500 körpü, 75 km tunel, 85 min qayıdış: İlham Əliyev "Euronews"dan dünyaya hansı mesajları verdi?
Bizi izləyin

Nida Təhlil

500 körpü, 75 km tunel, 85 min qayıdış: İlham Əliyev "Euronews"dan dünyaya hansı mesajları verdi?

500 körpü, 75 km tunel, 85 min qayıdış: İlham Əliyev "Euronews"dan dünyaya hansı mesajları verdi?

Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər həm işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, həm də Azərbaycanın enerji təhlükəsizliyində artan rolu baxımından diqqət çəkib.

Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirdi ki, prezidentin müsahibəsində xüsusi vurğulanan məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesidir:

“Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində bir sıra mühüm və aktual məsələlərə toxundu. Dövlət başçısının diqqət çəkdiyi əsas məqamlardan biri işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri olub”.

Deputat qeyd etdi ki, erməni işğalı dövründə həmin ərazilərdə demək olar bütün infrastruktur dağıdılıb:

“Prezident bildirdi ki, erməni işğalçıları həmin ərazilərə müvəqqəti gəldiklərini bildikləri üçün orada demək olar bütün infrastrukturu dağıdıblar, kommunikasiya xətlərini sökərək yararsız vəziyyətə salıblar. Buna görə də Azərbaycan həmin ərazilərdə infrastrukturu faktiki olaraq sıfırdan qurmalı olub. Bu isə sadəcə köhnənin bərpası deyil, ən müasir standartlara uyğun yeni yaşayış və nəqliyyat sisteminin yaradılması deməkdir”.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, azad edilmiş ərazilərdə yollar, tunellər, körpülər, dəmir yolları, məktəblər və xəstəxanalar paralel şəkildə inşa edilir. Dövlət başçısının sözlərinə görə, ümumi uzunluğu 75 kilometr olan tunellərin artıq 70 kilometri istifadəyə verilib, 500 körpüdən isə 435-i tikilib.

Aydın Mirzəzadənin sözlərinə görə, bu göstəricilər qısa müddətdə görülən işlərin miqyasını açıq şəkildə nümayiş etdirir:

“Hazırda azad olunmuş ərazilərdə geniş avtomobil yolları çəkilir, tunellər inşa edilir, yeni körpülər salınır”.

Prezident İlham Əliyev müsahibədə vurğulayıb ki, həyata keçirilən layihələr nəticəsində artıq 85 mindən çox insanın doğma torpaqlarına qayıdışı təmin olunub.

Aydın Mirzəzadə hesab edir ki, bu, təkcə Azərbaycan üçün deyil, beynəlxalq miqyasda da diqqət çəkən göstəricidir:

“Dövlət başçısı vurğuladı ki, qısa müddət ərzində 85 min insanın doğma torpaqlarına qayıdaraq orada yaşamağa başlaması olduqca böyük hadisədir. Avropa meyarlarına görə bu rəqəm orta həcmli bir şəhərin əhalisinə bərabərdir”.

Deputat Prezidentin müsahibəsində enerji təhlükəsizliyi ilə bağlı mesajların da xüsusi əhəmiyyət daşıdığını bildirdi:

“Prezident qeyd etdi ki, Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı kimi tanınır. Boru kəmərləri vasitəsilə qaz təchizatı sahəsində Azərbaycan bu gün dünyanın aparıcı ölkələrindən biridir. Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir”.

Prezident İlham Əliyev müsahibəsində yaxın zamanda yeni qaz yatağının istifadəyə veriləcəyini də açıqlayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanla əməkdaşlığa başlamaq istəyən ölkələrin sayı getdikcə artır.

Deputatın fikrincə, bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir:

“Ümumilikdə, Prezidentin müsahibəsində səsləndirilən fikirlər Azərbaycanın həm dövlət olaraq güclənməsinə, həm regionda sülh və sabitliyin möhkəmlənməsinə, həm də beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələri bir daha nümayiş etdirib”.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm