Bu, dövlətin öz vətəndaşlarına qayğısının təzahürüdür - Rəy
Bizi izləyin

Nida Təhlil

Bu, dövlətin öz vətəndaşlarına qayğısının təzahürüdür - Rəy

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş yaşayış evləri üzrə isə hər bir ailəyə 1000 manat məbləğində yardım göstəriləcək.

Publika.az-a açıqlama verən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, burada söhbət mənzilin dağıdılması və ya qəzalı vəziyyətə düşməsindən yox, şəxsi əşyalara vurulan zərərdən gedir: “Dağıdılmış evləri dövlət öz hesabına düzəldəcək. Mənzil dağıdılıbsa, heç şübhəsiz ki, orada şəxsi əşyalar və ev avadanlıqları da dağılıb. Bu məbləğ onun üçün nəzərdə tutulub.

Prezidentin bu sərəncamı çox əhəmiyyətli bir addımdır. Müharibə artıq başa çatıb. Müharibə baş verən zaman dərhal bu barədə qərar qəbul etmək məsələni ətraflı öyrənmədən qərar vermək olardı. Həmin vaxt nə qədər vəsaitin lazım olduğunu bilmək olmazdı. Müharibə bitib və indi bu məsələlərə ətraflı və detallı yanaşma tətbiq olunur. Hazırda nə qədər evin qəzalı vəziyyətdə olduğu aydındır. Hər bir ailə müvafiq qurumlara müraciət edib həmin vəsaiti ala biləcək. Bu, onların ilkin ehtiyaclarını ödəməyə imkan verəcək. Çünki onlar həm də şəxsi əşyalardan məhrum olmuşdular. Bu qərar onların ağır vəziyyətində çox böyük dəstəkdir. Çünki onların hazırkı maddi imkanları bu məsələləri həll etmək iqtidarında deyil”.

Ə.Nuriyev qeyd edib ki, dağıdılmış evlərin hər biri yenidən qurulacaq: “Hazırda qəzalı evlərin bərpasına başlanılıb. Bu, dövlətin öz vətəndaşlarına qayğısının və diqqətinin təzahürüdür. Bizim heç bir vətəndaşımız diqqətdən kənarda qalmayacaq, baxmayaraq ki, dövlətimiz ağır müharibədən çıxıb. Bu, həm də sosial siyasətin Azərbaycanda bütün zamanlarda prioritet olduğunun göstəricisidir. Azərbaycan Prezidenti həmişə deyib ki, pandemiya dövründə belə, sosial siyasətimizdən bir addım da geri çəkilməyəcəyik. Sosial paketdə nələr nəzərdə tutulubsa, hamısı icra olunacaq. Müharibə artıq yeni situasiya yaradıb. Buna uyğun da vətəndaşlara yönəlik addımlar atılacaq və atılır da. Azərbaycanda əhalinin firavanlığını və sosial müdafiəsini təmin etmək əsas prioritetlərdən olub, olmaqda da davam edəcək. Prezident İlham Əliyev bu sərəncamı ilə vətəndaşlarımızın daim diqqət və qayğı ilə əhatə olunduğunu göstərdi”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm