Azərbaycan beynəlxalq münasibətlərdə tamam fərqli obrazda çıxış edəcək - Deputat
Bizi izləyin

Nida Təhlil

Azərbaycan beynəlxalq münasibətlərdə tamam fərqli obrazda çıxış edəcək - Deputat

“Prezident İlham Əliyev 6 yanvar müşavirəsində çox vacib strateji məqamlara toxundu və gələcək fəaliyyətin yol xəritəsini də təqdim etmiş oldu. Bu məsələlərin içərisində hərbi qələbəmizin siyasi elementlərini artırmaq və möhkəmləndirmək də yer alır. Hesab edirəm ki, Azərbaycanın hərbi qələbəsi mütləq şəkildə siyasi qələbəmizi davamlı edəcək. Biz hazırda bunu müşahidə etməkdəyik”.

Bu sözləri Publika.az-a danışan millət vəkili Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, artıq ölkəmiz hərbi qələbə qazanmış, siyasi müstəvidə də maraqlarını təmin edən qalib dövlət kimi çıxış edir: “Bu da təbii ki, milli maraqlarımızın təmin olunması istiqamətindəki imkanlarımızı, təsirlərimizi daha da möhkəmləndirir. Hər şeydən öncə SSRİ vaxtındakı sərhədlərin müəyyənləşdirilməsi istiqəmətində işlər getməkdədir. Yəni, sərhədlər dəqiqləşdirilir və bu barədə iş aparılır. Azərbaycan öz dövlət sərhədlərinin konturlarını tam müəyyənləşdirməkdədir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Azərbaycan bundan sonrakı mərhələdə beynəlxalq münasibətlərdə və beynəlxalq əməkdaşlıq sistemində tamam fərqli obrazda çıxış edəcək. Cənab Prezidentin vurğuladığı əsas məqam ondan ibarətdir ki, Azərbaycan işğaldan azad olunan ərazilərimizdə özünün hüquqi əsaslarını daha da möhkəmləndirsin. Məsələnin birinci tərəfi məhz bundan ibarətdir”.

E.Mirbəşiroğlu qeyd edib ki, işğaldan azad edilən ərazilərimizdə infrastruktur işlərinin aparılması, məskunlaşmanın həyata keçirilməsi çox vacib məsələdir: “Bu məsələlərə də ölkə Prezidenti diqqət yetirdi. Çünki işğaldan azad olunan ərazilərimizin bundan sonra səmərəli inkişafı qeyd etdiyim amillərdən birbaşa asılıdır. Təbii ki, o ərazilərdə ermənilərin 30 ilə yaxın müddətdə törətmiş olduğu dağıntılar üzərindən də informasiya mübarizəsinin davam etdirilməsi çox strateji məsələdir. Çünki biz həmişə qeyd edirik ki, hərbi müstəvidə qələbəmizi qazanmışıq, bundan sonrakı mübarizə siyasi müstəvidə getməkdədir. Yəni, ermənilərin məkri haqqında kifayət qədər aydın təsəvvürlərimiz artıq formalaşıb. Təbii ki, Azərbaycana olan əsassız iddialarından ermənilərin əl çəkəcəklərini gözləmək sadəlövhlük olardı. Bu baxımdan siyasi müstəvidə ilk olaraq onların informasiya təxribatlarının qarşısının alınması istiqamətində daha ciddi addımların atılması çox vacib məsələdir”.

Millət vəkilinin sözlərinə görə, biz həmin ərazilərdəki dağıntıları regiona səfər edəcək xaricilərə nümayiş etdirməliyik ki, onların erməni vandalizmi haqqında aydın təsəvvürləri olsun: “Cənab Prezident də dedi ki, bütün rayonlarda ermənilərin törətdiyi dağıntıların izləri qalmalıdır. Bu, təbii ki, hər şeydən öncə ona xidmət edəcək ki, bundan sonrakı mərhələdə erməni yalanlarının təsiri olmasın və erməni təxribatlarının qarşısı elə təbii yolla alınmış olsun. Erməni vandalizmi, separatizmi haqqında, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları barədə dünya ictimaiyyətində daha aydın və dərin təsəvvürlərin olması gələcəkdə informasiya mübarizəsində bizim üstünlüyümüzü təmin edəcək. Bu istiqamətdə sistemli addımlar atılmaqdadır. Bundan sonra da bu addımların atılması çox mühüm məsələdir. Bu baxımdan hesab edirəm ki, siyasi müstəvidə atacağımız addımlar bütövlükdə Azərbaycanın münaqişə vəziyyətində ədalətli mövqeləri haqqında daha aydın təsəvvürlərin yaradılması və növbəti təxribatların qarşısının inamla alınmasına xidmət edəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm