Siyasi ambisiyaları ailə dəyərlərindən üstün tutanlar...
Bizi izləyin

Nida Təhlil

Siyasi ambisiyaları ailə dəyərlərindən üstün tutanlar...

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasının onlara verdiyi cəhənnəm əzabını açıqlaması və buna görə atasından imtina etməsi insan haqları, fikir azadlığı və demokratiyadan danışıb hakimiyyəti ittiham edənlərin gerçəkdə kim olduqlarını və bu ölkəyə necə bir gələcək gətirmək istədiklərini göstərdi. Qızının yaşadıqlarını dilə gətirməsinə sırf siyasi kontekstdə yanaşan Qəhrəmanlılar, baş verənləri “AXCP-yə qarşı hakimiyyətin hücumu” kimi dəyərləndirəcək qədər kliniki vəziyyətdə olan Kərimlilər bu ölkəyə evlərində yaratdığı diktatura rejimindən savayı nə gətirə bilər ki?!

Siyasət iyrənc deyil, onu iyrənc insanlar bu vəziyyətə salır.

Baş verənlər və Əli Kərimlinin dəstəsinin Selcan Yağmura hücumları bu məşhur deyimin həqiqət olduğunu bir daha göstərdi. Onlar hətta öz partiya yoldaşlarının belə ailələrinə rəhm etmirlər və Qəhrəmanlı da qızını yalançı çıxarmağa çalışması, ona qarşı partiyadaşlarının iyrənc hücumuna göz yumması ilə onlardan biri və elə birincisi olduğunu göstərdi. Əsl bolşevik təfəkkürüdür, dəyərlərin yoxluğu... Nə ailə, nə övlad, nə də digər dəyərlərin heç biri bu adamlar üçün yox kimidir. Onlar qışqırır: “Hər şey Əli Kərimli uğruna...”.

Əli Kərimli müavinin qızına və ailəsinə etdiklərinin gündəmə gəlməsindən sonra susqunluq nümayiş etdirdi və yalnız 24 saat sonra məsələyə münasibət bildirdi. Cəmi iki gün öncə Gültəkin Hacıbəylinin fotosunu paylaşaraq, “hakimiyyət xanım siyasətçiyə hücum” edir iddiasını irəli sürən adam illərdir gözləri önündə üç xanıma qarşı törədilən S.Yağmurun dediyi kimi sadizm davranışlarına haqq qazandırır, onları dözümlü olmağa dəvət edirmiş. Çünki hər şeydən üstün olan insan yüksək səslə danışdığı haqları, qadın azadlığı deyil, özünün şəxsi ambisiyalarıdır.

Hadisəyə açıqladığı münasibətində də şəxsi eqolarının, siyasi ambisiyalarının bütün qadınlardan, bütün insanlardan və bütün dəyərlərdən üstün olduğunu göstərdi.

O etiraf edir ki, Qəhrəmanlının ailəsinə qarşı etdikləri yeni deyil, lakin iddia edir ki, 4-5 il öncə olub və məhz bu “ağsaqqallıq” edərək, məsələni yoluna qoyub. Halbuki, Selcan Yağmurun “Əli Kərimli anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, “onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?”. Bəs siz Əli Kərimlinin “qonşu arvad” rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz?” sözləri yalan danışdığını təsdiqləyir. Axı bir ailədə baş verənləri o ailənin üzvləri “qonşu arvadı”ndan daha yaxşı bilirlər.

Şiddətə qarşı olduğunu, AXCP-də qadınlara hörmət edildiyini deyir. Lakin sosial şəbəkədəki trol dəstəsinə öz müavininin qızının üzərinə hücum etmək əmrini verən də odur. Son 24 saatda cəbhəçilər sosial şəbəkələrdə S.Yağmura qarşı “psixi xəstə, narkoman, “yarasız övlad” kampaniyası aparır, Qəhrəmanlının ailəsinə etdiklərinə haqq qazandırırlar. Əli Kərimli məsələyə münasibətində də müavininin qadınlara qarşı şiddətinə haqq qazandırır, “həqiqətlə yalanın” bir-birinə qarışdığını iddia edir. Və gözlənildiyi kimi bu məsələdə də hakimiyyəti ittiham edir. Məqsəd faktı gizlətmək, əsl mahiyyətlərinin ortaya çıxmasının qarşısı almaqdır və bunun üçün yeganə bacarıqları olan hakimiyyətə qarşı ittiham kampaniyasına start veriblər.

Sual yaranır: xanımlara qarşı zorakılıqda kimdir günahkar?

- Qızlarını, həyat yoldaşlarını döyən Qəhrəmanlılar, bu şiddətə haqq qazandıran Kərimlilər, yoxsa hakimiyyət;

- AXCP-də xanım müşaviri intim görüntülərlə şantaj edən Əli Kərimli, yoxsa hakimiyyət;

- Xanım müavinini qanunları pozmağa sövq edən və məsuliyyətə cəlb olunmasına səbəb olan partiya sədri, yoxsa qanunun aliliyini təmin edən dövlət;

- Evində diktatorluq edən, xalq qarşısında “azadlıq və demokratiya” nitqləri söylənən və cəmiyyəti aldatmağa çalışanlarmı günahkardır, yoxsa, bu ölkədə fikrindən, dinindən, dilindən, mövqeyindən asılı olmayaraq, bütün vətəndaşlara bərabərhüquqlu şərait yaradan, hər kəsin, elə bu məişət canilərinin belə şəxsi təhlükəsizliyini gecə-gündüz düşünən, qoruyan dövlət;

Bu hadisə bir daha təsdiqləyir: onlar üçün şəxsi ambisiyalarından başqa heç bir dəyər mövcud deyil...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm