İran BU SƏBƏBDƏN sərhədə qoşun yığdı - AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

İran BU SƏBƏBDƏN sərhədə qoşun yığdı - AÇIQLAMA

Azərbaycan İran üçün daim “Axilles dabanı” funksiyasını daşıyır. Azərbaycanın geostrateji mövqeyi və bu kimi faktorlar İranın diqqətinin hər zaman ölkəmizdə olmasına səbəb olur və Azərbaycanda gedən proseslərdə əsas rollardan birini oynamağa can atır. Biz bunu həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə gördük. İran proseslərdən kənarda qalmaq istəmədi.

Bu sözləri Publika.az-a beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, Azərbaycan və Türkiyənin mövqelərini bölgədə daha da möhkəmləndirməsi qonşu ölkəni hərəkətə keçirib: “Onlar başa düşürdülər ki, bu proseslərin sonu Azərbaycan və Türkiyənin mövqeyinin bölgədə möhkəmlənməsinə doğru gedir. Həqiqətən də belə oldu, Türkiyə-Azərbaycan birliyi daha da möhkəmləndi. Bu, sözsüz ki, İranın xoşuna gəlməyən amillər sırasındadır. Çünki İran heç vaxt regionda balansın Azərbaycanın lehinə həll olunmasını, şimalında qüdrətli Azərbaycanın olmasını istəmir. Regionda Azərbaycanın və Türkiyənin mövqeyinin möhkəmlənməsindən İran ehtiyat edir ki, bu, ölkə daxilində rezonans yarada, azərbaycanlıların ayağa qalxmasına səbəb ola bilər.

Digər faktor da ondan ibarətdir ki, regionda İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Azərbaycanla Ermənistan arasında kommunikasiyaların ləğvi gündəmdədir. İran bundan da narahatdır. Çünki Ermənistan bu ölkədən daim asılı olub. Kommunikasiyaların açılması Ermənistanın İrandan olan asılılığını xeyli səviyyədə azaltmış olacaq.

Biz bunu növbəti dəfə iyul-avqust aylarında iki ölkə arasında baş verən gərginlikdə görə bildik. Azərbaycan tərəfindən diplomatik nota verilsə də, İran yenə xəbərdarlıqları gözardı etdi, Qarabağın sülhməramlıların nəzarətində olan ərazilərinə yükdaşımalarını davam etdirdi. Buna görə də Azərbaycan haqlı olaraq Gorus-Qafan yolunun bir hissəsində gömrük postu quraraq iranlılardan rüsum almağa başladı. Bu isə İranın xoşuna gəlmədi. İranın dövlət rəsmiləri bununla bağlı tənqidi çıxışlar etdilər.

Daha sonra məsələnin pik nöqtəsi kimi sentyabrın 12-də Xəzərin Azərbaycanın ərazi sularına aid hissəsində Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi oldu. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bununla bağlı iradını bildirdi ki, guya bu, Xəzərin hüquqi statusu ilə bağlı 2018-ci il konvensiyasına ziddir. Halbuki burada zidd bir məqam yox idi və heç bir ölkəyə qarşı yönəlməmişdi”.

S.Zahidov qeyd edib ki, son hadisələr fonunda İranın Azərbaycan sərhədinə qoşun yığması və təlimlər keçməsi bir daha bu gərginliyin təzahürüdür: “Yəni İran bir növ cavab verir ki, biz də özünəməxsus şəkildə tədbirlərimizi görəcəyik. Amma aydın məsələdir ki, burada nə Azərbaycanın, nə də Türkiyənin İranın maraqlarına zidd olacaq bir niyyəti var. Azərbaycan bölgədə sülhün tərəfdarıdır. Amma indiki mərhələdə bunu anlamaq İran üçün qəliz görünür. İran çalışır ki, öz maraqlarını təmin etsin”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm