Prezident İlham Əliyev Paşinyanın “maskasını düşürdü...”
Bizi izləyin

Nida Təhlil

Prezident İlham Əliyev Paşinyanın “maskasını düşürdü...”

İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans çərçivəsində keçirilən Sammiti Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında növbəti diplomatik məğlubiyyəti ilə nəticələndi. Sonuncu dəfə bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatda Əliyevin önündə dili topuq vuran Paşinyan Şərq Tərəfdaşlığı Sammitində də özünü biabır etdi.

Sammitdə Azərbaycan liderinin erməni baş nazirə cavabı, eləcə də bir sıra məqamlar diqqət çəkir.

Prezident İlham Əliyevn Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışarkən bildirdi ki, Aİ və Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar yekun mərhələsindədir: “Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.

Dövlət başçısı işğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycanın nail olduğu sosial-iqtisadi inkişaf konkret faktlarla göstərdi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən layihələrdən, COVİD-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən effektiv mübarizədən, ölkəmizin pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyə nail olmaq istiqamətində atdığı real addımlardan və 29 dövlətə humanitar yardım etməsindən bəhs etdi. Vurğuladı ki, bu yardımların davam etdirilməsi planlaşdırılır.

Prezident İlham Əliyevin kifayət qədər təsirli və səlis nitqi diletant Paşinyanı narahatlığına səbəb oldu və erməni baş nazir öz dilində replika atdı. Şarl Mişelin “Bizə tərcümə gəlmir, Paşinyan” deməsi əslində erməni baş nazirə “özünü cığal uşaqlar kimi aparırsan” demək idi.

Bundan sonra Paşinyan başladı Avropa İnsan Haqları Məhkəməsinin “Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirməsi” haqqında hansısa qərarından danışmağa, halbuki, AİHM-nin belə bir qərarı yoxdur. Söhbət Azərbaycan zabiti Ramil Səfərovla bağlı sonuncu qərardan gedir və formal xarakter daşıyan bu qərarın Azərnbaycanın üzərinə heç bir öhdəlik qoymadığı məlumdur. Sadəcə olaraq, məhkəmə xərclərinin ödənilməsi istənilir. Ermənistan tərəfinin Ramil Səfərovun Azərbaycana əfv edilməsinin ləğv olunması tələbi rədd olunur və AİHM qərarında qeyd edir ki, “Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyini məqsədəuyğun saymır”.

Beynəlxalq məhkəmədə istədiklərinə nail ola bilməyən Paşinyan Şərq Tərəfdaşlığı Sammitini özü üçün fürsət hesab edirdi və AİHM-nin olmayan qərarını uyduraraq, bildirdi ki, “Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən esktradisiya ediləndən sonra cənab Əliyev tərəfindən əfv olunmuşdur. Bu şəxs Azərbaycanda hər kəs tərəfindən qəhrəman kimi vəsf edilir!”.

Paşinyan bunu etməməli idi, yəqin ki, koronavirusa yoluxandan sonra Münhün debatını unudub, yoxsa, qarşısında Əliyevin olduğunu nəzərə almalı idi. Azərbaycan lideri cavabında nəinki Paşinyanı susdurdu, həm də işğalçı Ermənistanın terrorçuları “qəhrəman” etməsini beynəlxalq platformada dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

“Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim. Burada çıxışımı yekunlaşdırıram”, - Prezident vurğuladı.

Azərbaycan liderinin Paşinyana cavabı üç kontekstdə diqqət çəkir:

Birincisi, Ermənistan Azərbaycan ərazilərini işğal edib və bu, beynəlxalq təşkilatların qətnamələrində öz əksini tapır. Erməni baş nazir beynəlxalq təşkilatların qərarlarını və qətnamələrini nə qədər dəyişdirməyə cəhd etsə də, həqiqət bundan ibarətdir.

İkincisi, irçiliyə əsaslanan siyasət Ermənistanda aparılır və beynəlxalq səviyyədə tanınan erməni terrorçular Ermənistanda qəhrəman elan edilib. Prezident İlham Əliyev bu terrorçulardan birinin adını gündəmə gətirir: Varujan Karapetyan.

ASALA terror təşkilatının əsas rəhbərlərindən olan Karapetyan 1983-cü il iyunun 15-də Parisin Orli Hava limanında Türkiyə Hava Yollarının ofisi qarşısında törədilən terror aktının təşkilatçısı idi. Terror aktı nəticəsində 8 nəfər öldü, 55 nəfər yaralandı. Karapetyan 1985-ci ildə terror aktı törətdiyi Fransada ömürlük həbsə məhkum edildi, amma erməni diasporu və SSRİ dağılandan sonra Ermənistan respublikası onun azad edilməsi üçün hər şey etdilər. Nəhayət 2001-ci ildə terrorçu azad olundu və Ermənistana gətirildi. Ölkəsində terrorçunu qəhrəman kimi qarşıladılar və həmin il prezident Robert Koçaryan tərəfindən “milli qəhrəman” adı verildi. Karapetyan öldüyü günə (29 yanvar 2019-cu il) Dilican şəhərində Yerevanın keçmiş meri Robert Nazaryan tərəfindən hədiyyə edilmiş mənzildə yaşayıb. Ermənistanın Adranikdən, Njdedən tutmuş Karapetyana qədər bütün “milli qəhrəmanları” terrorçu olub.

Üçüncüsü, Paşinyanı açıq şəkildə susduran Prezident İlham Əliyev açıq şəkildə ona “yerində otur” göstərişini verdi.

Bu Sammit Nikol Paşinyanın növbəti dəfə maskasının düşməsi, Ermənistanın əsl simasının görünməsi ilə nəticələndi.

Yeri gəlmişkən, Paşinyanın videokmonfransda kamera qarşısına belə tibbi maska ilə çıxması gülünc mənzərə yaratdı. Yəqin ki, vaxtilə “koronavirus kimin itidir” deyən və bu gün ölkəsini pandemiyadan xilas edə bilməyən Paşinyan həkimlərin sosial məsafə saxlamaq tövsiyəsini də yanlış anlayıb...

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm