İran Azərbaycan Ordusunun ratsiya əlaqəsini izləyərək Ermənistana ötürüb - SENSASİON FAKTLAR - (VİDEO)
Bizi izləyin

Nida Təhlil

İran Azərbaycan Ordusunun ratsiya əlaqəsini izləyərək Ermənistana ötürüb - SENSASİON FAKTLAR - (VİDEO)

Video əlavə olunub.

***

İranla Azərbaycan arasında münasibətlər hazırda son dərəcə gərginləşib və bunun səbəbkarı rəsmi Tehranın ikinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqları, Azərbaycanın qələbəsini həzm edə bilməməsidir. Əslində İranın Azərbaycana münasibətində 30 ildir dəyişən heç nə yoxdur, baxmayaraq ki, bu münasibətlərdə hökm sürən gərginlik vaxtaşırı olaraq özünü büruzə versə də tərəflər hər dəfə qarşılıqlı maraqlardan çıxış edərək qarşıdurma həddinə gəlib çatmamışdılar. İndi isə İran Azərbaycan sərhədlərinə ordu cəmləşdirir və dalbadal təlimlər keçirir, bu ölkənin rəsmiləri, din xadimləri, mətbuatı hər gün Azərbaycanın ünvanına təhdidlər, böhtanlar yağdırırlar. Bir sözlə, Tehran Azərbaycana qarşı öz düşmən münasibətini bütün imkanları ilə ortaya qoyub.

İranın Azərbaycanın üzərinə təbliğat hücumuna və hərbi-siyasi təzyiqlərə başlaması üçün istifadə etdiyi bəhanə də bəllidir-Tehran iddia edir ki, guya Qarabağ müharibəsindən istifadə edərək İsrail bölgəyə yerləşib və İranın milli təhlükəsizliyi üçün təhdid yaranıb. Hərçənd İsrailin “bölgəyə yerləşdiyi” haqda iddiaları sübut edən hər hansı dəlil ortada yoxdur, ola da bilməz. Azərbaycanın İsraillə münasibətləri, - hansı ki, rəsmi Bakı uzun illər boyu məhz İranla münasibətləri korlamamaq üçün bu münasibətlərdə olduqca ehtiyatlı davranıb və heç Təl-Əvivdə öz səfirliyini də açmayıb, - Tehran üçün şimal qonşusuna qarşı uzun illərdir yürütdüyü düşmən siyasət üçün həmişə bəhanədir.

Və indi, münasibətlərin son dərəcədə gərgin olduğu vaxtlarda İran təbliğatçıları bu bəhanədən fəal şəkildə istifadə edirlər və belə rəy formalaşdırmağa çalışırlar: guya İran həm birinci, həm ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü dəstəkləyib, ona birinci müharibə zamanı hərbi yardım edib. Amma Azərbaycan bunun əvəzində İranın qatı düşmənini onun sərhədləri yaxınlığında yerləşdirib.

Əslində isə İranın Azərbaycan ərazilərinin işğalında hansı rolu oynadığı yaxın tarixə şahidlik etmiş hər kəsə məlumdur, bu haqda faktları uzun-uzadı sadalamağa ehtiyac yoxdur. Amma təkcə onu xatırlatmaq lazımdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsində İranın həlledici rolunu keçmiş və indiki erməni rəhbərləri həmişə minnətdarlıq hissi ilə yad ediblər, hər fürsətdə İrana buna görə təşəkkür bildiriblər. Bəli, həmin dövrlər İranın blokada vəziyyətinə düşmüş Ermənistana, onun işğalçı qüvvələrinə ərzaq, yanacaq təchizatı Azərbaycan torpaqlarının işğal edilməsində həlledici rol oynamışdı. İranın yanacaqdaşıyan tankerlərinin Qarabağa göndərilən erməni tanklarına necə yanacaq doldurması barədə o dövrlərdə televiziyalarla yayılmış kadrlar yaddan çıxmayıb.

Bəs ikinci Qarabağ müharibəsində İranın mövqeyi necə idi? Bu ölkə Ermənistana hansı hərbi dəstəyi göstərirdi?

Bəribaşdan qeyd edək ki, Tehranın Qarabağ məsələsindəki mövqeyi lap əvvəldən status-kvonun saxlanılması, yəni Azərbaycan ərazilərinin və onun Arazboyu hissəsinin işğal altında qalması üzərində qurulmuşdu. Doğrudur, İran ayətullahları və dini lider Xamneyi öz moizlərində Qarabağın “islam torpağı” olduğunu deyərdilər, amma bu çıxışlar daha çox təbliğata hesablanmışdı. Reallıqda isə İran həmişə status-kvonun saxlanılmasına əsaslanan siyasət yürütmüşdü. O cümlədən İkinci Qarabağ münaqişəsinin başlanğıcında da İran rəsmilərinin bəyanatları bu ölkənin status-kvonun saxlanmasında marağının ifadəsindən başqa bir şey deyildi, Məsələn, döyüşlərin qızğın çağında – 2020-ci il oktyabrın 5-də İran XİN sözçüsü bu tezisi təkrarlayırdı: “Onilliklərlə davam edən bu münaqişənin hərbi yolla həlli mövcud deyildir”.

Müharibənin sonlarına yaxınlaşanda və Azərbaycanın qələbəsi artıq şübhə doğurmayanda İran öz mövqeyinə tələm-tələsik əl gəzdirməyə çalışdı, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsini dəstəklədiyini (hansı ki, ərazilərin böyük hissəsi artıq azad edilmişdi) nümayiş etdirməyə, hərbi əməliyyatların dayandırılmasına dair hansısa uğursuz diplomatik təşəbbüslər göstərməyə çalışdı.

Hərbi baxımdan isə lap müharibənin son günlərinə qədər İran Ermənistana öz ərazisi üzərindən silah və hərbi texnikanın daşınmasını təmin etmişdi. Bu barədə həmin günlərdə çoxsaylı videolar sosial şəbəkələrdə yayılırdı, İran azərbaycanlıları Ermənistana gedən hərbi yük karvanlarının qarşısını kəsməyə çalışırdı və müxtəlif formada etirazlarını bildirirdi. İş o yerə çatdı ki, İnqilab Keşikçiləri Korpusu azərbaycanlıların Ermənistana gedən yükləri əngəlləməsinin qarşısını almaq üçün sərhədboyu ərazilərə hərbi qüvvələr yeritdi.

Lakin ikinci Qarabağ müharibəsində İranın Ermənistana verdiyi hərbi dəstək təkcə öz ərazisindən bu ölkəyə silah-sursatın daşınmasına imkan yaratmaqdan ibarət olmamışdı. Həmin günlərdə belə məlumatlar dolaşırdı ki, İran kəşfiyyatı Araz vadisi boyu hücuma keçən Azərbaycan ordu birləşmələrinin ratsiya əlaqəsinə özünün radioelektron mübarizə vasitələri ilə müdaxilə edir, bölmələr arasında rabitə əlaqəsini əngəlləməyə çalışır.

Bu barədə müharibənin başa çatmasından təxminən 3 ay sonra Türkiyədə nəşr olunan “Türkiye” qəzeti də özünün “Ermənilərə İrandan radar dəstəyi” adlı məqaləsində ətraflı bəhs edib.

Müəllif Yılmaz Bilgenin həmin yazısında deyilir: “İranın Azərbaycanla Ermənistan arasında 2020-ci il sentyabrın 27-də başlayan müharibədə Yerevana verdiyi dəstək ortaya çıxdı. “Türkiye” qəzetinə məlumat verən hərbi mənbələr Qarabağ sərhədlərinin sıfır nöqtəsinə 70-80 nəfərlik xüsusi təlim keçmiş hərbi heyət və təchizat yerləşdirildiyini açıqladı”

Xəbərdə deyilirdi ki, Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpüsünə paralel xətdə yerləşdirilən və əksəriyyəti radioelektron mübarizə sistemləri üzrə texniki mütəxəssislərdən ibarət olan iranlı hərbçilər Azərbaycanın pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin, pilotlu aviasiyasının və vertolyotlarının hava trafikini, bölgədə döyüş aparan Azərbaycan əsgərlərinin ratsiya tezliklərini izləyib. “Həmin qaynaq İranın Araz çayı sahilində quraşdırdığı müasir radar və radioelektron mübarizə sistemləri vasitəsilə əldə edilən məlumatları Ermənistan silahlı qüvvələrinin Baş qərargahına ötürdüyünü bildirib”, - qəzet yazıb.

Xəbərdə bildirilirdi ki, İranın Azərbaycan sərhədlərinə yaxın qurduğu həmin dinləmə bazasına uzun müddət mülki şəxslərin yaxınlaşması qadağan edilib. “Həmin bölgə tamamilə türk kəndləri və qəsəbələrindən ibarətdir. Bu səbəblə İran hərbçiləri bazanın yerləşdiyi ərazini fövqəladə təhlükəsizlik tədbirləri ilə qoruyub”, - məlumatda bildirilirdi.

Müharibədə iştirak edən yüksək rütbəli Azərbaycan hərbçisi isə qəzetə bildirib ki, İran müharibə zamanı “bəzi özəl məlumatlara” çıxış əldə etməyə çalışıb. Həmin mənbə İran kəşfiyyatının müxtəlif metodlardan istifadə edərək Azərbaycana aid döyüş PUA-larının, qırıcı-bombardmançı təyyarələrin və vertolyotların yerlərini, Azərbaycan ordusunun əməliyyat strategiyasına dair məlumatları və tətbiq etdiyi taktikaları əldə etməyə çalışdığını deyib. (virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm