyik.
Zərrab Obama hakimiyyəti dövründə ABŞ-a müttəhim olaraq getmişdi;
Tramp hakimiyyəti dövründə şahidə çevrildi;
Bu kontekstdə Zərrab işinə iki rakursdan baxmalıyıq:
Müttəhim Zərrab: Obama Amerikası ingilislərlə
birgə hərəkət edərək, İranla nüvə məsələsində anlaşdı. İranda
islahatçıların əli ilə mühafizəkarları sıradan çıxarmaq planı ABŞ
və İngiltərənin birgə ssenarisi idi. Obama Administrasiyası
yəhudilərin əksinə gedərək, İrana qarşı sanksiyaları yumşaltdı və
son nəticədə İran bölgədə Türkiyəni əvəzləyərək, Qərbin müttəfiqinə
çevrilməli idi. Zərrabın müttəhim olduğu dövrdə əsas plan
anti-Amerika cəbhəsini sıradan çıxarmaq və Türkiyəni lazımi
müstəviyə gəlməyə məcbur etmək idi. Lakin bu prosesdə Zərrab da
cəzalandırılacaqdı. Zərrabın Türkiyədə FETÖ-çülər tərəfindən
“Ərdoğana qarşı danışsan, həbs olunmayacaqsan” vədi ilə aldadılaraq
Amerika aparıldığına da iddialar da bu kontekstdə diqqət çəkir.
Şahid Zərrab: ABŞ-İngiltərə planları Trampın
prezident seçilməsi ilə arxa plana keçdi və situasiya tamamilə
dəyişdi. Tramp Administrasiyası xarici siyasətdə əsas prioritet
kimi İranın vurulması xəttini seçdi. Çünki “qırmızı saçlı oğlanı”n
Ağ Evə girişini ABŞ-dakı yəhudi kapitalı təmin etmişdi.
(Oxu: “Dərin müharibə”də qələbənin sirri: yeni prezident
devriləcəkmi?).
Bu anqlosaksonlarla yəhudilərin (Bunu Rokfeller-Rotşild
savaşı da adlandıraq bilərik) mübarizəsi idi və qələbə
ikincilərin oldu. Nəticə etibarilə ingilislər amerikalılarla
yollarını ayırdılar, ən azından bu indi belədir. Qətər böhranı da
İngiltərə-Amerika cütlüyünün üz-üzə gəldiyinin əyani nümunəsi idi.
(Oxu: Səhrada qanlı döyüş və ABŞ-ın Körfəzdə böyük
oyunu). Son dövrlər ABŞ-Türkiyə qarşıdurmasında
Ankaradan yüksək səviyyəli rəsmilərin Londona intensiv səfərləri də
təsadüfi deyil. Görünən budur ki, ABŞ-la zidd düşən ingilislər bu
qarşıdurmada Türkiyəni, həm də dolayısı ilə İranı dəstəkləyir. Bu
baxımdan,Zərrabın şahidə çevrilməsində ana mənzərə məhz
ABŞ-İngiltərə qarşıdurmasıdır.
Amerikanın hədəfi nədir?:
a) Türkiyənin Vaşinqtonun “əmrinə tabe olacaq” vəziyyətə
gətirmək;
b) İranla eyni səfdən çıxarmaq;
c) İngiltərə ilə eyni yolda addımlamaqdan yayındırmaq;
Zərrabın ABŞ məhkəməsində açıqladığı etirafların əsas hədəfi
Türkiyə hökuməti – Ərdoğandır. Lakin bu etiraflar böyük ehtimalla
iki hissəli olacaq.
İLK HİSSƏ - Türkiyədə FETÖ-nün atdığı addımlara bəraət
qazandırmaq: Zərrab ABŞ embarqosunu yarmaq üçün gizli
şəbəkə qurduqlarını və bu şəbəkədə dövlət bankı olan “Halkbank”
əsas rol oynadığını, həmçinin, işi həyata keçirmək üçün AKP
hökumətindəki nazirlərə rüşvət verdiyini etiraf edib. Bu ilk
hissədir və ABŞ-ın istəyi məhz “17-25 dekabr” əməliyyatının həqiqət
olduğunu, dolayısı ilə FETÖ-nünü AKP hökumətinin dediyi kimi
“terror təşkilatı” olmadığını türk ictimaiyyətinə göstərmək, yəni
FETÖ-ya bəraət qazandırmaqdır.
“17-25 dekabr” əməliyyatı zamanı nazirlərin rüşvət aldığı
həqiqətdir, lakin sual yaranır: Türkiyə hökuməti artıq
vəzifədə olmayan bu nazirləri niyə həbs etmir? Mümkündür
ki, ABŞ embarqoların dəlinməsində Zərraba rüşvət qarşılığında kömək
edən bu şəxsləri Türkiyədən tələb edəcək. Və amerikalılar türklərin
bu şəxsləri verməyəcəyini də bilirlər. Çünki Ərdoğan bu şəxsləri
ABŞ-a verərsə, bu, Türkiyənin haqsız vəziyyətə düşməsi, “17-25
dekabr” əməliyyatının doğru olduğunun etirafı və növbəti tələblərin
gəlməsi deməkdir. Rüşvət alan nazirlərin həbs olunmamasındakı səbəb
bu ola bilər.
ABŞ isə rüşvət faktlarını ortaya çıxarmaqla həm FETÖ-yə bəraət
qazandırır, həm Türkiyə ictimaiyyətini AKP-yə qarşı qaldırır, həm
də embarqonun dəlinməsində iştirak edən şəxsləri tələb edərək,
Ankaranın Fətullah Gülənin Türkiyəyə verilməsi tələbi qarşısında
maneə yaradır. Yəni Ankara Güləni tələb edərsə, Vaşinqton da həmin
şəxsləri tələb edəcək.
İKİNCİ HİSSƏ – Türkiyədə xaos yaratmaq: Zərrabın
indiyə qədər dedikləri baş vermiş faktlardır və güman ki, hələ
etirafları başa çatmayıb. Lakin o da dəqiqdir ki, bundan sonra
Zərrabın dediyi hər şey Türkiyədə ictimai rezonans doğuracaq.
ABŞ-ın istəyi də budur. Çünki ikinci hissədə ABŞ-ın hazırladığı
“etiraflar” dövriyyəyə girəcək və ilk hissədə doğruları açıqlayan
Zərrabın ikinci hissədə açıqlayacağı dezinformasiyalar da həqiqət
olaraq qəbul ediləcək. Zərrabın məhkəməsinə paralel olaraq
Türkiyədə CHP lideri Kamal Kılıçdaroğlunun Ərdoğan və ailəsi haqda
sənədlər açıqlanması xaos planının dövriyyəyə girdiyini
göstərir.
Xaos ssenarisi: Yaxın günlərdə ana müxalifət olan
CHP “rüşvət” iddiaları ilə AKP-yə qarşı mitinqlərə başlaya bilər;
Zərrab isə ABŞ-da Ərdoğanın adının keçdiyi “faktlar” açıqlayacaq;
Nəticə etibarilə ana müxalifətə Ərdoğanın istefasını tələb etmək
üçün əsas veriləcək; ən təhlükəli məqam mitinqlərdə terror
aktlarının törədilməsi ola bilər, hansı ki, təcrübə bunu istisna
etmir; Bu isə Türkiyədə xaosun başlanmasına gətirib çıxara
bilər.
ABŞ bacararsa, Ərdoğanı devirmək, bacarmarsa, ən azından onun
istəyi ilə hərəkət etmək vəziyyətinə salmaq istəyir. Lakin bu, heç
də asan görünmür. Çünki: Türkiyə İrana qarşı ABŞ
sanksiyalarına qoşulmamışdı; İranla aparılan ticarət isə Türkiyənin
daxili işidir və heç bir beynəlxalq qanuna zidd deyildi; Bu
baxımdan, ABŞ-ın Türkiyədə nəyəsə nail olacağı çox az ehtimaldır,
lakin xaos yaratmaq üçün müxtəlif yollara əl atacağı da istisna
deyil.
Amerikanın özü də Zərrab məsələsi ilə Ərdoğanı devirə bilməyəcəyini
anlayır. Lakin bu iş üzərindən hərəkət etməklə Türkiyəni öz yanına
çəkməyə cəhd edir. Digər tərəfdən, Zərrab işi həm də Türkiyənin ABŞ
konsulluğundakı casusu – Metin Topuzu həbs etməsinə, ardınca
PYD-nin sözçüsü Talal Silonu ələ keçirərək, Amerikanın terror
təşkilatına necə dəstək verdiyini etiraf etdirməsinə qarşı əks
həmlədir.
Hadisələrin inkişafını Amerikanın Zərraba hansı “etirafları”
etdirəcəyi müəyyən edəcək. Lakin qarşıdakı dövrdə Türkiyə-ABŞ
qarşıdurmasının daha da kəskinləşəcəyi aydın görünür.
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək