26 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
Bizi izləyin

Nida Təhlil

26 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir

26 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir

26 İyun - Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və təhlükəsizlik siyasətinin əsas dayaqlarından biri hesab olunur. Son illər həyata keçirilən ardıcıl ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir silah və texnologiyalarla təminatı, döyüş hazırlığının artırılması bu inkişafın əsas istiqamətlərindən olub. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan Ordusunun peşəkarlığını və döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Hazırda Silahlı Qüvvələrin daha da modernləşdirilməsi, yeni hərbi idarəetmə və hazırlıq mexanizmlərinin tətbiqi davam etdirilir. Ordu quruculuğu istiqamətində görülən işlər Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsində əsas prioritetlərdən biri olaraq qalır.

Publika.az mövzu ilə bağlı millət vəkili Aydın Hüseynovun fikirlərini öyrəndi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biridir və bu gücün əsasında uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti dayanır.

O bildirdi ki, müstəqilliyin ilk illərində ölkə ciddi çətinliklərlə üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib:

“Ulu Öndər nizami ordunun formalaşdırılması üçün mühüm addımlar atdı. Orduda vahid komandanlıq sistemi yaradıldı. Hərbi intizam möhkəmləndirildi. Dövlətçilik ənənələri gücləndirildi. Bu siyasət Azərbaycan Ordusunun gələcək inkişafı üçün möhkəm təməl yaratdı”.

Aydın Hüseynov qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Silahlı Qüvvələrin inkişafını yeni mərhələyə yüksəldib.

Millət vəkilinin sözlərinə görə, ordunun maddi-texniki bazası gücləndirilib, ən müasir silah və texnikalar alınıb, hərbi hissələr yenidən qurulub, şəxsi heyətin peşəkarlığı artırılıb:

“Azərbaycan Ordusu dünyanın qabaqcıl təcrübəsini mənimsədi. Bütün bunlar Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini daha da yüksəltdi. Bu gün Azərbaycan əsgəri yüksək hazırlığa, güclü mənəvi ruha və böyük Vətən sevgisinə malikdir”.

44 gün və bir xalqın ŞANLI TARİXİ

Millət vəkili vurğuladı ki, Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirən tarixi mərhələ oldu.

“Azərbaycan əsgəri böyük qəhrəmanlıq nümayiş etdirdi. Ordumuz qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirdi. İşğal altında olan torpaqlarımız azad edildi. Dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Bu Zəfər xalqımızın birliyinin, dövlətimizin gücünün və Ordumuzun peşəkarlığının nəticəsi oldu”, - deyə Aydın Hüseynov bildirdi.

Şuşa əməliyyatı Zəfərə aparan yolu açdı

Aydın Hüseynovun sözlərinə görə, Şuşa əməliyyatı Vətən müharibəsinin zirvəsi hesab olunur.

“Azərbaycan əsgərləri çətin dağ yolları ilə irəlilədi. Böyük şücaət göstərdi. Şuşa şəhərini düşməndən azad etdi. Bu əməliyyat hərb tarixində xüsusi yer tutur. Şuşanın azad olunması müharibənin taleyini həll etdi və Zəfərə gedən yolu açdı”, - deyə millət vəkili qeyd etdi.

Ordumuz yeni inkişaf mərhələsindədir

Müsahibimiz bildirdi ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub.

Onun sözlərinə görə, komando birlikləri yaradılıb, hərbi təhsil sistemi daha da təkmilləşdirilib, yerli müdafiə sənayesi inkişaf etdirilib, yeni texnologiyalar tətbiq olunub, müasir döyüş vasitələrinin sayı artırılıb:

“Bu addımlar Ordumuzun gücünü daha da artırır. Azərbaycan Ordusu bu gün ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır. Qarşıdakı illərdə də Ordumuzun qüdrəti artacaq və dövlətimizin milli maraqlarını qətiyyətlə qoruyacaq”, - deyə Aydın Hüseynov fikrini yekunlaşdırdı.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm