Nida Təhlil
Bakıda Ermənistanı müdafiə edən BBC-nin ifşası – Qərbin “müstəqil media” yalanı
Qərb mediasının “müstəqilliyi”nin əfsanədən başqa bir şey olmadığı, informasiya siyasətinin siyasi və ideoloji maraqlar çərçivəsində müəyyənləşdiyi sirr deyil. Xüsusilə Azərbaycana münasibətdə bir sıra beynəlxalq media korporasiyası jurnalistikanın etik kodeksini, obyektiv və qərəzsizlik prinsiplərini yumşaq desək, unudur. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin işıqlandırılmasında da, 2020-ci il Vətən müharibəsində də, post-münaqişə dövründə də bunun dəflərlə şahidi olmuşuq. “Azadlıq radiosu”, “Amerikanın səsi”, BBC...
Bu siyahını kifayət qədər uzatmaq olar, lakin Qərbin “müstəqil media” anlayışının siyasi və korporativ maraqlardan ibarət olması faktı dəyişmir. Böyük Britaniyanın BBC ictimai yayımçısının Azərbaycan bürosununun Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədovla bağlı son addımı isə bu media orqanı da daxil olmaqla, Qərbdə “müstəqil media”nın gerçək simasını və nəyə xidmət etdiyini bir daha ortaya çıxardı.
F.Məmmədovdan müsahibə alan BBC-nin Azərbaycan bürosu bunu yayımlamaqdan imtina edib. Səbəb bəllidir: Məmmədovun fikirləri media orqanının siyasətinə uyğun deyil, daha dəqiq desək, azərbaycanlı politoloq BBC-nin istədiklərini danışmayıb.
F.Məmmədov bu haqda açıqlamasında deyib ki, iyunun 17-də BBC-nin Azərbaycan bürosunun əməkdaşı Ermənistandakı parlament seçkilərindən sonra Bakı və İrəvan arasındakı sülh gündəliyinə dair ondan müsahibə istəyib: “Səfərdə olmağıma baxmayaraq, səhər saat 09:00-da müsahibə üçün vaxt ayırdım. Britaniya təbliğatının suallarını dinləmək və küləyin hara əsdiyini anlamaq həmişə maraqlıdır. Suallar Ermənistandakı referendum, onun keçirilməsinin qeyri-mümkünlüyü, Azərbaycanın mümkün addımları və Ermənistanın daxili siyasi vəziyyətinin mürəkkəbliyi ilə bağlı idi. Suallarda belə bir məqam var idi ki, guya Bakı referendum tələbi ilə Ermənistan hökumətini nəticə əldə etmək üçün inzibati resurslardan istifadə etməyə təhrik edir”.
Politoloq müsahibədə verilən suallara cavabını da açıqlayıb.
“Mən isə öz tərəfimdən bildirdim ki, Vaşinqton, London və Brüssel Ermənistandakı seçkiləri demokratiyanın qələbəsi kimi tanıyıb. Ermənistan Baş nazirinin seçkidən əvvəl və sonra etdiyi hər şey demokratik addım sayılır. Deməli, baş nazir eyni qaydada, demokratik metodlarla referenduma nail ola bilər, xüsusən də bu, Ermənistanın daxili işidir. Sonuncu sual isə Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılmaması üçün Türkiyəyə təzyiq göstərməyə davam edib-etməyəcəyi ilə bağlı idi. Cavab verdim ki, Türkiyə Prezidenti qərarları müstəqil qəbul edir, onun məsləhətə ehtiyacı yoxdur və ona təzyiq göstərmək qeyri-mümkündür. Azərbaycanın mövqeyi və Ermənistanla razılaşdırılmış sülh gündəliyi var, rəsmi Ankara da bu gündəliyi dəstəkləyir”, - o bildirib.
Müsahibənin üzərindən günlər keçsə də, BBC onu yayımlamayıb. F.Məmmədov bildirib ki, suallardan Londondan gələn əsas tezislər açıq-aydın hiss olunurdu, lakin müsahibənin üzərindən günlər keçsə də, material BBC-nin “YouTube” kanalında işıq üzü görməyib: “İki gün keçdi, jurnalistə yazdım, cavab verdi ki, mətn üzərində işləyirlər. Daha bir neçə gün keçdikdən sonra isə görüntüdə problem olduğunu dedilər. Zarafatla bildirdim ki, başım kadrdan çıxsa belə, incimərəm. Artıq məndə idman marağı yaranmışdı. Bir həftə keçdi... Son xatırlatmamda isə bildirdilər ki, sən demə, səs boğuq çıxıb”.
Fərhad Məmmədov əlavə edib ki, adətən media operativ olmalıdır, amma bu, BBC-yə aid deyil.
“Dünyaşöhrətli media peşəkar olmalıdır, amma bu da BBC-yə aid deyil. Belə qənaətə gəldim ki, mənim cavablarım BBC-nin maraqlarına cavab verməyib. Müsahibədən 3 və 5 gün sonra kadrın əyri, səsin isə boğuq olması barədə gətirilən arqumentlər heç bir tənqidə dözmür”, - o vurğulayıb.
Fərhad Məmmədovun yayımlanmayan cavabları BBC-nin məqsədini anlamağa imkan verir.
Birincisi, BBC Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasının dəyişdirilməsi məsələsini Bakının təhriki kimi təqdim etməyə çalışır. Sualın mahiyyətindən aydın görünür ki, məqsəd bölgədə davamlı sülhün qarşısındakı əsas maneənin Ermənistanın mövcud konstitusiyasının yox, Bakının mövqeyinin olduğunu göstərmək cəhdidir.
İkincisi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Azərbaycan maneə kimi göstərilir. “Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılmaması üçün Türkiyəyə təzyiq göstərməyə davam edib-etməyəcəyi” sualı ilə media orqanı “Azərbaycanın Türkiyəyə təzyiq göstərdiyi” iddiasını irəli sürür. “Hökm” xarakterli bu sual Ermənistanın Türkiyə ilə münasibətlərdə Azərbaycanın mane olduğu tezisini “fakt” kimi təqdim etmək məqsədi daşıyır.
F.Məmmədov reallığa əsaslanan cavabları BBC-nin təbliğatına uyğun gəlmədiyi üçün yayımlanmayıb. BBC “istədiyi cavabları” alsaydı, bunu Ermənistanın təbliğatını gücləndirmək məqsədilə istifadə edəcəkdi. Plan baş tutmadı, lakin müsahibəni yayımlamaqdan imtina edən BBC bununla özünü növbəti dəfə ifşa etdi, bir daha “müstəqil və qərəzsizlik” prinsipinin təbliğatdan başqa bir şey olmadığını etiraf etmiş oldu.
BBC-nin Azərbaycana qarşı qərəzli mövqeyi yeni hadisə deyil. 44 günlük müharibə dövründə bu media orqanı işğalçı Ermənistan ordusunun əsas təbliğat platforması kimi çıxış edirdi. Müharibədən sonra da BBC Xankəndidə qalan separatçıları müdafiə edir, informasiya cəbhəsində Azərbaycanın suverenliyinə qarşı təbliğat aparırdı. Həbsdə olan müharibə cinayətləri sübuta yetirilmiş ermənilərin müdafiəsi də bu media orqanında həyata keçirilir. Misal üçün, BBC Ruben Vardanyanı “erməni xalqının hüquqlarının müdafiəçisi” kimi təqdim edir. Bu kontekstdə “BBC Azərbaycan”ın Fərhad Məmmədovun müsahibəsini yayımlamaqdan imtina etməsi təəccüblü deyil. Bu fakt BBC-nin təkcə alternativ fikrə açıq olmadığını ispatlamır, eyni zamanda, media korparasiyasının Azərbaycan bölməsinin Bakıda Ermənistanın təbliğatını apardığını təsdiqləyir. BBC-nin Ermənistan bölməsi isə təkcə rəsmi İrəvanın siyasi maraqlarını yox, hətta erməni revanşistlərin də mövqeyini müdafiə edir. Eyni media orqanının Bakı və İrəvan bürosunun informasiya siyasəti arasındakı kəskin fərq BBC-nin “müstəqil media” olmadığını təsdiqləməklə yanaşı, Azərbaycana qarşı qərəzli yanaşmasını da ortaya çıxarır.
Asif Nərimanlı
-
Rəsmi xronika16:21İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif etdi - SİYAHI
-
Magazin115:14Mətanət İsgəndərlidən maraqlı açıqlama: 10 gün sonra... - VİDEO
-
Rəsmi xronika14:28Bu qanun 6 aydan sonra qüvvəyə minəcək
-
MDB14:26Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
-
Sosial14:02Bu görüntülər sertifikasiya imtahanına damğa vurdu – Müəllim cütlüyünün... - VİDEO
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı





























.jpg)







