Ermənilərin şumladıqları abidələrimizə görə təzminat ödəməsi gündəmdədir – Deputat
Bizi izləyin

Nida Təhlil

Ermənilərin şumladıqları abidələrimizə görə təzminat ödəməsi gündəmdədir – Deputat

Yandırdıqlarını yandırıblar, mənimsəmək istədiklərini mənimsəyiblər. Özününküləşdirməyə güclərinin çatmadığı tarixi abidələrimizi isə yer üzündən siliblər.
Ermənilər 200 il ərzində təkcə soydaşlarımıza qarşı soyqırımı törətməyiblər.

Tarixi abidələrimizin, maddi və mədəniyyət nümunələrimizin də axırına çıxıblar. Əcdadlarımızın bizə əmanət etdiyi sənətkarlıq nümunələrinə qarşı əsl vandallıq nümayiş etdiriblər.

Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Publika.az-a açıqlamasında deyib ki, istər 30 illik işğal dövründə, istərsə də 1988-ci ildə soydaşlarımızın Qərbi Azərbaycan ərazisindən qovulması ilə bağlı qaçqınlara və məcburi köçkünlərə dəyən ziyan hesablanmalıdır:

“Eyni zamanda, qiymətləndirilməlidir. Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşəbbüsü ilə 24 fevral 2017-ci ildə Azərbaycan Respublikasının baş naziri dəymiş ziyanın hesablanması ilə bağlı qərar imzalayıb. Həmin qərarın bir maddəsi də 1988-91-ci illərdə indiki Ermənistan ərazisində soydaşlarımıza dəymiş ziyanın hesablanması ilə bağlıdır. Bu dəymiş ziyan ən müxtəlif sahələri əhatə edir. Eyni zamanda, burada söhbət qaçqınlarımızın fərdi, ictimai təsərrüfatlarına dəymiş ziyanın hesablanmasından gedir. Eləcə də maddi-mədəniyyət abidələrimizə dəymiş ziyan ön plana çəkilir. Təbii ki, bu sferaya yeraltı və yerüstü sərvətlər də daxildir”.

İcma sədri qeyd edib ki, Azərbaycan dövləti tarixi və mədəniyyət abidələrimizə dəymiş ziyanla bağlı beynəlxalq məhkəmələr qarşısında məsələ qaldıra bilər:

“O cümlədən, Qərbi Azərbaycan ərazisində dağıdılmış, məhv edilmiş tarixi mədəniyyət abidələrimizlə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi mümkündür: “Zaman-zaman, xüsusən də 1988-ci ildə soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası dövründə orada babalarımızın yaratmış olduğu yüzlərlə, minlərlə maddi mədəniyyət abidələri ermənilər tərəfindən məhv edilib. Buraya həm dini abidələr, həm də mülki tikililər daxildir. İlk olaraq onların hamısına dəymiş ziyan mütəxəssislər tərəfindən hesablanmalıdır. Bundan sonra həmin sənədlər və araşdırmalar beynəlxalq məhkəmələrə təqdim oluna, təzminat tələb edilə bilər. Bu, gündəmdə olan bir məsələdir”.

Ə.Ələkbərli onu da vurğulayıb ki, Qərbi Azərbaycanda bizim çoxlu abidələrimiz var:

“Onların bir hissəsi zaman-zaman erməniləşdirilib. Ermənilər erməniləşdirə bilmədikləri abidələri yer üzündən siliblər: “Misal üçün deyə bilərəm ki, 19-cu əsrin əvvəllərində İrəvan şəhərində 12 məscid olub. Həmin dini ibadətgahlardan 1988-ci ilə qədər cəmi 2 məscid gəlib çıxmışdı. Onun da birini yandırdılar. Bu gün İrəvanda həmin 12 məsciddən yalnız biri – Hüseynəli xan tərəfindən tikdirilmiş Göy məscid qalıb. O da İran mütəxəssisləri tərəfindən fars məscidi kimi bərpa olunub. İrəvan ərzisindəki məscidlərin yer üzündən silinməsi bir faktdır”.

Millət vəkili bildirib ki, Zəngəzur və Dərələyəz ərazisində də bir çox məscidlərimiz yer üzündən silinib. Deputatın sözlərinə görə, 1988-ci ildə soydaşlarımız Qərbi Azərbaycan ərazisindən ermənilər tərəfindən zorla qovularkən orada bütün kəndlərdə müsəlman məscidləri var idi:

“İndi o məscidlərin hamısı yer üzündən silinib. Bundan əlavə, 1988-ci il deportasiyasına qədər Qərbi Azərbaycan ərazisindəki kəndlərdə və yaşayış məntəqələrində 600-ə qədər qəbiristanlıqlarımız var idi. Onların da böyük əksəriyyəti erməni vandalları tərəfindən şumlanıb. Yer üzündən silinib. Qəbiristanlıqlarımızın yerində ağac, əkin əkilib. Bir faktı da deyim, Zəngəzur mahalının Urud kəndində bizim tarixi qəbiristanlığımız var idi. Mərhum Məşədixanım Nemətin başçılığı altında həmin qəbirüstü abidələr mütəxəssislər tərəfindən öyrənilmişdi. Onların hamısı bizdə var. Həmin məzarlıqda qoç fiqurlu abidələr, sanduqə tipli qəbirüstü abidələr də mövcud idi. Həmin məzarlıq da tamamilə yox edilib. Onun yerinə müəyyən ağaclar əkilib. Yəni, izini də itiriblər. Bu cür abidələrin sayını istənilən qədər artırmaq olar”.

Alimin sözlərinə görə, 1918-ci ildə Dərələyəz mahalındakı ən qədim abidələrdən biri olan Şadıvəng məbədinin içərisinə azərbaycanlılar doldurulub və həmin məbəd içərisindəki insanlarla birgə yandırılıb: “Həmin məbəd də yoxdur. Tamamilə yandırılıb. Yer üzündən silinib. Bu cür faktların sayını istənilən qədər artırmaq olar”.

Bir sözlə, ermənilərin milli-mənəvi dəyərlərimizə, abidələrimizə, xüsusən də Zəngəzurda və Qarabağdakı maddi-mədəniyyət nümunələrimizə qarşı vandalizm hərəkətləri bundan sonra cəzasız qalmayacaq. Gəlinən nəticə odur ki, ölkəmiz bədnam qonşularımızın tarixi abidələrimizə qarşı vandallığını beynəlxalq məhkəmələrə daşımaq niyyətindədir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm