Nida Təhlil
"Qəhrəman zabitlərimizə səslənirəm: Qələbə üçün hərəkətə keçin...” – Fəzail Ağamalı
“Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, təcavüzkar Ermənistan Tovuz rayonu istiqamətindən kəndlərimizi ən müxtəlif silahlarla atəşə tutmaqla özünün bəd niyyətlərini həyata keçirməyə çalışmaqdadır. Milli Ordumuz, qəhrəman əsgər və zabitlərimiz Ermənistana və onun təcavüzkar ordusuna qarşı ciddi addımlarını atmaqda, adekvat cavablarını verməkdə və işğalçı ordusuna sarsıdıcı zərbələr endirməkdədir. Mən tamamilə əminəm ki, biz bu döyüşdən qalibiyyətlə çıxacağıq”.
Bu sözləri Publika.az-a danışan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, bizim işimiz haqq işidir, ədalətli müharibədir və ədalətə söykənmiş, vətən torpağını müdafiəyə yönələn bir mövqedəyik:
“Azərbaycan uzun illərdən bəri Ermənistanın təcavüzünə məruz qalıb, onu himayə edən dövlətlərin hərtərəfli yardımı ilə bu günə qədər bu işğalçılıq siyasəti davam edir. Ötən zaman kəsiyində Azərbaycan xalqı sınmadı. Ölkəmiz ən müxtəlif layihələri, bu işğalçılıqla barışmağa yönəlik addımları rədd edərək daha böyük əzmlə və vətənpərvərliklə öz torpağının sahibi olduğunu müxtəlif platformalarda sübut etdi. Ali Baş Komandan İham Əliyevdən əsgərə, adi vətəndaşa qədər hər kəs işğal olunmuş torpaqlarımızın azad olunması üçün müsəlləh əsgər kimi ayaq üstədir. Bu, bütün mənalarda özünü ifadə etməkdədir. Həm də bu gün təbii ki, daha qəmləndirici, ruhumuzu sarsıdan məlumatlar aldıq. Azərbaycanın Milli Ordusunun həqiqətən milli zabiti general-mayor Polad Həşimov, polkovniki, mayorları, gizirləri və əsgəri şəhid olub. Bu gün ümumilikdə 7 şəhidimiz var. Mən tamamilə əminəm ki, ermənilər bundan 10-15 dəfə artıq itkilərə məruz qalıbdır. Bu, vətən, torpaq uğrunda döyüşdür".
Deputat qeyd edib ki, bir tərəfdə bizim qəmimiz, göz yaşımız, digər tərəfdə isə qürur mənbəyimiz var. Çox sevindirici haldır ki, bu gün Azərbaycan Ordusunun bu cür igid əsgərləri, zabitləri və generalı var:
“Generallarımız, zabitlərimiz torpaq və onun müqəddəsliyi üçün ön cəbhədədir, səngərin arxasında deyil, ön hissədədir və əsgərlərlə bərabərdirlər. Bu, bizə çox qürur verir və bizim qürur mənbəyimizdir. Əlbəttə , belə bir ordusu, generalı, zabitləri olan ordu, sinəsini əsgərinin qabağına verərək düşmənin atmış olduğu atəşdən öz əsgərini qoruyan general, polkovnik və zabitlərimizin hər biri bizim qürur mənbəyimizdir və yaddaşımıza əbədi həkk olan qəhrəmanlarımızdır. Bu baxımdan biz əlbəttə ki, düşmən üzərində qələbə qazanmalıyıq. Mənim birmənalı fikrim ondan ibarətdir ki, yaranmış fürsət və imkanlardan istifadə edərək bütün cəbhə boyu hərbi hissələrimiz, bütün döyüşçülərimizi, silahlı qüvvələrimizi bir nömrəli döyüş vəziyyətinə gətirməklə bərabər, ermənilərin işğal olunmuş ərazilərimiz boyu hücumlarına, təxribatlarına sarsıdıcı zərbələr vurmaqla yanaşı, döyüş meydanını Dağlıq Qarabağa, işğal olunmuş torpaqlarımıza çəkməliyik. Biz artıq başlamış olan müharibəni sona çatdırmalıyıq. Bu müharibəni 2016-cı ilin aprelində ermənilər başlatdı və layiqli cavablarını da aldılar".
Fəzail Ağamalı əlavə edib ki, hazırda ikinci dəfə, Paşinyanın hakimiyyəti dövründə atılmış olan bu cür genişmiqyaslı təxribatların, təcavüz xarakteri daşıyan hücumların nəinki qarşısını almalıyıq, eyni zamanda işğal olunmuş torpaqlarımızın azad olunması üçün dərhal və heç bir tərəddüd olmadan genişmiqyaslı müharibəyə başlamalıyıq:
“Xalqımız müharibəyə hazırdır. Birmənalı şəkildə xalqımız dövlətimizlə, prezidentimizlə bərabərdir. Milli Ordumuz bu gün ciddi sınaq qarşısındadır. İllərdən bəri formalaşan, dünyanın 50 güclü ordusu sırasında yer alan Milli Ordumuzdan, qəhrəman əsgər və zabitlərimizdən gözləntilərimiz çoxdur. Bu gözləntilərimizə Azərbaycan xalqı susuyur, dodağı cadar-cadar olub. Biz qələbə istəyirik. İşğal olunmuş torpaqlarımızın azad olunmasını istəyirik. Nəhayət, 200 ildən bu tərəfə ayrı-ayrı himayədarlarının müxtəlif yardımı ilə torpaqlarımızı işğal edib Ermənistan dövləti yaradan, sonradan ayrı-ayrı tarixi məqamlarda torpaqlarımızı hissə-hissə əlinə keçirib bu gün Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayan erməni vandallarına layiqli və tarixi dərsimizi verməliyik. Bizim hər birimiz, şəxsən mən millət vəkili kimi, bir Azərbaycan vətəndaşı kimi bunu gözləyirəm. Bu, təkcə mənim gözləntim deyil. Bu, Azərbaycan xalqının böyük əksəriyyətinin gözləntiləridir. Daxilimizdə Rəhim Qazıyev kimi və ona bənzər antimilli ünsürlər istisna olmaqla, Xədicə İsmayıl və başqaları kimi xaricdə oturub bu gün dövlətimizin çökdürülməsi üçün ermənilərə xidmət edən antimilli xəyanətkarlar istisna olmaqla Azərbaycan xalqının bu qələbə üçün illərdən bəri dodaqları cadar-cadar olub, düşüncələri, ruhları qələbə üçün köklənib. Biz bu qələbəni gözləyirik. Dəyərli və qəhrəman Milli Ordumuzun zabit və əsgərlərinə səslənirəm. Bu qələbəni bizə vermək üçün hərəkətə keçin!"
Akqabay Mıradov
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI