"Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən şərəfli anlarını yaşayır" - Deputat
Bizi izləyin

Nida Təhlil

"Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən şərəfli anlarını yaşayır" - Deputat

“Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən şərəfli anlarını yaşayır. Bu günlərdə Türkiyədə baş vermiş ekoloji fəlakətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dərhal Baş nazirə və aidiyyəti icra strukturlarının rəhbərlərinə göstəriş verdi ki, qardaş ölkəyə bütün insani və texniki köməkliklər göstərilməlidir. Şəxsi heyətlə bərabər, aidiyyəti helikopterlər və digər texniki avadanlıqlar dərhal Türkiyəyə göndərildi. Təbii ki, Türkiyə xalqı bunu çox yüksək qiymətləndirir. Azərbaycanın dövlətinin və onun rəhbərinin operativ reaksiyası və yanğınsöndürənlərimizin oradakı fəaliyyəti Türkiyə cəmiyyəti tərəfindən olduqca yüksək qiymətləndirildi”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, biz Türkiyə telekanalları, sosial şəbəkələr vasitəsi ilə şahidi olduq ki, Türkiyə əhalisi Azərbaycandan gedən yanğınsöndürənlərin fəaliyyətini necə yüksək səviyyədə qiymətləndirirlər:

“Burada bəzi həssas məqamlar da oldu. Bir sıra hallarda yanğınsöndürənlərimiz alov bürümüş evlərdə yanğın təhlükəsi ilə üzləşən Türkiyə bayraqlarınını yanğından xilas etmək üçün özlərini alovun, odun içərisinə atdılar. Türk bayraqlarını xilas etdilər. Bizim yanğınsöndürənlər bununla bütün dünyaya göstərdilər ki, Azərbaycan Bayrağı ilə yanaşı, Türkiyə Bayrağı da bizim üçün olduqca müqəddəsdir. Dövlətlərimizin əməkdaşlıq münasibətləri tarixi köklərə söykənir. Çanaqqalada Azərbaycan 5 mindən çox şəhid verib. Sonra Qafqaz İslam Ordusu Bakını işğalçılardan azad etdi. Yüz il bundan əvvəl belə bir qardaşlıq, dostluq münasibətlərinin yaranması, ötən ilin 44 günlük Vətən Müharibəsində Türkiyə dövlətinin Azərbaycana hərbi-siyasi dəstək verməsi Azərbaycan xalqının gücünə güc qatan nüanslardandır. Son ekoloji faciədə Azərbaycanın həm dövlət, həm də xalq olaraq Türkiyənin yanında olması bir vəfa borcunu yerinə yetirmək kimi qiymətləndirilir. Ulu öndər Heydər Əliyev çox doğru ifadə etmişdi ki, biz bir millət, iki dövlətik. Eyni zamanda, Mustafa Kamal Atatürk də Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir - dedikdə bu iki qardaşlıq münasibətini nəzərdə tuturdu”.

Deputatın fikrincə, getdikcə zamanın sınağından çıxmış bu iki xalq və dövlət arasındakı münasibətlər daha da möhkəmlənir:

“Eləcə də Türkiyənin dostlarının gücünə güc qatır. Eyni zamanda, düşmənlərinə də mesaj verir ki, bizim birliyimiz heç bir halda sarsıla bilməz. Biz çətin günlərdə də, sevincli anlarda da bir-birimizin yanındayıq. Hesab edirəm ki, Azərbaycan xalqı bu istiqamətdə bir milli birlik göstərdi. Qardaş Türkiyəyə öz dəstəyini ifadə etdi. Bu yaxınlarda biz Türkiyəyə səfər etdikdə hər yerdə Azərbaycan xalqının əldə etdiyi zəfəri, dövlətimizin qələbəsindən danışılırdı. Prezident İlham Əliyevin beybnəlxalq münasibətlər sistemindəki qəti və prinsipial mövqeyindən bəhs olunurdu. Bir sıra hallarda Azərbaycana düşmən olan dövlətlərin rəhbərlərinə verdiyi kəskin cavablar türk insanını qürurlandırdı. Mən bir daha şahidi oldum ki, 44 günlük müharibənin hər günü 84 milyonluq türk xalqı Azərbaycanın yanında olub. Bundan gözəl nə ola bilər?! Türkiyə əhalisi burada gedən prosesləri izləyir. Ordumuzun hər bir uğuruna sevinirdilər. Hesab edirəm ki, gələcəkdə də belə olacaq. Bu münasibətlər gələcək nəsillər üçün də bir örnəkdir. Biz hər zaman Türkiyənin yanında olacağıq - sevincə də, kədərdə də!.. Tam əminəm ki, Türkiyə də ən çətin anlarımızda bizim yanımızda olmağa davam edəcək. Bizimlə bərabər sevinəcək, hər hansı bir acı hadisə baş verərsə, kədərimizi bizimlə bölüşəcək. Bir daha təkrar edirəm ki, bu gün Türkiyə və Azərbaycan münasibətləri ən şərəfli tarixini yaşayır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm