YAP həmişə yenilikçi olub - Elşad Mirbəşiroğlu ilə MÜSAHİBƏ
Bizi izləyin

Nida Təhlil

YAP həmişə yenilikçi olub - Elşad Mirbəşiroğlu ilə MÜSAHİBƏ

Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) 7-ci qurultayı baş tutdu. Qurultayda partiyanın idarə heyətinə üzv seçilən millət vəkili Elşad Mirbəşiroğlu ilə qurultayın niyə indi keçirilməsindən tutmuş, qarşıda duran hədəflərinə qədər hər şeydən danışdıq.

Millət vəkili Elşad Mirbəşiroğlunun Publika.az-a müsahibəsini təqdim edirik:

- YAP-ın qurultayı niyə məhz indi keçirildi?

- Hər şeydən öncə Yeni Azərbaycan Partiyasının qurultayının baş tutduğu zamana diqqət yetirmək lazımdır. Biz torpaqlarımızı işğaldan azad etdik. İlk dəfədir ki, dövlət sərhədlərinə nəzarəti bərpa etdiyimiz bir dövrdə Yeni Azərbaycan Partiyasının qurultayını keçirdik. Həqiqətən də tamam başqa, əvəzolunmaz hisslər yaşandı. Bu hiss qalib ölkənin iqtidar partiyasının üzvü kimi hər bir qurultay iştirakçısının üzündən oxunurdu. Qalib ölkənin, qalib xalqın öndə gedən, hakim partiyasının qurultayının baş tutması tarixi hadisədir. Eyni zamanda, xalqımız və dövlətçiliyimiz üçün tarixi bir dövrə təsadüf edir.

- Budəfəki qurultay nələrlə yadda qaldı?

- Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixində çox böyük rol oynayıb. Eyni zamanda, çox böyük yol keçib. Bu yol uğur yoludur. Yəni, Y eni Azərbaycan Partiyasının üzümüzə gələn il 30 illik yubileyi qeyd olunacaq. Bu 30 il ərzində Yeni Azərbaycan Partiyası bütün istiqamətlərdə dövlətimizin, xalqımızın həyatında müstəsna rola malikdir. Qurultayda ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri proqram xarakterli çıxış etdi. Çıxışı zamanı Yeni Azərbaycan Partiyasının ölkəmizin həyatındakı roluna toxundu. Eyni zamanda, prezident Yeni Azərbaycan Partiyasının bundan sonrakı fəaliyyətindən bəhs etdi. 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbə, ərazi bütövlüyümüzün bərpa olunması yeni reallıqlar yaratdı. Bu yeni reallıqlar çərçivəsində ölkəmizin qarşısında yeni inkişaf hədəfləri dayanmaqdadır.

- Bu hədəflər nələrdən ibarətdir?

- Hədəflər ilk növbədə işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və quruculuq işlərinin həyata keçirilməsidir. Bu ən pioritet məsələlərdən biridir. Bu işin reallaşdırılması üçün dövlətimizin hər cür imkanları var və bu imkanlarını səfərbər edib. Bununla yanaşı, ölkə başçısı müvafiq istiqamətdə Yeni Azərbaycan Partiyasının da vacibliyini qeyd etdi. Həmin istiqamət üzrə tapşırıq və tövsiyyələrini də partiya üzvlərinin diqqətinə çatdırdı. Onsuz da ölkəmizin qarşıya qoyduğu inkişaf pioritetləri, milli maraqlarımızın təmin olunması istiqamətində hədəflərimizə çatmaq üçün YAP hər zaman öndə gedib. Bundan sonrakı mərhələdə də yeni reallıqlara uyğun şəkildə fəaliyyətini quraraq Yeni Azərbaycan Partiyasının ciddi töhfələrini görəcəyik. Ölkə başçısı son 17 ildə Azərbaycanın keçmiş olduğu uğur yoluna da nəzər saldı. Bu zaman kəsiyində ölkəmizin keçmiş olduğu yolu tutarlı şəkildə təsvir etdi. Yeni Azərbaycan Partiyasının bu illər ərzində fəaliyyətinə də diqqət yetirdi. Eyni zamanda, bu müddət ərzində partiyanın Azərbaycanın tarixindəki əlamətdar və mühüm roluna diqqət çəkdi.

- Ölkə başçısı Yeni Azərbaycan Partiyasının qurulduğu ilk illərdəki Azərbaycanla indiki Ermənistanı da müqayisə etdi... Oxşarlıqlar və fərqliliklər nədən ibarətdir?

- Bəli, cənab prezident çox uğurlu müqayisə apardı. Həqiqətən də hazırda Ermənistanda yaşananlar 90-cı illərin əvvəllərindəki Azərbaycanı bizə xatırladır. Ermənistanda da indi dərin siyasi böhran hökm sürməkdədir. Faktiki olaraq orada hakimiyyətsizlik və xaotik vəziyyət mövcuddur. Sosial-iqtisadi gərginlik günü-gündən dərinləşməkdədir. Eyni zamanda, Ermənistanda hazırkı vəziyyətdən çıxış imkanları və istiqamətləri də görünməməkdədir. 90-cı illərin əvvəllərində Azərbaycanın nicatı onda oldu ki, ümummilli lider Yeni Azərbaycan Partiyasını yaratdı. Xalqımızın təkidi və istəyi ilə hakimiyyətə gəldi. Ulu öndərimiz çox keçmədən ölkəmizin unikal inkişaf strategiyasını yaratdı, formalaşdırdı. Məhz ümummilli liderimizin hakimiyyətə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu. Ölkəmizdə həm siyasi, həm də iqtisadi sahələrdə dayanıqlı inkişaf təmin edildi. Ardıcıl olaraq ölkəmiz beynəlxalq aləmdə yerini, nüfuzunu, mövqelərini möhkəmləndirdi. Sonrakı mərhələdə isə cənab prezident ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq yeni elementlərlə zənginləşdirdi və strategiya çox uğurla həyata keçirildi. Azərbaycan hazırda həm regional, həm də beynəlxalq xarakterli təşəbbüslərlə çıxış edən bir ölkəyə çevrilib. Bu gün Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasında, ümumiyyətlə qlobal problemlərin aradan qaldırılmasında çox böyük fəallıq göstərən bir ölkədir. Cənab prezident bu kimi məqamları da qurultayda qeyd etdi, əsaslandırdı. Pandemiya dövründə Azərbaycan vəziyyəti tam şəkildə vəziyyəti nəzarətdə saxlaya bildi. Təkcə ölkə miqyasında deyil,beynəlxalq müstəvidə də pandemiya ilə mübarizədə öz töhfələrini verdi.

- Son qurultayda partiya daxilində müəyyən kadr dəyişiklikləri də baş verdi. Yaşlı insanların partiyadakı yerini gənclər tutdu. Bu nə ilə əlaqədar idi?

- Bunu xüsusi qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası həmişə yenilikçi bir partiya olub. Həmişə novatorluğu ilə seçilib. Bayaq da vurğuladım, cənab prezidentin də qeyd etdiyi kimi artıq yeni bir mərhələyə qədəm qoymuşuq. Bu, Azərbaycanın keyfiyyətçə yeni inkişaf mərhələsidir. Təbii ki, yeni dövrün və mərhələnin tələblərinə uyğun olaraq partiyanın idarəetmə sisteminin də təkmilləşdirilməsinə ehtiyac var. Bu ehtiyacı yaradan zərurət də ölkəmizin qarşısında duran yeni hədəflərlə bağlıdır. Partiya daha çevik və dinamik idarəetməyə malik olmaqla ölkəmizin yeni inkişaf pioritetlərinə çatılması istiqamətlərində daha çox töhfə verməlidir. Bu baxımdan, partiyada həyata keçirilən struktur və kadr dəyişikləri zamanın tələbidir. YAP-da yeni struktur yaradıldı. Partiyanın icra katibliyi ləğv edildi. Mərkəzi aparat yaradıldı. Partiyanın Veteranlar Şurasının və Təftiş Komissiyasının əsası qoyuldu. Hesab edirəm ki, hakim Yeni Azərbaycan Partiyası bundan sonrakı dövrdə də ölkəmizin qarşısında duran inkişaf hədəflərinə uğurla çatacaq. Möhtərəm prezidentimizin yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş olduğu inkişaf strategiyasını daha inamla həyata keçirəcək.

- Qarşıdakı hədəflər nələrdən ibarətdir?

- Partiya sədrinin bundan sonrakı dönəmdə YAP-ın qarşısında duran hədəflərlə bağlı geniş fikirləri oldu. Qısaca olaraq qeyd etmək istəyirəm ki, cənab prezidentin çıxış proqram xarakterli idi. Yeni Azərbaycan Partiyası həmin çıxışa istinad edərək fəaliyyətini daha da uğurlu edəcək. Ümumilikdə regionun ən böyük və ən nüfuzlu partiyası olmaqla ölkəmizin gələcək inkişafında xüsusi rola malik olacaq.

- Qarşıdan YAP-ın 30 illiyi gəlir. Bəs partiyanın 30 illiyi hansı formada qeyd ediləcək?

- Açığı hələlik bununla bağlı ümumi bir baxış yoxdur. Ümumi şəkildə qeyd edə bilərəm ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdə, xalqımızın həyatında böyük rola uyğun olaraq bu tarixin kifayət qədər ciddi qeyd ediləcəyini söyləmək olar. YAP-ın keçdiyi bəlli bir uğur yolu var. Hakim partiya həmişə Azərbaycanı zəfərlərə aparıb. Azərbaycan bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yer almaqdadır. Bütün bunlar Yeni YAP iqtidarının xalqımıza, dövlətimizə vermiş olduğu çox ciddi töhfədir. Bu baxımdan hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının yubiley tarixi ən yüksək səviyyədə qeyd olunmalıdır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm