Bu, Prezidentin prinsipial mövqe ortaya qoyması ilə bağlıdır - Rəy
Bizi izləyin

Nida Təhlil

Bu, Prezidentin prinsipial mövqe ortaya qoyması ilə bağlıdır - Rəy

“Vətən müharibəsinin gedişində Azərbaycan Prezidenti İlham Əliyev təkcə ölkənin siyasi rəhbəri, Ali Baş Komandanı kimi deyil, eyni zamanda mahir diplomat olaraq xarici auditoriya ilə işləyirdi. Həmin dövrdə dünyanın ən nüfuzlu 30-a qədər kütləvi informasiya vasitələrinə geniş və ətraflı müsahibələr vermişdi. Xüsusilə də 6 noyabr tarixində BBC-yə verdiyi müsahibənin üzərində dayanılmalıdır. Həmin müsahibə çox geniş xarici auditoriyanı toplayıb, 3 milyondan çox izlənilib”.

Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, ölkə rəhbərinin müsahibəsinin beynəlxalq ictimaiyyət tərəfindən bu qədər geniş izlənməsi Prezident İlham Əliyevin düzgün, düşünülmüş və qətiyyətli çıxış etməsi, ən əsası da prinsipial mövqe ortaya qoyması ilə bağlıdır:

“6 noyabrda müharibə davam edirdi, savaşın ən qızğın vaxtları idi. Prezident bu müsahibəsində bir daha Azərbaycanın Vətən müharibəsindəki konkret mövqeyini açıqladı və beynəlxalq ictimaiyyət bir daha gördü ki, Prezident İlham Əliyevin çox prinsipial mövqeyi var. Bu mövqe də ondan ibarətdir ki, biz istənilən vaxt müharibəni dayandıra bilərik, amma işğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxmalıdır və bununla bağlı konkret olaraq bizə təqdimat etməlidir. Yalnız bundan sonra siyasi dialoqun bərpasından söhbət gedə bilər. Cənab Prezident xarici auditoriyaya çox aydın mesajlar verirdi. Söyləyirdi ki, hər şey Ermənistanın davranışından asılıdır. Ermənistan hərbi əməliyyatları dayandırmayıb qoşunlarını torpaqlarımızdan çıxarmasa, biz sona qədər gedəcəyik”.

Deputat qeyd edib ki, xüsusilə də ölkə başçısının səsləndirdiyi bir çox fikirlər beynəlxalq ictimaiyyət üçün olduqca maraqlı idi və buna görə də sözügedən müsahibə özünə geniş kütlə yığa bilib: “Prezident hər dəfə müsahibələrində vurğulayırdı ki, biz münaqişənin dinc yolla həllini istəyirdik. Amma hadisələrin gedişatında bizə hər zaman söyləyirdilər ki, elə bu siyasətə sadiq qalın, dinc yolla tənzimləmə üsulunun alternativi yoxdur, hərbi əməliyyatlar olmamalıdır. Lakin ölkə başçısı söyləyirdi ki, dinc danışıqlar heç bir nəticə vermir, belə olan vəziyyətdə hərbi güc tətbiq etməyə məcbur oluruq. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, Ali Baş Komandan nə qədər dəqiq, düzgün fikir söyləyib, həqiqətən də bu münaqişə öz həllini tapdı, indi də münaqişənin sonrakı müəyyən məsələlərinin həlli istiqamətində siyasi tənzimləmə üsuluna üstünlük verilməkdədir.

Cənab Prezidentin BBC-yə verdiyi müsahibə nümayiş etdirdi ki, Azərbaycanın atdığı addımlar yalnız Ermənistanın vaxt qazanmaq siyasətinin qarşılığında atılıb və xüsusilə də həmin dövrdə formalaşmış vəziyyətə görə məsuliyyət ATƏT-in Minsk qrupunun üzərinə düşürdü. Onların qeyri-prinsipial mövqeyi ucbatından hadisələr belə bir mürəkkəb mərhələyə daxil olmuşdu. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının da üzərinə böyük məsuliyyət düşürdü ki, qəbul etdiyi qətnamələrin icrası ilə bağlı heç bir konkret addım atmayıb. Azərbaycan Prezidentinin qətiyyəti və uğurlu siyasəti, onun rəhbərliyi altında şanlı ordumuzun tarixi zəfərə imza atması ilə yeni reallıqlar yarandı. Bütün dünya bu reallıqlarla barışmaq məcburiyyətindədir. Bunların hamısı beynəlxalq ictimaiyyət üçün olduqca əhəmiyyətlidir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm