Azərbaycan Ordusu ərazi bütövlüyümüzü qoruyan ciddi sipərdir - Aydın Mirzəzadə
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Ordusu ərazi bütövlüyümüzü qoruyan ciddi sipərdir - Aydın Mirzəzadə

Azərbaycan Ordusu ərazi bütövlüyümüzü qoruyan ciddi sipərdir - Aydın Mirzəzadə

İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Son illərdə ölkədə həyata keçirilən ordu quruculuğu siyasəti, hərbi sahədə aparılan islahatlar və əldə olunan nəticələr Azərbaycan Ordusunun regionun ən güclü ordularından biri kimi formalaşdığını göstərir. Müasir silahlanma, peşəkar hazırlıq, vahid idarəetmə sistemi və hərbi təcrübənin artırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Əldə olunan uğurlar yalnız hərbi potensialın güclənməsi ilə deyil, həm də ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə qiymətləndirilir. Bu gün Azərbaycan Ordusu dövlət təhlükəsizliyinin əsas dayaqlarından biri hesab olunur.

Publika.az mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadənin fikirlərini öyrəndi.

Real silahlı qüvvələrin qurulması 1993-cü ildən sonra mümkün oldu

Millət vəkili qeyd etdi ki, Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bəyan etsə də, ordu quruculuğu məsələləri həmin dövrdə arxa plana çəkilmişdi.

Aydın Mirzəzadənin sözlərinə görə, siyasət uğrunda gərgin mübarizə, hakimiyyətdə olan siyasi komandaların dövlətçilik və hərbi quruculuq məsələlərindən məlumatsızlığı ordu quruculuğuna formal yanaşmanın ortaya çıxmasına səbəb olmuşdu.

Deputat vurğuladı ki, faktiki olaraq real silahlı qüvvələrin qurulması Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə gəlməsi ilə baş verdi.

“Özəl hərbi dəstələr ləğv edildi, orduda intizam, vahid komandanlıq artdı, yeni silahların alınması, peşəkarlığın artırılması diqqətdə olan məsələlərdən oldu və bunun nəticəsidir ki, ildən-ilə biz Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün, suverenliyimizin təmin edilməsində real nəticələrini gördük”, - deyə millət vəkili əlavə etdi.

Aprel döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatının nəticəsi

Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu konkret nəticələrlə müşayiət olunub.

“2016-cı il aprel, 2020-ci il Vətən Müharibəsi və 2023-cü il birgünlük Antiterror Əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü təmin etdi”, - deyə o bildirdi.

Deputatın fikrincə, bu gün Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq funksiyasını uğurla yerinə yetirir.

“Bu, dövlətin, şəxsən Ali Baş Komandanın diqqətindədir. Azərbaycan xalqı ilə ordu həmrəydir və hesab edirəm ki, bundan sonra da güclü Azərbaycan Ordusu həmişə özünün bacarığı, özünümüdafiə şərtlərinin yerinə yetirilməsində gücünü göstərəcəkdir”, - deyə deputat vurğuladı.

Millət vəkili əlavə etdi ki, Azərbaycan həm xarici təcrübədən, həm də özünün ordu quruculuğunda əldə etdiyi təcrübədən uğurla istifadə edib.

“Heç də təsadüfü deyil ki, bu gün Azərbaycan ordusu dünya orduları sırasında öz gücünə görə 50 ordudan biridir”, - deyə o bildirdi.

Ordunun əsas vəzifəsi Vətəni hər an qorumağa hazır olmaqdır

Aydın Mirzəzadə qeyd etdi ki, orduda daimi yenilənmə, yeni silahların alınması və müasir hərb elminin nailiyyətlərinin tətbiqi davamlı prosesdir:

“Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan ordusu daim üzərinə düşən vəzifəni ən yüksək səviyyədə yerinə yetirmək üçün qarşısında duran bütün vəzifələri yerinə yetirir və bundan sonra da bu istiqamətdə uğurların şahidi olacağıq”, - deyə deputat bildirdi.

Onun sözlərinə görə, həyata keçirilən bütün yeniliklərin əsas məqsədi ordunu xaricdən təcavüzə qarşı hər zaman hazır vəziyyətdə saxlamaq və ordunu hər zaman yeni silahlarla Vətənin keşiyində durmaqda hazır etməkdir.

“Bunun üçün dövlətimizin iradəsi, peşəsinə bağlı olan zabit korpusu var, Vətən qarşısında hərbi borcunu yerinə yetirə bilən əsgərlərimiz var. Və bu gün ordumuz məhz xalqın dəstəyi, uğurlu rəhbərlik nəticəsində Azərbaycanın ərazi bütövlüyünü qoruyan çox ciddi bir sipərdir”, - deyə millət vəkili sonda vurğuladı.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm