Nida Təhlil
Dünyanın aclıq qiyaməti və ya Azərbaycanda yaşadığımız üçün niyə şanslıyıq?

Koronavirus pandemiyasının dünyada yaratdığı iqtisadi durğunluq işsizlik və aclıq təhlükəsini də özü ilə gətirdi. Böyük dövlətlərin nümunəsində hökumətlərin vətəndaşlarının aclıq çəkməsi qarşısında heç nə edə bilmədiyini, yaxud etmədiyini, bütün resursların virusla mübarizəyə cəlb edildiyi vaxt insanların yoxsulluğun ağuşuna atıldığı müşahidə olunur.
Aclıq və yoxsulluqla mübarizə üzrə ixtisaslaşmış 19 fondu özündə birləşdirən “Oxfam” təşkilatı dünyada bir milyard insanın yoxsul vəziyyətdə yaşaya biləcəyini proqnozlaşdırır. Təşkilatın ötən həftə açıqladığı hesabatında bildirilir ki, dünya üzrə gündəlik 1,90 dollardan az qazanan və “çox yoxsul” olaraq qəbul edilən insanların sayı 434 milyondan 922 milyona qədər, gündəlik 5,50 dollardan az qazanan insanların sayı isə 548 milyondan 4 milyarda qədər arta bilər. Hesabatda 1990-cı ildən indiyə qədər ilk dəfə dünya üzrə yoxsulluq səviyyəsinin yüksələ biləcəyi qeyd olunur.
Pandemiyanın yaratdığı bu mənzərə fonunda nadir ölkələr virusla mübarizə aparmaqla yanaşı, vətəndaşların işsizlik və yoxsulluqla üz-üzə qalmaması istiqamətində də adımlar atır.
İnkişaf etmiş Qərb ölkələri, eləcə də digər böyük dövlətlərdə mənzərə isə xoşagəlməzdir.
Koronavirus pandemiyasının ciddi iqtisadi zərbə vurduğu Böyük Britaniyada 3 milyon insan ac qalıb. “Food Foundation”un (Qida Fondu) ötən həftə hazırladığı hesabatda epidemiyanın yayılmasına qarşı həyata keçirilən tədbirlərin ölkə əhalisinin 6 faizinin aclıq səviyyəsinin altında yaşamasına səbəb olduğu deyilir.
“Bu, 3 milyon insan deməkdir. Hər ailədən ən azı bir nəfər son üç həftədir günü ac olaraq keçirir, yaxud yetərli qədər qida yeyə bilmir”, - hesabatda bildirilir.
Fondun keçirdiyi sorğuda iştirak edən 8,1 milyon insanın 16 faizi virus yayılandan sonra qida çatışmazlığı ilə üzləşdiyini deyir. Buna səbəb virusun yayılmasıın qarşısını almaq üçün karantin rejimin tətbiq edilməsi, iş yerlərinin bağlanmasıdır. Fondun direktoru Anna Taylor bildirib ki, İngiltərədə qida yoxsulluğu problemi də yaranıb: “Məhsul çatışmazlığı yaşanır, insanlar ehtiyacları olduqları məhsulları ala bilmədiklərini deyirlər”.
Bazarlar üzrə ixtisaslaşmış “YouGov” şirkətinin araşdırmasında isə deyilir ki, ölkədə təxminən 1,5 milyon insan karantin rejiminin tətbiq olunmasından sonra ən azı bir günü heç nə yemədən keçirir.
Avropada işsizlik və yoxsulluq mənzərəsi son həftələrdə dəyişib. Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) məlumatına görə, son iki həftədə Qitədə ən azı bir milyon insan iş yerini itirib. Hərçənd, bu statistika yalnız işsizlik müavinəti üçün müraciət edənlərə daxildir, ümumi göstəricilər daha çoxdur.
ETUC-un baş katibi Luca Visenti deyir ki, son bir həftədə bazarda şirkətlər sürətlə yoxa çıxır: “Minlərlə müəssisə daha bazara qayıda bilməyəcək. Pasxadan sonra təcili tədbirlər görülməsə nə olacağını təsəvvür edə bilirsinizmi? Risk üç və dördqatlı olacaq”.
“Euronews” yazır ki, müqaviləsi olmayan və müstəqil çalışan işçiləri də daxil edəndə həqiqi say daha yüksəkdir.
Beynəlxalq Əmək Təşkilatı dünyada potensial iş itkisinin 36 milyon ola biləcəyini proqnozlaşdırır. Vinstenti isə deyir ki, bu itkilərin böyük hissəsi Avropada olacaq.
Analoji mənzərə ilə Rusiya da üzləşib. Keçmiş maliyyə naziri Aleksey Kudrin proqnozlaşdırır ki, ölkədə işsizlərin sayı 2,5 milyondan 8 milyona qədər yüksələcək.
ABŞ-da isə işsizlik “qiyaməti” yaşanır. Bir həftə ərzində 3,3 milyon insan işsizlik müavinəti ilə bağlı müraciət edib.
Nyu-York Tayms amerikalıların yaşadıqlarının heç bir şeyə bənzəməyən kollektiv iqtisadi sarsıntı olduğunu yazır.
“Milyonlarla iş yerinin itirilməsini iflaslar izləyəcək. Minlərlə müəssisə bağlandı və heç vaxt açılmayacaq. Bəzi iqtisadçılar bu il ümumdaxili məhsulun “Böyük Depressiya” dövrü ilə müqayisə olunacağını proqnozlaşdırırlar”, - nəşr yazır.
Lakin nəşr işsizlik rəqəmlərinin reallığın yalnız bir hissəsi olduğuna diqqət çəkir: “Yarım gün və az maaşla işləyənlər işsizlik müavinəti almırlar. Muzdlu işçilər, müstəqil podratçılar və s. heç biri bu kateqoriyaya daxil deyil. Digər tərəfdən, işdən qəfil çıxarmalar, çox sayda insanın iddialarının təmin edilməməsi dəhşətli mənzərə yaradıb. Ölkədə işsizlik idarələrinin telefonları susmur, çoxsaylı daxil olmalar kopmüter serverlərini çökdürür”.
Çikaqoda gəmi şirkəti üçün veb-dizaynerlik edən 25 yaşlı Elise Quivey heç bir xəbərdarlıq edilmədən işdən qovulub. O deyir ki, dərhal ştatın işsizlik müavinətini almaq üçün müvafiq idarənin veb-saytına daxil olub, lakin alınmayıb. Növbəti gün səhər isə onlayn forumu doldurmağa çalışarkən server çöküb.
Elise Quivey
İHS Markit analitik firmasının icraçı direktoru Ben Herzon qeyd edir ki, iqtisadiyyatın böyük bir hissəsi çökdü: “Hər həftə milyonlarla işsizin olacağı qaçılmazdır”.
Konqres işsizliklə bağlı yardım paketini qəbul edib, lakin iqtisadçılar hesab edir ki, bu paket bütün işsizləri əhatə etməyəcək, xüsusilə müqaviləsi olmayanlar, özəl sektorda çalışanlar, bağlanan müəssisənin işsiz qalan əməkdaşları yardım ala bilməyəcək.
Hyustonda hava limanının agenti Quntina Mur-Caravay martın 13-dən işsiz olduğunu deyir. 46 yaşlı Mur-Caravay hava limanında saatına 10 dollar qazanırdı, heç bir yığımı yoxdur və bu gün işsiz qaldığı üçün aclıqdan əziyyət çəkir. Artıq o, aylıq 688 dollar kirayə haqqını ödəyə bilməyəcəyini, belə gedərsə, küçədə qalacağını bildirir.
Havaydakı ticarət binalarının divarına suvaq vuran və gündəlik qazanan Bill Copperfield bir müddət öncə xəstələndiyi üçün işə çıxmırdı. O, sağalandan sonra iş yeri bağlandı. Bill işsizlik iddiası qaldırmağa çalışsa da, heç nəyə nail ola bilməyib.
“Artıq bir aydır ki, gəlirim yoxdur, kirayə pulunu ödəyə bilmirəm, ərzaq almağa pulum yoxdur”, - deyir.
Nyu-York Tayms yazır ki, hazırda ABŞ-da milyonlarla belə insan var və onlar faktiki olaraq, aclıqla mübarizə aparır.
Quntina Mur-Caravay
Bu faktlar fonunda Azərbaycan nümunəsi insanlarda “bu ölkədə yaşadığımız üçün şanslıyıq” fikrini gücləndirdi. Axı koronavirus pandemiyasının yayılmasından öncə çoxları “Amerika arzusu”, yaxud “Avropa xəyalları” ilə bu ölkəni tənqid edir, hətta bəyənmirdi.
Pandemiya dünyada milyonlarla insanı işsiz və ac qoyduğu vaxt Azərbayca nə etdi?
Dövlət virusun yayılmasını minimallaşdırmaq üçün karantin strategiyasını tətbiq etməklə yanaşı, vətəndaşın sosial rifahının pisləşməməsi üçün də addımlar atdı.
- 2,5 milyard manatlıq dövlət dəstəyi paketi qəbul edildi; 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əmək haqqının əhəmiyyətli hissəsinin ödənməsini dövlət öz üzərinə götürdü; dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edildi; dövlət dəstəyindən 600 minə yaxın vətəndaş, o cümlədən, 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq; bununla yanaşı, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına başlanılır; qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələr artıq başlanıb; kommunal ödəmələrə güzəşt edildi;
- Banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat həcmində kreditlərin 60 faizinə dövlət zəmanətinin verilməsi haqda qərar qəbul edildi, beləliklə, zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq; dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud bank kreditləri üzrə isə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq; məqsəd pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir;
Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da pandemiyaya görə xüsusi karantin rejimi tətbiq edilir və təbii olaraq, dövlət və özəl sektorun böyük qismi fəaliyyətini müvəqqəti dayandırıb. Lakin Azərbaycanda heç bir işçi nə işdən çıxarılıb, nə də gəliri azalıb, əksinə, dövlətdən sosial müavinət alanların sayı çoxalıb, günəmuzd işləyən işçilərin gəliri dövlət tərəfindən qarşılanır və s. Bu Azərbaycan, o da çoxlarının xəyallarını qurduğu inkişaf etmiş ölkələr. “Azərbaycanda yaşadığımız üçün niyə şanslıyıq” sualının cavabı aydındır...
Asif Nərimanlı

-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video