Nida Təhlil
Azərbaycan Ordusu regionun ən güclü ordusudur - Vüqar Bayramov
26 İyun - Silahlı Qüvvələr Günü Azərbaycanda hər il dövlətçilik tarixinin mühüm günlərindən biri kimi qeyd olunur. Bu tarix Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunu, əldə etdiyi nailiyyətləri və ölkənin müdafiə potensialının gücləndirilməsi istiqamətində görülən işləri bir daha gündəmə gətirir. Son illər Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan Ordusunun hazırlıq səviyyəsini və döyüş qabiliyyətini nümayiş etdirib. Bu istiqamətdə həyata keçirilən siyasət bu gün də davam etdirilir.
Millət vəkili Vüqar Bayramov Silahlı Qüvvələr Günü ilə bağlı Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun inkişaf mərhələləri və əldə olunan nəticələri dəyərləndirdi.
Millət vəkili bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı fərqli dövrlərdən keçib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandığı ilk illərdə idarəolunmayan silahlı birləşmələrin yaranması ölkənin müdafiə sisteminə mənfi təsir göstərib və nəticədə torpaqlarımızın bir hissəsi işğala məruz qalıb.
Nizami ordu quruculuğuna start verildi
Deputat qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ordu siyasətində vahid yanaşmanın formalaşdırılmasına imkan yaradıb və nizami ordu quruculuğuna başlanılıb.
Onun fikrincə, sonrakı mərhələdə Prezident İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı nəticəsində bu proses daha da dərinləşib, Azərbaycanda müasir ordunun formalaşması təmin olunub.

44 günlük müharibə Ordunun gücünü göstərdi
Vüqar Bayramov vurğuladı ki, bu gün Azərbaycan Ordusu zəfər ordusudur və 44 günlük Vətən müharibəsində müasir standartlara uyğun fəaliyyət göstərdiyini, yüksək döyüş ruhuna malik olduğunu nümayiş etdirərək torpaqlarımızın işğaldan azad olunmasına nail olub.
Deputat bildirdi ki, hazırda Silahlı Qüvvələrin hərbi-texniki bazasının möhkəmləndirilməsi, sosial təminatının gücləndirilməsi və müasir silahlarla təmin olunması dövlət siyasətinin əsas prioritetləri sırasında qalır.
Onun sözlərinə görə, həyata keçirilən bu siyasət Azərbaycan Ordusunun regionun ən güclü ordusuna çevrilməsinə səbəb olub.
Şuşanın azad olunması dünya hərb tarixində model sayılır
Millət vəkili əlavə etdi ki, xüsusilə ABŞ və digər inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən beyin mərkəzləri və araşdırma qurumları Azərbaycan Ordusunun 44 günlük müharibədə əldə etdiyi zəfəri, xüsusən də Şuşanın işğaldan azad olunmasını model kimi qiymətləndirirlər.
O qeyd etdi ki, bəzi araşdırma mərkəzləri tərəfindən bu modelin öyrənilməsi belə təklif olunur. Deputatın fikrincə, Şuşanın işğaldan azad olunması yalnız Azərbaycan üçün deyil, bütövlükdə dünya hərb tarixi üçün xüsusi əhəmiyyət daşıyır və bu, hərb sahəsində yeni yanaşmanın formalaşdığını göstərir.
Vüqar Bayramov sonda bildirdi ki, Qarabağdakı Zəfərdən sonra Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, sosial təminat tədbirlərinin genişləndirilməsi və hərbi qulluqçulara dövlət qayğısının artırılması prioritet istiqamətlərdən biri olaraq qalır.
"Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sosial, maddi və texniki təminatı daha da yüksəlir və bütün bunlar ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunmasına xidmət edir, eyni zamanda Azərbaycan Ordusunun regionun ən güclü ordusu olduğunu bir daha təsdiqləyir", - deyə millət vəkili fikrini yekunlaşdırdı.
Müəllif: Adəm Abbaslı
-
Sosial14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi
-
Nida Xəbər 13:59Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olundu - FOTO
-
Səhiyyə12:46Təcili diaqnostika əlçatmaz olanda – 60-cı illərin aparatlarından istifadə olunur
-
Sosial12:06Beş yüz min ev üçün ümid – Nəhəng problem həll olunur?
-
Nida Xəbər 11:27İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik: Vatikan nümayəndələri şoka düşdü - VİDEO
-
Nəqliyyat10:14Azərbaycanda servissiz qalan Çin avtomobilləri
-
Dünya09:00Daha bir ölkədə güclü zəlzələ oldu
-
İdman08:12ABŞ-ı məğlub edən Türkiyə millisi mundialla vidalaşdı













.jpg)




















